Axtarış

Select theme:

Hörmüz boğazı niyə vacib dəniz körpüsü hesab edilir?

Hörmüz boğazı və ya İranın “Əhrimən” adlandırdığı keçid Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli dəniz nəqliyyatı körpüsü rolunu oynayır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı olan Musandam yerləşir. Boğazın uzunluğu təxminən 167 km-dir. Boğaz Fars körfəzi ilə Oman körfəzi arasında, Oman körfəzi vasitəsilə isə Ərəbistan dənizi və Hind okeanı ilə əlaqəni təmin edir. Boğazın ən dar nöqtəsi İranın Larak adası ilə Omanın Böyük Kveyn adasını əhatə edir - 39 km enə malikdir. Boğazda suyun dərinliyi 229 metrə bərabərdir, baxmayaraq ki, dərinliyi 27 metrdən başlayan dayaz sahələr də var.

Hörmüz boğazı adını Orta əsrlərdə Hindistan və Çin arasında ticarətdə əsas əlaqə olan Hörmüz adasından götürüb. 13-cü əsrə qədər yerli liman Marko Polo və Afanasi Nikitin kimi məşhur səyyahların ziyarət etdiyi əsas ticarət mərkəzi olub. XV əsrdə ərazini ələ keçirən portuqallar iki əsr sonra, 1622-ci ildə Hörmüzü Persiaya verib. XIX və XX əsrlərdə boğaz ərazi mübahisələrinin mərkəzinə çevrilib.

1959-cu ildə İran ərazi sularını 22 km, 1972-ci ildə isə Oman ərazini genişləndirdi. Nəticədə, boğaz iki dövlətin ərazi suları tərəfindən tamamilə qapadılmış oldu. ABŞ və bir çox ölkələr isə bu məhdudiyyətləri tanımır və sərbəst tranzit hüququna malik olduqlarını israr edirdi. 1974-cü ildə İran və Oman arasında suları bölən dəniz sərhədləri müqaviləsi imzalanıb.

Hörmüz boğazı qlobal enerji üçün vacib olan supertankerlər və qaz daşıyıcıları da daxil olmaqla böyük tutumlu gəmiləri yerləşməsini təmin edən strateji körpü funksiyasını əks etdirir. Gün ərzində Boğazla təxminən 20-22 milyon barel neft, eyni zamanda mayeləşdirilmiş qaz (LNG) daşınır.

Bu rəqəm, dünya bazarında gündəlik daşınan neftin 1/5-i deməkdir. 2023-cü ildən 2025-ci ilə qədər dünya üzrə mayeləşdirilmiş təbii qazın 20 faizi və dəniz yolu ilə daşınan neftin 25 faizi hər il qeyd edilən su yolu marşrutundan keçirdi.

Fars körfəzindən dünya okeanlarının açıq sularına çıxışı təmin edən yeganə dəniz yolu olan boğazda coğrafi nəzarət baxımından İranın nəzarət imkanlarının böyük olması müxtəlif siyasi gərginliklər fonunda daşınmaların qapanmasına gətirib çıxarır. BMT-nin 1982-ci ildə qəbul edilmiş Dəniz Hüququ Konvensiyasına əsasən, Hörmüz boğazı gəmilər üçün sərbəst tranzit keçidini təmin edən beynəlxalq su yolu hesab olunur. İran müqaviləni imzalasa da, onu ratifikasiya etməkdən imtina edib. Buna görə də, rəsmi Tehran hərbi gəmilərin hərəkətini məhdudlaşdırmaq üçün nəzəri-hüquqi imkanlara malikdir.

İran hökuməti öz inzibati imkanlarından sui-istifadə edərək dəfələrlə Hörmüz boğazından keçən xarici gəmiləri saxlayıb. Misal üçün, 2015-ci ildə Danimarka şirkətinin “Maersk Line” şirkətindən yük daşıyan Marşal adaları bayrağı altında üzən “Maersk Tigris” konteyner gəmisi, 2021-ci ildə Cənubi Koreyanın “Hankuk Chemi” tankeri, 2024-cü ildə isə Portuqaliyanın “MSC Aries” konteyneri ələ keçirilib.

İranın keçmişdə olduğu kimi boğazı qapatması ehtimalları hər zaman mümkündür. Qlobal enerji bazarının, əsasən də, neft tədarükünün təchizatında nəhəng logistika-daşınma şəbəkəsi olan boğazın bağlanması dünya iqtisadiyyatı üçün əhəmiyyətli dərəcədə təsiredici rol oynayır. Belə ki, daşınmalarda böyük sıxlıq yaranması nəticəsində qlobal logistika zəncirinin pozulması, dəniz nəqliyyatında və sığorta xərclərində böyük xərclərin yaranması birjalarda enerji qiymətlərində kəskin artımların baş verməsinə səbəb olur.

ABŞ və Avropaya, Asiya və digər region ölkələrinə daşınan neft təchizatı sxemlərinin pozulması neft ixrac edən körfəz ölkələrinin ixrac gəlirlərində azalmalar və digər risklər yaradır. Nəticədə qlobal enerji bazarının dayanıqlı qiymət ritminin pozulması sənaye sektorlarına ciddi təsir etməklə bir sıra malların bahalaşmasına, dünya iqtisadiyyatının əsas gücləri olan dövlətlərdə (ABŞ və Avropa İttifaqı) inflyasiya risklərinə də səbəb olur.

Tanınmış ekspertlər dəfələrlə bildirib ki, boğazın bağlanması neft qiymətlərinə təsir etməklə böyük iqtisadi problem yarada bilər. bbc

Alternativlər çox deyil. Hörmüz boğazı ilə daşınmanı azaltmaq üçün iki alternativ variant- boru kəməri mövcuddur. Birincisi, Birləşmiş Ərəb Əmirliklərindəki “Habshan-Fujairah” boru kəməridir ki, gündə təxminən 1,5 milyon barel neft ötürə bilir.

İkincisi, Səudiyyə Ərəbistanın sahibi olduğu Qırmızı dəniz üzərindən keçən alternativ Şərq-Qərb Boru Kəməridir (East-West Pipeline). 1982-ci ildə istismara verilmiş bu kəmərin ötürücülük gücü gündəlik 5 milyon barreldir. Uzunluğu 1200 km olan kəmər Şərqi Səudiyyə Ərəbistanındakı Abqaiqdən Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu Neft Terminalına qədər uzanır.

2018-cı ildə layihənin operatoru olan “Saudi Aramco” kəmərin genişləndirilməsinə sərmayə yatıraraq ötürücülük gücünü 5 milyondan 7 milyon barelə qədər artırıb. Bu kəmər Yəmənin hücumlarına görə, Səudiyyə Ərəbistanı tərəfindən rentabelli işləmir.
Hazırda mövcud ixrac infrastrukturlarla (“Habshan-Fujairah” və Şərq-Qərb Boru Kəməri) Hörmüzlə daşınan neftin təxminən 25 faizini alternativ ixrac yolu kimi daşımaq mümkündür.
Ancaq bu, problemin həlli demək deyil, Hörmüz boğazı yenə də strateji dəhliz kimi dəniz nəqliyyatındakı əsas yol olaraq əhəmiyyətini saxlayır.

 

Oxşar məqalələr: