Altay Göyüşovun rəhbərlik etdiyi Bakı Tədqiqat İnstitutu (BTİ) dünyada trol ordularının fəaliyyəti haqqında araşdırma aparıb. İddia olunur ki, bu cür trol qrupları Azərbaycanda da geniş və sıx şəbəkə şəklində fəaliyyət göstərir. Məqalə Akif Qurbanovun Ülviyyə Əliyə verdiyi müsahibəsində bildirdiyi “hakimiyyət ictimai rəyi nəzarətdə saxlamaq üçün trollardan istifadə edir və hökumətin 50 minlik trol ordusu var” iddiası ilə başlayır.

Faktyoxla məqalədə qeyd edilən bir sıra məqamlara aydınlıq gətirib.
Qeyd 1. Məqalədə xüsusi diqqət çəkən məqam, BTİ-nin 2011, 2012 və 2017-ci illərdə yayılmış hesabatlara istinad edərək ittihamlar səsləndirməsidir. Məhz həmin illərə istinad edilməsi məqalə müəllifinin tərəfsizliyi, ədalətli yanaşması və jurnalistin peşə etikasının pozulması baxımından deyil, tamamilə başqa bir səbəbdən diqqətimizi cəlb edir. Bu detala məqalənin sonunda toxunacağıq. Hələliksə, köhnə tarixli hesabatlarla bağlı hissəyə qayıdaq.

Məlum olur ki, “50 min nəfərlik kiber ordu” ifadəsini 2012‒2014-cü illərdə “İRƏLİ” İctimai Birliyinin sədri olmuş Rauf Mərdiyev 2011-ci ildə hazırda fəaliyyət göstərməyən “News.az International” saytına müsahibəsində səsləndirib. Rauf Mərdiyevin “İrəli”nin Azərbaycanın 52 şəhər və bölgəsində mövcud olan mərkəzlərində 50 minə yaxın gənci təlimlərə cəlb olunması haqqında 2011-ci ildə səsləndirdiyi fikirləri “Azərbaycanda 50 min nəfərlik “kiberordu” var” formasında təqdim edilməsi ilk növbədə informasiya manipulyasiyası və arqumentsizliyin göstəricisidir.
Azərbaycanda 50 rayonda 1000 gənci təlimlərə cəlb etməyin nə demək olduğunu təsəvvür etmək çox çətindir, ələlxüsus da, təlimin mövzusu Azərbaycanın virtual məkanda maraqlarının qorunmasıdırsa. Bu təlimlərin keçirilməsi üçün minimal şərt heç şübhəsiz regionlarda 1000 nəfər gənci əhatə edəcək texniki imkanların təminatı (kompyuter bazası, sürətli internet, təlim mərkəzi və sair) idi ki, 2011-ci ildə bu real görünmürdü. Böyük ehtimalla R.Mərdiyev QHT hesabatlılığı üçün lazım olan şişirdilmiş rəqəmi səsləndirib və bununla da adi QHT sədrinin məsuliyyətsiz açıqlaması “50 minlik kiber ordu” ittihamı altında Azərbaycana qarşı yönəlib.

Bundan başqa, qeyd edək ki, BTİ-nin Azərbaycan Hökumətinin öz nəzarətində “trol ordusu” və ya “kiber ordu” saxlaması barədə istinadlarının böyük bir qismi “Oxford İnternet İnstitutu”nun (Oİİ) 2017-ci ildə dərc edilən hesabatına əsaslanır.

Həmin hesabatda Azərbaycanla bağlı məlumatlar isə bloger və sosial media üzrə təlimçi kimi təqdim edilən, Türkiyədə ermənilərə məxsus “Agos” qəzetinin keçmiş yazarı Arzu Qeybullanın təqdim etdiyi saxta informasiyalar əsasında hazırlanıb. 
Xaricdə müəyyən qüvvələrin maliyyələşdirdiyi ”cəbhə”də birləşmiş həmin blogerlərin sırasında Azərbaycanın dövlət maraqları əleyhinə fəaliyyət göstərən şəxslərin olması isə mövzunun hansı səmtdən qaynaqlandığını tam çılpaqlığı ilə göstərir. Məsələn, yazıda Azərbaycan hakimiyyətini trol saxlamaqda ittiham edən istinadlardan biri kimi adıçəkilən şəxsin ‒ Arzu Qeybullanın kimliyi və anti-Azərbaycan fəaliyyəti çoxlarına tanışdır. Özünü jurnalist, blogerçu və sosial media üzrə təlimçi kimi təqdim edən A. Qeybullanın manipulyator, ictimai rəyə saxta məlumatları həqiqət kimi sırıyan birinin olması bəllidir. Birmənalı şəkildə ermənilərin mövqeyini müdafiə edən, milli maraqlarımıza zərbə vuran A.Qeybullanın ölkəmiz haqqında dezinformasiya və kibertəxribatların başında dayanmasının səbəbi tam aydındır.
Onun ABŞ və Avropadakı erməni lobbisinə bağlı QHT-lərdəki fəaliyyəti zamanı Azərbaycan dövlətinə qarşı fəaliyyətini sadalamaqla bitməz.
44 günlük Vətən müharibəsində ermənilərin tərəfini tutaraq Azərbaycan əleyhinə təbliğat aparan, Azərbaycan Silahlı Qüvvələrinı iftira atan və “NO WAR (Müharibəyə Yox)” adı altında anti-Azərbaycan qüvvələrin sifarişlərini icra edən bu şəxsin düşmən mövqeyini isbat edəcək kifayət qədər fakt var. Bu baxımdan A.Qeybullanın Oİİ hesabatında ölkəmizlə bağlı “dosyesi”nin nəyə xidmət etdiyini sübut etməyə ehtiyac qalmır.
Ona görə də, BTİ-nin A.Qeybulla kimi xaricdəki trol qruplarının dezinformasiyasına və 2012‒2017-ci illərin hesabatlarına əsaslanaraq Azərbaycanda “50 minlik kiberordu fəaliyyət göstərir” iddiasını ortaya atması bir tərəfdən gülünc, digər tərəfdən isə təxribatçı mövqe sayıla bilər.
Qeyd 2. Məqalədə əsas ittihamlardan biri səslənən “bu sahədə ən azı Rusiya qədər təcrübəsi olan digər dövlət, Azərbaycan haqqında məlumatlara o qədər də çox rast gəlinmir” cümləsi diqqət çəkir.
Azərbaycanın bu məzmunda adının çəkilməsi ədalətsiz və qərəzli yanaşmadır. Məlumdur ki, son 15 ildə Avropa və digər Qərb ölkələrində gizlənmiş blogerlər, tiktokerlərin təxribatlarına daha çox təsadüf edilir. Daha çox qeyri-etik davranışları ilə tanınan bu şəxslər sosial media platformalarında canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və qarşıdurma mühiti yaradırlar.
Müəyyən dairələr tərəfindən süni intellekt və digər texnologiyaların köməyi ilə hazırlanan saxta məlumat və-görüntülər, habelə ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya fəaliyyətləri məhz onların vasitəsilə həyata keçirilir.
“Deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasında bunun bir neçə nümunəsinə diqqət edək.


Bir sıra sosial media hesablarında Azərbaycan Respublikası Prezidentinin “deepfake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilir, Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar, habelə digər nazirlərin adından müxtəlif məzmunlu və həqiqəti əks etdirməyən, saxta məlumatlar yayılır.
Heç bir halda reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Bütün bunlar kiberordunun məhz xaricdən idarə olunduğunu təsdiq edən faktların bir hissəsidir.

Təhlillər göstərir ki, təkcə son 5-6 ayda sosial media seqmentində paylaşımların əksər qismi Azərbaycandakı siyasi hakimiyyət və dövlət rəsmiləri ilə bağlıdır. Həmin feyk paylaşımlara və dezinformasiyalara yazılan şərhlərin əksəriyyəti isə həqiqət kimi ictimai rəyə təsir etmək üçün tirajlanır. Bu, özü bir daha Azərbaycana qarşı fəaliyyət göstərən trol ordusunun mövcudluğunu əks etdirir.
Sosial media seqmentində Azərbaycan hakimiyyətinə, dövlətin milli maraqlarına qarşı fəaliyyət daha çoxdur. Yəni trol fəaliyyəti əslində Azərbaycan hakimiyyətinə qarşı daha çox birləşmiş qüvvələrin sosial media tribunası kimi özünü əks etdirir.
Sankt-Peterburq şəhərində mənzillənmiş və Kremlə bağlı “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyinə məxsus hesabları bloklayan “Facebook”un sahibi Mark Zukerberq da etiraf edib ki, bu hesablardan Azərbaycanda insanlara təsir etmək üçün istifadə olunurdu.

Bu faktın özü Azərbaycana qarşı trol hesablarının, eləcə də Azərbaycandakı trolların vahid mərkəzdən idarə olunduğunu təsdiqləyir. Sosial medianın Azərbaycan seqmentindəki trollar ictimai rəyini manipulyasiya etməyə çalışaraq dezinformasiya yaymaqla məşğuldur ki, onların müxtəlif kəşfiyyata bağlı olması istisna deyil.
Həmin trolların “Rossotrudniçestvo” adlı Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Bakıdakı ofisi tərəfindən idarə olunduğu güman edilir.


Kibertəhlükəsizlik sahəsində ixtisaslaşan beynəlxalq mənbələrində yayılan son məlumatlara görə, “Qırmızı Canavar” kimi tanınan xaker qruplaşması bir neçə başqa ölkə ilə yanaşı, Azərbaycanı da hədəfə almağa çalışır. “TechOwlShield” kibertəhlükəsizlik portalı tərəfindən dərc edilən hesabatda deyilir ki, siyasi gündəmləri və ya sosial dəyişiklikləri təşviq etmək üçün kompüter əsaslı metodlardan istifadə edən xaker qruplaşması kimi müəyyən edilən qrup 2025-ci il üçün planlaşdırılan “DDoS hücum” kiberhücum kampaniyalarına Azərbaycanı da hədəf ölkələr sırasına daxil edib. Siyasi motivli xaker qrupu olan "Qırmızı Canavar Kiber Komandası" beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən hökumətlərin və təşkilatların onlayn xidmətlərini pozmaq və ideoloji tərəfdarlarını müdafiə etmək məqsədi daşıyır.

