Axtarış

Select theme:

Azərbaycanın Avropa Sosial Xartiyasının öhdəliklərinə əməl etməməsi barədə deyilənlər həqiqəti əks etdirmir

İqtisadçı Asif İbrahimov mediaya açıqlamasında bildirib ki, Azərbaycanda minimum əmək haqqı 660 manatdan az olmamalıdır. Onun sözlərinə görə, 2004-cü ilin sentyabr ayında Azərbaycan tərəfindən ratifikasiya edilmiş Avropa Sosial Xartiyası Azərbaycanı minimum əmək haqqının ən azı 660 manat olmasını təmin etməyə məcbur edir. “Əgər minimum əmək haqqı orta əmək haqqının 50-60 faiz arasındadırsa, hökumət bunun layiqli yaşayış üçün kifayət olduğunu sübut etməlidir. Orta əmək haqqının 50 faizdən aşağı olması açıq-aşkar ədalətsiz hesab olunur. Bu gün faktiki rəqəmlər bu tələblərdən əhəmiyyətli dərəcədə fərqlənir, çünki minimum əmək haqqı orta əmək haqqının yalnız 37-38 faizini təşkil edir”, deyə A.İbrahimov bildirib.

Faktyoxla iqtisadçı kimi təqdim olunan bu şəxsin dediklərinin əsaslı olub-olmadığını araşdırıb.

Əvvəla, Azərbaycan Hökumətinin ratifikasiya etdiyi Xartiya sənədində minimum əmək haqqının 600 və ya orta aylıq əməkhaqqının 50-60 faiz civarında təyin edilməsinə dair konkret hüquqi-iqtisadi öhdəlik yoxdur.

Xartiyanın 3-cü bəndində “Öhdəliklər” bölümü var. (Maddə A. Öhdəliklər). Əsas öhdəliklər kimi 2-ci bənddəki maddələr xatırladılır. Xartiyanın II hissəsinin 9 maddəsindən ( 1, 5, 6, 7, 12, 13, 16, 19 və 20) ən azı altısını özü üçün məcburi hesab etmək öhdəliyi təsbit olunub. Həmin maddələr

- əmək hüququ,

- təşkilatlanma hüququ,

- kollektiv müqavilələr bağlamaq hüququ,

- uşaqların və gənclərin müdafiə hüququ,

- sosial təminat hüququ,

- sosial və tibbi yardım hüququ,

- ailənin sosial, hüquqi və iqtisadi müdafiə hüququ,

- əmək miqrantlarının və onların ailələrinin müdafiə və yardım hüququ

- cinsindən asılı olmayaraq məşğulluq və iş məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququdur. (Dəyişdirilmiş Avropa Sosial Xartiyası)

İkincisi, Avropa Sosial Xartiyasının özündə belə məcburedici rəqəm və əmsallar yoxdur. Xartiyanın 4-cü maddəsi “Ədalətli əmək haqqı hüququ”nu əhatə edir. Bu maddəyə görə, üzv dövlətlər işçilərə ədalətli əmək haqqı təmin etməli, bu əmək haqqı işçinin və onun ailəsinin layiqli yaşayışını təmin etməlidir. Bu öhdəliklərdə konkret olaraq minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faiz nisbətində təyin edilməsi şərti yoxdur.

Xartiyada müəyyən edilmiş öhdəliklərə gəlincə, Azərbaycan dövləti Xartıyanın təsdiq edildiyi ildən, yəni 2004-cü ildən sonrakı dövrdə bu istiqamətdə praktiki addımlar atıb. mənbə

Həmin dövrdə denominasiyadan (pul islahatı) əvvəlki dövrünün pul vahidi ilə orta aylıq 483,4 min manat (indiki 99 manat) olub. mənbə

Həmin dövrdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 20 faizi nisbətində olub. Azərbaycan hökumət minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı sosial fərqi azaltmaq öhdəliyini yerinə yetirmək üçün ötən illərdə davamlı addımlar ataraq hər il bu göstəricilər arasındakı fərqi azaltmağa nail olub. Əgər qeyd edilən göstəricilər üzrə aradakı fərq 2004-cü ildə 5 dəfəyə yaxın olubsa, sonrakı illərdə minimum əməkhaqqının dinamikası daha çox böyüyərək aradakı fəqrin daralmasına səbəb olub.

Bu proses sonrakı dövrdə daha da müsbətə doğru dəyişib və 2020-ci ildə fərq 3 dəfəyə yaxın düşüb. Yaxud, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 36 faizini təşkil edib.
2025-ci il yanvarın 1-dən isə minimum əməkhaqqı 400 manata çatdırılıb. 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1009,2 manat təşkil edib. mənbə
Yəni minimum əməkhaqqı orta aylıq əməkhaqqının 40 faizini təşkil etməklə aradakı fərq 2,5 dəfəyə düşüb.
Beləliklə, hökumət sosial öhdəliyə uyğun olaraq bu normativlərin differensial fərqini azaltamağa nail olmaqdadır.

Müqayisəni digər sosial meyarlarla aparaq. Son 21 ildə (2004-2025) minimum əməkhaqqı 20 dəfə, orta aylıq əməkhaqqı isə 99 manatdan 1009 manata çatmaqla 10,2 dəfə yüksəlib. Bu o deməkdir ki, hökumətin yürütdüyü sosial siyasət sayəsində son 12 ildə minimum əməkhaqqı artımı orta aylıq əməkhaqqı artımını 2 dəfəyə yaxın üstələyib. Bu isə aradakı fərqin azalmasına və sosial balansın tarazlaşlaşmasına doğru fokuslandığını təsdiqləyir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sənədində layiqli sosial rifah cəmiyyətinin qurulması hədəflənib. Bu məqsədlə sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunması nəzərdə tutulub.

Onu da nəzərə almaq lazımdır ki, minimum əməkhaqqı əmək və yaşayış standartları baxımından vətəndaşın minimum istehlak xərclərini müəyyən edir. Minimum istehlak xərclərinin dəyəri isə yaşayış minimumuna əsaslanır. Hökumət əsas sosial hədəflərdən biri kimi minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına çatdırılmasını da təmin edib. 2025-ci ildə isə yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilib. Eyni zamanda, minimum əməkhaqqı 400 manat təşkil etməklə yaşayış minimumunu 115 manat üstələyir.

Beləliklə, Asif İbrahimovun Azərbaycanın Avropa Sosial Xartiyasının öhdəliklərinə əməl etməməsi barədə dedikləri həqiqəti əks etdirmir.
Onun “əgər minimum əmək haqqı orta əmək haqqının 50 faizdən aşağı olması açıq-aşkar ədalətsiz hesab olunur” iddiası ədalətsizliyin və qeyri-obyektivliyin nümunəsidir.

 

Oxşar məqalələr: