Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinın açıqlamasına cavab verib. Nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycan Ermənistana qarşı ərazi və tarixi iddialarla çıxış edir. “Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi tərəfindən Ermənistana qarşı iriəli sürülən tarixi tələblərə gəldikdə, Azərbaycanın “tarix” təyinetmə meyarlarını başa düşmək bizim üçün çətindir”. “Bir daha xatırlatmalıyıq ki, coğrafi və siyasi ad yalnız bir əsrlik tarixi olan bir ölkənin güclü nöqtəsi ola bilməz. Ermənistanı irqçilikdə ittiham etməzdən əvvəl, Azərbaycan beynəlxalq ictimaiyyətə irqçilik və nifrətin biabırçı “abidəsi”ndən başqa bir şey olmayan Bakı Qənimətlər parkının mənasının nə olduğunu izah etməlidir” deyə açıqlamada bildirilir.
Saxta.info Ermənistanın XİN-in bu iddalarının əsaslı olub-olmadığını araşdırıb.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Tarix üzrə fəlsəfə doktoru, İlqar Niftəliyev bildirir ki, "Azərbaycan" toponimi 1918-ci ilə qədər fiziki və coğrafi əhəmiyyətə malik idi. Bu termin bir neçə mərhələdən keçib, ölkənin cənubunda və şimalında yaranan qədim dövlətlər - Atropatena və Albaniyanın meydana gəlməsi ilə bağlıdır. Səlcuqlu və Monqol istilaları zamanı yeni türk tayfalarının Azərbaycana kütləvi axını dövründə Azərbaycan xalqının formalaşması prosesi başlayıb.
Britaniyanın İrandakı Baş Konsulu olmuş Keyt Abbott 1863-cü ildə xəbər verir ki, farsların Azərbaycan kimi tanıdığı ölkə İranla Rusiya arasında bölünüb. Onun sözlərinə görə, bu ərazi təxminən 80 min kvadrat mil və ya təxminən Böyük Britaniyanın böyüklüyündə bir ərazidir. Rusiyaya aid olan hissənin ərazisi 50 min kvadrat mil, İrana aid olan hissə isə 30 min kvadrat mil olub.
Tarixçilərin fikrincə, Azərbaycan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynayıblar. Bunu Azərbaycanda və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın şəkildə sübut edir.
Azərbaycan xalqı, eyni zamanda, dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu-III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranıb. Burada meydana gələn ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayıblar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoyan qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkad dövlətini məğlub edib, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirib, bu ərazidə yüz ilə qədər hökmranlıq ediblər. Onlar özlərindən asılı hala saldıqları Akkad və Şumerin dövlət idarəçiliyi qaydalarından faydalandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yayıblar.
Suriyanın Karki de bet Selox (V əsr) salnaməsi “Adorbayqan” adlı ölkənin Assuriya İmperiyasının süqutu nəticəsində meydana gəldiyini bildirir. E.ə. I əsrə aid Roma xəritəsində eyni ölkə “Atrapatena” adlanır. Məşhur Sovet şərqşünası Nina Piqulevskaya sözügedən mənbəyə istinad edib.
Nina Piqulevskaya
Karki de bet Selox salnaməsində “Adorbayqan” ölkəsindən bəhs edilib, bu barədə hələ eramızdan əvvəl VIII əsrdə məlum olduğu və Adurbad (Adorbayaqan, Azərbaycan) etnoniminin Midiya kralı Arbakın adı ilə əlaqəli olduğu qeyd edilib.
Strabonun məlumatına görə Əhəmənilər dövründə Atropat adlı canişin “Kiçik Midiya” vilayətini (keçmiş Manna ərazisini) idarə edib, e.ə. 331-ci ilin Qavqamel döyüşündə III Daranın qoşunlarında Makedoniyalı İskəndərə qarşı vuruşaraq əsir düşüb və İskəndər tərəfindən bağışlanaraq Şimali Midiya satraplığının canişini təyin olunub. E.ə. 323-cü ildə İskəndərin ölümündən sonra idarə etdiyi ərazilərdə müstəqil dövlət qurub və bu dövlət Atropatın adı ilə Atropatena adlanıb. Atropatena adından isə Azərbaycan adı yaranıb.
