Axtarış

Select theme:

Azərbaycan hökumətinin daxili tələbatı səmt qazı ilə təmin etməsi barədə iddialar saxtadır

“BP”-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, təmsil etdiyi şirkət ölkəmizdə fəaliyyətə başladığı dövrdən indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə təxminən 60 mlrd. kubmetrə yaxın səmt qazını Azərbaycan dövlətinə təmənnasız şəkildə təhvil verib.
“Azadlıq qəzeti” “facebook” səhifəsi bu açıqlama üzərində manipulyasiya edərək belə bir iddia ilə çıxış edib ki, “ingilisin Azərbaycana havayı verdiyi qazı bu hökumət xalqa baha qiymətə satıb”.
Səhifə onu da iddia edir ki, regionda qaz hasilatı olan olkələr içərisində ən bahalı qaz Azərbaycandadır.

Faktyoxla Azərbaycan Hökumətinin vətəndaşların qaz təminatını səmt qazı hesabına həll etməsi və həmin yanacağın havayı başa gəlməsi iddialarına aydınlıq gətirib.

Səmt qazı nədir?- Səmt qazı quyulardan neftlə birgə hasil olunan qazdır. Xam neftdən ayrıldıqdan sonra səmt qazı adətən etan, metan, propan, butan və pentanlar kimi digər karbohidrogenlərlə qarışıq halda olur. Bundan əlavə, qaz su buxarı, hidrogen sulfid (H₂S) və karbon qazı (CO₂), azot (N₂) və digər birləşmələrdən ibarətdir. Bu cür çirkli və ekoloji baxımdan zərərli maddələri təmizləmədən səmt qazını emal etmədən, yəni təmizləmədən nəql etmək mümkün deyil.

Əvvəllər səmt qazı platformalarda məşəldə yandırıldığı və məşəldə yandırılmanın isə ətraf mühitə böyük zərərlər vurduğu məlumdur. Lakin son illər dünyanın səmt qazı ilə bağlı siyasəti dəyişib. Dünya ölkələri onu istehsalatda və məişətdə istifadə etməklə həm ekoloji, həm də iqdisadi baxımdan faydalanırlar. Ona görə də, bir çox şirkətlər texniki cəhətdən səmt qazının emalına üstünlük verirlər. Bu qazın emalı üçün bir neçə variant mövcuddur. Belə ki, səmt qazını emal prosesindən keçirdikdən sonra təbii qaz,  LPG və LNG formasında neft-kimya sənayesində, istehsalatda işlədilir, yaxud tankerlər vasitəsilə ixrac edilir. istinad

Göründüyü kimi səmt qazının məşəldə yandırılması ətraf mühitə böyük həcmdə sənaye tullantılarının atılmasına və karbon emissiyasının çoxalmasına səbəb olduğundan neft sənayesində çalışan şirkətlərə bu amilə xüsusi diqqət yetirmələri tövsiyə olunur.
“BP”-nin Azərbaycanla bağlanmış müqaviləsində ekoloji təhlükəsizlik amili məsələsi xüsusi öhdəliklərdən biri kimi müəyyən edilib.
“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP və digər xarici neft-qaz konsorsiumları arasında imzalanmış Saziş”ə əsasən, podratçı neft-qaz sənayesində qəbul edilmiş beynəlxalq müsbət praktikaya səylə əməl edərək bütövlükdə ətraf mühitin, o cümlədən yerin üstünün, yerin təkinin, dəniz, hava, göllər, çaylar, flora və fauna, kənd təsərrüfatı bitkiləri, digər təbii ehtiyatlar və əmlakın vəziyyətinin hər hansı potensial pozuntularını minimuma endirmək üçün yuxarıda göstərilən standartlara müvafiq surətdə bütün zəruri tədbirləri görərək, neft-qaz əməliyyatlarını lazımi səmərə ilə və təhlükəsiz aparmağı üzərinə öhədlik kimi götürür. (Maddə 26. Ətraf mühitin mühafizəsi və təhlükəsizlik. Səh 162).

