2025-ci ilin əvvəllərində Saxa Respublikasında “deytinq-fırıldaq” (tanışlıq fırıldaqçılığı) ilə məşğul olan cinayətkar qrupun üzvü həbs edilib. Cinayətkarlar müxtəlif sosial media platformalarında qadınlarla tanış olaraq mesajlarında qarşı tərəfə "romantik hisslər"inin olduğunu nümayiş etdirib, hədiyyə göndərəcklərini, yaxın zamanlarda görüşəcəklərini vəd ediblər.
Daha sonra "pərəstişkarlar" bağlamaları və ya pul köçürmələrini almaq üçün rüsumlar, gömrük rüsumları və digər "emal xərclərini" - o cümlədən avtomobillə çatdırılması və görüş yerinə səyahət xərclərini ödəməli olduqlarını bildiriblər. Fırıldaqçılar Rusiyanın müxtəlif bölgələrindən olan və təkcə polisə məlumat verən beş qadını 9,1 milyon rubl (cari məzənnə ilə təxminən 201451 manat) məbləğində aldadıblar. Daha neçə qurbanın romantik münasibət ümidi ilə pullarını itirdiyi məlum deyil.
Tanışlıq fırıldaqları: Onlar nədir və necə işləyirlər?
Onlayn tanışlıq fırıldaqçılığı (romantika/sevgi fırıldağı kimi də tanınır) bir şəxsin (və ya bir qrup insanın) romantik maraq göstərdiyini iddia edərək qurbanın etibarını qazandığı, sonra isə onların emosional asılılığından istifadə edərək manipulyasiya etdiyi, pul qazandığı, hesablara daxil olduğu və ya şəxsi məlumatları əldə etdiyi bir cinayət növüdür. Əsas xüsusiyyət tanışlığın rəqəmsal mühitdə - tanışlıq saytlarında, sosial mediada və bəzən ani mesajlaşma tətbiqləri vasitəsilə başlamasıdır. Fırıldaqçılar hətta tamamilə saxta veb-saytlar da yarada bilərlər.

Potensial qurbanları ilə görüşdükdən sonra fırıldaqçılar tez bir zamanda şəxsi mövzulara keçir və yaxınlıq hissi yaradırlar: onlara təriflər yağdırırlar, qurbanın həyatına artan maraq və diqqət göstərirlər və hətta hədiyyələr göndərirlər.
Fırıldaqçılar özlərini adətən gecə növbəsinin işçiləri, əcnəbi, hərbçi və ya tez-tez işgüzar səfərlərdə olan iş adamları kimi təqdim edirlər. Bu yolla onlar uzun müddət şəxsən görüşməkdən yayınırlar və qurban israr edərsə, taktikalarını dəyişə və problemləri olduğunu və evə qayıtmaq üçün təcili olaraq pula ehtiyac duyduqlarını iddia edə bilərlər.
Lakin, bu, fırıldaqçıların pul qoparmaq üçün istifadə etdikləri yeganə bəhanə deyil. Onların taktikaları müxtəlif ola bilər.
1. Fırıldaqçı aşağıdakıları iddia edir:
» Xaricə işgüzar səfər zamanı maliyyə çətinlikləri ilə üzləşir;
» Avtomobil qəzasına düşür;
» Kredit kartları/pasport oğurlanıb;
» Ya özləri, ya da yaxın qohumları üçün bahalı xəstəxana xərclərini ödəməlidir.
Məsələn, 2023-cü ildə bir fırıldaqçı zavodunun yalandan müflisləşməsi və yaxın qohumlarının ölümü bəhanəsi ilə Astana sakinindən təxminən 92 milyon tenge oğurlayıb.

2. Sizi ziyarət etmək istədiklərini, lakin bilet ala bilmədiklərini və xərcləri ödəmək üçün pula ehtiyac duyduqlarını iddia edirlər. Bileti birbaşa almaq əvəzinə, pulu təyin olunmuş hesaba köçürülməsi istənilir.
3. Bəzən "həkimlər", "polis" və ya şəxsin digər "qohumları" uydurma hekayələrini təsdiqləmək və ya daha inandırıcı etmək üçün “qurban”la əlaqə saxlayır və bununla da qarşı tərəfə psixoloji təzyiqi artırırlar.
4. Hətta fırıldaqçıların pul köçürülmədiyi halda intiharla hədələmə halları da olur.
5. Bəzən romantik münasibətlər üzrə “ixtisaslaşmış” fırıldaqçılar özlərinin də aldadıldığını iddia edir və bu səbəbdən maliyyə yardımı istəyirlər.
6. Bəzən birgə hesab açmaq üçün qarşı tərəfin şəxsiyyət vəsiqəsini və ya pasportunun surətləri istənilir. Burada məqsəd şəxsi məlumatlardan istifadə etməklə kreditlər götürmək və ya digər saxtakarlıq sxemlərinə baş vurmaqdır.

Söhbət əsnasında bir neçə oxşar vəziyyət ola bilər və mümkündür ki, fırıldaqçılar hər dəfə məbləği artırsınlar.
Tanışlıq fırıldaqlarından necə qorumalı?
FTB mütəxəssislərinin onlayn tanışlıq fırıldaqçılığından qaçmaq üçün bunları tövsiyə edirlər:

1. İnternetdə paylaşdıqlarınıza və ya ictimaiyyətə açıqladıqlarınıza diqqət yetirin. Fırıldaqçılar sizi daha yaxşı başa düşmək və daha effektiv şəkildə manipulyasiya etmək üçün sosial mediada və tanışlıq saytlarında paylaşdığınız məlumatlardan istifadə edə bilərlər.
2. Şəklin, adın və ya digər məlumatların başqa yerdə istifadə olunub-olunmadığını görmək üçün “tərsinə axtarış”dan istifadə edərək şəxsin fotosunu və profilini yoxlayın. Şəklin süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını yoxlamaq üçün ixtisaslaşmış xidmətlərdən istifadə edin.
3. Tələsməyin və qarşı tərəfə mümkün qədər çox sual verin.
4. Əgər şəxs çox ideal obraz formalaşdırırsa və ya tez bir zamanda tanışlıq xidmətindən və ya sosial şəbəkədən ayrılıb birbaşa mesajlaşma platformalarına keçməyi təklif edirsə (fırıldaqçıların orada izlərini gizlətməsi daha asandır) ehtiyatlı olun.
5. Əgər həmin şəxs sizi dostlarınızdan və ailənizdən təcrid etməyə çalışırsa və ya sonradan şantaj üçün istifadə edilə biləcək uyğunsuz foto/video və ya maliyyə məlumatları göndərməyinizi xahiş edirsə həmin şəxsdən uzaqlaşmağa çalışın.
6. Əgər həmin şəxs görüşməkdən yayınırsa və ya görüşəcəyinə söz versə belə həmişə görüşə bilməməsinin səbəbini bəhanə ilə tapırsa, ehtiyatlı olun. Əgər hər hansı bir səbəbdən bir neçə aydan sonra həmin şəxslə görüşməmisinizsə, mümkün fırıldaqçılıqdan şübhələnmək üçün yaxşı səbəbiniz var.
7. Yalnız internetdə ünsiyyət qurduğunuz birinə heç vaxt pul göndərməyin.

Problemin ilk əlamətində yaxınlarınızdan, bankdan və polisdən kömək istəməkdən çəkinməyin. Ünsiyyəti nə qədər tez dayandırsanız və sübutları sənədləşdirsəniz, romantik münasibətlərin cinayətə çevrilmə ehtimalı bir o qədər az olar.