Axtarış

Select theme:

İranın İslam Respublikasının “Əl-Mustafa” Universitetinin Gürcüstanda fəaliyyəti barədə araşdırma (II hissə)

Əvvəli burada

Gürcüstanın geostrateji və geosiyasi mövqeyi onu müxtəlif xarici aktorların, o cümlədən İran İslam Respublikasının yumşaq güc fəaliyyətləri üçün əlverişli məkana çevirib.

Gürcüstan müstəqillik qazandıqdan sonra İrana bağlı və onunla əlaqəli dini və ideoloji təsisatların orada fəaliyyəti Avropa və regional təhlükəsizlik çevrələrinin də diqqət mərkəzindədir. Bu proses sosial, siyasi, iqtisadi və digər  aspektlərə malik olmaqla bərabər bir sıra media, təhlükəsizlik və ekspert mənbələri tərəfindən müxtəlif rakurslardan işıqlandırılır. Məqsəd bu prosesin mahiyyətini və mümkün təsirlərini kontekstləşdirməkdir.

Regionda İranda təhsil almış müəllim və liderlər vasitəsilə şiə-proksilərinin artması, ənənəvi geyim qaydalarına ciddi riayət etmə, erkən nikah halları kimi sosial dəyişikliklər müşahidə olunur. Bəzi ekspertlər bu prosesləri mədəni və dini identikliyin transformasiyası kimi qiymətləndirir və bunun Gürcüstan cəmiyyətində yeni sosial dinamikalar yarada biləcəyini qeyd edirlər.

Bu cür dini və ideoloji təsisatların fəaliyyəti təkcə dini təhsil məsələsi deyil, həm də regionda İranın “yumşaq güc” strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Ötən il Seyid Əli Xameneinin "İyirmi illik strategiya" məqaləsində İranın regionda təsirini gücləndirməyin yolları göstərilir:

  • Dünyada fars dili və İran mədəniyyəti mərkəzləri yaradılır;
  • İranda sivilizasiyalararası dialoq üçün məktəblər və İslam mərkəzləri açılır.

İranın son bir ildə Gürcüstandakı fəaliyyətlərinə nəzər yetirək.

Ötən ilin dekabr ayının əvvəllərində “Bütün Gürcüstan Müsəlmanları İdarəsi”nin (BGMİ) dini liderləri və onları müşayiət edən nümayəndə heyəti İrana bir neçə günlük səfər çərçivəsində paytaxt Tehran, Məşhəd və Qum şəhərlərində olublar. Səfər çərçivəsində BGMİ nümayəndə heyəti İranın din xadimləri, xeyriyyə təşkilatlarının nümayəndələri, tanınmış hafizlər və akademik heyətlə görüşlər keçiriblər. Bu barədə BGMİ-nin “Facebook” səhifəsində də paylaşım edilib.

Heyət Tehranda İranın Ali Dini Liderinin beynəlxalq münasibətlər şöbəsinin müdiri Ayətullah Mohsen Qomi, “İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı”nın rəhbəri İmani Pur və “Əhli-Beyt” Dünya Assambleyasının sədri Ayətullah Ramazani ilə görüşlər keçirib.

Səfər çərçivəsində nümayəndə heyəti “Quran Mehfel” televiziya proqramının studiyasını da ziyarət edib və proqramın Gürcüstanda yayımlanması imkanları müzakirə olunub

Digər bir fəaliyyət istiqaməti isə Beynəlxalq “Əl-Mustafa” Universitetinin məsul şəxslərinin mütəmadi olaraq Universitetin Gürcüstandan olan məzunları ilə görüşlər keçirməsidir. Belə görüşlərdən biri 2024-cü ilin mayında paytaxt Tbilisidə Universitetinin Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə olub. Ali məktəbin rəsmisi Seyyid Həsən Rəbbani, onu müşayiət edən nümayəndə heyəti Gürcüstanda İranın ekspansiya siyasətini həyata keçirməklə məşğul olan ilahiyyatçılar və din xadimləri ilə görüşüblər. ”Əl-Mustafa” Universitetinin Gürcüstan nümayəndəliyinin sədri Dr. Həsən Yusifzadə və Seyyid Həsən Rəbbani məzunlara tövsiyələrini verib və elmi-mədəni və dini maarifçiliyin əsas şərtləri, ictimai əhəmiyyəti barədə danışıblar. 24news.ge

2025-ci ilin oktyabrında isə “Əl-Mustafa” Universiteti Gürcüstan nümayəndəliyinin ilk müdiri Hacı Rəsul Xızırlı ilk məzunlar ilə uzun illərdən sonra təkrar görüşüb. Bununla bağlı İran mediası da xəbər verib.   

İndi qayıdaq əsas mövzuya. “Əl-Mustafa” Universitetinin Gürcüstan filialının (nümayəndəlik də deyilir-red.) fəaliyyətinə. Bu araşdırma aparılarkən bəlli oldu ki, “Əl-Mustafa” mövzusu İranın Gürcüstandakı məxfi fəaliyyətinin bir qoludur. Burada vacib məqamların olduğunu nəzərə alaraq araşdırmanı üç istiqamətə böldük:

1. “Əl-Mustafa” Beynəlxalq Universitetinin Gürcüstandakı fəaliyyəti.

2. İrana yaxınlığı ilə tanınan şəxslər və bu ölkənin təsir dairəsində olanmedia (media/sosial media) təsir mexanizmləri.

3. Sosial-iqtisadi, təhlükəsizlik və geosiyasi təsir rıçaqları.

Gürcüstanda fəaliyyətdə olan İrana bağlı hibrid təhdid alətləri. 

 I Alət. “Əl-Mustafa” Universitetinin Gürcüstan filialı

“Əl-Mustafa” Universitetinin Gürcüstandakı fəaliyyəti rəsmi ali təhsil akkreditasiyasından kənar, daha çox dini kurslar, hazırlıq proqramları və qeyri-formal təhsil formasında aparılır və əsasən Kvemo Kartli bölgəsində yaşayan etnik azərbaycanlıları hədəf alır.

Araşdırmalar göstərir ki:

  • Orada verilən dini təhsil pulsuzdur;
  • Tələbələrə yaşayış və sosial dəstək verilir;
  • Təhsilini uğurla başa vurmuş məzunlara İranda təhsili davam etdirmək üçün kvotalar ayrılır;
  • Tədris əsasən fars və Azərbaycan dillərində aparılır.

Ötən yazıda qeyd etdiyimiz kimi, bu model, klassik ali təhsildən çox, ideoloji seleksiya və kadr yetişdirmə mexanizmini xatırladır.

Bəlli olur ki, Universitetin məzunlarının böyük bir hissəsi sonradan:

  • dini icmalarda axund,
  • molla,
  • dini müəllim,
  • yerli dini lider kimi fəaliyyət göstərirlər.

“Əl-Mustafa” məzunları vasitəsilə paralel dini “avtoritetlər” yaradılır:

  • rəsmi dini idarələrdən kənar nüfuz mərkəzləri formalaşır;
  • dövlətlə dini icma arasında vasitəçi rolunu İran təhsilli şəxslər oynayır.

Bu isə təsirin uzunmüddətli və davamlı olmasına imkan yaradır.

Bu yanaşma klassik təbliğat modelinə də uyğundur: dini identiklik üzərindən siyasi loyallıq formalaşdırmaq.

Məlumatlara görə, bəzi bölgələrdə:

  • Şiə dini mərasimləri intensivləşib;
  • İran dini ənənələri yerli adətlərlə əvəzlənir;
  • Qadın geyimi və sosial davranış normativləri sərtləşir;
  • Erkən nikah və dini nikah halları artır.

Bu proseslər cəmiyyət daxilində dəyərlər toqquşması yaradır və dövlətin sekulyar modelinə zidd sosial təzyiqlər formalaşdırır.

“Azadlıq Radiosu”nun Gürcü xidməti “Əl-Mustafa” Universitetinin Gürcüstanda fəaliyyəti ilə bağlı “"Sevgi Qılıncı" - İranın “Əl-Mustafa” Universitetinin Gürcüstanda nə işi var?” başlıqlı geniş araşdırma yazısı təqdim edib. Məqalə təqdim etdiyimiz foto və “Fotokollaj: Qumdakı “Əl-Mustafa” Universitetinin Gürcüstan filialının məzunları müəllimi və yerli rektoru ilə universitetin mərkəzi binası qarşısında” şərhi ilə başlayır.

Məqalədə qeyd olunur ki, “Əl-Mustafa” Universitetinin Gürcüstan filialını bitirənlərin və  hər il İranda təhsilini davam etdirənlərin dəqiq sayı məlum deyil. Müxtəlif mənbələrə görə, Gürcüstandan ən azı 10-20 gənc İran ilahiyyat məktəblərinə daxil olur. “İran universiteti Gürcüstanda akkreditasiyadan keçməsə də, bu, “Əl-Mustafa” Universitetinin Gürcüstan filialının hər il onlarla tələbə qəbul etməsinə mane olmur. Çünki imtahan tələb olunmur və təhsil ödənişsizdir”.

Məlum olur ki, 2011-ci ildən bəri Qumdakı “Əl-Mustafa” Universitetinin Gürcüstan filialı tələbələri pulsuz beş illik ilahiyyat proqramı ilə yanaşı mənzillə də təmin edir. Əsas tədris dili Azərbaycan dili olması ilə yanaşı bir çox dərslər fars dilində keçirilir. Beş illik proqramı başa vurduqdan sonra tələbələr yeni – Qum şəhərində təhsillərini davam etdirmək – fürsəti əldə edirlər.

Əksər mühazirələr qadınlar və kişilər üçün ayrıca verilir. Bu fotoşəkillər məktəbin akt zalının divarlarının İran İslam Respublikasının dini-siyasi liderlərinin fotoşəkilləri ilə bəzədildiyini göstərir.

Radionun əməkdaşı Universitetin Poniçaladakı (Soğanlıq) ofisində də olub. Jurnalisti qarşılayan Nümayəndəliyin həmtəsisçilərindən biri olan Rahib Kərimov (haqqında geniş məlumat verəcəyik-red.) bildirib ki, hazırda iki illik proqramla təhsil verilir.

Rahib Kərimov radionun əməkdaşı ilə söhbətində onu da qeyd edib ki, Qumda təhsil alanlar üçün aylıq təqaüd 700 ABŞ dolları civarındadır. “Bu, böyük məbləğ deyil, amma 20 il əvvəl tələbə olanda mənə 300 dollar civarında təqaüd verilirdi”, - deyə o, məlumat verib. 

Bir haşiyə çıxıb bildirək ki, “Əl-Mustafa” tələbələrinin təhsil aldığı digər təhsil ocağı Marneulidə, “İmam Rza” məscidinin yaxınlığında yerləşən eyniadlı mədrəsədir, rəhbəri isə Əziz Nəbiyevdir.

Bəlli olur ki, məscid Marneuli rayonunun Axolalalo kəndində 2024-cü ildə tikilib. Açılışında dini icmaların nümayəndələri və Dini məsələlər üzrə Agentliyin əməkdaşları iştirak ediblər.

“İmam Rza” məscidinin nəzdində fəaliyyət göstərən “İmam Rza” mədrəsəsinin dinləyiciləri

Radionun araşdırmasına görə, Poniçaladakı ikimərtəbəli binanın sahibi İran vətəndaşı Mohammed Reza Kalan Faribaidır.

Məqalədə qeyd olunur ki, bir neçə il əvvəl Məhəmməd Rza Kalan Fəribainin Poniçaladakı ikimərtəbəli evinin fasadına gürcü dilində “Əl-Mustafa” Universitetinin yerləşdiyini təsdiqləyən lövhə vurulubmuş. Hazırda həmin banner silinib.

Səbəbi belə izah olunur: “Azadlıq” radiosu “Əl-Mustafa” Universitetinin Gürcüstan filialı ilə bağlı araşdırmalara başlayandan (telefon danışıqları, yazılı suallar ünvanlamaqla) və Poniçaladakı təhsil mərkəzinin təsisçilərindən biri ilə görüşdükdən dərhal sonra Gürcüstan filialının “Instaqram” səhifəsindən köhnə fotolar silinib”.

Poniçala məktəbindən bir neçə metr aralıda “Əhli-beyt” məscidi yerləşir. Reyestrdə 2008-ci ildən bu torpağın sahibi kimi Qardabani mədrəsəsinin sahibi, din xadimi Niyaz Əmirxanov qeyd edilib. Sənədlərə görə, Əmirxanov Qardabani Rayon Müsəlmanları Ruhani İdarəsinin və “Əhli-beyt” Mədəniyyət və Xeyriyyə Mərkəzinin rəhbəridir.

Poniçalada Məscidin və Universitetinin nümayəndəliyinin binaları

Qeyd. “Əl-Mustafa” ilə bağlantısı olan şəxslərin nəzarətində olan kommersiya və ictimai təşkilatlara xüsusi diqqət edək.

“AL Mustafa LTC” (Limited Liability Company) 2014-cü ildə qeydiyyatdan keçib. Ünvan olaraq “Sakartvelo, K. Tbilisis, Isani-samgoris Raionshi, Gaxokizis K., N49-51”, email ünvanı isə [email protected] göstərilib.

5 sentyabr 2014-cü il hesabatına görə, şirkətin direktoru kimi İraq vətəndaşı Mohammed Karim Dahil Al-Mohasien olduğu görünür. O, digər İraq vətəndaşı Palah Hasan Huseyni əvəz edib. (12 fevral 2014-də)

Mohammed Karim Dahil Al-Mohasienin adı həm də “M.K.D MMC” direktoru kimi qeyd olunub. Bu şirkətin hüquqi ünvanı Sakartvelo, K. Tbilisis, Vake-saburtalos Raionshi, Nucubizis Ii M/r, Zhgentis K., No2a, Bina 21, email ünvanı isə [email protected] olduğu qeyd edilib.

Reyestr sənədlərində 2011-ci ildə Qardabanidə təhsil missiyası adı ilə qeydiyyatdan keçən Al-Mustafa” təşkilatının altı təsisçisinin olduğu görünür. 

Gürcüstan Reyestr xidmətində aşkar etdiyimiz sənədlər əsasında bu şəxslərin kimliyini və nümayəndəlikdə rolunu araşdırdıq. 

1. Moxammed Reza Kalan Faribai

Açıq mənbələrdə bu şəxs haqqında rəsmi bioqrafiya və ya onun əmək fəaliyyəti barədə (vəzifə və status) məlumat tapmaq mümkün olmadı. Bu kontekstdə onun adının qarşısında “citizen of Iran” (İran vətəndaşı) yazılır, lakin universitetlə necə bağlı olduğu açıqlanmır.

Gürcüstan Dövlət Reyestrində də bu şəxs haqda məlumat azdır. Sənəddə yalnız ərizə qeydiyyatı, torpağın təyinatı, alış müqaviləsinin nömrəsi və sahibinin adı qeyd olunub.

Reyestrdən çıxarışda adları qeyd olunan şəxslərdən biri də Davud Zaredir.

Davud Zare

Davud Zare

İran İslam Respublikasının vətəndaşı və Gürcüstanda “Əl-Mustafa” Beynəlxalq Universitetinin filialı ilə bağlı fəaliyyət göstərən şəxslərdən biri kimi qeyd olunub. Rəsmi mənbələrə görə, o bu filialın bir vaxtlar rektoru olmuş və universitet nümayəndəsi kimi Gürcüstanın Dövlət Dini Məsələlər Agentliyi səviyyəsində rəsmi görüşlərdə iştirak etmişdir. 

Misal üçün, 18 noyabr 2020-də Gürcüstan Dövlət Agentliyinin təşkilatçılığı keçirilən tədbirdə İran tərəfini Əl-Mustafa” Universitetinin Gürcüstan filialının rəhbəri Davud Zare təmsil etmişdir. Bu tədbirdə Agentliyin sədri Zaza Vashakmadze ilə görüş keçirilib, Universitetin Gürcüstan fəaliyyətləri, tədris planı və gələcək layihələr müzakirə olunub, Zare qarşı tərəfə Universitetin Gürcüstandakı fəaliyyətləri haqqında məlumat verib. religion.gov.ge

D.Zarenin gürcü din xadimləri ilə görüşündən 

Açıq mənbələrdə, xüsusən də Gürcüstan mediasında Davud Zarenin 2020-ci ilə qədər Gürcüstanda yaşadığı qeyd olunur və həmin ilə qədər “rəsmi təmsilçi” kimi fəaliyyət göstərdiyi yazılır. religion.gov.ge

Davud Zare İrana döndükdən sonra

Bundan əlavə, qeyd etməliyik ki, “Əl-Mustafa” Universitetinin xarici filialları üçün rəsmi heyət siyahısı və bioqrafik məlumatlar açıq mənbələrdə paylaşılan sənədlərdə tapılmadığı kimi, D. Zarenin də tam adı, doğum tarixi, təhsili və akademik dərəcəsi, “rektor” vəzifəsinin rəsmi sənədlərlə təsdiqi, Gürcüstanda hansı illərdə rəsmi yaşayış və ya iş icazəsi olması, “Əl-Mustafa” Universitetində statusu və səlahiyyət dairəsi haqda hər hansı bir məlumat tapmaq mümkün olmur. Ehtimal olunan ixtisası Şiə teologiyası” və “Dini təhsil və beynəlxalq İslami proqramlar”.

Ehtimal olunan dil bilikləri:

  • Fars dili (ana dili)
  • Azərbaycan dili (danışıq dili səviyyəsində)
  • Gürcü dili (rəsmi fəaliyyətə görə funksional səviyyədə)

Rahid Kərimov

Adı “Əl-Mustafa” Beynəlxalq Universitetinin Gürcüstan filialının təsisçiləri siyahısında görünənlərdən biri ‒ Rahid Kərimov Poniçala (Soğanlıq) “Əhli-beyt” məscidinin axundu, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Elmi heyətin və Ali Şuranın üzvüdür, “Əl-Mustafa” məzundur. Onun axund olduğu “Əhli-beyt” məscidi İranın ən aktiv fəaliyyət göstərdiyi məkanlardan biridir.

Rahid Kərimov bu ilin sentyabrında Tehran şəhərində keçirilən “39-cu Vəhdət Konfransı”nda “Bütün Gürcüstan Müsəlmanları İdarəsi”nin şeyxi Faiq Nəbiyevlə bir yerdə iştirak edib.

Rahid Kərimovun "Əl-Mustafa" Universiteti ilə sıx əlaqələri var. Hələ, 2017-cü ildə “Əl-Mustafa” Universitetinin Gürcüstan nümayəndəliyinin keçirdiyi “22-ci Beynəlxalq Quran və Hədis müsabiqəsi”nin münsiflər heyətinin üzvü olub.

Bu ilin mart ayında onun axund olduğu məsciddə keçirilən “İmamların doğum günləri”nə həsr olunan tədbirdə digər qonaqlarla yanaşı "Əl-Mustafa" Universitetinin Gürcüstandakı nümayəndəsi Həsən Yusifzadə də iştirak edib.

2021-ci ilin mart ayında İranın Qum şəhərində keçirilən "Beynəlxalq 17 rəbiüləvvəl Qarabağ konfransı" adlı tədbirdə Rahid Kərimov da qatılıb. Qeyd edək ki, Gürcüstan İslam Araşdırmaları mərkəzinin sədri Fariz Rəcəbov yazdığı statusda tədbirin Qarabağla bağlı keçirildiyini bildirsə də, dövrü mətbuatda qeyd olunub ki, əslində tədbirdə "Azərbaycan torpaqları xilas edilməli", "İki tərəf beynəlxalq sərhədləri pozmamalı", "terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab veriləcək" məzmunlu çıxışlar səslənib. Yəni görüntü olaraq Qarabağ haqqında danışılır, reallıqda isə bizə çoxdan məlum olan tezislər səslənir.

Belə bir tədbirdə Namiq Hüseynov, Fariz Rəcəbovla bərabər Rahid Kərimovun da iştirakı xüsusilə diqqətçəkici məqamdır. Onun Seyid Əli Xamenei haqqında "Allah izzətini artıq etsin, ey əsrimizin şiri. Ey Zəhranın balası" sözlərini deməklə, əslində İrana və “İslam inqilabı”na münasibətini ortaya qoyur.

Xatırladaq ki, 2022-ci ildə İranın informasiya maşınının hazırladığı "Salam, fermandeh" klipi məhz Soğanlıq “Əhli-beyt” məscidində çəkilib. Rahid Kərimov da həmin klipi özünün “Facebook” səhifəsində paylaşıb, onu izləyənlərdən marşı təkrar paylaşmalarını istəyib.

