“The Insider” Fransanın "Dassault Aviation” aviakosmik şirkətinin top-meneceri, vaxtilə Ukraynaya qırıcı təyyarələr və zenit kompleksləri satan Anri Prolyonun hazırda Rusiyada böyük biznes layihələri həyata keçirdiyi haqda araşdırma yazısı təqdim edib.
Faktyoxla Lab. həmin məqalədən bəzi hissələri təqdim edir.
“The Insider” yazır ki, 1949-cu ildə anadan olan Anri Eduar Prolyo Fransa siyasi elitasına tanış simadır. O, 2009-2014-cü illərdə Fransanın elektrik enerjisi nəhəngi sayılan “Électricité de France”-ın (EDF) Dövlət konserninin baş direktoru olub. Onun rəhbərliyi zamanı şirkətin Rusiya dövlət strukturları ilə şübhəli əlaqələri mətbuatın diqqətini çəkib və iş adamı güc strukturlarının apardığı təhqiqatın əsas hədəf fiqurlarından biri olub.
14 sentyabr 2023-cü ildə Milli Maliyyə Prokurorluğu tərəfindən başladılan istintaq hərəkətləri zamanı Prolyonun EDF-yə məxsus binada yerləşən evində və ofisində axtarış aparılıb.
Keçmiş baş menecer korrupsiyada və korporativ aktivlərdən sui-istifadədə ittiham olunub. İttiham aktına rəqabətli tender olmadan məsləhət müqavilələrinin bağlanması, strateji məsləhətçilik, risklərin idarə edilməsi və lobbiçilik fəaliyətlərində yol verilən pozuntular da əlavə edilib.
O zaman Anri Eduarın seyfindən tapılan 300 min avro nağd pul vəsaitləri şübhələri daha artırmışdı. Prokurorluq iki il şərti həbs cəzası və 200 min avro cərimə istə də, gözəgörünməz qüvvə həm Prolyo, həm də EDF bütün ittihamlardan bəraət almasına şərait yaratmışdı.
Kremlin dostu
EDF-yə rəhbərlik etdiyi dövrdə Prolyonun Rusiyada müştərək layihələrdə iştirak üçün böyük maraq göstərdiyi müşahidə edilib. 2010-cu ildə Medvedyevin (Rusiya prezidenti olduğu dövr-red.) Fransaya səfəri zamanı “Holding MRSK” ASC ilə (indiki “Rosseti”) EDF arasında gələcək əməkdaşlıqla bağlı müqavilə imzalanıb. EDF-nin törəmə şirkəti olan “ERDF Vostok” MMC Tomsk Paylayıcı Şirkətinin “TRK” ASC-nin idarəçiliyini öz üzərinə götürüb. Bu müqaviləyə 2014-cü ildə Rusiya tərəfinin təşəbbüsü ilə son qoyulub, lakin törəmə şirkət nədənsə yalnız 2022-ci ildə ləğv edilib.
“The Insider” qeyd edir ki, bu layihə Prolyonun fransız energetika sektorunun Rusiya dövlət inhisarçılığına inteqrasiyasının ilk sınaq cəhdi idi. Bundan sonra, 2011-ci ildə Soçi şəhərində keçirilən Beynəlxalq İnvestisiya Forumunda EDF-lə Rusiyanın o vaxtki Baş naziri Vladimir Putin arasında “Cənub axını” qaz kəmərinin dəniz hissəsində 15% payı fransız şirkətinə verilməsi barədə müqavilə imzalanıb.
2012-ci ildə isə Sankt-Peterburq Forumunda Prolyo və “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller Avropada qazla elektrik enerjisi istehsalı sahəsində əməkdaşlıq sazişinə imza atıblar. Şirkətlər “Qazprom”-un eksklüziv yanacaq tədarükçüsü olması şərtilə qazla işləyən elektrik stansiyaları bərabər əsasda tikməyi və mövcud qaz elektrik stansiyalarını almağı planlaşdırırdılar.
Prolyonun Rusiyada ən uzunmüddətli əməkdaşlığı EDF-lə “Rosatom” arasında 2010-cu ildə imzalanmış müqavilə ilə başlayan bu ölkədəki nüvə sənayesindəki fəaliyyət olub. Təxminən həmin ərəfədə fransız şirkətinin rəhbəri “Rosatom”un xarici layihələrin idarə edilməsinə məsul olan Direktorlar şurasına daxil ola bilib. O, Rusiyanın dövlət inhisarçılığında möcüzəli iştirakını onunla əsaslandırıb ki, Rusiyanın atom elektrik stansiyalarında istifadə olunan Fransa istehsallı “Arabelle” turbinlərinin əsas sifarişçisi “Rosatom”dur.
2014-cü ildə Prolyo EDF-nin baş direktoru vəzifəsindən uzaqlaşdırılır və “Thales” müdafiə konserninin rəhbəri təyin edilir.
“Thales Group” Fransanın ən mühüm müdafiə istehsalçılarından biridir və qismən Fransa dövlətinə məxsusdur. 2023-cü ildə şirkət 18,42 milyard avro gəlir əldə edərək dünyanın ən böyük silah istehsalçıları arasında 17-ci yeri tutub.
“Thales”-in aerokosmik və kibertəhlükəsizlik sahəsindəki layihələri onu Fransa Müdafiə Nazirliyi üçün mühüm təchizatçı edib. 2015-ci ildə İqtisadiyyat naziri vəzifəsini icra edən Emmanuel Makron israrla müdafiə korporasiyasının rəhbərinin Rusiya ilə əlaqələrini kəsməyə çalışıb. Lakin Makronun maraqlar toqquşmasını həll etmək səyləri gözlənilməz nəticə verib. Prolyo seçim qarşısında qaldığı məqamda iki ölkədən məhz Rusiyanı seçir və 2015-ci ilin mayında “Thales”-in sədri vəzifəsindən istefa verir və digər müdafiə istehsalçısı nəhəngi olan “Dassault Aviation”-a keçir.
Prolyonun Rusiya ilə biznes əlaqələrinə hətta Rusiya-Ukrayna müharibəsi də təsir etməyib. “The Insider” müəyyən edib ki, Anri Eduar Prolyoya Rusiyada 3 şirkət (“Henri Proglio Consulting LLC”, “AP Energy Advisory LLC” və “Mezhproject LLC”) məxsusdur. Üç şirkətin hər birinin ya Anri Eduarın özü, ya da ailə üzvləri tərəfindən idarə olunduğu məlum olub.
Bu şirkətlər, məsləhət (konsaltinq) xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıblar və müharibə başlayandan üç il ərzində onların dövriyyəsi 633 milyon rubldan çox olub. Hesabatlarda şirkətlərin gəlirlərinin böyük hissəsinin mənbəyi açıqlamayan “digər gəlirlər” kimi təsnif edilir. Bu şirkətlərin dövriyyəsinin əhəmiyyətli hissəsinin Prolyonun özünə xərclənməsi haqda təkzibolunmaz faktlar var. Misal üçün, "AP Energy Advisory" MMC-nin 2024-cü ildə əldə etdiyi 46,1 milyon rublun 45,2 milyonu “idarəetmə xərclərinə” sərf olunduğu sənədlərdən görünür.
Anri Prolyo öz biznesini idarə etməklə yanaşı, 2013-cü ilin noyabr ayından “ABR Management” ASC-nin Direktorlar şurasının üzvüdür. Bu səhmdar cəmiyyət isə 2011-ci ildə Vladimir Putinə yaxın iş adamları və onun aktivlərinin nominal sahibləri Yuri Kovalçuk və Nikolay Şamalovun iştirakı ilə yaradılıb. Onlar isə “SOGAZ” sığorta şirkəti və “Milli Media Qrupu”nun (NMG) aktivlərinə sahibdilər.
Prolyo ilə yanaşı, “ABR Management”-in Direktorlar şurasına daha iki nəfər daxildir: Kiril Kovalçuk və Mixail Klişin.
Şirkət, Kiril Kovalçuk və “Rossiya” Bankının İdarə Heyətinin sədri Mixail Klışin 2016-cı ildən ABŞ sanksiyalarının təsiri altına düşüblər.
2022-ci ildə onlar əlavə olaraq Aİ, Böyük Britaniya və Kanadanın “qara siyahı”sına daxil ediliblər. Lakin bütün bunlar isə fransız top-menecerinin onlarla işləməsinə, bunun üçün böyük məbləğdə pul qazanmasına mane olmayıb. 2022-2024-cü illər üçün "Şirkətin idarəetmə orqanlarının üzvlərinə mükafatların ödənilməsi xərcləri"nə 110,7 milyon rubl ayrıldığı da bəlli olub.
“The Insider” fransız iş adamının son illərdə Rusiyaya tez-tez səfər etdiyini uçuşlar haqda məlumat verən mənbələrdən də təsdiqləyiblər. Müəyyən olunub ki, Rusiyanın Ukrayna üzərinə tammiqyaslı hücuma keçdiyi gün Prolyo Rusiyada olub və yalnız ertəsi gün, 25 fevral 2022-ci ildə Fransaya qayıdıb. 2022-ci ildən etibarən o, bir neçə aydan bir Moskvaya getdiyi haqda məlumatlar var. Sonuncu belə səfər 2025-ci ilin iyun ayına təsadüf edir.
“Dassault Aviation” və maraqların toqquşması
Prolyo 23 aprel 2008-ci ildən “Dassault Aviation” aerokosmik şirkətinin rəhbərliyindədir. Şirkətin 2024-cü il üçün maliyyə hesabatlarına əsasən, Anri Eduar müstəqil direktor və Audit Komitəsinin sədri vəzifəsini qoruyub saxlayır. Şirkətin hesabatında açıq şəkildə qeyd olunur ki, fransız hərbi podratçısının auditinə cavabdeh şəxs, eyni vaxtda Rusiya atom elektrik stansiyasının tikintisində və Kovalçuk qardaşlarının aktivlərinin idarə olunmasında iştirak edir.
“Dassault Aviation” həm döyüş, həm də mülki təyyarələr istehsal edən böyük fransız aerokosmik şirkətidir. “Dassault” dördüncü nəsil “Rafale” və “Mirage 2000” çoxməqsədli qırıcılarını, “Falcon” biznes təyyarələrini, “Neuron” pilotsuz döyüş təyyarələrinə sahibdir və “Future Combat Air System” (PAS) altıncı nəsil qırıcı təyyarə layihəsini hazırlayır. “Dassault Aviation”-un hesabatına görə, şirkət tərəfindən istehsal olunan mindən çox döyüş təyyarəsi artıq müştərilərin xidmətindədir.
“Dassault Aviation” müdafiə nəhəngi “Thales”-in kapitalının 27%-nə sahibdir. Bu paya görə, “Dassault Group”-un sahibi Serj Dassonun təsiri sayəsində Prolyo 2015-ci ildə tərk etməli olduğu “Thales”-in yenidən idarəçiliyinə qayıda bilib.
“The Insider” yazır ki, Anri Eduar Prolyonun işgüzar əlaqələri dərin maraqlar münaqişəsi yaradır.
Belə ki, Fransa Rusiyanın təcavüzünə qarşı müdafiə olunmaq üçün Ukraynaya həm “Dassault Aviation”, həm də “Thales” tərəfindən istehsal olunan silahlar verir. Eyni zamanda, Ukraynadakı müharibənin əsas ideoloqlarından biri- Yuri Kovalçukun biznes tərəfdaşı Prolyo bu müdafiə müəssisələrinin auditi və idarə olunması ilə məşğuldur.