Belçika Erməni Milli Komitəsi bu ölkənin Baş Nazirinin müavini-Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmesə məktub ünvanlayıb. Məktubda başqa ölkələrin diplomatları ilə birlikdə Belçika səfirinin də “Artsax Respublikasının işğal olunmuş ərazilərinə” səfərinin pislənildiyi qeyd edilib. "Armenpress"in verdiyi məlumata görə, məktubda iddia olunub ki, Belçika diplomatı bu dəvəti qəbul etməklə əslində, Azərbaycanın apardığı təbliğatının iştirakçısına çevrilib.
Öncə Belçikada Erməni Milli Komitəsi adlı siyasi və ya ictimai təşkilatın mövcudluğunu əks etdirən ingilis dilində rəsmi, hətta qeyri-rəsmi bir veb saytın olmaması ilə başlayaq. Sosial şəbəkələrdə aparılan axtarış da istənilən nəticəni vermədi.
Feysbukda erməni istifadəçilərin səhifələrində, həmçinin oxşar CDCA Belgique - Comité de Défense de la Cause Arménienne - Hay Tad Belgium və EAFJD və European Armenian Federation for Justice and Democracy səhifələrində də bu məktuba rast gəlinmir. Açar sözlərlə axtarış yalnız bir mənbəyi - "Armenpress"i göstərir.
Mətni ABŞ-ın erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinə "bağlamaq" cəhdi də nəticə vermədi. Belçika Xarici İşlər Nazirliyinin saytında belə bir məktub tapılmadı.
Nəhayət məktubun mətnini fransız dilli - Comité des Arméniens de Belgique-də (Belçika Erməni Komitəsi) Facebook səhifəsində tapdıq. "Məlumat" sütununda komitənin Belçikadakı erməni icmasının icra orqanı olduğu bildirilir, lakin Facebook onu "yerli şirkət" kimi təsnif edir. Həm də “Armenpress”in təqdimatından fərqli olaraq səhifənin başlığında “milli” sözü yoxdur.
Sadalanan detallar və ən əsası rəsmi veb saytın olmaması komitənin qanuniliyi, ictimai-siyasi əhəmiyyəti barədə şübhə doğurur.
Xatırladaq ki, söhbət Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatın 100-dək nümayəndəsinin 9-10 iyul tarixlərində Şuşa şəhərinə səfərindən gedir. Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzairin diplomatik korpus, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri və digərləri qatılmışdılar.
Səfərin məqsədi xarici diplomatları Şuşada aparılan yenidənqurma və bərpa işləri ilə yanaşı, bu şəhərin orijinal memarlığı, Azərbaycan xalqının milli və mədəni irsi ilə tanış etmək idi. Bundan əvvəl Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın bölgələri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərə oxşar səfərlər təşkil edilmişdi. Xarici diplomatlar erməni vandalizminin nəticələri, həmçinin bölgədə aparılan yenidənqurma işləri ilə tanış olmuşdular.
Nəzəri olaraq sözügedən təşkilatın, yəni Belçika Erməni Milli Komitəsinin mövcud olduğunu, eyni zamanda ictimai- siyasi fəaliyyət göstərdiyini düşünək. Hətta bu halda belə fəaliyyəti ölkəsinin xarici siyasətini milli maraqlar çərçivəsində formalaşdırmaq və həyata keçirməkdən ibarət olan suveren bir dövlətin Xarici İşlər Nazirliyinə hansı iddiaları irəli sürə bilər?
Əslində Belçikanın Azərbaycandakı səfiri xarici diplomatlarla birgə Şuşaya səfər etməklə bu ölkənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqlədi.
Qeyd edək ki, Brüsselin rəsmi siyasəti fonunda, erməni lobbi təşkilatları Belçika parlamenti vasitəsilə dövlətin mövqeyini dəyişmək üçün davamlı səy göstərirlər. Xatırladaq ki, ötən ilin dekabr ayında, bu ölkənin parlamentinin aşağı palatası anti-Azərbaycan və antitürk məzmunlu qətnamə qəbul edib, Qarabağdakı hərbi əməliyyatları pisləyib, hökuməti müharibədən əziyyət çəkən əhalini xilas etməyə çağırıb.
Yeri gəlmişkən, ötən ilin dekabrında Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Belçika Krallığında işgüzar səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov bu məsələni qaldırıb. Nazir Belçika Krallığının Baş Nazirinin müavini - Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşdə Belçika parlamenti tərəfindən Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız iddialar ehtiva edən qətnamə qəbul edildiyini, rəsmi Bakının bu qətnamədən narazı qaldığını diqqətə çatdırıb. Sofi Vilmes isə ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib.
Nəticə olaraq qeyd edək ki, Belçika Krallığı ərazisində fəaliyyət göstərən və az tanınan erməni təşkilatının açıqlamaları bu dövlətin rəsmi siyasəti fonunda təsirli ola bilməz. Bu cür siyasi demarşın yeganə məqsədi, ölkədə ictimai rəyə təsir etmək, daxili siyasi arenada özünü göstərmək cəhdi ola bilər.
Bu qənaətə gəlirik ki, Belçikadakı Erməni Komitəsi faktlarla manipulyasiya etməyə cəhd göstərib.