2021-ci ildə "Əl-Mustafa" Universitetinin Gürcüstandakı nümayəndəliyinin növbəti məzun tədbirində İran səfiri, digər rəsmilərlə yanaşı, o dönəmdə “Rəsuli Əkrəm adına Təhsil Mərkəzi”nin sədri vəzifəsində çalışan Rahid Kərimov da iştirak edib. Paylaşımı isə “Gürcüstan Müsəlmanları İdarəsi”nin eks rəhbəri Ramin İgidov edib.  

6 yanvar 2020-ci ildə Qasım Süleymaninin ölümündən sonra Gürcüstanda keçirilən anım mərasimlərində Rahid Kərimov xüsusi fəallığı ilə seçilib. O, Süleymaninin dəfn videosunu da paylaşıb.

2 yanvar 2022-ci il tarixində İrana yaxınlığı ilə bilinən, lakin özünü Türkiyədəki “Əhli-sünnə” camaatına yaxın şəxs kimi göstərən Həsən Kanaatlının dəstəyi ilə “Beynəlxalq “Əl-Mustafa Universiteti”nin Türkiyə Nümayəndəliyi Süleymaninin ölümünün 2-ci ildönümü ilə əlaqədar virtual anma proqramı təşkil etmişdir. Tədbirdə Türkiyədən Kamal Kemahlı, Hasan Kanaatlı, şairlər Musa Dədəi və Abbas Öztürk, Azərbaycandan Mircəfər Əyyubov, Avstriyadan Həsən Günəş, Aydın Altay, Gürcüstandan Rahid Kərimov iştirak etmişdilər.

Gürcüstan müsəlmanları arasında “nüfuza” malik bu şəxsin mütəmadi olaraq müxtəlif mövzularda İran KİV-lərinə müsahibələr verdiyi də diqqət cəlb edir. Məsələn, o, 2023-cü ildə “parstoday”-ə verdiyi açıqlamada bunları deyib: “Fələstin müqavimət qüvvələrinin 7 oktyabr tarixində qəsbkar İsrail rejiminə hücumu bu rejimin dünyadakı imicini aşağıladı və onları sındırdı”.

Rahid Kərimovun 2019-cu ildə məsciddə “Qüds günü”nə həsr olunan çıxışı zamanı İranda məskunlaşan “Hüseyniyyun” terror qruplaşmasının əsas şüarlarından olan "Zillət bizdən uzaqdır" şüarını istifadə etməsi də diqqət çəkir.

Gürcüstan Milli Dövlət Qeydiyyatı Agentliyində Rahid Kərimovun adına aşağıdakı QHT və şirkətlərin də qeydiyyatda keçdiyi məlum olub:

“Əhli-beyt” mədəni-təhsil mərkəzi

“Gürcüstan İslam Araşdırmaları Mərkəzi”

Alul Beyt

“Sadiqi” Təhsil Mərkəzi

“Ariana Sahidad” MMC

Sonuncu şirkətin “Reyestr”-dən çıxarışlarına baxarkən məlum oldu ki, bu şirkət yarandığı dövrdə Sahidad Mirəz Xan adlı Əfqanıstan vətəndaşının adına qeydiyyatdan keçib. Bu adlardan başqa nə bu şəxs, nə də şirkət haqda açıq mənbələrdə informasiya əldə edə bilmədik.

Adı “Əl-Mustafa” Beynəlxalq Universitetinin Gürcüstan filialının təsisçiləri siyahısında görünənlərdən biri də Qurban Murquzovdur.

İranyönümlü şəxslərdən biri kimi tanınan Q, Murquzov 31.08.1983-cü il tarixində Marneulinin Qızılhacılı kəndində anadan olub.

Orta dini təhsilini Marneulidəki “İmam Rza” mədrəsəsində, ali dini təhsilini isə Beynəlxalq “Əl-Mustafa” Universitetində (Tarix fakültəsi) alıb. Ali təhsildən sonra “Əl-Mustafa” Universitetinin Gürcüstan nümayəndəliyində bir neçə il təhsil şöbəsinin müdiri və Universitetin nəzdində fəaliyyət göstərən mədrəsənin müəllimi olaraq fəaliyyət göstərib. Gürcü, rus, fars və ərəb dillərini orta səviyyədə bilir. O, bir neçə il Qızılhacılı kəndində yerləşən “İmam Həsən” məscidinin axundu olaraq da fəaliyyət göstərib. 2013-cü ildən BGMİ-yə daxil olub və burada sədrin Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi və müavini olaraq çalışıb. mənbə

Araşdırmalarımız zamanı bu şəxsin 2022-ci ilin avqustunda Londonda Azərbaycan səfirliyinə qarşı olan hücumdan sonra etdiyi çıxışı ilə diqqətimizi çəkdi. Çıxışına hücumu “pisləməklə” başlayan Q.Murquzov daha sonra bəzən sətiraltı, bəzən isə açıq formada rəsmi Bakını təhdid edir, “Borçalı əldən getməyib, əksinə Borçalı dini dəyərlərinə daha çox sahib çıxır, “Əhli-beyti” daha çox sevməyə başlayıb” – deyərək bölgədə İranın heç bir təsir gücünə sahib olmadığını riyakarlıqla iddia edir. Ona görə riyakarlıq deyirik ki, elə Qurban Murquzov həmin çıxışından sonra öz “Facebook” hesabında yazırdı: “Ramazan ayının gəlişi münasibətilə İran İslam Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən "Əmin" yardım fondunun himayə etdiyi uşaqların ailəsinə ərzaq paketləri hədiyyə edildi.”

Yaxud, Qurban Murquzov digər statusunda İranın Gürcüstandakı Səfirliyinin Din və Mədəniyyət Şöbəsinə Qızılhacılı kənd məscidinə 100 ədəd stol və stul hədiyyə etdiklərinə görə təşəkkür edir

Murquzov da “Əl-Mustafa” xəttindən faydalananlar sırasındadır. O, 2020-ci ildə qeydiyyatdan keçirdiyi Amin” Xeyriyyə Fondunun və “Gürcüstan Halal Mərkəzi” MMC-nin təsisçisidir.   

Adı reyestrdə aşkarlanan altı nəfərdən biri Rafət Məmmədov, digəri isə Elyar Hüseynovdur. R.Məmmədov 2006-cı ildə qeydiyyatdan keçmiş “Xristian və İslam Araşdırmaları Beynəlxalq Mərkəzi”nin həmtəsisçilərindən, Elyar Hüseynov isə 2013-cü ildə qeydiyyatdan keçmiş “Bütün Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi” təşkilatının həmtəsisçilərindəndir.

“Əl-Mustafa” Universitetinin Gürcüstan filialına Davud Zaredən sonra İran vətəndaşı Hüseyn Yusifzadə (2020‒2025-ci ilin oktyabr ayına qədər) rəhbərlik edib.

Hüseyn Yusifzadə

“Əl-Mustafa” universitetinin Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə bu universitetin məzunları ilə artıq bir neçə dəfə görüş keçirilib. Bu görüşün təşkilatçısı "Əl-Mustafa" Beynəlxalq universitetinin Gürcüstan nümayəndəliyinin sədri Həsən Yusifzadə olub. Vaxtaşırı Soğanlıq “Əhli-beyt” məscidinin “YouTube” kanalında çıxışlar hazırlayan Həsən Yusifzadə bu məsciddə keçirilən tədbirlərdə təşkilatçı və  moizəçi kimi iştirak edib. Ötən il “Əl-Mustafa” Təlim və Tərbiyə Mərkəzində keçirilən “yay buraxılışı” mərasimində “Bütün Gürcüstan Müsəlmanları idarəsi”nin şeyxi Hacı Faiq Nəbiyevlə bir yerdə Hüseyn Yusifzadə də məzunlara uğurlar arzulayıb.

Hüseyn Yusufzadə və Rahid Kərimov 5 oktyabr 2023-cü il yeni tədris ilinin açılışında

H.Yusifzadədən sonra “Əl-Mustafa” Universitetinin Gürcüstan filialına yeni rəhbər təyin olunub.

Adı Usif (Yusif) Nicadi/Nejati olan bu şəxs də İran vətəndaşıdır. Rahid Kərimovun “Radiotavisupleba”-ya verdiyi məlumata görə, o, hazırda Gürcüstanda deyil. Yaxın müddətdə gəlişi gözlənilir.

Biz öz növbəmizdə bu şəxsin kimliyini araşdırmağa çalışsaq da təəssüf ki, axtarışlarımız nəticə vermədi.

  • Usif Nijdadi / Usif Nijadi / Usiф Ниджади adı ilə rəsmi profilə (məs., LinkedIn, ORCID, akademik səhifə)
  • həmin ad altında “Əl-Mustafa” Universiteti və ya başqa bir təşkilatla əlaqəli rəsmi CV və ya bioqrafiyaya
  • Gürcüstan, İran və ya digər media mənbələrində onun fəaliyyəti, vəzifəsi, təhsili və iş təcrübəsi haqqında təsdiqlənmiş məlumata rast gəlinmədi.

Ola bilsin ki,  belə bir məlumat qapalı şəxsi sosial media profillərində və ya qapalı mənbələrdə mövcuddur.

Ramin İgidov 2013‒2023-cü illərdə Gürcüstan Müsəlmanları idarəsinin rəhbəri vəzifəsində çalışıb, "Əl-Mustafa" Universitetinin məzunudur.

İgidov uzun müddət "Əl-Mustafa" Universitetində müəllim olub. Tbilisidə nəşr olunan "İman" adlı qəzetin və eyni adlı saytın təsisçisi və baş redaktoru olub. "İmam Əli" mədrəsəsinin direktoru işləyib və indi də həmin mədrəsəyə yaxın olan gəncləri kurasiya edir.

Təşkil etdiyi bütün tədbirlərdə ya universitetin nümayəndələri Davud Zari və rektor Hacı Hüseyn Yusifzadə iştirak ediblər.

Ramin İgidovun Türkiyədə fəaliyyət göstərən iranyönümlü "Ehla DER"-in ("Əhli-beyt Alimləri Dərnəyi") sədri Kadir Akarasla yaxın əlaqələri mövcuddur. Belə ki, İgidov Akarasın vasitəsilə ilə "Əl-Mustafa" Universitetinin Türkiyə təmsilçiliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak edir, yaxud da Kadir Akarasın sədri olduğu qurumun nümayəndələrini Gürcüstana dəvət edir, Tbilisidə tədbirlər keçirirlər.