Rəsmi açıqlamalara görə, son illər xaricdən kiberhücumlar ən çox Azərbaycanın dövlət orqanlarının elektron resurslarına edilir. Dəfələrlə Səhiyyə (e-health.gov.az) və Elm və Təhsil (miq.edu.az)nazirliklərinin bazalarına icazəsiz girişlərə cəhdlər olub. Eləcə də bank, maliyyə və digər qurumların da resurslarına kiberhücumların məqsədi Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarına giriş əldə etmək, ardından müxtəlif şantaj və təhdidlərlə öz çirkin oyunlarına vasitə etməkdir.
Qeyd 3. Mətndə bir neçə dəfə “kiberordu” termini işlədilir və bu termin, onların dili ilə desək, trol şəbəkəsinin üzvlərinə ümumilikdə verilən addır.
Bu məqamda “kiber ordu” ifadəsinə də aydınlıq gətirək ki, Altay Göyüşov və rəhbərlik etdiyi saytın əməkdaşları fərqi anlasınlar.
“Kiberordu” — dövlət və ya qeyri-dövlət strukturları tərəfindən yaradılan, kibermühitdə hücum və müdafiə əməliyyatları həyata keçirən xüsusi yarımhərbi bölmələrə verilən ümumi addır. Əsas funksiyalarına düşmən dövlət və ya təşkilatların informasiya sistemlərinə, infrastrukturuna (elektrik şəbəkəsi, bank sistemi, hərbi sistemlər) hücumlar etmək, casusluq məqsədilə məlumat toplamaq (oğurlamaq), dezinformasiya yaymaq və öz infrastrukturunu eyni məzmunlu əməliyyatlardan qorumaq daxildir.
Dünyada kiberordularla bağlı xeyli sayda nümunələr var. Məsələn, ABŞ-də “US Cyber Command” (USCYBERCOM), Rusiyada “GRU”, “FSB”-nin kiber bölmələri, Çinin “PLA Strategic Support Force”, İsrailin “Unit 8200”, Şimali Koreyanın “Lazarus Group” misal olaraq göstərmək mümkündür.
“Trol şəbəkəsi ilə “Kiberordu”nun fərqi nədədir?
Klassik kiberordu texniki əməliyyatlar aparır — sistemlərə sızır, infrastruktur hədəf alır, casusluq edir. Trolluq isə bundan daha sadə, əsasən psixoloji təsir alətidir.
Trollar “kiber ordu”nun bir hissəsi sayıla bilər, lakin buna "təsir əməliyyatları" və ya "hibrid müharibə"nin elementi deyilir. Ən məşhur nümunə adını az öncə çəkdiyimiz Rusiyanın İnternet Araşdırmaları Agentliyidir (“Internet Research Agency”) ki, orada minlərlə insan tam iş günü rejimində sosial mediada trolluq edib.
Qeyd 4. BTİ rəqəmsal medianın yaranması və inkişafının saxtalaşdırılmış, həqiqətə uyğun olmayan, konspirativ məlumatların sürətlə geniş kütlələr içərisində yayılmasına diqqət çəkərkən yenə də hakimiyyəti ittiham etməyə çalışır. Bildirilir ki, Dövlət rəqəmsal media vasitələrində ictimai rəyi formalaşdırmaq, dəyişmək və ona təsir etməklə məşğul olan kiberordular vasitəsilə müxtəlif üsullardan istifadə edirlər. “Azərbaycanda kiber ordular ictimai rəyin manipulyasiyası üçün avtomatlaşdırılmış hesablardan (botlar), insan nəzarəti altında olan hesablardan, oğurlanmış və ya saxta hesablardan geniş istifadə edirlər”.
Qeyd edilən fəaliyyət Azərbaycan hakimiyyəti tərəfindən deyil, əksinə dövlətimizə qarşı xaricdəki və daxildəki qruplar tərəfindən təşkil olunur. BTİ əsl ünvanı burada da məqsədli şəkildə dəyişməyə çalışır. Kiberordular, qərəzli şərhlər, mesajlar, bloqlar və postlar vasitəsilə saxta informasiyaların yayılması, müxtəlif feyk mesajların və şərhlərin paylaşılması, internet və sosial media manipulyasiyası ən çox Azərbaycan hakimiyyətinə qarşı yönəlib.
BTİ-nin məqaləsində yazılır ki, sosial mediada ən çox AXCP lideri Əli Kərimli haqqında yazılan postlar üstünlük təşkil edir və bu da hakimiyyətin “kiber ordusu”nun fəaliyyətidir. Ancaq BTİ belə yazmaqla burada da həqiqəti tamamilə başqa səmtə yönəldir, sosial mediada mövcud olan məşhur “Əli Kərimlinin trolları”ndan diqqət yayındırmağa çalışılır.
Misal üçün, AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səs yazısı Əli Kərimlinin trol şəbəkəsinin fəaliyyətini təsdiq edən faktlardan biridir. “Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki, daşıya bilmirəm. Sadəcə, protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada”.
“Əli Kərimlinin trolları” ilə bağlı iddialardan bəzilərini xatırladırıq:
- Ə.Kərimlinin sosial şəbəkələrdə "Saida Saridas", "Zimon Vusal", "Gunel Khalilova" kimi qadın adları ilə saxta profillər yaratdığı iddia edilib.
- Keçmiş partiya funksioneri Ağaşirin Tanrıverdioğlunun açıqlamasına görə, AXCP üzvlərinin gün ərzində 5-6 kompüter vasitəsilə yüzlərlə saxta profil idarə etdikləri bildirilir.
- Ə.Kərimlinin Facebook səhifəsinin Fransa və ABŞ-dan idarə olunduğu, bu işə xaricdən 3 nəfərin cəlb edildiyi iddia edilib.
- Postların daha çox insana çatması üçün reklama 7 min manata yaxın vəsait xərclədiyi məlum olub.
- Trolların saxta profillərlə sosial şəbəkələrdə dövlət qurumlarına və ayrı-ayrı şəxslərə qarşı böhtan yaydığı haqda məlumatlar yayılıb.
- Azərbaycan siyasətinə trol şəbəkəsini ilk dəfə gətirənin Ə.Kərimli olduğu deyilib.
- Trol dəstəsinin qrantlardan pay almaq məqsədilə fəaliyyət göstərdiyi qeyd edilib.
- Azərbaycanın 44 günlük müharibədə qələbəsinin ardından trol şəbəkəsinin bu qələbənin əhəmiyyətini azaltmağa çalışdığı iddiası irəli sürülüb.
- Trolların hüquq-mühafizə orqanları müxalifət aksiyalarını dağıtdığında hay-küy salıb ictimai rəyi manipulyasiya etməyə çalışdığı yazılıb.
- Saxta profillərə qadın adlarının seçilməsinin məqsədi kimi daha çox izləyici toplamaq göstərilir.
Onu da bildirək ki, Azərbaycan dövləti trolçuluğun, saxta media manipulyasiyasının əleyhinə, ələlxüsus da “Facebook” sosial media platformasındakı “deepfake” texnologiyası ilə hazırlanmış kiberdələduzluq hallarının qarşısının alınması üçün “Meta” şirkətinə müraciət edib. Xatırladaq ki, bu yeganə çağırış deyil, Azərbaycan dəfələrlə müvafiq ünvanlara oxşar məzmunlu müraciətlər edib. Sonuncu dəfə bir ay əvvəl, 22 yanvarda süni intellektin köməyi ilə hazırlanmış əvvəlki trollinq məqsədlərinə oxşar məzmunlu kiberdələduzluq halları ilə bağlı “Meta” şirkətinə operativ tədbirlər görmək üçün çağırış etmişdi.
Nəhayət, sonuncu qeyd: Diqqəti yayındırma effekti
Qeyd etdik ki, məqalənin əsas iddialarının arxasında dayanan rəqəmlər – 50 min nəfərlik “kiberordu” mövzusu 2011‒2012-ci illərdən gəlir. Yəni məqalə 2026-cı ildə 10-15 il əvvəlki saxta rəqəmləri əks etdirən "Azərbaycanın 50 minlik trol ordusu" kimi başlığı ilə verilir. Bu metodoloji cəhətdən “Diqqəti yayındırma” yanaşmasıdır. İzah edək.
Rusiya 2024‒2026-cı illərdə Azərbaycana qarşı kiberhücumlar həyata keçirdiyi bir vaxtda bu məqalə ictimai diqqəti "Azərbaycanın 50 minlik trol ordusu"na yönəldir. Oxucu və ya auditoriya başlığı görüb məzmuna əhəmiyyət verməyə bilər.
Yəni məqalədə Rusiya neqativ nümunə kimi geniş və ətraflı təsvir edilsə də burada məqsəd son baş verən hadisələr fonunda diqqəti Rusiyanın trol və müxtəlif məzmunlu kiberhücum hərəkətlərindən yayındırmaq ola bilər.
Bəllidir ki, BTİ müstəqil düşüncə qurumu kimi təqdim edilsə də, təşkilatın və rəhbəri Altay Göyüşovun maliyyə mənbələri və siyasi mövqeyi tam şəffaf deyil. Buna görə məqalənin uyğunsuz zamanlamasını, mənbənin qeyri-şəffaf maliyyələşməsini və populist kontekstini nəzərə alaraq iddia etmək olar ki, məhz bu məqamda Altay Göyüşovun saytı Rusiya üçün “trolluq” edir. Ən azından məqalənin dərcolunma vaxtı, köhnə məlumatların aktual kimi təqdim edilməsi və beynəlxalq auditoriya üçün ingilis versiyasının da hazırlanması bir "faydalanma" ssenarisinin ortada olduğuna işarədir.
Bu cür faktların sayı çoxdur və bütün bunlar onu təsdiqləyir ki, kibertrollar Azərbaycan dövlətinə qarşı yaradılıb və hakimiyyəti, müxtəlif dövlət orqanlarını, vətəndaşları hədəf alan bu təxribatların məqsədi ölkəmizin milli təhlükəsizliyinə təhdidlərlə yanaşı, rəqəmsal imkanların artdığı bir mühitdə bu texnologiyaların guya başqa məqsədlər üçün istifadə olunması təsəvvürü yaratmaqdır.