Faktyoxla Lab. Azərbaycan əleyhinə daim iş aparan, son zamanlar isə bu fəaliyyətini daha da artıran, xüsusən də ermənipərəst mövqeyi ilə seçilən Konstanstin Zatulin barədə araşdırmanın I hissəsini təqdim edir.

Konstantin Zatulin- Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, Diaspor və İnteqrasiya İnstitutunun direktoru (keçmiş MDB Dövlətləri İnstitutu), 10 mart 2022-ci ildən Rusiya Federasiyası Dövlət Dumasının miqrasiya və vətəndaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, Xaricdə yaşayan həmvətənlər və miqrasiya siyasəti üzrə Hökumət Komissiyalarının, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın, eləcə də Xarici və Müdafiə Siyasəti Şurasının üzvüdür. 

O, 7 sentyabr 1958-ci ildə Batumidə anadan olub, milliyyətcə rusdur.

Atası Fyodr Zatulin Don kazakları nəslindəndir. NKVD-nin Sərhəd qoşunlarının polkovniki olmuş ata Zatulin daha sonra Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Türkistan sərhəd dairəsində 35 il xidmət edib.

K.Zatulin 1976-cı ildə ali təhsil almaq üçün sənədlərini Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MGİMO) versə də qəbul imtahanlarından keçə bilməyib. O, həmin nəticələri zəif olduğu üçün müsabiqə yolu ilə Moskva Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə qəbul ola bilmişdi.

1977-ci ildə Andropovun müavinlərindən birinin DTK blankında imzası ilə Konstantini Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürmək üçün rəsmi məktub göndərilib. Maraqlıdır ki, həmin dövrdə qiyabi təhsildən əyani təhsilə keçidə, yalnız hərbi xidmətdən sonra icazə verilirdi. Ola bilər ki, o vaxt 18 yaşlı Konstantin artıq DTK-da hərbi xidmətə başlamışdı və yaxud DTK zabiti olan atasının bu məsələdə xüsusi rolu olub. O, ali və orta xüsusi təhsil nazirinin müavini Nikolay Eqorovun 8 sentyabr 1977-ci il tarixli, 96-07-394.26. nömrəli sənədi əsasında 1977-ci il sentyabrın 14-də Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinin ikinci kursuna keçirilib.

“Sov.İKP tarixi” kafedrasında oxuyub, Tarix fakültəsinin komsomol komitəsinin ideologiya üzrə katibi olub. Partiyaya qəbul üçün ərizə versə də, İşçi fakültənin (Rabfak) partiya rəhbərliyi onu bəyənmədiyi üçün müraciəti uğursuz olub. 1981‒86-cı illərdə MDU-nun aspiranturasında təhsil alıb.

İkinci kursda Operativ komsomol dəstəsinin (OKO) fəalı, sonra tarix kafedrasının əməliyyat dəstəsinin komissarı, 1986-cı ildə isə Moskva Dövlət Universitetinin OKO komandiri olub. O burada qrup rəhbəri olduğu vaxtlarda adətən ayrı-ayrı tələbələr, xoşlamadığı qrup yoldaşları və digərləri haqda saxta donosları yuxarı rəhbərliyə çatdırması ilə xatırlanır:

Hətta 1990-cı ilin yanvarında "Moskovskiy Komsomolets" qəzeti Moskva Dövlət Universitetinin tarix fakültəsi tələbələrinin siyasi etibarsızlığı barədə K. Zatulinə OKO əməkdaşlarının raportlarına istinadən məqalə dərc edib (Vadim Poeqli, "1984" və digərləri və ya könüllü istibdad haqda polemik qeydlər” (Вадим Поэгли. "1984" и другие, или полемические заметки о добровольном сыске " -"Московский Комсомолец", 23 января 1990 г.).

Rusiya mətbuatı Zatulinin gənclik illəri ilə bağlı neqativ məlumatlarla doludur. Misal üçün, onun öz qrup yoldaşı tanınmış yazıçı Natan Eydelmanın qızı, Tamara Eydelmanı fakültə rəhbərliyinə satdığı bildirilir. Bundan əlavə, Zatulinin otaq yoldaşı Vladimir D. adlı tələbə onunla otaq yoldaşı olmaması üçün oranın dəyişdirilməsinə nail olub. Səbəbini isə tək Zatulinin çuğulluğu deyil, həm də dəhşətli dərəcədə pinti olması göstərilib: "O, çimmir, corablarını yumur, donuz kimi yaşayır".

Amma bu dəyişiklik Vladimirə baha başa oturur. Onu DTK-nin fakültə üzrə kuratoru sorğu-suala çəkir, xəbərdarlıq edir və digər formada cəzalandırır. istinad

1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra aspiranturaya daxil olub. 1986-cı ildə namizədlik dissertasiyasının uğursuz müdafiəsindən sonra yalnız operativ komsomol dəstəsində olduğu üçün Moskva Dövlət Universitetinin Lenin təpələrindəki əsas korpusunda aspirant yataqxanasında otağını saxlaya bilib. Adı MDU-nun İqtisadi Əməliyyatlar şöbəsində lift üzrə texnik kimi formal olaraq qeyd olunub. O, 1987-ci ilin payızına qədər, Ümumittifaq Leninçi Gənc Kommunistlər İttifaqının (VLKSM) Mərkəzi Komitəsi katibi İosif Orconikidzenin köməkçisi vəzifəsinə keçib. Bu səbəbdən ona Moskvada mənzil verilib.

1989-cu ilin yanvarında Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzləri əsasında Gənc Müəssisə Menecerləri Assosiasiyası yaradılır və Zatulin icraçı direktor təyin olunur.

1990-cı ildə Moskva Şəhər Şurasına keçirilən seçkilərdə Zatulin namizədliyini irəli sürür və nəticədə nisbi səs çoxluğu ilə qalib gəlir. Lakin yetərsay olmadığı üçün seçkinin nəticələri ləğv edilir. O, 1990-cı ilin payızında təkrar namizədliyini verir (hərçənd qanunla qadağan idi, amma yenə də bu şəxsə güzəşt edilir) və yenə də seçici fəallığın aşağı olması səbəbi ilə dairənin nəticələri etibarsız sayılır.

1990-cı ilin mayında İosif Orconikidzenin (o vaxt Moskva Şəhər İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsini tuturdu) köməyi ilə K.Zatulin Yuri Milyukov, Mark Masarski və Qriqori Poleşçuk ilə birlikdə Moskva Əmtəə Birjasını (MƏB) təsis edir. K.Zatulin Birja Komitəsinin üzvü və birjanın həmsədri seçilir. MƏB ölkədə ilk rəsmi qeydiyyatdan keçmiş birja olur. 

1990-cı ilin yazında K.Zatulin “Rusiya brokerləri” (“Robrok”) broker firmasını yaradır və ona rəhbərlik edir.

1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində Moskva Şəhər Şurasının rəhbərliyi Yaponiyadan gələn humanitar yardımı (avtomobillər, televizorlar, maqnitofonlar, videokameralar və digər məişət elektron avadanlıqları) hərraca çıxarmaq qərarına gəldi ki, satışdan əldə olunan vəsait Moskva Meriyasının Sosial Müdafiə Fonduna daxil olsun. K.Zatulin bu əməliyyatı özünün rəhbərlik etdiyi SSRİ Müəssisə Rəhbərləri Assosiasiyasına (Ассоциации руководителей предприятий СССР) həvalə edilməsinə nail olur və həmin təşkilat öz növbəsində K.Zatulinin “Robrok” firması ilə bir sıra hərracların keçirilməsinə dair müqavilə bağlayır. Nəticədə həm Assosiasiya, həm də Robrok ümumi gəlirin bit faizini əldə edir. (M. Aleksandroviç. “Moskva Şəhər Şurası: Verilən verilmir, satılır” "Kommersant", N4, 21-26 yanvar 1991-ci il). Sonra bu məişət texnikası “komisyon mağazalarda” (Sovet dövründə xaricdən gələn malların satıldığı xüsusi imtiyazlı mağazalar belə adlanırdı-red.) auksiondakı qiymətdən bir neçə dəfə baha qiymətə satılıb.

Zatulinin növbəti maliyyə fırıldağı 1992-ci ildə "Moskva və moskvalılar" adlı qalmaqallı lotereyanı keçirilməsi zamanı baş verib.

Lotereya 1992-ci ildə "Moskva İşıqları" ASC (Sergey Şarkin), Moskva Trust Şirkəti (Vitse-Prezident - Vasiliy Popov, təsisçilərdən biri - K.Zatulin) və "Rusiya İnformasiya Texnologiyaları" ASC (baş direktor - V. Popov, Zatulinin şirkətləri ilə eyni ünvanda Varvarka 11-də qeydiyyatdadır) tərəfindən təşkil edilir. K.Zatulin, V.Popov, S.Şarkinin daxil olduğu Şəhər Lotereyalarının və Bələdiyyə Kreditlərinin keçirilməsi üzrə Komissiya Bələdiyyə Mənzil Təsərrüfatı Departamentinə tapşırır ki, "... Moskva Trest Şirkətinə 95 min rubl dəyərində 140 mənzil satılsın”. Burada göstərilən qiymət simvolikdir: Moskvada 1 m2 hətta o zaman bir min dollara başa gəlirdi. Lotereyadan əldə edilən gəlirin 30 faizi təsisçilərə - yəni üç özəl firmaya ayrılmalı idi.

Araşdırmalar zamanı bəlli olub ki, Zatulin və tərəf müqabilləri biletləri qəsdən səhv çap edib və elanda göstərilən “Hər üçüncü bilet qalibdir” fikri yalan olub. Bu fırıldaq nəticəsində cəmi 14 nəfərin lotereyası uduşlu olub, lakin yekunda heç onlara da ev verilməyib. Sonradan Moskva meri Yuriy Lujkov lotereyaya qadağa qoyub. Bu qadağadan sonra da televiziyalarda lotereyanın reklamı aparılıb və qanunsuz biletlər satılıb.

1992-ci ilin avqust-sentyabr aylarında Zatulin Beynəlxalq Ticarət Əməkdaşlıq Bankının (MBTC Bank) yaradılması təşəbbüsü ilə çıxış edib və təklif edib ki, səhmdarlar yalnız bankın 500 səhm paketinə abunə olan Regionlararası Birja və Həmkarlar İttifaqının (MBTC) üzvləri ola bilərlər (paketin nominal dəyəri 500 min rubl idi). 1992-ci il sentyabrın 21-də o, bankın Direktorlar Şurasının sədri seçilib. 1992-ci ildə MBTC nəzdində beynəlxalq mübadilə bankının yaradılması üçün təsis ödənişləri Oş Ticarət və Maliyyə Birjasına toplanır.  Lakin 1994-cü ilin oktyabrında Oş Birjası pulların müəmmalı şəkildə yoxa çıxması haqda açıqlama yayıb.

1993-cü ildə “Rusiyada Birlik və Həmrəylik Partiyası (PRES)” siyahısından birinci çağırış. Dövlət Dumasına seçilib. 1995-ci ilin noyabrında PRES fraksiyasından qovulur və Dumaya namizədliyi “Rus İcmaları Konqresi”ndən irəli sürülsə də seçkini kosmonavt Vitaliy Sevastyanova uduzur. 1999-cu ildə Dövlət Dumasının üçüncü çağırış seçkilərində təkrar iştirak edir və yenə də Sevastyanova məğlub olur.

Nəhayət, Rusiyada 1999-cu ilin sonu 2000-ci ilin əvvəlində siyasi hakimiyyətdə baş verən dəyişikliklərdən sonra, Zatulinin də ulduzu parlayır.

Əvvəl o, Prezident proqramlarının Moskva fondunun idarə heyətinin sədri seçilir. Daha sonra isə 2003-cü il seçkilərində Dumaya seçilməyə “müvəffəq” olur.

Zatulinin ilk dəfə 1996-cı ilin martında Ukrayna Hökuməti tərəfindən Krım Muxtar Respublikasına girişi qadağan olunur.

2006-cı il iyunun 3-də Ukrayna Təhlükəsizlik Xidməti onun “Ukraynanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında Ukrayna qanunu əsasında ölkəyə giriş qadağan” edir. “Zatulinin fəaliyyəti Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd, etnik ədavətin qızışdırılması ilə bağlı qanunsuz əməllərin həyata keçirilməsi üçün ilkin şərait yaradır”. (Veçerniy Xarkov, 6 iyun 2006) istinad

23 may 2010-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən qondarma rejimin “parlamenti”nə keçirilən “seçkiləri müşahidə etmək” məqsədilə bölgəyə səfər etdiyi üçün Azərbaycan dövləti tərəfindən də “arzuolunmaz şəxs” elan edilib;

2018-ci ildən Estoniya onun ölkəyə girişinə qadağa qoyub;

Rusiyanın Ukraynana hərbi təcavüzündən sonra Avropa İttifaqının 25 fevral 2022-ci il tarixli qərarı ilə fərdi sanksiyalara məruz qalıb;

Ukraynanın separatçı regionlarının müstəqilliyini tanıdığı üçün Böyük Britaniyanın 11 mart 2022-ci ildə sanksiya siyahısına düşüb;

7 sentyabr 2022-ci ildə Ukrayna, 30 sentyabr 2022-ci ildə ABŞ sanksiyaları ilə üzləşib, 23 fevral 2023-cü ildə Kanada anoloji addımı atıb;

2022-ci ilin oktyabrında “Russia Today”-in rəhbəri Marqarita Simonyan ilə birlikdə Ermənistanda da arzuolunmaz şəxs hesab edilərək ölkəyə girişinə qadağa qoyulub;

Sonradan Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəklədiyi üçün İsveçrə, Avstraliya, Yaponiya və Yeni Zelandiyanın sanksiya siyahısına daxil edilib.

Ailəlidir, 1 qızı, 4 nəvəsi var.

Büdcənin mənimsənilməsi İnstitutu

Rusiyanın “The Moscow Post” qəzeti 2021-ci ildə yazırdı ki, oxucular və sosial media istifadəçiləri Dövlət Dumasının deputatı, MDB ölkələri ilə iş Komitəsinin üzvü Konstantin Zatulinin dövlət büdcəsini talamasından hiddətləniblər. Məlum olub ki, onun rəhbərlik etdiyi “MDB Ölkələri İnstitutu” (hazırda Diaspor və İnteqrasiya İnstitutu adlanır-red.) “Qazprom”un pulu hesabına yaşayır və siyasətçinin özü də dövlət müqavilələrindən milyonlar mənimsəyən biznesə sahibdir. Belə ki, onun rəhbərlik etdiyi İnstituta ayrılan dövlət vəsaitinin miqdarı  təkcə 2021-ci ildə 156 milyon rublu keçib. Biznesə gəlincə isə söhbət “Russkiy Vopros” ASC-dən gedir və bu şirkətə televiziya proqramlarının hazırlanması üçün “TV Tsentr” ASC-dən 24,5 milyon rubl ayrılıb.

“MDB ölkələri İnstitutu” 1996-cı ildə təsis edilib. Təsisçilər Rusiya Federasiyasının MDB Üzv Dövlətləri ilə Əməkdaşlıq Nazirliyi, Rusiya Federasiyasının Millətlər və Federal Əlaqələr Nazirliyi, Federal Sərhəd Xidməti, Federal Miqrasiya Xidməti, Moskva meriyası, MDBMİ, Moskva Dövlət Universiteti və “Nezavisimaya qazeta” olublar. İnstitutun direktoru K. Zatulin, İnstitutun Elmi Şurasının sədri isə Andranik Miqranyan seçiliblər.

"UkrainianCyberAlliance”,  "CyberXunta" haker qrupları “InformNapalm” araşdırmaçılarına Zatulinin rəhbərlik etdiyi institutun və şirkətinin fəaliyyəti haqda sənədlər qovluğunu təqdim ediblər. Araşdırma müəllifləri bildirirlər ki, bu haker əməliyyatlarını Şərqi Avropada Rusiya xeyrinə və Ukrayna əleyhinə aksiyaları təşkil edən Aleksandr Usovskinin yazışmaları sındırlandan sonra həyata keçirmək mümkün olub. Əlavə edilir ki, bu materiallar, Rusiya Federasiyasının təxribat fəaliyyətinin daxili mexanizmlərini və Aİ-də Rusiya xeyrinə təbliğat işinin detallarını üzə çıxarmağa imkan verib.

Qeyd edilən qrup əvvəlcə “MDB Ölkələri İnstitutu”nun maliyyələşdirilməsi məsələlərini yoxlayıb. Məlum olub ki, bu qeyri-hökumət təşkilatı, Rusiyanın dövlət şirkəti "Qazprom"un hesabına yaşayır. Onlar “Qazprom Ekspress” və İnstitut arasında bağlanan 10 dekabr 2015-ci il tarixli, "№ ГПЭ-10/12-2015” nömrəli xidməti müqaviləni sertifikatını aşkar ediblər.

Müqavilənin şərtlərindən görünür ki, Zatulinin institutu şirkətə “informasiya-analitik xidmət” göstərməlidir. Siyahı ilə tanış olduqda görünür ki, “xidmətlər çeşidi”nə “Qazprom”-un işinə heç dəxili olmayan tədbirlər və analitik qeydlər daxil edilib. Bundan başqa, vəsaitlərin bir hissəsi də İnstitutun analitik materiallarının dərc olunacağı “materik.ru” saytının saxlanılmasına yönəldilib. 

Zatulinin “Qazprom”un prezidenti Millerə ünvanladığı məktubda 2017-ci il üçün maliyyələşmənin miqdarını 134 mln. rubl etməyi xahiş edib. 

Əldə edilən digər sənəddən görünür ki, "Krım xalqının ən yeni tarixi" layihəsinin həyata keçirilməsi məsələləri ilə bağlı Zatulin Prezident Administrasiyasının İctimai Layihələr üzrə rəhbəri P.S. Zenkoviçə qrant verən - "Bilik" cəmiyyəti ilə aralarında yaranan problemlərin həlli üçün müraciət edib. Belə anlaşırlır ki, Zatulinin İnstitutu layihəni vaxtında təqdim etməyib və smeta üzrə qalan 600 min rublun geri qaytarılması tələb olunur. Demək, layihənin əsas hissəsi, yəni 5 milyon rublun 4,4 milyon rublu Zatulin tərəfindən müxtəlif yollarla, müxtəlif layihələrlə silinib.

Hakerlər 2015-ci ildə elan olunan qrant layihəsinin qalibi ilə bağlanan müqavilənin sürətini də aşkar ediblər.

Aşkar olunan sənədlərdə göstərilir ki, İnstitutun 2018-ci ildə gəliri 126 milyon, 2019-cu ildə isə 125 milyon rubl təşkil edib.

Rəsmi olaraq başqa gəlir mənbəyi olmayan Konstantin Zatulinin Krasnodar diyarından seçilmiş ən zəngin deputat olmağı bacarması artıq təəccüblü deyil. “Kommersant” qəzeti yazırdı ki, 2020-ci ilin avqust ayına olan məlumata görə Zatulin 15,5 milyon rubl qazandığını rəsmi bəyan edib.

Bu isə Zatulinin illər üzrə gəlirləri barədə təqdim etdiyi bəyannamənin surətləridir:

Skrinlərə diqqət yetirsək görərik ki, Zatulin 2019-cu ildə rekord sayılacaq vəsait ‒ 15 milyon rubl qazanıb. O, bu vəsaiti necə və haradan qazandığını bəyan etməyib. Yazının davamında həmin vəsaitlərin haradan ötürülməsi haqda ümumi təsəvvür yaradıcılacaq.

“Dosye”-nin araşdırmasında da fakt təsdiqini tapır. Bu araşdırma mərkəzinin əməkdaşları bəlli ediblər ki, Zatulinin sponsorları “Qazprom” və “Rosoboroneksport”dur. “SPARK”-ın araşdırmasına görə, “Rosoboroneksport” 2017-ci ildə bu şəxsə “sponsor reklamı xidməti” adı ilə 5 milyon rubl, “Qazprom Eksport” isə 2018-ci ildə  “Müəssisənin idarəolunması məsələlərində konsaltinq xidmətinə” adı altında 148 milyon rubl ödəyiblər. 

“Ruskiy Vopros”

Sənədlərlə tanış olduqdan sonra dəqiqləşdirdik ki, doğrudan da Dövlət Dumasının üzvünün təsisçisi olduğu biznes strukturu var.

Məlum olur ki, ildə 24,5 mln. rubl vəsait ayrılan “Russkiy Vopros”-un cəmi bir işçisi var. Qalan bütün işləri Zatulinin rəhbərlik etdiyi İnstitutun əməkdaşları görürlər.
“Arbitr” Telegram kanalının müəlliflərinin sözlərinə görə, eyni şirkət hər il instituta təxminən iki milyon dollar (148 milyon rubl) vəsait ödəyir.

Məlum olub ki, adı qeyd olunan “analitik mərkəz”dən başqa Zatulinin büdcədən pul qopartdığı digər layihə də olub. O, “TV Tsentr” (ТВЦ) kanalında “Ruskiy Vopros” (Rus sualı) adlı müəllif proqramı aparır. Kiselyov və Solovyovun propaqandist layihələrinin pis variantı olsa da, Zatulin bu verilişdən külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi üçün istifadə edib.

Təqdim edilən bu sənəddən görünür ki, Zatulin “Qazprom” rəhbərliyindən 20 veriliş üçün beş milyon rubl pul istəyib. 2016-cı il göstəricilərinə görə, bir dollar təxminən 67 rubl olduğunu nəzərə alsaq o vaxtın qiymətləri ilə beş milyon rubl 75 min dollar vəsait demək idi.

Məsələnin maraqlı tərəfi oradadır ki, proqram üçün verilişləri kanalın peşəkar jurnalist kollektivi deyil, elə “MDB Ölkələri İnstitu”nun əməkdaşları hazırlayırmışlar. Misal üçün, skrində gördüyümüz şəxs, İnstitutun mətbuat mərkəzinin rəhbəri İvan Skorikovdur. Onun əlində tutduğu vəsiqədə “Ruskiy Vopros”un müxbiri olduğu yazılıb.

Halbuki, rəsmi olaraq bu veriliş Zatulinin rəhbəri olduğu “Ruskiy Vopros” ASC-nin adından götürülüb və “ТВЦ” telekanalı ilə hər verilişə görə 700 min rublluq müqavilə də bağlayıb.

Çox maraqlıdır ki, “ТВЦ” kanalı bu verilişin yayımı üçün çox aşağı qiymət tələbi qoyub: 5000 rubl. (74 dollar). Misal üçün, təqdim edilən skrində Sevastopolun NTS (НТС) kanalının proqramın hər verilişini 5000 rubla aldığı göstərilib.

Olduqca qəribə kommersiya mənzərəsi yaranır. Qazprom təbliğat proqramının buraxılışına görə milyonlarla rubl verir, “ТВЦ” kommersiya kanalı bir buraxılış üçün daha bir milyon rubl ödəyir ki, sonda onlar qəpik-quruşa yayım hüququ versinlər.

Nəhayət, 2017-ci ilin əvvəlində “ТВЦ” bu proqramın yayımını dayandırır. Amma onlar Zatulinin əndazəsiz israrını və donos yazmaq, şantaj etməkdə böyük bacarıq sahibi olduğunu düşünbəyiblər. Belə ki, Zatulin kanalın bu “özbaşınalığına” son qoymaq üçün Putinin özünə şikayət məktubu yazıb.

İspaniya sahillərindəki bahalı ev

Rusiyalı jurnalistləri təəccübləndirən məqamlardan biri də Zatulin ailəsinin İspaniyada bahalı daşınmaz əmlaka sahib olmasıdır. Jurnalistlər ondan bu mülkü necə əldə etməsi haqda soruşanda deputat bildirmişdir ki, İspaniyada kurort bölgələrdən birində aldığı evi 1998-ci ildə əldə edib. Səbəbini belə izah edib ki, qızı Darya (sonradan Rusiya MN sözçüsü olub, ehtiyatda olan general-mayordur-red.) astma xəstəliyindən əziyyət çəkdiyi üçün həkimlər ona Krım havasını məsləhət görüblər.

Amma Ukrayna dövləti bu şəxsin ölkə hüdudlarına daxil olmasını qadağan etdiyindən o, Krım havasına bənzər yeri İspaniyada tapıb. O, buna görə jurnalistlərdən, seçicilərindən üzr istəməyəcəyini deyib. Jurnalistlərin “Soçinin havası İspaniyanın kurort şəhərindən nədə geri qalır” sualına Zatulin cavab verməkdən imtina edib.

İspaniyadakı evə gəldikdə, araşdırmaçılar Zatulinin “Gabriela Mistral 23 Torrevieja, Alicante” ünvanında yerləşən 94,2 kv.metrlik villasının görüntülərini əldə edə biliblər. 

Bunlar isə onun ev almasını əks etdirən sənədlərin surətidir:

Xatırladaq ki, Zatulin Qazaxıstanda etiraz aksiyalarını “Dojd” kanalı üçün məhz İspaniyanın Torrevyexa şəhərindən şərh edib.

O, İspaniyadakı evindən müsahibə verdiyini özü etiraf edib: “Hazırda İspaniyadayam. İki ildən sonra 92 kv.metrlik evin vəziyyəti ilə tanış olmaq istədim”

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan iki gün sonra Avropa İttifaqı bu şəxsə qarşı fərdi sanksiyalar tətbiq edib və qəbul edilən şərtlərə uyğun olaraq İspaniya onun mənzilinə həbs qoyub.  

Araşdırmalardan belə məlum olur ki, Zatulinin işçilərinin də daşınmaz əmlak marağı böyük olub.

Misal üçün, aylıq 40-65 min rubl arası maaş alan əməkdaşlardan Aleksandra Dokuçayevanın (MDB ölkələri İnstitutnun diaspor və miqrasiya şöbəsinin müdiri) 2013-cü ildə BƏƏ-nin Acman şəhərində  (“Ajman Pearl”, bina B5, mənzil 8) 142 370 dollara 87,9 kv.metrlik mənzil almasını əks etdirən sənədlər yayılıb.

Bundan başqa həmin layihədə (“Ajman Pearl”, bina 5, mənzil 07A) dəyəri 79 329 dollar olan 34 kv.metrlik ikinci mənzilin alındığı da bəlli olub. Ehtimal edilir ki, evlərin hər ikisi Zatulin tərəfindən alınıb və o, özünə yaxın bildiyi Dokuçayevanın adına sənədləşdirib.

 

Amma onu da qeyd edək ki, 2016-cı ildə müqaviləyə son verilib.

Aydın məsələdir ki, adi QHT əməkdaşı, deputat Zatulin üçün yüz minlərlə dollarlıq mənzillər şübhəli sövdələşmələrdir. Ola bilsin ki, o, Dövlət Dumasının deputatı kimi, xaricdəki daşınmaz əmlaklarının gizli qalmasına cəhd edib.

Amma Zatulinlə bağlı araşdırma apararkən onun əlində olanlarla, sahibləndiyi vəsaitlə, qiymətli əşyalarla qürrələndiyi təəssüratı yaranır. Konstantin Zatulin hər zaman statusunu nümayiş etdirməyi sevir. Düzdür o, bunu mürəkkəb üsullarla etmir, amma hər dəfəsində ətrafdakılarda böyük təəssürat yaratmağı bacarır.

Məsələn, o, funksional deyil, lakin statuslu olan Britaniya istehsallı “Vertu” telefonunu stolun üstünə qoymaqla həmişə diqqət çəkib. Bundan başqa media yazır ki, deputatın avtomobili “Audi A8L”-dir və o, sürərkən sürət həddini aşmağı xoşlayır. Konstantin Zatulinin bu avtomobilə ümumilikdə 500 min rubl məbləğində 700-ə yaxın cərimə yazılıb. Lakin “xalq nümayəndəsi” cərimələri ödəməyə tələsmir, çünki bu məbləği daha maraqlı işə sərf etmək daha yaxşıdır. (istinad)

Rusiya mediasında 14 aprel 2021-ci ildə dərc olunan “Dövlət Dumasının deputatı Zatulin 2,8 milyon rublluq saatı ilə qürrələnir” başlıqlı yazı da bu barədədir.

Məqalədə qeyd olunur ki, RF Dövlət Dumasının deputatının bahalı qol saatlarına üstünlük verdiyi üzə çıxıb. Onun kolleksiyasında mavi siferblatlı ağ qızıldan hazırlanmış “Franck Muller Mariner Collection” saatı var.

Amma bu saat da onun kolleksiyasının ən bahalı aksessuarı deyil. Onun siferblatı ağ qızıldan hazırlanmış “Breguet Marine Chronograph Men’s 5827bb/12/5zu” saatının qiyməti 17.250 dollardır.

Həmin yazıda qeyd olunan məqamları burada saxlayıb, “Franck Muller” saatları ilə bağlı vacib qeyd etməli məqamı xatırladaq. "Franck Muller" saatları dünyanın ən bahalı onluğunda olan brend markalardandır. İsveçrənin məşhur brendi "Franck Muller" saatlarının sahibi erməni əsilli iş adamı Vartan Sirmakesdir. Onun ermənilərlə sıx əlaqələrini nəzərə alsaq, bahalı "Franck Muller" saatının məhz erməni iş adamları tərəfindən hədiyyə olunduğu istisna edilmir.

17 iyul 2024-cü il tarixində kompromat1.online saytında “Dövlət Dumasının deputatı Konstantin Zatulin büdcəni mənimsəməkdə və cinayət strukturlarına lobbiçilik etməkdə ittiham olunur” başlıqlı məqalə dərc olunur. Məqalədə bildirilir ki, Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Konstantin Zatulin digər deputat, Rusiya Federasiyası Kommunist Partiyasından olan Sergey Obuxovla dava edib. Səbəb isə deputat Obuxovun müsahibələrdən birində Zatulini miqrant-mafiya strukturlarının səsi adlandırması olub. Zatulin öz növbəsində Obuxovdan parlamentin etika komitəsinə şikayət edib.

Məqalədə qeyd edilir ki, Obuxova qətiyyən simpatiya bəsləməsələr də, dediklərində həqiqət var. Zatulin təkcə miqrant mafiya strukturlarının səsi deyil, o, millətlərarası dialoqun təşkili adı altında büdcəni ən çox talayanlardan biridir.

“Dövlətin on milyonlarla dollar pulu onun rəhbərlik etdiyi “Diaspor və İnteqrasiya İnstitutu”na (keçmiş adı “MDB Ölkələri İnstitutu” adlanırdı) axıdılır. Zatulinin institutu isə bu pulları müxtəlif ölkələrdə etnik biznes qrupları üçün şənliklərin təşkili və konfrans keçirmə adı ilə mənimsəyir” - deyilən məqalədə  bu şəxsin Ermənistanda gördüyü qara işlərə də toxunulub:

“Əvvəllər, məsələn, Paşinyan əleyhinə bəyanatlar, açıqlamalar verənə qədər Ermənistanda onu yaxşı “yedizdirirdilər”. Orada ona bahalı ziyafətlər verir, dövlət hesabına “erməni konyakı” və italyan şərabı sel kimi axırdı. Əlbəttə ki, belə bir mühitdə məsələlər daha asan həll olunur - buna görə də Zatulin tez bir zamanda müxtəlif etnik qruplar, o cümlədən tamamilə cinayətkarlar üçün təcrübəli lobbiçiyə çevrildi”.

 

Növbəti yazımızda:

Erməni lobbiçilərinin Zatulinin İnstitut və şirkətlərini necə maliyyələşdirir?;

“Lazarev klubu”nun təsisçiləri və fəaliyyəti hansı sxem üzrə qurulub?;

və Zatulinin digər “cinayətləri” haqqında məlumat verəcəyik.