Dünən bir çox saytlarda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının millət vəkili Məhmət Anıl Yüksel Balıkəsir şəhərində silahlı hücum nəticəsində qətlə yetirildiyi yazılıb.
Məlumata görə, hadisə Balıkəsirin Havran rayonunda baş verib. Ağır yaralanan Mehmet Anıl Yüksəl təcili olaraq Edremit Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, o, əməliyyat zamanı dünyasını dəyişib.
Faktyoxla Lab. qətlə yetirilən şəxsin kimliyini araşdırıb.
Məlum oldu ki, hakim Ədalət və İnkişaf Partiyasının Balıkəsir şəhərindən seçilən millət vəkilləri arasında Mehmet Anıl Yüksəl adlı şəxs yoxdur. Balıkəsirdən seçilən millət vəkilləri Belgin Uygur, Mustafa Canbey, Ali Taylan Öztaylan və Ekrem Gökay Yüksəldir.
Məlum oldu ki, silahlı hücum nəticəsində qətlə yetirilmiş Mehmet Anıl Yüksəl Balıkəsirin Havran rayonunda bələdiyyə üzvü olub. O, 2024-cü ildə hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə üzvlüyünə seçilib.
Hadisəni ədalət və İnkişaf Partiyasının Balıkəsir şəhər təşkilatının sədri Mehmet Aydemir də təsdiqləyib. M.Aydemir özünün “X” hesabında bildirib ki, "AK Partiyadan Havran rayon bələdiyyə üzvlüyünə seçilən, dəyərli yol yoldaşımız Mehmet Anıl Yüksəl uğradığı mənfur hücum nəticəsində qətlə yetirilib. Mərhum qardaşımıza Allah rəhmət diləyir, ailəsinə və təşkilatımıza səbr arzulayırıq. Günahkarların cəzalandırılması üçün əlimizdən gələni edəcəyik".
Mehmet Aydemirin bələdiyyə üzvü olduğunu Türkiyə mediası da təsdiqləyib.
Göründüyü kimi
- Qətlə yetirilən şəxsin hakim Ədalət və İnkişaf Partiyasının millət vəkili olması xəbəri yanlışdı;
- Qətlə yetirilmiş şəxs Balıkəsirin Havran rayonunda bələdiyyə üzvü olub;
- Hadisəni hakim partiyanın rəsmiləri də təsdiqləyiblər.