Axtarış

Select theme:

Uşaq oyuncaqlarında asbest təhlükələri haqda faktları yoxlayırıq

Uşaq oyuncaqlarının təhlükəsizliyi mövzusu son illərdə ictimaiyyətin diqqət mərkəzinə daha tez-tez gəlir. Xüsusilə populyar məhsullarda, məsələn, kinetik qumlarda (Kinetik qum — xarici görünüşünə görə dəniz sahilindəki nəm qumu xatırladan, lakin əlləri islatmayan və quru qalmağına baxmayaraq mükəmməl şəkildə formaya düşən unikal oyuncaq materialıdır) — asbest də daxil olmaqla təhlükəli maddələrin aşkar edilməsi barədə xəbərlər böyük rezonans doğurdu. Təbii sual yaranır: bu təhlükə nə dərəcədə realdır, yoxsa burada şişirtmə var?

Asbest — xərçəngyaradan (kanserogen) xüsusiyyətləri ilə tanınan minerallar qrupudur. Əksər ölkələrdə onun istifadəsi, xüsusilə uşaq mallarında qəti qadağandır. Bununla belə, 2025–2026-cı illərdə bir sıra ölkələrdə tərkibində qum olan uşaq oyuncaqlarında asbest liflərinə rast gəlinməsi halları qeydə alınıb. Söhbət yaradıcılıq dəstlərindən, dekorativ qumlardan və bəzi "kinetik qum" növlərindən gedir.

Bəzi nümunələrdə laboratoriyalar bu maddənin hətta nəzərəçarpacaq konsentrasiyasını müəyyən ediblər ki, bu da məhsulların satışdan geri çağırılmasına və tənzimləyici qurumlar tərəfindən yoxlamaların aparılmasına əsas verib.

Burada bir məqamı dəqiqləşdirmək vacibdir: “kinetik qum”un heç də bütün növləri təhlükəli deyil. Belə məhsulun klassik tərkibi təmizlənmiş narın qum və silikon yağdan (dimetikon) ibarətdir və özlüyündə toksik hesab olunmur. Əsas risklər kimyəvi deyil, mexaniki faktorlarla, məsələn, azyaşlı uşaqların onu udma və ya boğulma ehtimalı ilə bağlıdır.

Problem o zaman yaranır ki, istehsal üçün xammal kifayət qədər təmizlənmir və ya təbii olaraq asbest liflərinin mövcud olduğu bölgələrdən hasil edilir. Belə hallarda çirklənmə hasilat və ya istehsal mərhələsində baş verə bilər. Bu isə o deməkdir ki, risk ümumi xarakter daşımır, konkret məhsuldan, istehsalçıdan və keyfiyyətə nəzarətdən asılıdır.

Digər potensial təhlükələr

Qumdan başqa, valideynlərin çox vaxt diqqət yetirmədiyi daha geniş çeşiddə təhlükəli oyuncaqlar da mövcuddur. İlk növbədə, bura tərkibində ağır metallar — qurğuşun, kadmium və civə olan məhsullar daxildir. Araşdırmalar göstərir ki, xüsusilə ciddi nəzarət olmadan istehsal edilən ucuz plastik oyuncaqlarda, boya və örtüklərdə bu maddələr ola bilər.

Ayrı bir kateqoriyanı isə "ağıllı oyuncaqlar" — internetə qoşulan cihazlar təşkil edir. Onların riski toksikliklə deyil, məlumat təhlükəsizliyi ilə bağlıdır: bəzi modellər uşağın şəxsi məlumatlarını toplaya və ya kənar müdaxiləyə imkan verən boşluqlara sahib ola bilər.

Həmçinin aşağıdakılar da potensial təhlükə yaradır:

  • Xırda hissəli (detallar) oyuncaqlar (boğulma riski);
  • Ucuz slaymlar (ingilis dilindən "slime" — selik, yapışqan maddə mənasını verən, xüsusi özlülüyə və elastikliyə malik, jeleyəbənzər oyuncaq növüdür. O, həm uşaqlar, həm də böyüklər üçün antistress vasitəsi hesab edilir) və yaradıcılıq dəstləri (qıcıqlandırıcı kimyəvi komponentlər ola bilər);
  • Aşağı keyfiyyətli yumşaq oyuncaqlar (bəzən toksik boyalar tərkibli olur).

Nəticə

Beləliklə, "kinetik qum və ya digər populyar oyuncaqların kütləvi şəkildə asbest tərkibli olması" iddiası qismən həqiqətdir, lakin çox sadələşdirilmiş yanaşmadır. Real çirklənmə halları həqiqətən qeydə alınıb və təsdiqlənib, lakin bu, bütün məhsul kateqoriyasına deyil, ayrı-ayrı partiyalara və istehsalçılara aiddir.

Əsas nəticə ondan ibarətdir ki, bu gün oyuncaqların təhlükəsizliyi problemi konkret məhsul növündən deyil, nəzarətin keyfiyyətindən, xammalın mənşəyindən və standartlara əməl olunmasından asılıdır. Valideynlər üçün bu, daha diqqətli seçim etmək zərurəti deməkdir: brendin yoxlanılması, sertifikatın olması və şübhəli dərəcədə ucuz mallardan imtina edilməsi riskin azaldılmasında əsas amillərdir.

Yekun olaraq qeyd edək ki, uşaq oyuncaqları öz-özünə "gizli toksik təhlükə" deyil, lakin istehsal standartları pozulduqda müəyyən risklər yarada bilər. Rasiоnal yanaşma populyar oyuncaqlardan tamamilə imtina deyil, real təhlükələri anlayaraq şüurlu seçim etməkdir.

 

Oxşar məqalələr: