“REAL” Partiyası Siyasi Komitəsinin üzvü İlqar Məmmədov bildirib ki, Azərbaycan hökuməti öz beynəlxalq kredit reytinqini endirmək niyyətindədir və bunun üçün reytinq təşkilatlarına rəsmi qaydada xahiş edib. Sitat:“Bütün ölkələr çalışır öz reytinqini artırsın və beləliklə dünya maliyyə bazarında dövlət də, ölkənin şirkətləri də daha yaxşı şərtlərlə kredit götürüb işləyə bilsin. Azərbaycan isə, dünya tarixində bəlkə də ilk dəfə, məşhur agentlikdən birbaşa xahiş etdi ki, yox, mənim reytinqimi necə artırmışdınsa, elə də aşağı sal”.
Faktyoxla İ.Məmmədovun iddialarına aydınlıq gətirib.
İlqar Məmmədovun ironiya ilə yazdığı bu fikirlər onun bu mövzu ilə bağlı məlumatsızlığının, iqtisadi məsələlərdə naşılığının göstəricisidir.
Əvvəla, qeyd edək ki, Azərbaycan öz investisiya və kredit reytinqini daha da yüksəltmək üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığı gücləndirməkdədir. 25 ildir ki beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə Azərbaycan dünyanın ən nüfuzlu üç beynəlxalq reytinq agentliyi (“Fitch”, “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq edir.
Adıçəkilən reytinq agentlikləri Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasına, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasına, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinə və bu potensial maliyyə imkanlarının xarici şoklara qarşı dayanıqlılığını təmin etməsinə görə yüksək reytinqlə dəyərləndirib. Məsələn, “Fitch Ratings” Azərbaycanın beynəlxalq dərəcəli investisiya reytinqini “BBB-” səviyyəsində təsdiqləyib. fitchratings

“Moody’s Ratings” agentliyi isə ölkəmizin suveren kredit reytinqini davamlı şəkildə artıraraq bir müddət əvvəl “Baa3” səviyyəsinə qaldırıb. ratings.moodys

Eləcə də “S&P Global Ratings” agentliyi Azərbaycan üzrə reytinq əmsalını “BB+/B” şkalasında təsdiqləyib, eyni zamanda, “sabit”dən “müsbət”ə dəyişib. spglobal

Bu günlərdə isə Azərbaycan hökuməti əldə olunmuş uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə yeni müqavilələr imzalayıb. Habelə, “S&P Global Ratings” agentliyi ilə müqavilə öhdəliklərindən kənar əməkdaşlığın davam etdirilməsinə qərar verilib. istinad
Göründüyü kimi Azərbaycan mövcud beynəlxalq əhəmiyyətli reytinqin qorunub saxlanması ilə kifayətlənmir, əsas strateji prinsip kimi daha yüksək reytinq əldə etmək istəyir. Nəhəng “üçlük” olan “Fitch Ratings”, “Moody’s Ratings” və “S&P Global Ratings” agentlikləri ilə əldə edilən anlaşmalar da məhz daha optimist və müsbət əmsallı reytinqin qazanılmasına hesablanıb.
Ona görə də, kredit reytinqinin endirilməsi ilə bağlı iddia irəli sürmək ya İlqar Məmmədovun bu sahədə savadsızlığının əlamətidir, ya da ki, o bilərəkdən informasiya manipulyasiyası ilə məşğuldur. Görünən odur ki, hər ikisidir.
İ. Məmmədovun digər arqumenti xarici borcla bağlıdır. Onun “ehtimal nəzəriyyəsi”nə görə, Azərbaycan hökuməti xarici borcu qaytarmaqda əlverişsiz vəziyyətlə üzləşdiyindən, bir neçə il ərzində xarici borcun təxminən yarısını qaytarmalı olduğundan borc şərtləri haqda kreditorlarla müzakirəyə hazırlaşır. Hökumət borcların müddətini uzatmaq üçün məhz reytinqin aşağı salınmasına çalışır.
Bu fərziyyə də qeyri-sağlam düşüncənin məhsulu olmaqla yanaşı, özündə dezinformasiya yaymaq elementlərini ehtiva edir.
Əvvəla, Azərbaycanın xarici borc qayğısı yoxdur, dünyada ən az borcu olan dövlətdir. 1 oktyabr 2025-ci il tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4,9 milyard dollar təşkil edib. Bu, ÜDM-in 2025-ci il üzrə proqnozlaşdırılan həcminin 6,4 faizi deməkdir. Cari ilin yanvar ayı ilə müqayisədə son 9 ayda xarici borc 236,6 milyon dollar azalıb. Ümumilikdə isə son 7 ildə Azərbaycan hökuməti xarici borcu 2 dəfəyə yaxın azaldıb. Belə ki, 2018-ci ildə xarici dövlət borcu 9 milyard dollar təşkil etdiyi halda, indi 5 milyard dollardan da azdır. mənbə

İkincisi, dünya maliyyə təşkilatları ilə imzalanmış borc öhdəlikləri beynəlxalq müqavilə ilə tənzimlənir və borcun qaytarılmasının vaxtının uzadılması və qrafik dəyişiklikləri kiminsə istəyi ilə müəyyən olunmur. Azərbaycan hökuməti ilə kreditorlar, yəni borc verən maliyyə və bank institutları, kredit təşkilatları ilə imzalanmış sazişlərə əsasən, xarici borcumuzun qaytarılma müddəti müəyyənləşib və hələ ən azı 10 il müddət var. Belə ki, xarici borcun 50,7 faizi 5 ilə qədər olan müddətdə, 43,9 faizi 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. mənbə

Göründüyü kimi Azərbaycanın xarici borcu qaytarması üçün kifayət qədər vaxt var və borcun qaytarılmasının vaxtını uzadılması üçün müraciət iddiası gülüncdür.
Üçüncüsü, Azərbaycanın cəmi 4,9 milyard dollar həcmində borcunu qaytarmaq imkanına gəlincə qeyd edək ki, borcun ümumi həcmini illərə bölsək bir il üçün təqribən 408 milyon dollar edir. Bu vəsait Azərbaycan üçün hədsiz dərəcədə kiçik rəqəmdir, 40 milyard manatlıq dövlət büdcəsinin 1,5 faizidir. Yaxud, bir ildə strateji valyuta ehtiyatlarından qazandığı vəsaitin yarısından da azını ödəməklə Azərbaycan borcu tam sıfırlamaq imkanına malikdir. Məsələn, 2025-ci ilin ötən 11 ayında ölkəmizin strateji valyuta rezervləri 12,5 milyard dollar artıb. Təkcə, bu rəqəm cəmi xarici borcdan 2,6 dəfə çoxdur. Azərbaycanın toplam strateji valyuta ehtiyatlarının həcmi isə 83,5 milyard dollar təşkil edir. Yəni, valyuta rezervlərimiz xarici borcdan 17 dəfə çoxdur və belə olan halda çox asanlıqla borcu bağlamağa imkan verir.

Daha da konkretləşdirsək, Azərbaycan rezervlərinin 6 faizini xarici borca xərcləməklə borca məsələsinə birdəfəlik nöqtə qoymuş olarıq.
Prezident İlham Əliyev də bəyan etdiyi kimi, biz istəsək xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik.
Ona görə də, İlqar Məmmədovun “Azərbaycan Hökuməti xarici borcla bağlı çətinliklər yaşayır” və “kreditorlarla borcun müddətini uzatmağa çalışır” və s. bu sayaq fikirləri yersiz və arqumentsizdir.
Əvvəla, qlobal reytinq təsisatları hansısa dövlətin investisiya və ya kredit reytinqini yüksəldərkən onun maliyyə dayanıqlılığı və investiya imkanlarına əsasən rəy verir. Yuxarıda adlarını çəkdiyimiz reytinq agentliklərinin şərhlərinə diqqət etməklə görmək olar ki, onların hər biri Azərbaycanı güclü fiskal və xarici mövqeyə malik olması, xarici valyuta aktivlərinin əhəmiyyətli artması, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərini nəzərə alaraq reytinqi yüksəldib. Cərimələrin isə fiskal və xarici maliyyə mövqeyinə aid edilməsi iddia edənin savadsızlığının göstəricisi sayıla bilər.
İkincisi, İ.Məmmədov Azərbaycanın yüksək reytinq əldə etdiyi tarixlə son büdcə paketinin qəbul edildiyi tarixləri belə bir-birindən seçə bilmir. Bir daha xatırladırıq ki, Azərbaycan “BBB-” və “Baa3” səviyyəli reytinqləri 2024-2025-ci illərdə qazanıb və həmin reytinqlər 2024-cü ilin fiskalı və maliyyə-tədiyyə balansı vəziyyətinə əsasən təyin edilib. Son büdcə zərfi isə 2025-ci ildə və 2026-cı ilin büdcə paketləri üzrə proqnozlara əsaslanır.
İ.Məmmədovun digər ehtimalı təəccüb doğurur. O, qeyd edir ki, hökumət gələn il öz aktivlərini satmaq niyyətindədir. Sitat: “ Hökumət gələn il özünün bəzi etibarlı sayılan aktivlərini satmaq niyyətindədir – səhmlər, qiymətli kağızlar-filan. Bunun nəticəsində reytinq birdən birə yerə çırpılmasın deyə, hökumət sözü gedən xahişi edib”.
İlqar Məmmədovun təkcə 2-3 cümlədə buraxdığı orfoqrafik səhvləri bir kənara qoyub, yalnız kontent-analizə diqqət yetirək.

Məlumdur ki, Azərbaycanın qlobal bazarlarda yerləşdirdiyi səhm və qiymətli kağızların, aktivlərin əsas idarəedicisi Dövlət Neft Fondudur (DNF). Fondda toplanan aktivlərimiz dünyananın aparıcı maliyyə bazarlarında yerləşdirilərək hər il Azərbaycana kifayət qədər dividentlər gətirir.
Dövlət Neft Fondunun peşəkar komandası öz işlərinə olduqca məsuliyyətli və diqqətli yanaşaraq savadlı və bacarıqlı kadrlar kimi çevik və daim təkmilləşən idarəetmə taktikası seçirlər. Yəni Azərbaycanın aktivləri qlobal bazarın dəyişən fraqmentasiyalarına uyğun daim gəlir gətirən sahələrə investisiya olunur. Məhz bu uğurlu strateji yanaşmanın nəticəsidir ki, Neft Fondu hər il aktivlərinin idarə olunmasından ən azı 5 milyard dollar qazanır. Bu dinamika 2025-ci ilin yanvar-sentyabr aylarında da davam edib, bu müddətdə DNF-nin aktivləri ilin əvvəlinə nisbətən 16,9 faiz və ya 10 milyard dolar artaraq 70,1 milyard dollar təşkil edib ki, aktivlər portfelində vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər 5,2 milyard dollardan çox olub. Yəni aktivlərdən qazanılan dividentlər az qala neft-qazdan əldə edilən gəlirləri üstələyib. Aktivlərin tərkibində isə səhmlər, qızıl və digər investisiyalar üzrə güclü altportfeldə əhəmiyətli artım tendensiyası müşahidə edilib. mənbə
Göründüyü kimi İ.Məmmədovun “ehtimal nəzəriyyəsinin” bu bəndi də içiboş və mənasız fikirlərdən ibarətdir.
Onun başqa bir ehtimalı devalvasiya ilə bağlıdır. Bu, İ.Məmmədovun 4-5 ildir təkrarladığı və hər dəfə də özünü doğrultmayan və fiaskoya uğrayan fərziyyəsidir.
Azərbaycanda devalvasiya üçün heç bir təhülkə və risk yoxdur, bunu həm hökumətin iqtisadi ssenarilərindən, həm də nüfuzlu beynəlxalq institutların yaxın dövrə dair rəy-proqnozlarından da görmək olar.
Hökumətin bir müddət əvvəl açıqladığı “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” Sənədində Azərbaycan manatının əsas aparıcı dünya valyutası olan dollara qarşı yaxın 3-4 illik məzənnə ssenarisini elan edib. Həmin proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində, yəni 1,7 AZN nisbətində müəyyən edilib. istinad
Hazırda Azərbaycanın Dövlət Neft Fondu və Mərkəzi Bankın birlikdə strateji dollar ehtiyatları 83,5 milyard olmaqla manat üçün güclü və böyük təhlükəsizlik yastığı yaradır.
Dünyanın ən nüfuzlu iqtisadi tədqiqat institu olan “Fitch Solutions”un bügünlərdə açıqladığı yeni hesabatda Azərbaycanın monetar və maliyyə sabitliyinin vəziyyəti üzrə proqnozlar əks olunub. Hesabatda qeyd edilir ki, Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 2026-cı ildə 1,7 səviyyəsində qalacaq və yaxın dövrdə məzənnə dəhlizində ciddi dəyişikliklər gözlənilmir. intellinews

Azərbaycanda manatının məzənnəsi ilə bağlı “The Economist Group”un proqnozları da eyni fikri təkrarlayır: 2024-2029-cu illər Azərbaycan manatının ABŞ dolları qarşısında kursu 1,70 AZN səviyyəsində stabil qalacaq. istinad
Yekunda qeyd edək ki, İlqar Məmmədovun irəli sürdüyü fikirlərin hər biri özünün də vurğuladığı kimi ehtimallara əsaslanır. Onun uzun illər siyasətdəki ehtimalları necə qeyri-dəqiq və özünü doğrultamayan, saxta iddialarla dolu idisə, yeni sahədə irəli sürdüyü iqtisadi "ehtimallar" da bir o qədər mənasız və gerçəklikdən uzaqdır.