“Lavrov planına görə, Azərbaycan Qarabağı rəsmən Ermənistana təslim edəndən sonra Laçın və Kəlbəcərin qaytarılması nəzərdə tutulurdu. İndi faktiki olaraq həmin plan gerçəkləşdi”. Bu iddia ilə Milli Şura üzvü Gültəkin Hacıbəyli çıxış edib. O hətta iddia edib ki, hazırda Qarabağın özü (Dağlıq Qarabağ nəzərdə tutulur - red) ermənilərin nəzarətindədir, ermənilər rusların vasitəsilə ora tam nəzarət edir.
Faktyoxla Lab.Hacıbəylinin bu iddiasının əsaslı olub-olmadığını yoxlayıb.
Öncə qeyd edək ki, “Lavrov planı” adlı sənədin mövcudluğuna aid rəsmi mənbələrdə heç bir məlumat yoxdur. Bir sıra mənbələrdə əksini tapan qeyri-rəsmi məlumatlara görə, 2016-cı ildə Rusiya tərəfi Qarabağ probleminin həlli üçün ssenari təklif edib və bu ssenari kütləvi informasiya vasitələrində “Lavrov planı” kimi təqdim olunub. Bildirilir ki, plan Dağlıq Qarabağın statusunun müyyənləşməsi müqabilində Azərbaycanın işğal edimiş ərazilərinin azad olunmasını nəzərdə tutub.
Bəzi məlumatlarda Kazan prinsiplərinin qeyri-rəsmi olaraq “Lavrov planı” adlandırıldığı bildirilir. Həmin prinsiplər Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayonun beşindən, yəni Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından çıxmasını, növbəti mərhələdə Laçın və Kəlbəcərin qaytarılmasını, məcburi köçkünlərin öz evlərinə dönməsini, həmçinin Dağlıq Qarabağın statusunun həlli məsələsini əhatə edib.
“Lavrov planı” kimi təqdim olunan prinsiplər, bir qədər də dəqiq desək mərhələli həll planları əslində əvvəllər də gündəmdə olub. Yəni bu məsələ “Lavrov planı” adlandırılan ssenaridən qabaq, ATƏT-in Minsk Qrupunun təkliflərində yer alıb. Amma Azərbaycan tərəfi münaqişə ilə bağlı aparılan bütün danışıqlarda ilk növbədə Ermənistan silahlı qüvvələrinin bütün işğal edilmiş ərazilərdən çıxmasını, məcburi köçkünlərin geri qayıtmasını, ən əsası bütün prosedurların Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həyata keçirilməsi məsələsini önə çəkib.
Digər tərəfdən İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycanın nəzarətinə qaytarılıb.
Dağlıq Qarabağın tam olaraq ermənilərin nəzarətində olması ilə bağlı iddiaya gəlincə, öncə qeyd edək ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində ətraf 7 bölgə ilə - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları ilə yanaşı keçmiş Dağlıq Qarabağa aid ərazilərin bir hissəsi işğaldan azad edilib.
Belə ki, müharibənin ilk günlərində, oktyabr ayının 3-də Ağdərə rayonunun Suqovuşan və Talış kəndləri, oktyabrın 9-da Çaylı kəndi işğaldan azad edilib. Nəticədə Suqovuşan su anbarı, Suqovuşan-1 və Suqovuşan-2 su elektrik stansiyaları Azərbaycanın nəzarətinə keçib. Bundan başqa Ağdərə istiqamətində bir neçə mühüm yüksəkliyə Azərbaycan ordusu nəzarət edir. Qeyd edək ki, sözügedən kəndlər hazırda Tərtər rayonunun inzibati ərazi vahidinə daxildir. Əvvəllər isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonuna daxil olub.
Oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad edilib. Qeyd edək ki, bu qəsəbə həm coğrafi mövqeyinə, həm də iqtisadi potensialına görə, keçmiş Dağlıq Qarabağ ərazisində mühüm paya malikdir.
Ümumiyətlə İkinci Qarabağ Müharibəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə birgə 37 yaşayış məntəqəsi işğaldan azad edilib. Rayonun ümumilikdə 80 kəndi olub. Bu isə rayonun yaşayış məntəqələrinin təxminən yarısının Azərbaycanın nəzarətinə keçməsi deməkdir. 44 günlük müharibədə həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Xocalı rayonunun 9 kəndi, ən əsası Şuşa şəhəri işğaldan azad edilib. Yeri gəlmişkən, başlanğıcını Füzulidən götürən "Zəfər yolu" və Füzuli–Şuşa avtomobil yollarının əsas hissəsi məhz Dağlıq Qarabağın azad olunan yaşayış məntəqələrindən keçir.
Digər tərəfdən 10 noyabr tarixli bəyanatda erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması nəzərdə tutulub. Separatçılar bu və ya digər şəkildə Dağlıq Qarabağda hərbi mövcudluqlarını göstərməyə çalışsalar da reallıq əksini göstərir. Xatırladaq ki, onların belə cəhdlərindən biri ötən ilin dekbarında 62 nəfərlik erməni silahlı qrupunun saxlanılması ilə nəticələndi. Artıq həmin şəxslərin bir qrupu mühakimə olunub, bir qrupunun isə məhkəməsi davam edir.
Başqa bir nüansa diqqət edək. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyətində təmsil olunan bəzi şəxslər, müxtəlif ölkələrdən olan ermənipərəst deputatalar Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən keçməklə qanunsuz olaraq Xankəndinə səfər edirdilər. Azərbaycan tərəfinin sərt təpkisi nəticəsində bu səfərlərə birmənalı şəkildə son qoyuldu. Bu isə onu göstərir ki, Azərbaycan iddianın əksinə Dağlıq Qarabağ ərazisinə nəzarət etmək imkanına malikdir.
Ermənilərin Rusiya sülhməramlılarının vasitəsilə Dağlıq Qarabağa nəzarət etməsi ilə bağlı iddiaya gəlincə, nəzərə almaq lazımdır ki, sülhməramlıların funksiyası 10 noyabr tarixli bəyanatda konkret olaraq əksini tapıb. Üstəlik, üçtərəfli bəyanatın tələbinə görə, 5 il sonra tərəflərdən biri razılıq verməsə Rusiya sülhməramlı kontingenti bölgəni tərk edəcək. Həmçinin Qarabağda yaradılan sülhməramlı mərkəzdə Rusiya hərbçiləri ilə yanaşı Azərbaycanın təklif və tələbi ilə Türkiyə hərbçiləri də ərazilərə nəzarət funksiyasını həyata keçirir.
Sadlanan faktlara əsasən deyə bilərik ki, Hacıbəylinin açıqlamasında səsləndirdiyi “Qarabağ rəsmən Ermənistana təslim ediləndən sonra”, həmçinin “indi faktiki olaraq Lavrov planı gerçəkləşdi” iddiası konkret olaraq faktlarla manipulyasiya cəhdidir və heç bir əsası yoxdur. Sadlanan faktlar ermənilərin Dağlıq Qarabağ tam nəzarət etməsi ilə bağlı iddianı da təkzib edir. Bu mənada Hacıbəylinin iddiaları daha çox ictimaiyyəti çaşdırmaq, 44 günlük müharibənin nəticəsində əldə olunan zəfərə kölgə salmaq cəhdidir.
Faktyoxla Lab. bu qənaətə gəlib ki, Milli Şura üzvü Gültəkin Hacıbəylinin açıqlaması tamamilə yanlışdır.