Habelə həmin sazişin əlavəsində ətraf mühitin mühafizəsi strategiyası çərçivəsində müvafiq öhədliklər nəzərdə tutulub. (Əlavə 9. Ətraf mühitin mühafizəsi və əməyin Təhlükəsizliyi praktikaları. Səh 255)

 

Yəni bu, o deməkdir ki, “BP” səmt qazını ətraf mühitə buraxaraq ekoloji tarazlığı pozmamağı öhdəsinə götürüb. Azərbaycan Hökuməti ekoloji zərərlərin qarşısını almaq məqsədilə səmt qazını emal edir. Hətta “BP” şirkəti olduqca ağır və yorucu proses olan qazın təmizlənməsi məsələsində SOCAR-ı davamlı əməkdaşlığa çağırıb, ötən illərdə səmt qazının həcmlərini artırmaqla ekoloji məsuliyyətdən azad olub. Bunu mediada dərc edilən çoxsaylı məlumatlara istinadən də görə bilərik. 

Diqqət edək: 9.10.2007-ci il tarixində rəsmi Dövlət Xəbər Agentliyinin saytında dərc olunan “Səmt qazı ilə bağlı razılaşmaya əməl edilir” başlıqlı xəbərdə deyilir ki, “Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarından hasil olunan səmt qazının sualtı kəmərlə Səngəçal terminalına gətirilməsi və buradan daxili istifadə üçün “Azəriqaz”ın şəbəkəsinə təhvil verilməsi uğurla davam edir.

Cari ilin tapşırığına uyğun olaraq, AÇG səmt qazının 1,4 milyard kubmetri ARDNŞ-ə təhvil verilməli idi. Amma ilin əvvəllərində əldə olunmuş razılığa əsasən, yanvarın 1-dən başlayaraq ARDNŞ-ə gündə 8 milyon kubmetrə qədər qaz təhvil verilir ki, bu da nəzərdə tutulandan təqribən 3 dəfə çoxdur”.

“Trend” İA-nin 13 yanvar 2007-ci ildə yaydığı “Azərbaycan və ABƏŞ səmt qazının həcminin artırılması üzrə razılaşma əldə edilib” xəbərdə deyilir ki,  “Azərbaycan operatoru “BP” olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilə 2007-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarından səmt qazının maksimal mümkün həcmlərinin ötürülməsi haqqında razılaşma əldə edib.

Yaxud “BP” və tərəfdaşlarının SOCAR-a verdiyi səmt qazının həcmi 25 faiz artıb” adlı yazıda da əldə edilmiş anlaşmadan bəhs edilir.

Ancaq, qeyd edilən “facebook” səhifəsinin “BP”-nin Azərbaycana səmt qazını havayı verməsi ilə bağlı illərdir səslənən fikirlərə indi reaksiya verməsi və ajiotaj yaratmaq cəhdi anlaşılan deyil. Yuxarıda da vurğuladığımız kimi bütün dünya neft sənayesi ailəsi, beynəlxalq ekoloji institutlar və iqlim alyanslarının etiraf etdiyi kimi SOCAR məhz “BP”nin neft hasilatı sayəsində yaranan ekoloji tullantıları utilizasiya edir, havayı deyilən məhsuldan qazanc məqsədi güdmür.

Bu xüsusda təkcə “BP”-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin mediada dərc olunan bu sayaq açıqlamalarının bir qismini təqdim etməklə “BP”nin son ildə Azərbaycana verdiyi səmt qazının həcmlərinə baxmaqla, real mənzərəni görə bilərik.

 02 İyun 2017. “Son 12 ildə BP Azərbaycana 30 mlrd. kubmetrdən çox səmt qazı verib”

13 Fevral 2018. "32 mlrd. kubmetr səmt qazı təmənnasız olaraq dövlətə verilib”.

19 oktyabr 2018. “BP Azerbaijan”ın rəsmisi əlavə edib ki, indiyədək AÇG-dən, həmçinin ümumilikdə 30 mlrd. kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.