“Əl-Mustafa” Universitetinin Türkiyə təmsilçiliyinin 2023-cü ilin avqustunda keçirdiyi “Qurana hörmət” mövzulu beynəlxalq vebinarın iştirakçıları arasında “Əl-Mustafa” Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Muhsin Kamberi, Türkiyə “Ehla DER” sədri Kadir Akaras, “Əl-Mustafa” Universitetinin “Quran elmləri” fakültəsinin dekanı Dr. M. Əli Rizayi İsfahani, “Dinlər Tarixi” üzrə mütəxəssis Dr.Lütfü Özşahin, “Əl-Mustafa” Universitetinin məzunu Abdullah Şabahat, EHDAV sədri Ali Yeral, “Əl-Mustafa” Universitetinin müəllimi Dr. Zeynep Behçetpurla yanaşı Gürcüstan Müsəlmanları İdarəsinin keçmiş sədri Ramin İgidov da olub. Məlumatı İranın məşhur “iqna-ir” yayıb.  

2022-ci ildə isə Ramin İgidovun İİR-in Qum və Tehran şəhərlərinə səfər edib və bir sıra rəsmi, eyni zamanda dini müəssisələrin rəhbərləri ilə görüşlər keçirməsi haqda da məlumatlar var. 

2023-cü ildə Şeyx Hacı Ramin İgidovun səlahiyyət müddəti başa çatanda bu vəzifəyə yeni iddialı üç namizəddən ikisinin “Əl-Mustafa” Universiteti ilə əlaqələri mövcud olub: İranda təhsil almış Qurban Murquzov və Faiq Nəbiyev. Seçkidə din xadimlərinin “icma lideri” deyil, daha çox “fərdi oyunçu” kimi qələmə verdiyi Faiq Nəbiyev qalib gəlib.

Hacı Faiq Nəbiyev 1977-ci ildə Marneuli Bələdiyyəsinin Sabirkənd kəndində anadan olub. O, Marneulinin 4 saylı orta məktəbini bitirib və ilk dini təhsilini Azərbaycanda “Gəncə Mədrəsəsi”ndə alıb. Daha sonra dini təhsilini İranın Qum şəhərində Dini Hövzə, həmçinin “Beynəlxalq Əl-Mustafa Universiteti”ndə davam etdirib. O, geri qayıtdıqdan sonra Tbilisi şəhər Cümə məscidinin nəzdində təsis olunmuş “İmam Əli” mədrəsəsində müəllim, daha sonra müdir olaraq fəaliyyət göstərib. Hacı Faiq Nəbiyev 2002-ci ildə “Alul Beyt” Dini Mədəni Maarif Mərkəzi təsis olunduqdan sonra sözügedən mərkəzdə müdir vəzifəsində çalışıb. O, bu illər ərzində "Alul Beyt" nəzdində böyük kitabxananın təsis edilməsində, dini təlimlərin təbliği məqsədi ilə gürcü və Azərbaycan dillərində nəşr olunan “Müctəba” jurnalını təsis edib. Faiq Nəbiyev gənclərin ali məktəblərə qəbul olunması üçün “dəstək verib”. Belə ki, Hacı Faiqin təşəbbüsü ilə "Alul Beyt" Mərkəzində ümumilikdə 200-dən çox gəncin dövlət universitetlərinə qəbul olunması üçün “hazırlıq kursları” təşkil edib.

Faiq Nəbiyev ötən ilin sonlarında İstanbula səfər edib və orda ”Ehla-Der”-in (“Əhli-beyt Alimləri Dərnəyi”) sədri Kadir Akarasla görüşüb. Onun “Facebook” hesabında qeyd olunub ki, “səmimi keçən görüşdə “Alul-beyt” Türkiyənin rəhbəri Onurşan Rəhmani, “Alul-beyt” Alimlər Birliyinin üzvləri Mirbaqir Ağayev, Hacı Əziz Nəbiyev, Hacı Niyazi Əmirxanov, Əli Ələskərov və Mütəllim Əliyev də iştirak ediblər. Görüş zamanı qarşılıqlı əlaqələr, maraq doğuran məsələlər müzakirə edilib”.

Bu görüşlə bağlı ancaq “Kövsər Mədəniyyət Mərkəzi”nin xəbər paylaşdığı məlum oldu.

Həmin xəbərdə isə bu görüşün ümumi bir görüş olduğu, “Alul-beyt Fondu”nun Türkiyə, Azərbaycan, Gürcüstan və İraq təmsilçilərinin “Kevsər Mədəniyyət Mərkəzi”ni ziyarət etdikləri qeyd olunub.  

Faiq Nəbiyev Şeyx seçilməzdən əvvəl başqa bir təşkilata – Alulbeiti” Mədəniyyət və Təhsil Mərkəzinə rəhbərlik edib, Əhli-beyt” Mədəniyyət və Təhsil Cəmiyyətinin səhmdarı, “Qafqaz İnam və Azadlığı Müdafiə Mərkəzi”nin təsisçisi, 2010-cu ildə qeydiyyatdan keçmiş "Alulbeiti" MMC-nin direktoru olub.

Yeni şeyx də xələfi kimi İranın “Əl-Mustafa” Universitetindən dəvətləri qəbul edərək bu ölkəyə səfər edib. 2024-cü ilin fevral ayında Gürcüstan nümayəndə heyəti Qumda “Əl-Mustafa” Universitetinin rektoru Əli Abbas və “Əhli-beyt” Beynəlxalq dini təşkilatının rəhbəri Ayətullah Seyid Cavad Şəhristani ilə yenidən görüşüb.

II Alət. İranla əlaqəli veb-saytlar Gürcüstan azərbaycanlılarını hədəf alır.

Bu barədə gürcü araşdırmaçı Sopo Gelavanın “DfrLab”-da hərtərəfli araşdırma yazısında söz açılır.  

“DFRLab” gənc azərbaycanlıların etnik Azərbaycanlıların üstünlük təşkil etdikləri Marneulidə keçirilən təlim zamanı “ahlibeyt.ge”-nin fəaliyyətinə diqqət çəkməsindən sonra, onun Qərb əleyhinə narrativlərin mənbəyi kimi rolu ilə bağlı araşdırmaya başlayıb.

 “Azərbaycan dilində nəşr olunan gürcü onlayn dini jurnalı olan Ahlibeyt.ge tez-tez ABŞ və NATO-nu tənqid edən məqalələr dərc edir. Ahlibeyt.ge saytı, "İranın dünyadakı bütün şiə icmaları üzərində liderlik iddiasını irəli sürmək" üçün ictimai diplomatiya ilə məşğul olan İran təşkilatı “Əhli-Beyt Dünya Assambleyası”nın (ABWA) bir qolu olan “Ahli-beyt Mədəniyyət və Təhsil Cəmiyyəti” tərəfindən idarə olunur.”-deyə qeyd olunur.

İştirakçılar saytın Qərb əleyhinə dezinformasiya və İranpərəst məzmun yaydığını bildiriblər. DFRLab-ın araşdırması zamanı Ahlibeyt.ge ilə bağlı oxşar narahatlıqlarını bölüşən bölgədən olan üç fəalla danışılıb. Fəalların sözlərinə görə, “Əhli-beyt Mədəniyyət və Təhsil Cəmiyyəti” Marneulidə fəaliyyət göstərən böyük bir təşkilatdır və digər iranpərəst dini təşkilatlarla birlikdə sosial-iqtisadi və təhsil layihələri vasitəsilə azərbaycanlıları hədəf alır. Onlar əlavə ediblər ki, “İslamın İran təfsiri” getdikcə cəmiyyətin gündəlik həyatında əks olunur. Məsələn, getdikcə daha çox Azərbaycanlı ailə Ruhullah Xomeyninin həyatındakı mühüm hadisələri bilir və xatırlayır.

“Ahlibeyt.ge-nin sosial media və “Facebook” səhifəsində istifadəçi aktivliyinin aşağı olmasına baxmayaraq, onun məzmununun təhlili Qərbi, Ukraynadakı müharibəni və İranı necə təsvir etdiyini anlamaq üçün vacibdir. Bu, xüsusilə də qeyri-rəsmi mənbələrin etnik azlıq icmalarında əhəmiyyətli bir məlumat mənbəyi olduğunu nəzərə alsaq, aktualdır”-deyə, araşdırmada qeyd olunur.

Ümumdünya Əhli-Beyt Assambleyası (Ahlul Bayt World Assembly, ABWA)

1990-cı ildə İranın hazırkı Ali Lideri Əli Xamenei tərəfindən təsis edilmiş bir təşkilatdır. Xamenei Ayətullah Məhəmməd Əli Təsxiri ABWA-nın ilk baş katibi təyin edib.

“Rapidan Qrup”unun ovaxtkı İcraçı direktoru və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəsmisi olan Skott Modell 2015-ci ildə ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsindəki ifadəsində bildirib ki, ABWA "zahirən İranın inqilabi ideologiyasını xaricdə təbliğ etmək və İran ruhaniləri ilə xarici şiə ruhaniləri arasında əlaqə yaratmaq üçün yaradılıb. Bununla belə, ABWA həmçinin kəşfiyyat məlumatlarını toplamaqda, xarici tələbələri müəyyən etməkdə və işə götürməkdə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və İranın İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməliyyatları üçün nəzərdə tutulmuş pul və materialların daşınmasında kömək etmək üçün təsirli bir örtük rolunu oynayıb".

Bundan əlavə, müxtəlif hesabatlarda ABWA-nın “Hizbullah”la əlaqələrindən narahatlıq ifadə olunub, çünki militant qrupla əlaqəli şəxslər ABWA-nın idarəetmə orqanlarında siyahıya alınıb. Məsələn, “Hizbullah”ın baş katibi Həsən Nəsrullah ABWA Ali Şurasının üzvü olub. Eynilə, bir vaxtlar “Hizbullah”ın "əməliyyat atası" adlandırılan Həsən Əxtari ABWA-nın dördüncü baş katibi vəzifəsində çalışıb.

ABWA-nın saytındakı məlumata görə, təşkilatın Gürcüstan da daxil olmaqla 90 ölkədə filialları var.

“Gürcüstan Əhli-Beyt Məclisi”

ABWA-nın Gürcüstandakı bölməsi “Əhlibeyt Mədəniyyət və Təhsil Cəmiyyəti” kimi tanınır və Marneulidə yerləşir. O, 2001-ci ildə İranın Qum şəhərində təhsil almış Şeyx Rasim Mamedov (saytda "Rasem Mohammadev" kimi yazılıb-red.) tərəfindən təsis edilib. Təşkilat Gürcüstanda rəsmi olaraq 2013-cü ildə qeydiyyatdan keçib. Təşkilatın veb saytının yazdığına görə, R.Məmmədov ABWA-nın Gürcüstandakı nümayəndəsi və Gürcüstan “Əhli-Beyt Assambleyası”nın (Əhli-Beyt Mədəniyyət və Təhsil Cəmiyyəti nəzərdə tutulur-red.) rəhbəridir. Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov Azərbaycanın Modern.az onlayn xəbər agentliyinə verdiyi müsahibədə “Əhli-Beyt” Assambleyasının İranın “Ümumdünya Əhli-Beyt Assambleyası”nın bir qolu olduğunu təsdiqləyib. Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin (ECMI) 2012-ci ildə dərc etdiyi işçi sənədə görə, “Əhli-beyt” təşkilatı Tbilisidəki İran Səfirliyi ilə sıx əlaqələrə malikdir və İran Hökuməti və dini dairələrlə əlaqəli şəxslərdən və təşkilatlardan qeyri-rəsmi maliyyə alır. Təşkilat özü isə İran Hökumətindən maliyyə aldığını inkar edir. 2023-cü ilin yanvar ayında ABWA-nın Baş katibi Reza Ramezani Gürcüstana səfər etmiş və Gürcüstan Pravoslav Kilsəsi və Gürcüstan Müsəlmanları İdarəsi ilə bir sıra görüşlər keçirmişdir. Gürcüstan Müsəlmanları İdarəsinin dini liderləri ilə görüş zamanı Ramezani ailəyə "xüsusi diqqət" yetirməyə çağırmış və Qərbi "ailə anlayışını dəyişdirməkdə və təhrif etməkdə" günahlandırmışdır. Ramezani “Əhli-beyt Mədəni və Təhsil Cəmiyyəti”nə səfəri zamanı oxşar mesaj vermişdir. O, “Əhli-beyt” təşkilatının himayəsi altında fəaliyyət göstərən “Xanım Zeynəb” Qadınlar Birliyində çıxış edib.

Ahlibeyt.ge

Ahlibeyt.ge veb saytı ilk dəfə 2010-cu ildə istifadəyə verilib. Domenin qeydiyyat məlumatları hazırda qapalı olsa da, “WHOIS”-in 2015-ci il tarixli qeydlərində “Ahlibeyt”-in təsisçisi Rasim Məmmədov olduğu görünür.

Həmin mənbədə iki elektron poçt ünvanı da qeyd olunub ki, bunlardan birinin ad və soyadının baş hərfləri Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidovla eynidir.

Islammedia.ge saytının “Əhli-beyt”in Gürcüstandakı fəaliyyəti ilə bağlı videoreportajında ​​İgidov həmçinin saytın administratoru kimi də göstərilib. Lakin eyni videoreportajda Ramin Əliyevin 2015-ci ildən bəri veb-saytın administratoru olduğu bildirilir.

Mənbə: WHOIS domen alətlərindən yararlanmaqla DFRlab

DFRLab, təqdim edilən email ünvanları ilə əlaqəli digər veb-saytları müəyyən etmək üçün araşdırma aparıb. Məlum olub ki, “Ahlibeyt.ge”-dən əlavə, təqdim edilən e-poçt ünvanlarına bağlı 7 veb-sayt qeydiyyatdan keçib ki, bunlardan ikisində zərərli proqramlar aşkarlanıb. Üç veb-sayt ‒ aile.ge, amag.ge və bgmi.ge — Bütün Gürcüstan Müsəlmanları İdarəsində çalışan məsul hüquqi şəxs tərəfindən qeydiyyatdan keçib.

Almustafa.gesaytı “Əl-Mustafa” Universiteti tərəfindən qeydiyyatdan keçib və İranın Qum şəhərində yerləşən “Əl-Mustafa” Universitetinin Gürcüstan filialının veb-saytıdır. “Aile.ge” saytında istifadəçiləri zərərli “push bildiriş”ləri olan “pop-up” pəncərələri göstərən Haxbyq.com saytına yönləndirən zərərli proqram mövcuddur. “Sualcavab.ge”-nin “bulud xidmətləri” üçün zərərli proqramlarla yoluxub. “BGMI.ge” bloklanıb, digər veb-saytlar isə artıq işləmir.

“Haxbyq” (yuxarıda) reklam gəliri əldə etmək üçün istifadəçiləri bildirişlərə abunə olmağa təhrik edir. “Sualcavab” (aşağıda) məlumatları oğurlaya bilən “bulud xidmətləri” üçün zərərli proqramlar aşkar edilib. (Mənbə: Aile.ge, yuxarıda; Sualcavab.ge, aşağıda)

Zərərli proqram təminatı ehtiva edən iki veb-saytın ekran görüntüləri.

 

“DFRLab” saytın xəbər bölməsini:

- Rusiyanın Ukraynadakı müharibəsi;

- ABŞ, NATO və Qərbin təsvirləri;

- Rusiya prezidenti Vladimir Putinin təsvirləri;

- İrana bağlı xəbərlərin işıqlandırılması;

- “Hizbullah”la bağlı fotolar

və s. mövzular üzrə təhlil edib.

Müəyyən olunub ki, bu yazılar İran və Rusiya üçün əlverişli, ABŞ və NATO üçün isə neqativ məzmunludur.

DFRLab müəyyən edib ki, “Ahlibeyt.ge” xüsusi seçmə (yönləndirilmiş) reportajları verir və müəyyən mövzularda auditoriyanın düşüncəsini manipulyasiya etmək üçün müxtəlif növ dezinformasiya və yalanlar yayır. Ümumiləşdirsək, saytın strategiyası uydurma məzmun deyil, həqiqət və ya qismən-həqiqət elementləri olan yanlış məzmun yaymaqdır. Yanlış məzmunu müəyyən etmək çətin ola bilər, çünki həqiqəti müəyyən etmək üçün diqqətli təhlil tələb olunur.

Misal üçün, İrandakı hadisələr barədə tez-tez reportajlar yayımlanmasına baxmayaraq, “ahlibeyt.ge” Mahsa Amininin ölümü ilə başlayan qadın hüquqları etirazları haqda heç bir informasiya verməsə də, Xameneinin İrandakı iğtişaşlara görə ABŞ-ni günahlandırdığı açıqlamasını yayıb.

“DFRlab” qeyd edir ki, “ahlibeyt.ge” Rusiyanın Ukraynadakı müharibəsini Kremlin sevimli termini olan, müharibənin miqyasını kiçiltməyə və işğalı mənəvi imperativ kimi gizlətməyə çalışdığı "xüsusi hərbi əməliyyat" kimi təqdim edir.

Saytda “Hizbullah” haqqında müsbət fikirlər səsləndirildiyi qeyd olunur. “Hizbullah” haqqında bəzi məlumatlarda militant qrupun terror təşkilatı olmadığı və onunla əməkdaşlığın tərəfdarı olduğu iddia edilib. Halbuki, “Hizbullah” 1997-ci ildən bəri ABŞ Dövlət Departamentinin Xarici Terror Təşkilatları siyahısındadır. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, “Hizbullah”ın maliyyələşdirilməsinin, siyasi, diplomatik və təşkilati dəstəyinin böyük hissəsi İrandan gəlir. Dövlət Departamentinin İrandakı terrorizmlə bağlı 2020-ci il hesabatında İranın təşkilata dəstəyinin 700 milyon dollar olduğu təxmin edilir.

DFRLab-ın təhlili göstərir ki, “ahlibeyt.ge” saytı Gürcüstanın azərbaycanlı icmasını hədəf alır, Qərb, Amerika və NATO əleyhinə narrativlər yayır. Bu müşahidə İranın daha geniş rəqəmsal təsir strategiyası ilə uyğun gəlir. DFRLab-ın 2020-ci il tarixli "İranın Rəqəmsal Təsir Səyləri: 21-ci Əsr üçün Partizan Yayımı" hesabatında qeyd edildiyi kimi, Kremlin açıq uydurmalar yaymaq taktikasından fərqli olaraq, inandırmağa yönəlmiş qərəzli reportajlara diqqət yetirir.

Gürcüstan domeni ilə fəaliyyət göstərən, İranın ideoloji təbliğatını aparan saytlara diqqət yetirək.

“24news.ge” portalı Gürcüstanda İranın təsir dairəsində olan qüvvələrin media ruporu kimi çıxış edir. Həmtəsisçisi "Lider media" təşkilatının sədri Azər Məmmədovdur.

2018-ci ildə “24news.ge” saytında Marneulidə “Ərbain” mərasiminin keçirilməsi ilə bağlı xüsusi video hazırlanıb. 

Xəbər portalı 2018-ci ilin noyabrında İrana yaxınlığı ilə bilinən din xadimi Mirtağı Əsədovun Azərbaycanda saxlanılması ilə bağlı məlumat yaymış, onun sünni və şiə məzhəbindən olan təşkilatların ayrı-ayrılıqda fəaliyyət göstərməsi fikrini dolayısı ilə müdafiə etdiyini göstərmişdir

2019-cu ildə isə Mirtağı Əsədov bu portalın “YouTube” kanalında "Azad ifadə" verilişində qonaq olmuş, həmin verilişdə dini qanunlar və digər müzakirə olunan məsələlərdən danışmışdı.

İranla Gürcüstandakı inanclı insanların heç bir əlaqəsinin olmadığını iddia etməyə çalışan sayt söylədiyi sözlərin əksini sübut etməkdə israrlıdır. Belə ki, bu saytda tez-tez İranda səfərdə olan din xadimlərinin ziyarət etdikləri yerlərlə bağlı yazılar və şəkillər dərc edilir, Tiflisdə və Borçalıda keçirilən seminar və toplantılarda iştirak edən "Əl-Mustafa" Beynəlxalq Universitetinin Gürcüstan nümayəndəliyinin sədri Həsən Yusifzadənin adı xüsusi çəkilir.

"Xeber.ge" saytının təsisçisi, ANS-in keçmiş əməkdaşı, Amil Hacıyevdir.

"Xeber.ge" saytın bölmələri arasında "İslam dünyası" bölməsi var. Bu bölmədəki xəbərlər İranın məşhur təbliğat ruporları “iqna.ir”, “shafaqna.com”-un xəbərləridir ki, xeber.ge bu xəbərləri sadəcə mənbə göstərməklə yayımlayır.

