Mən hesab edirdim ki, Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gəlmək ermənilərin və azərbaycanlıların işidir və ittifaq mərkəzinin rolu onlara vəziyyətin normallaşmasında, xüsusən də iqtisadi problemlərin həllində kömək etməkdir. Əminəm ki, bu, düzgün xətt idi. Amma nə partiya, nə partiya strukturları, nə də ziyalılar razılaşma və ya dialoqa yol tapa bildilər. Hadisələr böyüdü. 1988-ci ilin fevral ayının sonunda Sumqayıt şəhərində qan töküldü”.   Bu açıqlama ilə keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov  Qarabağ münaqişəsinin kökləri və sonrakı inkişafı ilə bağlı  açıqlama verərkən səsləndirib.  O  açıqlamasında Qarabağ münaqişəsinin məhz Sumqayıt hadisələrindən sonra başladığına  vurğu vurmağa çalışıb.      

Öncə qeyd edək ki, Qorbaçov Qarabağ münaqişəsinin kökünün Sumqayıt hadisələrinə bağlı olması barədə ilk dəfə fikir səsləndirmir.  Ümumiyyətlə  Sumqayıt hadisələrinin mahiyyəti məhz Mixail Qorbaçovun dəstəyi ilə kökündən təhrif olunub.

Vladimir Putin: “Sumqayıtda etnik qarşıdurmalar baş verdi, sonra hadisələr Dağlıq Qarabağa yayıldı”

Əslində  Sumqayıt  hadisələrinə  qədər  bir çox proseslər baş verib. Həm də bu hadisələrin baş verməsində  Qorbaçovun  birbaşa və dolayısı ilə iştirakı, dəstəyi olub.

Təbii ki, bir qədər keçmişə qayıdıb erməni şovinist Zori Balayanın 1981-ci ildə erməni dilində Yerevanda, 1984-cü ildə rus dilində Moskvada çap edilmiş “Ocaq” kitabında Azərbaycana qarşı ərazi iddialarının irəli sürüldüyünü xatırlatmaq olar.  Bundan başqa  1983-cü il aprelin 24-də  (qondarma “erməni soyqırımı” günü  - red) erməni ekstremistlərin  Ermənistanın Masis rayonunda (keçmiş Zəngibasar - red)  azərbaycanlıların toy məclisi zamanı Qafarovlar ailəsinə hücum etməsini, nəticədə 4 azərbaycanlının qətlə yetirilib, onlarla  azərbaycanlı yaralanması faktını, bu qanlı hadisə ilə bağlı cinayət işinin açılmamasını da yada salmaq olar.

Amma Mixail Qorbaçov Sov.İKP MK-nın baş katibi seçiləndən sonra baş verən hadisələrin xronikası Sumqayıt hadisələrinə qədərki prosesləri  aydın şəkildə görməyə  imkan verir.

  

İlk ondan başlayaq ki,  keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi ideyasını dünyaya yayan,  bu ideyanı dəstəkləyən   elə Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyan idi.  O  DQMV-nin Ermənistana birləşdirilməsi  ilə bağlı  Parisdə  “L’Humanité”  qəzetinə 1987-ci ilin oktyabr ayında  açıqlama vermişdi.  Aqanbekyanın  bu fikri  qəzetin 18 noyabr  1987-ci il  tarixli sayında  dərc edilmişdi.  Məsələ burasındadır ki,  Aqanbekyanın  Parisdə  “İnterkontinental”  hotelində  verdiyi  bu müsahibə bir çox proseslərin, ən əsası da ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması  üçün  bir  siqnal  rolunu  oynadı.  

Onu  da qeyd edək ki,  Aqanbekyanın   1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini Heydər Əliyev vəzifəsindən istefa verdikdən cəmi bir neçə gün sonra  bu ideyanı gündəmə gətirməsi diqqət çəkir.  Politoloqlar bildirirlər ki, bu təsadüfi  olmayıb.  Heydər  Əliyev vəzifədə qalsaydı ermənilər belə bir təşəbbüsə  cürət etməzdilər.   

1987-ci ilin sonlarından etibarən Ermənistanda yaşayan azərbaycanlıların tarixi torpaqlarından çıxarılmasına start verildi.  1988 il yanvarın 25-də Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulan ilk azərbaycanlı qaçqınlar Azərbaycana gəldilər. İlk mərhələdə bu rayonları 4 mindən çox azərbaycanlı tərk etmişdi.   Yeri gəlmişkən,  1988-1989-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub. Rəsmi məlumatlara görə,  onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.  Ermənilərin Qafanda yaşayan azərbaycanlıların  qovulmasını tanınmış rusiyalı yazıçı Aleksandr Proxanov   “Rossiya 1” telekanalına müsahibəsində   təsvir edib.  

1988-ci ilin fevral ayında Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının aktif fazasına start verilib. Konkret olaraq  1988-ci il fevralın 8-də erməni millətçilər Xankəndində DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi tələbi ilə yeni imzatoplama kampaniyasına başlayıblar.  Fevralın 13-də  DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert - red) Qarabağa dair ilk nümayişlər keçirilib.  

Fevralın 16-dan  etibarən mitinqlər daha intensiv xarakter alıb.  Bu ərəfədə  Mixail Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyindən danışmaqla  ermənilərin  planının icrasına dəstək verib.  DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları  Qorbaçovun verdiyi  fürsətdən istifadə edərək fevralın 20-də iclas  (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyib -red) keçirərək  vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verib,  Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə qərar qəbul ediblər. Həmin ərəfədə  İrəvanda da kütləvi mitinqlərə start verilib.

1988-ci il fevralın 22-də  ermənilər  silaha əl atıblar. Belə ki,  onlar  Xankəndi-Ağdam şosesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında DQMV-nin Xalq Deputatları Sovetinin qərarına etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə Əli və Bəxtiyar adlı  iki azərbaycanlı gənc həlak olub.

Bu fakt keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) sədrinin birinci müavini (1985-1991-ci illər)  Filip Bobkovun “DTK və hakimiyyət” adlı kitabında əksini tapıb.  Müəllif qeyd edir ki,  fakt faktlığında qalır, ilk qurbanlar azərbaycanlılar oldu, münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər.

Sumqayıt hadisələri isə sadalanan hadisələrdən bir neçə gün sonra, daha dəqiq desək   fevralın 27-də başlayıb. Fevralın 27-29-u aralığında baş verən hadisələrin mahiyyətinə gəlincə,  istintaqın ilk günlərindən  zərərçəkənlərin guya ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə fərziyyəyə üstünlük verilsə  də  şahid  ifadələri, SSRİ  DTK-nın arxiv materialları əksini sübut edir. Şahid ifadələrində iğtişaşları təşkil edənlərin “qara plaşlı” naməlum şəxslər olduğu təsdiqlənir.  

Xüsusilə  SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko, həmçinin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışmış  Vladimir Lebedev  Sumqayıt hadisələrinin SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu öz müsahibələrində etiraf ediblər.   Əməliyyatın Moskvadan təşkil olunduğunu hadisələrin birbaşa iştirakçısı  Eduard Qriqoryanın cəzasını qanunla Azərbaycan SSR ərazisində çəkməli olduğu halda, Ermənistana göndərilərək orada azadlığa buraxılması da təsdiqləyir.

Sadalanan faktlara əsasən bu qənaətə gəlirik ki,  Qorbaçovun  Qarabağ münaqişəsinin köklərini Sumqayıt hadisələrinə bağlamaq cəhdi  faktlarla manipulyasiya cəhdidir və reallığı əks etdirmir.