31 May 2019. B. Aslanbəyli bildirib ki, 25 il ərzində 44 mlrd kubmetr səmt qazı təmənnasız olaraq dövlətə təhvil verilib.

20 avqust 2020. “Bu ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilikdə isə, 0,7 mlrd. kubmetr səmt qazı verilmişdir”.

20 dekabr 2019. “BP rəsmisi bildirib ki, indiyədək AÇG-dən təxminən 45 mlrd. kubmetr həcmində səmt qazı təmənnasız olaraq dövlətə təhvil verilib”

28 İyul 2022. “Birinci rüb ərzində AÇG-dən Azərbaycan dövlətinə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 mlrd. kubmetr səmt qazı təhvil verilib”.

20 sentyabr 2023. "Əsrin müqaviləsi" üzrə bu günə qədər dövlətə təmənnasız verilən səmt qazının həcmi isə təxminən 55 mlrd. kubmetrdir”.

2 may 2024. "İndiyədək Azərbaycan hökumətinə təmənnasız olaraq 50 mlrd. kubmetrə yaxın səmt qazı verilib"

21 aprel 2025. "bp və onun layihə tərəfdaşları AÇG əməliyyatlarına təqribən 45 mlrd. dollar sərmayə qoyub. Layihə Azərbaycan dövlətinə təxminən 56 mlrd. kubmetr səmt qazı tədarük edib”.
6 noyabr 2025. Cari ilin ilk doqquz ayı ərzində Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan dövlətinə sutkada orta hesabla 8 milyon kubmetr səmt qazı (cəmi 2,1 mlrd. kubmetr) tədarük olunub.
Statistikadan da aydın olur ki, Azərbaycanda da səmt qazının hasilatında son illər artım müşahidə olunub. 2021-ci ildə ölkəmizdə 13,4 milyard kubmetr səmt qazı hasil olunub ki, bu da 2020-ci ilin göstəricilərindən 14 faiz çoxdur.
Yəni Azərbaycan “BP”nin 60 milyard m3 həcmində səmt qazını almaqla ətraf mühitə buraxılacaq böyük həcmli karbon emissiyasının, dəhşətli iqlim zərərlərinin qarşısını alıb. Əgər həmin həcmdə qaz emal edilməsəydi, məşəldə yandırılsaydı, onun ekologiyaya, Xəzərin canlı landşaftına və  insanların sağlamlığına vurduğu ağır fəsadların hansı dərəcədə təhlükə yaradacağını göz önünə gətirmək belə çətindir.

İndi isə, Azərbaycanın qaza olan illik tələbatını və ölkə üzrə qaz istehlakında “BP” şirkərinin verdiyi səmt qazının həcmini tapmağa çalışaq.
Rəsmi statistikaya əsasən, 2024-cü ildə 50,3 mlrd. m3 təbii qaz hasil edilib. Qazın 13,3 mlrd. m3-i “Azəri-Çıraq-Günəşli”, 27,8 mlrd. m3-i “Şahdəniz”, 1,5 mlrd. m3-i “Abşeron” yatağı, 7,7 mlrd. m3-i isə SOCAR-ın digər yataqlarından hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən qaz hasilatı 2 mlrd. m3 artıb.
Hesabat dövründə xaricə qaz satışı 25,2 mlrd. kubmetr təşkil edib ki, onun 12,9 mlrd. m3-i Avropaya, 9,9 mlrd. m3-i Türkiyəyə, 2,4 mlrd. m3-dən çoxu isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 mlrd. m3 qaz nəql olunub. mənbə
Təbii qaz “BP” şirkəti, xarici konsorsiuma aid olan digər xarici neft-qaz korporasiyaları və Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən istehsal edilir. 2024-cü ilin rəqəmlərindən aydın olur ki, hasil olunan 50,3 mlrd. kubmetr qazın yarısı, yəni 25 mlrd. m3-i xaricə satılıb. Yerdə qalan 25 mlrd. m3-in təxminən 11 mlrd. m3-i dənzidə neft-qaz quyularında təzyiqi dayanıqlı saxlamaq üçün BP və xarici şirkətlər tərəfindən istifadə olunur. Qalan 14 mlrd. m3 qaz isə Azərbaycanın daxili tələbatına yönəldilir. Məsələn, ötən il daxili tələbata (əhali və sənaye sektorlarına) 13, 7 mlrd. m3 qaz sərf olunub.