Saytın yuxarı hissəsində isə “sual-cavab.ge”, “iman.ge”, “inamaz.ge”, “dinimp3.ge”, “saivar.ge” kimi saytların linkləri verilib ki, bu saytlar da bu və ya digər şəkildə İrana bağlı şəxslərin idarə etdikləri saytlardır.

“xeber.ge” saytının “ana səhifə”sində keçid linkini gördüyümüz namaz.ge-nin idarəçisi Yusuf Əliyevin kimliyini araşdırdığımız zaman məlum oldu ki, bu şəxs Gürcüstanın Qardabani rayonunda yerləşən Qardabani Marağa məscidinin axundu, eyni zamanda, Qardabani “Hz.Məhəmməd Fondu”nun rəhbəridir. "Əl-Mustafa" Beynəlxalq universitetinin və "İmam Xomeyni" Beynəlxalq universitetinin məzunu olan bu şəxs özünün “Facebook” hesabında dəfələrlə xeber.ge ilə bağlı paylaşımlar edib.

Eynilə Amil Hacıyev də “xeber.ge” saytının paylaşımlarını özünün “Facebook” səhifəsində, digər qruplarda da yayıb.

Bundan başqa, Bütün Gürcüstan Müsəlmanları idarəsinin Marneuli nümayəndəliyində “Xanım Zeynəbin mövludu ilə bağlı” tədbir keçirilməsi ilə bağlı xəbər də portalda yayımlanıb.

2025-ci ilin yanvar ayında "Əl Hikmə" elm və təhsil mərkəzində keçirilən dini tədbir də saytda dərc edilib.

Universitetin məzunlarının İran ekspansiyasında yerləri və rolları haqda məlumatlara nəzər salaq.

Kovsər TV”  

Təsisçilər:

Məhəmməd Həsənov,

 Altun Sultanov,

 

Oruc Məmmədov

İnternet televiziyasının nəzdində “Kovsər Yardım Fondu” adlı qurum da fəaliyyət göstərir.

2023–cü ilin dekabrından etibarən bu qurumun sosial media hesablarına Əfqan Abbasov nəzarət edir.

Qeyd edək ki, bu qurumda fəaliyyət göstərən Oruc Məmmədov istisna olmaqla hər biri “Əl-Mustafa” məzunlarıdır.

Bundan başqa, “Gürcüstanlı Qum Tələbələri Birliyi” adlı “Facebook” səhifəsi də fəaliyyət göstərir. 

Bu səhifənin statuslarını Ramal Musa Mühaciri (qeyd edək ki, bu şəxs “Gürcüstan Müsəlmanları. Muslims in Georgia” adlı “Facebook qrupu”nun idarəçisidir), sosial media hesabından İranın Qum şəhərində yaşadığını öyrəndiyimiz Muhəmməd Hüseynov (bu şəxsin “YouTube” kanalı var və orada Muhəmməd Hüseynov özünü ilahiyyatçı kimi təqdim edir və dini videolar hazırlayıb paylaşır), Eltun İbragimov kimi şəxsləri görürük.

“Gürcüstanlı Qum Tələbələri Birliyi” 2022-ci ildə “Xəzər TV” İranın Gürcüstanda apardığı gizli ekspansiya siyasəti ilə bağlı hazırladığı sujetlə əlaqədar “müraciət” qəbul edib. Azərbaycanın tez-tez Gürcüstandakı dini mövzulara müdaxilə və Gürcüstandakı dindar şəxslərə qarşı mütəmadi olaraq hücumlar təşkil etdiyi deyilən “müraciət” bu cümlə ilə yekunlaşır: “Biz xarici ölkələrin qayğısına ehtiyac duymur və bunu birmənalı şəkildə rədd edirik”.

  • “İmam Xomeyni” Fondu iqtisadi fəaliyyəti stimullaşdırmaqda məsuldur. Gürcüstanda “İmam Xomeyni” Fondu ilə əlaqəli təşkilatlar açıq şəkildə siyahıya alınmır, yalnız 2024-cü ildə təsis edilmiş “İmam Əli” Fondu qeydiyyatdan keçib.

  • "Əhli-Beyt" adlı təşkilat 2001-ci ildə Gürcüstanda Marneulidə Qumda təhsil almış Rasim Məmmədov tərəfindən qeydiyyata alınıb. O, təhsil fəaliyyətləri ilə yanaşı və İranın dəstəyi ilə İrana ziyarətlər təşkil edir. "Əhli-Beyt" adlı digər bir təşkilat isə 2009-cu ildə İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Əli əs-Sistaninin birbaşa və səxavətli ianələri ilə Tbilisinin Ortaçala şəhərində tikilmiş bir evdə fəaliyyət göstərir. Hər iki təşkilat həmçinin mədrəsələr də idarə edir.

 

Arayış. Rasim Məhəmməd oğlu Məmmədov 12 sentyabr 1975-ci ildə Marneuli rayonunun Alget (Məscidli Gorarxı) kəndində doğulub. Orta təhsilini həmin kənd məktəbində aldıqdan sonra ibtidai dini təhsilini Azərbaycanın Gəncə və Cəlilabad şəhərlərində, Ali dini təhsilini isə İran İslam Respublikasının Qum şəhərində “əl-Məhdi” və “Əl-Mustafa” Universitetində alıb. “Gürcüstanda İslam tarixi 1-ci cild”, “Gürcüstanda İslam tarixi 2-ci cild”, “İslamda ailə hüququ və övlad tərbiyəsi” və bir sıra kitabların müəllifidir. 1999‒2000-ci illərdə Tbilisi Cümə məscidinin nəzdində fəaliyyət göstərən “İmam Əli” və Marneulidəki “İmam Rza” mədrəsələrində çalışıb. 2001-ci ildə “Haqq yolu” qiyabi elmi müəssisəsinin müdavimi  olub. Ölkədə Gürcüstan dini mədəni-maarif cəmiyyəti olan “Əhli-beyt”-in rəhbəridir. Hal-hazırda Marneuli şəhərinin İmam-cümələrindən biridir. (mənbə)

2022-ci ildə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov, Gürcüstan “Əhlibeyt” Cəmiyyətinin sədri Rasim Məmmədov və “Əhli-beyt hikməti” təşkilatının sədri Namiq Hüseynov İranın paytaxtı Tehranda keçirilən 7-ci Ümumdünya Əhli-Beyt Assambleyasında iştirak ediblər.

Bu şəxs İrana olan simpatiyasını heç vaxt gizlətmir. Belə ki, Rasim Məmmədov 2025-ci ilin oktyabrında Cümə xütbəsində “Bizim şiələrin İran İslam ölkəsinə xüsusi simpatiyamız var”, -deyə fikir bildirmişdi. O, qeyd etmişdi ki, bizim şiələrin “Əhli-beyt” liderləri məhz İranda otururlar.

R.Məmmədov həmçinin Gürcüstan Baş naziri İrakli Kobaxidzeni “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlərə görə tənqid edən yerli medianı “hökumət əleyhdarı” adlandırıb və camaata Baş nazirin İran səfərini xatırladıb və bildirib ki, “İran prezidenti həlak olanda bu şəxs İranın dərdinə şərik olmaq üçün ora getmişdi”.

Bu videoda Rasim Məmmədovun önündə yalnız Türkiyənin iranyönümlü “ON4 TV”-nin loqosu olan mikrofonun olması diqqəti cəlb edir.

2017-ci ildə Tehranın İmam-cümələrindən olan ayətullah Kazim Siddiqi, BGMİ-nın şeyxi Ramin İgidov, İİR səlahiyyətli səfiri, İİR Mədəniyyət mərkəzinin nümayəndəsi Baqir Saivər və digər rəsmilər Gürcüstan “Əhli-beyt” Cəmiyyətinin qonağı olub. Cəmiyyətin sədri Rasim Məmmədov qonağa görülən işlər barədə məlumat verdikdən sonra ayətullah Siddiqi cəmiyyətin fəaliyyəti ilə yaxından tanış olub və cəmiyyətdə təhsil alan tələbələrə də öz tövsiyələrini verib

Bu şəxsi araşdırarkən, 2020-ci ilin sonlarında Marneulidə keçirilən “Şəhadət, İzzət və Azadlıq” mövzulu seminar diqqətimizi cəlb etdi. Marneuli “Əhli-Beyt” Cəmiyyətinin “Hüseyniyyə”sində baş tutan seminarın qonaqları maraqlı personalardan təşkil olunub. Belə ki, seminarda ənənəvi qonaqlar Bütün Gürcüstan Müsəlmanları idarəsinin şeyxi Ramin İgidov, Beynəlxalq “Əl-Mustafa” universitetinin Gürcüstan üzrə yeni təyin edilən nümayəndəsi Həsən Yusifzadə və həmçinin həmin universitetin Gürcüstan üzrə keçmiş nümayəndəsi Davud Zaridən başqa Azərbaycandan “DEVAM”ın sədri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu, İİR-dən Xameneinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amuli, Seyid Əli Əkbər Ocaqnejad və İranın Türkiyədəki əsas ruporlarından olan “Qüds” telekanalının rəhbəri Nurəddin Şirin iştirak ediblər. Mərasimdə general Polad Həşimovun və Qasim Süleymaninin millət və ümmət şəhidləri olduqları xüsusi ilə vurğulanıb.

2019-cu ildə o, “Ümumdünya Qüds günü” ilə əlaqədar keçirilən toplantıdan sonra verdiyi açıqlamada bildirmişdi ki, “Biz zalımları və işğalçıları qətiyyətlə pisləyirik və hər birimiz imkanımız daxilində Qüdsə dəstək verəcəyik. Çünki, Qüds gününün təsisçisi böyük İslam alimi Ayətullah Musəvi Xomeynidir”.

Araşdırmamız zamanı rastımıza 2014-cü ildə yayılan belə bir məlumat çıxdı: “Gürcüstan Əhlibeyt (ə) cəmiyyəti öz ənənəsinə sadiq qalaraq, yenə müqəddəs Məşhəd və Qum şəhərlərinə ziyarət təşkil etdi”. Bu xəbərdən anlaşılır ki, artıq bu tip ziyarətlər artıq 2014-cü ildə ənənə halını alıbmış. Gürcüstan “Əhlibeyt” cəmiyyətinin sədri Rasim Məmmədov ziyarətə gedənlərlə görüşərək, onlara ziyarətin mahiyyətindən, dünya və axirət faydalarından danışdığı da məlum olub.   

Bir məqamı da qeyd edək ki, 2022-ci ildə Rasim Məmmədovun atasının vəfatı ilə əlaqədar Ümumdünya “Əhli-Beyt Assambleyası”nın baş katibi Ayətullah Ramazani ona xüsusi başsağlığı mesajı göndərib. 

2021-ci ildə Marneuli şəhərində “Əhli-beyt” Cəmiyyətində "Mövlud və Vəhdət" adlı elmi dini seminar keçirilib ki, bu seminarda Gürcüstan Müsəlmanları idarəsinin şeyxi Ramin İgidov, Qərbi Gürcüstan müftisinin nümayəndəsi İyaqo Beridze, Türkiyə Səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, “Əl-Mustafa” Universitetinin nümayəndəsi Həsən Yusifzadə ilə yanaşı, “Əhli-beyt” Cəmiyyətinin rəhbəri Rasim Məmmədov da çıxış ediblər.

2023-cü ilin yayında əvvəllər Azərbaycan və Türkiyə dövlət başçılarını təhqir edən rövzəxan Mehdi Rəsuli Marneuliyə gələrək Rasim Məmmədovun “Əhli-beyt” məscidində bir günlük “konsert” verib.   

2024-cü ildə “İmam Hüseyn” Təşəbbüs Qrupunun (Marneulidən olan bir qrup inanclı gəncin yaratdığı təşkilatdır) dəstəyi və Gürcüstan İslam Araşdırmalar Mərkəzinin (GİAM) təşkilatçılığı ilə Marneuli rayonunda baş tutan tədbirdə həmişəki kimi qonaqlardan biri “Əl-Mustafa” univeristetinin Gürcüstan nümayəndəsi Həsən Yusifzadə olub və bu şəxs Rasim Məmmədovdan sonra kürsüyə çıxıb.

Araşdırmalar zamanı müəyyənləşdirdik ki, Gürcüstanda “Quran” kurslarında təhsil alan yeniyetmə oğlan və qızlara sertifikatlar, müəllim və müəllimlərə isə hədiyyələr təqdim olunduğu məclislər çox vaxt məhz Marneulidəki “Əhli-beyt” Cəmiyyətində təşkil olunur. Məsələn, ötən il “Quran”ın üzündən düzgün və sərbəst oxunuşu üzrə təşkil olunan yarışda ölkənin müxtəlif yerlərindən ümumumilikdə 500-dən çox şagird iştirak edib

Fariz Rəcəbov- “Gürcüstan İslam Araşdırmalar Mərkəzi”nin sədridir. 

Mərkəz 17 mart 2022-ci ildə təsis olunub. Qurumun fəaliyyətinin 4 istiqamətli olacağı haqda sədr Fariz Rəcəbov özü açıqlama verib: "Gürcüstan İslam Araşdırmalar Mərkəzi, elmi mərkəz olaraq dörd sahədə fəaliyyət göstərəcək. Birinci istiqamət məzhəblər və dinlər arası elmi, dini seminarların və dialoqun təşkili, ikinci islam sahəsində bir medianın fəaliyyəti, üçüncü elmi səviyyədə jurnalların çap olunması və dördüncüsü isə elmi bir portalın fəaliyyəti olacaq”.

Ancaq məlum olur ki, qurumun rəhbərinin İranla bağlı Gürcüstanda fasiləsiz iş apardığı üçün qeyd etdiyi işləri tam həyata keçirməyə vaxt tapmayıb. Məsələn, sədri olduğu Gürcüstan İslam Araşdırmalar Mərkəzinin portalı isə yalnız ana səhifədən ibarətdir (https://giam.ge/). Bundan başqa, o, istənilən adi və ya fövqəladə hadisə baş verən kimi dərhal İran İslam Respublikasının Tiflisdəki Səfirliyinə gedib, “İslam inqilabı”nın ildönümləri ilə bağlı keçirilən tədbirlərdə aktivliyi ilə seçilib, Qasim Süleymaninin anma tədbirlərində iştirak edib, fotosu önündə şəkil çəkdirib.

Araşdırmalarımız zamanı bu şəxsin Gürcüstanın azərbaycandilli media resurslarından aktual.ge xəbər portalının təsisçisi İlkin Hüseynovla yaxın əlaqələrinin olduğunu müəyyənləşdirdik. Hələ onlar 2018-ci ildə İranın Qum şəhərinə birgə səfər etdikləri sosial media paylaşımlarından görünür.

44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduğunu dilə gətirsə də, bu haqda danışsa da onun paylaşdığı statusdan sitat gətirəcəyik ki, bu onun gizlətməyə çalışdığı gerçək kimliyini ortaya qoyur. “Ayətullah Xameneinin Qarabağ çıxışının şərhi…“Bəzi etibarlı mənbələrdə bir qrup terrorçunun müharibəyə cəlb olunduğu bildirilir. (Belə bir şey varsa) onlar sərhədlərimiz yaxınlığında bizə təhlükə yaratmamalıdırlar”. Yəni: Kimin kimdən kömək alması, kimi irəlidən, kimi geridən göndərməsi bizi maraqlandırmır. Ancaq belə bir məsələ varsa, onları bizdən uzaq tutun”. 

Bu şəxsin açıqlamasında İranın dəsti-xətti, terrorçu “Hüseyniyyun” izləri dərhal görünür. Bundan başqa, xüsusi qeyd etməliyik ki, hər il Bütün Gürcüstan Müsəlmanları idarəsi və “İmam Əli” Xeyriyyə Fondunun təşkilatçılığı ilə Marneuli şəhərində baş tutan "Qüds Günü" aksiyasının açılış nitqlərini məhz Fariz Rəcəbov edir. 

"Əl-Mustafa" universitetinin digər bir məzunu isə Gürcüstan “Əhli-beyt Hikməti Cəmiyyəti-nin sədri Namiq Hüseynovdur.

Gürcüstandakı İranyönümlü qüvvələrdən bu şəxsi fərqləndirən əsas məqam onun tez-tez mediada aktual mövzularla bağlı açıqlamalar verməsidir. Eyni zamanda, "İqna.ir", "Qafqaztimes.com", "islamtimes.con" kimi İran media qurumlarına açıqlamalar verən Namiq Hüseynovun sosial media hesablarına nəzər saldıqda görürük ki, o, digər iranyönümlü ruhanilərdən fərqli olaraq regional və qlobal siyasi hadisələri paylaşır və nədənsə rus dilində şərhlər verir. Türkiyəyə və Prezident R.T.Ərdoğana açıqca nifrət edən və bunu rus dilində etdiyi paylaşımlarda gizlətməyən Namiq Hüseynovun Fələstin məsələsi ilə bağlı "Yeni Şafak", "Anadolu Agentliyi", "TRT" kimi media qurumlarının rus dilində yayımlanan xəbərlərindən istifadə edir. Namiq Hüseynov hətta Ömer Faruk Gergerlioğlunun da Azərbaycan və Türkiyə əleyhinə etdiyi çıxışları da tez-tez özünün sosial media hesablarında paylaşır.

“Əl-Mustafa” Beynəlxalq universitetinin nəzdində Bütün Gürcüstan Müsəlmanları idarəsinin Qadınlar Şurası fəaliyyət göstərir ki, həmin qurumun sədri Lamiyə Hacıyeva, həmçinin idarənin əməkdaşları Nuranə Xəlilova, Humay Məmmədova, Esmira Hüseynəliyeva və Ruhanə Əfəndiyeva kimi xanımlar fəaliyyət göstərir.

Həmçinin, “Əl-Mustafa” Beynəlxalq universitetində Fatimə Süleymanova, Naidə Hacıyeva, Əsmayə Əbilova, Günay Quliyeva, Şahnaz Hüseynova, Rəhimə Qurbanova və digər kimi xanımlar müəllimə kimi çalışırlar və tez-tez istər Marneulidə, istərsə də Tiflisdə cəmiyyət içində seminarlar təşkil edirlər.

“Əl-Mustafa” universitetinin məzunlarından aşkarladıqlarımız:

“Gürcüstan Müsəlmanları İdarəsi”nin eks sədri Ramin İgidov və Poniçala (Soğanlıq) “Əhli-beyt” məscidinin axundu Rahid Kərimov haqda məlumat vermişik. Digərləri:

Yusif Əliyev “Əl-Mustafa” Universitetində müəllim işləyir. “İmam Xomeyni Beynəlxalq Universiteti”ndə də təhsil alıb. Qardabanidə yaşayır.

 Vüqar Fətiyev haqqında məlumat azdır, “Əl-Mustafa” Universitetinin məzunu olduğu, Marneulidə yaşadığı yazılıb.

Mahir Məmmədov Marneulidə anadan olub.

Dilman Şahmərdanlı yazıçıdır, Bakıda yaşadığı qeyd olunub. “Parlaq imzalar” nəşriyyatında redaktordur. Bu nəşriyyatın direktoru Nurman Tariqin qardaşıdır.

Kənan Qafarov Kvemo-Kartlidə yaşayır.

 Anar Cəfəri “Əhli-beyt Cəmiyyəti”ndə işlədiyi “Facebook” profilində qeyd olunub. “Əhli-beyt" məddahı”dır. Müğənnidir. “Əl-Mustafa” universitetini bitirib.

Mirtagi Asadov Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri olub. 

İranın dini mərkəzlərinin bu planında əsas rolu Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (GMADİ) və onun rəhbəri Mirtağı Əsədov oynayıb. Bu qurum 2011-ci ildə Gürcüstanda dini birliklər haqqında qanunun qəbulundan sonra qeydiyyata alınsa da, sonrakı proseslər əslində Mirtağı Əsədovun əvvəldən İrana bağlı olduğunu və hərəkətə keçmək üçün şəraitin yetişməsini gözlədiyini deməyə əsas verir. GMADİ və qurumun sabiq rəhbəri Mirtağı Əsədovun əsas işi “şiəlik kartı”nı ortaya ataraq, Gürcüstan müsəlmanlarının bir çətir altında birləşməsini pozmaq olub. Bu İranın ssenarisidir və məqsəd azərbaycanlıları “Əhli-beyt eşqi” ilə ələ almaq və şiəlik adı altında “Xomeyniçilik” mərkəzlərinə bağlamaqdır.

M.Əsədovun rəhbərlik etdiyi qurum Gürcüstanda Konstitusiya Məhkəməsinə müraciət edərək, şiə və sünni müsəlmanlarının ayrı idarə və icma olaraq tanınmasını tələb edib. O, sonradan hər iki məzhəbin birləşdiyi Təmsilçilik Şurasında təmsil olunmağı qəbul etsə də, eyni tələbini gündəmdə saxlayıb.