Bəzi mənbələrdə isə Azərbaycanın coğrafi ad olaraq, iki min ildən də əvvəl meydana gəldiyi bildirilir. Bəzi alimlər bu adın daha öncə mövcud olduğunu və Aşşur qaynaqlarında “Andarpatianu” kimi işlənmiş “qala” yaxud “ərazi” sözündən alınmasını qeyd edirlər.
Bəzi qaynaqlar, o cümlədən Rəşidəddin Fəzlullah Həmədani “Came ət-təvarix” əsərində “Azərbaycan” sözünün yaranmasını mifik şəxsiyyət olan Oğuz Xanla bağlayır. F. Həmədani yazır: Oğuz xan öz atlarını Ucanın geniş və gözəl otlaqlarına buraxdı. Orada olduqları vaxt o, əmr elədi ki, təpə yaratmaq üçün hərə ətəyində torpaq gətirsin və onu bir yerə töksün. Əvvəl o özü ətəyində torpaq gətirib tökdü. Bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbayqan qoydular. “Azər” türkcə uca deməkdir, “Bayqan” varlıların, böyüklərin yeri mənasını verir.
Yeri gəlmişkən, Strabonun qərb aləmində Azərbaycan adının yaranması haqda əsas nəzəriyyə sayılan “Çoğrafiya” əsərində qeyd olunur ki, Midiya iki hissəyə bölünür, bir hissəsi böyük Midiya adlanır, paytaxtı isə Mediya İmperiyasının iqamətgahı yerləşən böyük şəhər Ekbatanadır. O biri hissəsi isə öz adını makedoniyalılar dövründə ölkəsinin müstəqilliyini qoruya bilən sərkərdə Aturpatdan götürən Atropaten Midiyasıdır. Sonralar, Arşaklar dövründə bu ad formalaşaraq Aturpatkan şəkilını alıb, daha sonra ayrı–ayrı fonetik dəyişmələrə məruz qalaraq Aturpatakan, Azərbayqanen, Azərbayqan, Azərbadqan, Azərabadqan, Azərbazqan, Azərbican (Ərəb dilində) və nəhayət, ərəb dilinin təsirindən Azərbaycan sözü kimi formalaşıb. Əsas türk dili qaynağı hesab olunan Kaşğarlı Mahmudun “Divane Luğate Türk” kitabindakı yer kürəsi xəritəsində bu ad Azərbadqan kimi qeyd olunur.
Beləliklə, mənbələr həm "Azərbaycan" toponiminin, həm də Azərbaycan dövlətçiliyinin dərin köklərə malik olduğunu sübut edir və bununla da Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamalarını təkzib edir.
İndi isə Ermənistan Xarici İşlər Nazirliyinin Bakı qənimətlər parkını "irqçilik və nifrətin" abidəsi adlandırması ilə bağlı məqama nəzər salaq.
Qeyd etmək lazımdır ki, bənzər ittihamlar Ermənistan və müttəfiqləri, ilk növbədə Fransa tərəfindən Parkın açılışından dərhal sonra səsləndirilib. Fransa Milli Məclisinin deputatı, "İrəli, Respublika!" Partiyasının üzvü Aleksnadra Lui Parkın açılmasını "biabrçılıq" adlandırıb və insan ölümünü zəfər sayan rejimdə demokratiya olmayacağını deyib.
Bu məqamda məşhur fakt xatırlanmalıdır. 2010-2011-ci illərdə Avropanın aparıcı muzeylərinin ekspozisiyalarını araşdıran əlcazirli tarixçi Əli Fərid Belkadi həmin muzeylərdə Əlcəzair döyüşçülərinə aid 68 kəllə aşkarlayıb. Ümumilikdə, Place du Trocadéro'daki (Fransa) l'Homme muzeyində, əksəriyyəti ictimaiyyətdən gizlədilən təxminən 18 min kəllə saxlanılır.
Qeyd edək ki, Fransa Prezidenti Makron ötən ilin mart ayında 24 kəllənin Əlcəzairə qaytarılmasına razı olub. 150 ildən artıq muzeydə sərgilənən 24 kəllə arasında Zaatça üsyanına rəhbərlik edən Şeyx Buzian və Cerif Bubeqla kimi tanınan Məhəmməd Lamzad bin Abdülmalikin də kəllələri var.
Muzeydə hazırda Fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparan Əlcəzair müqavimət döyüşçülərinə aid 12 kəllə saxlanılır. Həmin döyüşçülərin kəllələri məhz "müharibə qəniməti" olaraq Fransaya aparılaraq Parisdəki Musee de l'Homme antropoloji muzeyində nümyiş olunub. Yalnız bir muzeydə 18000 insan kəlləsi saxlanılır. Üstəlik, mənbələrə görə bunlar əsasən hərbi qənimət hesab olunur. Kəllə kolleksiyaları digər Avropa ölkələrindəki muzeylərdə də saxlanılır.
Almaniyada isə Prussiya Mədəni İrs Fondunda Afrikadan gətirilmiş mindən çox insan kəlləsinin toplanıldığı kolleksiya var. Bundan əlavə, 1881-1914 illərdə Afrikadan minlərlə insanın qalığı (xüsusilə kəllələr) müharibə qəniməti kimi Avropaya gətirilib. Fransa, Belçika, İspaniya, İtaliya, İngiltərə və Portuqaliya bunu sırf Afrika dövlətləri üzərində hərbi üstünlüklərini və Afrika xalqının şiddətlə tabe edilməsinin nümayişi üçün edirdilər.
Ermənilərə gəlincə, onlar Birinci Qarabağ müharibəsi zamanı nəyi qələbənin rəmzi hesab edirdilərsə, hamısını Ermənistana daşıyıb aparmışdılar: silahlar, maşınlar, oğurlanmış muzey eksponatları, azərbaycanlı girovlardan və ya həlak olan şəxslərdən götürülən zərgərlik əşyaları, ev əşyaları, qızıl taclar və hətta qazanlar.
Qonşularımız hələ androniklər, qaregin njdelər dövründən düşmənin bədəninin hissələrini - kəsilmiş barmaqları, qulaqları, çıxardılmış gözləri qiymətli qənimət hesab edirdilər. Bu mənada indi təqdim edəcəyimiz məlumat diqqət çəkir.
İrəvanın rus qadın sakini sosial şəbəkədə müharibədən qənimətlərlə qayıdan qonşusundan, daha doğrusu onun ipin üstünə düzdüyü qulaqlardan yazıb. Qadın qeyd edirdi ki, qonşusu bu dəhşətli "oyuncaqdan" qürur duyurmuş, hətta bu, ona getdiyi yerlərdə “hörmət” və “heyranlıq” aurası yaradırmış. Qadın bu hadisədən o qədər dəhşətə gəlib ki, hətta Ermənistanı tərk edib.
Beləliklə Bakı Hərbi Qənimətlər parkında Avropadakı muzeylərdən fərqli olaraq düşmənin kəlləsi və baş dərisi olmadığını nəzərə almaq lazımdır. Bundan başqa manekenlər Moskva Qələbə muzeyindəki faşist fiqurlarından o qədər də cəlbedici deyil. Bu məqamlar isə Bakıya qarşı ittihamların əsassız və qərəzli olduğunu deməyə əsas verir.
Saxta.info bu qənaətə gəlib ki, Ermənistan Xarici İşlər Nazirliyinin ittihamları reallıqdan uzaqdır.