“BP” şirkətinin 2024-cü ildə Azərbaycana təhvil verdiyi “səmt qazı”nın həcmi 2,5 mlrd. kubmetr olub.  

Bunu nəzərə alsaq, belə aydın olur ki, şirkət, toplam qaz hasilatınnı təxminən 20 faizini səmt qazı şəklində Azərbaycana verib, qalan 80 faizi isə beynəlxalq bazar qiymətləri ilə xarici ölkələrə satılıb.
Beləliklə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan “səmt qazı”nın həcmi 2,5 mlrd. kubmetr olmaqla Azərbaycanda cəmi istehsal edilən qazın 5 faizini təşkil edir. Yəni “BP” şirkətinin verdiyi qaz toplam qaz balansında 5 faiz yer tutur, qalan 95 faiz Azərbaycanın (SOCAR) və xarici konsorsiumun birbaşa yataqlardan hasil etdiyi yanacaqdır.

Bu statistikadan da bəlli olur ki, Azərbaycan Hökuməti daxili tələbatı səmt qazı hesabına həll etmir, səmt qazı ehtiyacların yalnız cüzi bir hissəsini təşkil edir.
Eyni zamanda, səmt qazı bəzi avantürüstlərin təbliğ etdiyindən fərqli olaraq pulsuz başa gəlmir, yəni yanacaq havayı deyil. Bu iddiada olanlar anlamalıdılar ki, səmt qazı xaricdən alınan qrant deyil, dərhal ciblərə və ya birbaşa evlərə doldurulsun.

Bunu izah edək: “BP” şirkəti həmin qazı Azərbaycana təmənnasız versə də, yanacaq vətəndaşlara və ya sənaye sektoruna istifadəyə verilməmişdən əvvəl təmizlənərək normal qaz halına gətirilmək üçün texnoloji emal proseslərindən keçir. Çünki “səmt qazı” quyulardan neftlə birgə hasil olunan qazdır və zəhərlidir, tərkibinin çox hissəsini “metan qazı” təşkil edir və təmizlənməmiş istifadə edilə bilməz. Ona görə də, onun ətraf mühitə, sənaye və istehsalata zərərli təsirlərini minimallaşdırmaq, istehlaka yararlı hala gətirmək böyük zəhmət tələb edir.

Azərbaycanın ötən illərdə böyük investisiya qoyaraq inşa etdiyi qaz emalı zavodları və infrastruktur şəbəkəsi olduğundan həmin səmt qazını emal etmək, yəni təmizləyib normal yanacağa çevirmək imkanı var. Səmt qazı və eləcə də digər hasil edilən adi qazlar quyulardan çıxarıldıqdan sonra təmizlənir, qurudulur, ilkin emal prosesləri aparılır. Eləcə də qazın saxlanılması, nəqli, əhaliyə çatdırılmadan əvvəl tərkibinə vurulan adarant maddəsi, boruların korroziyadan mühafizəsi və s. xərcləri, həmçinin buzlanmanın qarşısını almaq üçün metanol qazının vurulması və digər  proseslər yanacağın maya dəyəri və xərc portfelini formalaşdırır.
Bir sözlə, ötən 30 ilə yaxın dövrdə, yəni, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan qaz hasilatına başlandığı dövrdən indiyə qədər “BP” şirkətinin Azərbaycana verdiyi 60 mlrd. m3 səmt qazının hər kubmetri bir neçə emal prosesindən keçməklə və təmizlənməklə normal yanacaq halına gətirilib. Bu isə havayı başa gəlməyib, kifayət qədər xərc aparıb. Hesablamalara görə, həmin xərcin maddi dəyəri əhaliyə satılan qazın satış qiymətindən yüksək başa gəlir. Sözsüz ki, xərclər hər il artır, 30 il əvvəl verilən səmt qazının təmizlənməsi üçün çəkilən xərclə hazırkı xərc tutumu eyni deyil.
Dövlət Neft Şirkətinin məlumatına görə, 2024-cü ildə istehsal və emal edilən 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 80,25 manat təşkil edib. 2023-cü illə müqayisədə 4,22 manat və ya 5,5 faiz artıb. Qaz hasilatına çəkilən cəmi xərcləri, vergi və digər ödənişləri, xidmətlər üzrə xərcləri də nəzərə aldıqda satılan 1000 m3 qazın faktiki xərci 176,82 manat təşkil edib. Bu, qazın topdansatışı üçün təqdim edilən qiymətidir. istinad
SOCAR qazı topdan qiymətə qazpaylayıcı operator şirkətə - “Azəriqaz”a satır. “Azəriqaz”ın isə yanacağın anbar və müvafiq infrastrukturlarda saxlanması, sonra ötürücü borularla abonentlərə çatdırılması, kəmərlərin amortizasiyası xərcləri və s. məsrəflərini əlavə etdikdə, yanacaq ən azı 20-25 faiz bahalaşır. Eləcə də, şirkətin özünün idarə olunma, işçilərin saxlanma və s. xərcləri də ümumi qiymətlərə təsir edir. Bütün bunları nəzərə aldıqda 1000 m3 qazın yekun maya dəyəri 200 manatdan çox edir.

İndi əhaliyə satılan 1000 kubmetr qazın qiymətinə diqqət edək. 2025-ci ilin yanvar ayından təbii qazın əhali qurupuna parakəndə satış qiymətləri 1200 m3 olan hissə üçün 1 m3 təbii qazın tarifi 12,5 qəpik, 1200 m3-dən 2500 m3-dək olan hissə üçün 22 qəpik, 2500 m3-dən çox olan hissə üçün 30 qəpik məbləğində təsdiqlənib. 3 tarif nisbəti üzrə (12,5+22+30=64,5:3=21,5) orta qiymət 21,5 manat təşkil edir. Yaxud, qazın 1000 m3-i 215 manat və ya 125 dollara bərabərdir. Ancaq bizdə əhali abonentlərinin 88-90 faizinin illik sərfiyyatı 1500-2500 kubmetr arasındadır. Bu halda 90 faiz abonentin orta tarifi (12,5+22=34,5:2=17,2) təxminən 17,2 qəpik edir. istinad

Göründüyü kimi, Azərbaycan Hökuməti qazı maya dəyərindən qətiyyən baha satmır. Əgər “havayı” deyilən səmt qazını hətta pulsuz yanacaq kimi, emal xərclərini kənara qoysaq belə, yekun xərclərə təsiri 10 faizdən çox ola bilməz. Həmin 10 faizi SOCAR-ın emal etdiyi qazın maya dəyərindən, yəni 176,82 manatdan çıxsaq ortada cəmi 17,6 qəpik yaranır. Yəni səmt qazını pulsuz yanacaq kimi götürdükdə belə, qazın toplam maya dəyəri 17,6 qəpik ucuzlaşmış olardı və bu, 90 faiz abonentin mövcud tarifindən yüksəkdir.
Ona görə də, hökumət “pulsuz aldığı səmt qazını əhaliyə baha qiymətə satır” fikirləri manipulyasiya və saxtakarlıq nümunəsidir.

“Azadlıq qəzeti” “facebook” səhifəsinin  “regionda qaz hasilatı olan olkələr içərisində ən bahalı qaz Azərbaycandadır” fikri də gerçəkliyi əks etdirmir.

Regionda qaz istehsal edən əsas dövlətlər Rusiya, Qazaxıstan, Türkmənistan və İrandır. Həmin ölkələrdə qaz hasilatı Azərbaycandan 7-8 dəfə, daxili tələbat üçün qaz ehtiyatları isə bizdən ən azı 3 dəfə çoxdur. Ancaq buna baxmayaraq, həmin ölkələrdə də qaz bizdən ucuz deyil. Məsələn, Rusiyada təbii qazın əhali abonentləri üzrə 1 m3-i 10,97 rubl (23,2 qəpik) təşkil edir. Yəni, bizdəki tarifdən bahadır.

Qazaxıstanda isə abonentlər üçün qazın tarifləri iri şəhər və regionlar üzrə fərqlidir. Paytaxt və iri şəhərlərdə qiymətlər regionlara nisbətən 2 dəfə bahadır. Astana, Akmola, Karaqanda və Ulıtau bölgələrində qazın 1000 kubmetri 52.033 təngə, Almatı, Almatı və Jetisu bölgələrində 63.905 təngə, Çımkent şəhərində 59.268 təngə, Jambıl bölgəsində 58.866 təngədir. Bölgələrdə bu rəqəm 35-45 min təngə arasında dəyişir. mənbə

1000 qazax təngəsi 3,27 manat olduğunu nəzərə alsaq, belə aydın olur ki, 63 min təngə təxminən 210 manat edir. Bu, o deməkdir ki, qazın 1000 kubmetri 210 manat, bir kubmetri isə 21 qəpikdir. Bu rəqəm Azərbaycandakı tariflərlə tam eynidir.

Türkmənistan və İranda qazın ucuz olmasının başlıca səbəbi yanacağın quruda hasil olunmasıdır. Bəllidir ki, quruda neft və ya qaz hasilatı dənizdən azı 2-3 dəfə baha başa gəlir. Bundan başqa, İran sanksiya altındadır, çıxardığı qazın yarısını satsa da, tanker və anbarlarda böyükhəcmdə yanacaq qalır və hər il bu həcm çoxalır, ona görə də ucuz qiymətə daxili tələbata yönəldir. Türkmənistan da İran kimi qazı quruda əldə etməklə yanaşı, Avropa bazarlarına satış bazarı yoxdur, əsas alıcıları Çin, İran və Rusiyadır. Dünyada qaz ehtiyatlarına görə, ilk dördlükdə yer alan Türkmənistanın da hər il mlrd.larla kubmetr qazı artıq qalır. Bu baxımdan bu ölkədə də əhaliyə satılan qaz ucuz başa gəlir.

Bir məqamı da xatırlatmaqda fayda var, Azərbaycan yerləşdiyi region ölkələrində qazın əhaliyə satış qiymətləri də bizimlə müqayisədə xeyli bahadır. Qonşu Gürcüstanda əhali abonentlərinə satılan qazın 1 m3-nin pərakəndə satış qiyməti 1,38 lari (80 qəpik) təşkil edir.
Ermənistanda qazın tənzimləyicisi “Qazprom-Armenia” şirkətidir. Qazın təchizatçısı isə “Qazprom”dur. Rusiya qazının dünya bazarlarında alıcıları azaldığından rus şirkəti 2025-ci ildən Ermənistana güzəştli şərtlərə qaz satmağa başlayıb. 2025-ci il yanvarın 1-dən etibarən Ermənistanda əhaliyə satılan təbii qaz tarifi 1 m3 qaz üçün 84 dram (0,22 ABŞ dolları, 38 qəpik) səviyyəsində müəyyən edib.
Azərbaycanda əhali abonentlərinin 88-90 faizinin orta tarifinin 17,2 qəpik olduğunu nəzərdə aldıqda respublikamızda əhaliyə satılan qazın bir kubmetri Ermənistandan 2,3 dəfə ucuzdur.

Yekun olaraq qeyd edək ki, “Azadlıq qəzeti” “facebook” səhifəsinin “ingilisin Azərbaycana havayı verdiyi qazı hökumət xalqa baha qiymətə satıb” fikri açıq manipulyasiyadır.

Eləcə də, regionda qaz hasilatı olan olkələr içərisində ən bahalı qazın Azərbaycanda olması barədə fikir də həqiqəti əks etdirmir.

 

Oxşar məqalələr: