Sentyabrın 15-də Azərbaycanda Bakının qurtuluş günü qeyd edildi. 103 il əvvəl - 1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycan Milli Ordusu Bakını daşnak-bolşevik işğalçılarından azad etdi.

Bu barədə çox yazılıb. O vaxt baş verən hadisələr haqda məlumat əldə etmək üçün kifayət qədər materiallar var. Amma buna baxmayaraq, erməni mediasında və sosial şəbəkələrdə 103 il əvvəlki hadisələri "erməni soyqırımı" kimi şərh etməyə cəhdlər edilir.

Özü də “Respublika Armeniya” nəşri Bakının işğaldan azad edilməsini “erməni genosidi” kimi qələmə verərkən, 1918-ci ildə daşnakların Bakıda müsəlman əhaliyə qarşı törətdikləri qətliamları özündə əks etdirən fotolardan istifadə edir.

Söhbət Azərbaycan Dövlət Milli Arxiv İdarəsinin fondunda L-17552 nömrəsi altında saxlanılan bu fotodan gedir.

Faktyoxla Lab.  Ermənistan nəşrlərinə etibar edib-etməməyin nə qədər əsaslı olduğunu araşdırıb.

2011-ci ildə Tert.am “Bu gün Bakıda “erməni soyqırımının” 21-ci ildönümüdür” başlıqlı məqalə dərc etmişdi. Heç bir əsası olmayan “dəlillər”ə fotoşəkillər də əlavə edilmişdi. Amma bu şəkillərin heç birinin Bakıda və Sumqayıtda, ümumiyyətlə, Azərbaycanda baş verən hadisələrə dəxli yox idi.

Azərbaycanlı jurnalistlərin araşdırması isə göstərdi ki, fotoların birində “Bakıda erməni qurbanı” kimi təqdim olunan uşaq, əslində 1992-ci ildə Xocalıda ermənilərin vəhşicəsinə qətlə yetirdiyi azərbaycanlılardır. Onlar Aysel və Gülmirə Mehdiyeva bacılardır. Erməni faşistləri bu qızcığazları anaları Nanə Mehdiyevanın gözləri qarşısında güllələyiblər (məhkəmə tibbi ekspertizasının fotosu: əsli əsir və itkin düşmüş şəxslərlə bağlı Azərbaycan Dövlət Komissiyasının saytında).

Digər fotoda isə nəinki Azərbaycan, İstanbul şəhəri təsvir olunub. Bu foto yunan saytından götürülüb və 1955-ci ildə İstanbulda baş verən ixtisaslar zamanı çəkilib. 

Digər şəkillərdə isə 90-cı illərdə Yuqoslaviyada baş verən müharibənin qurbanları yer alıb. Hətta ermənilər tərəfindən asılmış Azərbaycan əsgəri də “qurban” kimi təqdim olunub.

İki il əvvəl Ermənistanın Gürcüstandakı səfirliyi və Tiflisdəki Erməni Apostol Kilsəsi, “Ayartun” mədəniyyət, təhsil və gənclik mərkəzi "Sumqayıtdakı dəhşətlər”in 31-ci ildönümü ilə əlaqədar mərasimi təşkil etdilər. Tədbirlə bağlı həm səfirliyin, həm də mərkəzin sosial şəbəkə səhifələrində yerləşdirilmiş məlumatda yenə də Xocalıda vəhşicəsinə qətlə yetirilmiş Mehdiyeva bacılarının şəkilləri yer almışdı. Mehdiyeva bacılarının şəkli Ağdamda xarici fotomüxbirlər tərəfindən iki rakursdan çəkilib və bütün dünyada yayılıb. 

Erməni saxtakarlar yeni faktlara da müraciət edirlər. Məsələn, 2020-ci ilin oktyabr ayında Yerevanda keçirilən mitinqdə ermənilər Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə etiraz edirlər. Etirazçıların əlində ermənilər tərəfindən qətlə yetirilmiş daha bir uşağın – 2 yaşlı Zəhra Quliyevanın şəkli var.

O, 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndinə ermənilərin ninaatanlardan endirdikləri zərbələr zamanı şəhid olub. Və həmin mitinqdə “Azərbaycan təcavüzünün erməni qurbanı” kimi təqdim olunub. 

Orijinal fotoşəkil belədir:

Əlbəttə ki, ən geniş saxtakarlıq qondarma "1915-ci il erməni soyqırımı"na aiddir. Erməni tərəfi Osmanlı İmperatorluğunda baş verən hadisələrin “soyqırım” olması ilə bağlı heç bir sübut tapa bilmədiyi üçün saxtalaşdırılmış, təhrif edilmiş  fotomateriallardan geniş istifadə edir. 2011-ci ildə gürcü tarixçi Quram Marxulianın və azərbaycanlı politoloq Şəbnəm Nuriyevanın Bakıda nəşr olunan "Əzabkeş Ermənistan: miflər və reallıq" kitabına müraciət edək. Əsərdə "soyqırım"ı və erməni təbliğatının üsullarını ifşa edən bir çox maraqlı faktlar var.

Məsələn, İrəvandakı Soyqırımı Muzey-İnstitutunun saytında yerləşdirilmiş bir fotoşəkili götürək.

Məlum olur ki, fotoşəkil ermənilər tərəfindən təhrif olunmuş versiyada təqdim edilib  və əsli belədir:

Marxulia və Nuriyevanın yazdıqlarından bəlli olur ki, fotoda “öldürülmüş ermənilər”in cəsədlərinin yanında dayanan türk əsgərləri deyil, Şərq ordusunda dinc əhaliyə qarşı qətliam törədən quldur birləşmələrinin üzvləri və çar ordusunun erməni zabitləridir. Bu saxtakarlığı isə rus ordusunun zabiti formasında olan erməni faş edir.

Başqa bir nümunə - “www.qenocide.ru” saytındakı bu fotoşəkil "Türk cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilən erməni qadınları" adı altında nümayiş olunur.

Bu şəklin əsli isə Ermənistanda yox, İsraildəki Holokost Muzeyindədir. Beynəlxalq Qırmızı Xaç təşkilatının nümayəndələri tərəfindən çəkilən fotoşəkildə İkinci Dünya Müharibəsi zamanı Macarıstanda nasistlər tərəfindən öldürülən yəhudi qadın əks olunub. Bu məqamda onu da qeyd edək ki, həmin illərdə macar faşistlərinə Hitlerin sevimlisi, ləqəbi “Salosyan” olan erməni əsilli Ferants Salaş rəhbərlik edirdi.

Fotonun əsli budur:

Daha bir maraqlı saxtalaşdırma faktı: Qondarma “soyqırımı” muzeyinin saytında 1982-ci ildə rejissor Muradyanın çəkdiyi filmin kadrlarının fotolarına rast gələ bilərsiniz. Bunlar həmin şəkillərdir ki, filmin çəkilişləri zamanı səhnələşdirilib və indi muzeydə “genosid qurbanları” kimi təqdim edilir. Maraqlıdır ki, şəkillərin birində rejissor Muradyan da dəri gödəkçə və cins şalvarda “genosid qurbanları”nın qətlini müşahidə edir.

Marxulia və Nuriyevanın kitabındakı bütün faktları sadalamaq, sadəcə mümkün deyil. Maraqlanan hər kəs bununla internet qaynaqlarında tanış ola bilər.

Nəticə: erməni tərəfinin təqdim etdikləri foto və sənədlərin saxtalaşdırılması, manipulyasiyasıdır. Ona görə də, 1918-ci ildə Bakıda baş verən hadisələrlə bağlı erməni mətbuatının təqdim etdikləri etibarlı mənbə hesab oluna bilməz.