Marneuli şəhərindəki “İmam Əli” adına məscid Mirtağı Əsədovun və onun vasitəsilə İranın nəzarətində olub. Bundan başqa İranın Borçalı bölgəsində “Gürcüstan Əhli-beyt Cəmiyyəti”, “Əhli-beyt Aşiqləri Forumu”, “Hüseyniyyə” Cəmiyyəti, “İmam Əli Xeyriyyə Fondu”, “Zeynəb Qadınlar Birliyi”, “Şəms” qrupu, “Əl-Mustafa Beynəlxalq Universiteti” adı altına yaratdığı dini təmayüllü təşkilatlar da Mirtağı Əsədovun nəzarətində olub və məlum siyasi-dini təbliğat məsciddən əlavə bu təşkilatlar vasitəsilə aparılıb.

Mirtağı Əsədovun 2011-ci ildə Azərbaycan vətəndaşlığından imtina etməsi, Gürcüstan vətəndaşlığını qəbul etməsi də İranın “dini kanton” planının tərkib hissəsi idi. Əsədov bununla yaratdığı Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini qeydiyyatdan keçirməyə və sonrakı dövrdə bölgədəki müsəlmanlar arasında təfriqə salacaq məhkəmə iddialarını qaldırmağa nail oldu.

Mirtağı Əsədovu Gürcüstanda ən çox müdafiə edənlərdən biri də Yevangilis-Baptis Kilsəsinin baş keşişi Malkhaz Sonqulaşvili olub. Baptist keşiş hər il İraqın Kərbəla şəhərində İranın rəhbərliyi altında keçirilən Ərbəin mərasiminə qatıldığı bildirilirdi. Bu əlaqə və baptist keşişin Mirtağı Əsədovu müdafiə etməsi bir qədər şübhəli görünür. Lakin burada İranın Ərbəin üzərindən apardığı siyasətin konturları da aydın sezilir. Əslində Gürcüstan azərbaycanlılarının təsir dairəsinə salınması prosesinin bir hissəsi də məhz Ərbəin yürüşü zamanı həyata keçirilir.

İrandan Mirtağı Əsədova təlimat verən əsas şəxs "Əl-Mustafa" Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Davud Zare olub. D.Zari mütəmadi olaraq Borçalı bölgəsinə gedib və burada dini mərasimlərdə iştirak edib.

Məlumatlara görə, Boraçlıda iki məscid – “İmam Əli” və “İmam Hüseyn” məscidlər İranın nəzarətindədir. Mirtağı Əsədovun “şeyxliyi” altında 500-dən artıq azərbaycan əsilli şəxs İranın maraqları istiqamətində aktiv şəkildə fəaliyyət göstərib. Təbliğatda onlarla internet resursundan da aktiv şəkildə istifadə ediblər: “zeynebiye.com”, “imanmedia.ge”, “ahlibeyt.ge”, “sualcavab.ge”, “www.iman.ge”, “almustafa.ge” və s;

Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutu (IWPR) hələ 2005-ci ildə İranın Gürcüstan azərbaycanlıları üzərində dini təbliğata start verdiyini yazırdı.

İranın dini vaizlərinin Gürcüstanda Azərbaycan icmasına fokuslandığı qeyd olunan məqalədə bildirilirdi ki, İrandan gələn missionerlər rəsmi olaraq fars dili və İslamı tədris etməyə gəlir, lakin reallıqda onların əsas ünvanı Kvemo-Kartli (Borçalı) bölgəsi və paytaxtdır.

İnstitutun araşdırmasına görə, İran vaizləri xeyriyyə fəaliyyəti altında öz siyasi niyyətlərini gizlədirlər: “Onların əsas məqsədi yerli müsəlmanlar arasında İran siyasətini yaymaq və şiələri digər məzhəblərə qarşı qoymaqdır. Dini siyasətin nəticəsidir ki, son bir neçə ildə Marneuli küçələrində İran üslubunda hicablı qadınlar tez-tez görünür. Bəzi müşahidəçilərin fikrində, İranın təsiri ilə Gürcüstanda Azərbaycan icması arasında dini dözümlülük yoxa çıxır”.

III Alət. İranın Gürcüstanda fəaliyyət göstərən şirkətləri

Ümumilikdə, Gürcüstanda təxminən 13.000 İran müəssisəsi qeydiyyatdan keçib. Bəziləri bir neçə sektorda fəaliyyət göstərir, digərlərinin isə Gürcüstanda mövcudluğu barədə heç bir məlumat yoxdur. Bu məlumat “Azadlıq radiosu”nun gürcü xidmətinin “İran şirkətləri uydurma ünvanlarda, dövlət satınalmalarında və liman şəhərlərində” başlıqlı məqaləsində verilib. Məqalədə qeyd olunur ki, Tbilisidə Uznadze küçəsi 111 ünvanında 700-ə yaxın İran şirkəti qeydiyyatdan keçib, lakin onların fiziki mövcudluğuna dair heç bir məlumat, iz tapılmayıb.

Uznadze 111 ünvanındakı binanın girişi və 700-ə yaxın İran şirkəti qeydiyyatdan keçdiyi bina.

Təxminən 100 nəfərin yaşadığı Saçxer rayonu, Dunta kəndi Birinci küçə, 24 ünvanında 800-dən çox İran şirkəti fəaliyyət göstərir. İranlı iş adamları ilk dəfə bu ünvanda 2022-ci ildə peyda olublar və 2025-ci ildə təkrar qeydiyyatdan keçiblər. Onların qeydiyyat qeydləri şübhəli biznes fəaliyyəti ilə bağlı suallar doğurur. Məqalədə sual olunur ki, Gürcüstan, İran iş adamları üçün sanksiyalardan yayınmaq üçün bir yol ola bilərmi. Gürcüstanda ticarət, tikinti, nəqliyyat və sənaye sahələrində fəaliyyət göstərən minlərlə İran şirkəti fəaliyyət göstərir.

Yol kənarındakı bu kiçik kəndin ortasında yerləşən və arxadakı meşə ilə həmsərhəd olan Dunta kəndindəki Pervaya küçəsi 24 ünvanında yerləşən evin üç sahibi var: Asmat və Teimuraz Todadzes və Marqalita Todadze.

Marqalita Todadzenin təkcə İranla deyil, həm də Suriya və Ərəb iş adamları ilə maraqlı əlaqələri var.

O, 2016-cı ildə iki BƏƏ vətəndaşı tərəfindən “AvganGeorgia MMC” adı altında Gürcüstanda qeydiyyatdan keçmiş “Commercial Group MMC” şirkətinin direktorudur.

Bundan əlavə, 2017-ci ildə qeydiyyatdan keçmiş bu şirkətin səhmlərinin 100%-nə sahib olan “Sunrise” şirkətinin rəhbəri Suriya Ərəb Respublikasının vətəndaşı Ayman Rahhaldır.

800-dən çox iranlı iş adamı, ümumilikdə təxminən üç yüz nəfərin yaşadığı Adigeni bələdiyyəsinin Untsa kəndində də toplaşıb.

Burada İranlı iş adamları Simon Akopaşviliyə məxsus torpaq sahələrini (onun Untsada iki torpaq sahəsi var-red.) qeydiyyat ünvanı kimi göstərirlər. Simon Akopaşvili öz adından əməliyyatlar bağlamaq hüququnu başqa bir şəxsə həvalə edib. Etibarnaməyə malik olan bu şəxs xarici investorlarla müqavilələr imzalayır. İranlı iş adamlarından əlavə, 2023-cü ildən bəri Akopaşvilinin torpaq sahələri Gürcüstanın əlverişli vergi şərtləri ilə cəlb edilən və burada sahibkar kimi qeydiyyatdan keçən rusiyalı miqrantlar tərəfindən qeydiyyat ünvanı kimi istifadə olunur. Bu Rusiya vətəndaşlarından 100-dən çoxu Untsa şəhərini qeydiyyat ünvanı kimi göstərir.

İranlı iş adamlarının qeydiyyat ünvanı kimi istifadə etdiyi Akopaşvilinin torpaq sahələrindən biri 4000 kvadratmetrdən çox kənd təsərrüfatı torpağından ibarətdir. Hazırda, 2025-ci il etibarilə bu əmlak Marin Akopaşviliyə məxsusdur.

2013-cü ildə Amerikanın "The Wall Street Journal" qəzeti Gürcüstanda İran kapitalı ilə yaradılan təxminən 150 şirkətin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən təsis edildiyini bildirmişdi. Bu, yalnız Ali Dini Rəhbərə hesabat verən və öz növbəsində prezidentə və Məclisə təsir göstərən dövlət qurumudur.

Araşdırmada bildirlir ki, beynəlxalq sanksiyaları aşmaqla Gürcüstanda qurulan şirkətlər Tehranın təkcə Rusiya və Çin bazarlarına deyil, həm də Qərb bazarlarına çıxışını asanlaşdırıblar.

28 sentyabr 2025-ci ildə BMT İrana qarşı qlobal sanksiyaları yenidən tətbiq edib və bu sanksiyalar İranın nüvə və raket proqramlarına əlavə olaraq Tehranın neft sənayesini, nəqliyyat və gəmiçiliyini, maliyyə və bank sektorlarını da iflic vəziyyətinə saldı.

Bu dövrdə Gürcüstandakı İran şirkətlərinin sayı artdı, eyni zamanda, İran vətəndaşları üçün yaşayış icazəsi almaq getdikcə çətinləşdi və bank məhdudiyyətləri tətbiq edildi. İranlıların Gürcüstanda uzunmüddətli yaşayış icazəsi almağın bir neçə yolu var: daşınmaz əmlaka sahib olmaq, Gürcüstanda təhsil almaq, Gürcüstan vətəndaşı ilə evlənmək və ya uzunmüddətli əmək müqaviləsi bağlamaq.

İran internetində tranzit mərkəzi kimi potensiala malik Gürcüstanı biznesə başlamaq üçün əlverişli ölkə hesab edən bir sıra bloqlar var. Bu saytlar həmçinin Gürcüstanda ixrac lisenziyası almağın nisbətən asan olduğunu bildirir.

Göründüyü kimi, İran dini və ideoloji təsisatların fəaliyyətini maliyyələşdirmək üçün qeyd etdiyimiz sxemlərdən istifadə edir.

Oxşar məqalələr: