Sosial mediada Ermənistanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin, konkret olaraq ixrac qabiliyyətinin böyüyərək 8,4 milyard dollara çatmasına və Cənubi Qafqazda neftsiz ixracın həcminə görə, ilk yerdə dayanmasına dair məlumat və infoqrafika yayılıb. Yayılan məlumatlarda qeyd olunur ki, 2023-cü ildə Ermənistanın xalis ixracı 8,4 milyard dollar, Gürcüstanın ixracı 6,1 milyard dollar, Azərbaycanın qeyri-neft ixracı isə 3,3 milyard dollar təşkil edib. mənbə
Faktyoxla Lab. Ermənistanın yaydığı bu rəqəmlərin doğru olub-olmamasını araşdırıb.
Bildirək ki, qeyd olunan informasiya Ermənistanın iqtisadi qurumlarının statistikasına istinadən yerləşdirilib. Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə xarici ticarət dövriyyəsinin həcmi 2022-ci illə müqayisədə 46 % artaraq 20,7 milyard dollar təşkil edib. Əmtəə dövriyyəsinin 8,4 milyard dolları ixrac, 12,3 milyard dolları idxaldır. Ticarətdə təxminən 5 milyard dollarlıq mənfi saldo qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ildə bu ölkənin ixracının həcmi 5,3 milyard dollar təşkil edib. istinad
Statistika orqanının məlumatından belə qənaət yaranır ki, son bir ildə Ermənistanın ixrac 3,1 milyard dollar və ya faiz nisbəti ilə 55,3 % böyüyüb. Rəqəmləri araşdırdıqda məlum olur ki, Ermənistanın əmtəə dövriyyəsində ilk yeri ənənəvi olaraq Rusiya tutub. Rusiya ilə mal mübadiləsinin həcmi 2023-cü ildə 7,3 milyard dollar təşkil edib. Bu, 2022-ci illə nisbətdə 43,3% artımdır. Ermənistan Rusiyaya ixracı 3,5 milyard dolara bərabər olub. istinad
Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB ölkələri ilə yanaşı, Asiya və Avropa İttifaqı (Aİ) ilə mal dövriyyəsinin həcmi də yüksəlib. Aİ ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 17,1% artaraq 2,6 milyard dollara çatıb. Avropa ölkələrindən idxal olunan malların həcmi isə kəskin yüksəlib. Eləcə də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ticarətdə ön plana çıxıb, iki ölkə arasında mal mübadiləsi 2,3 milyard dollara çatıb, artım bir ildə 3,9 dəfə olub.
Ermənistanın xarici ölkələrə “satdığı” malların strukturuna gəlincə, ixracda əsas mallar qiymətli və yarımqiymətli daşlar, qızıl-zinət əşyaları, qiymətli metallar və onlardan hazırlanmış məmulatların dəyəri 3,2 milyard dollar (2022-ci illə müqayisədə 3,2 dəfə artım), maşın, avadanlıq və mexanizmlərin dəyəri 1,3 milyard dollar (artım 79,6 %), mədənçıxarma və yeyinti sənayesi məhsulları 1,8 milyard dollar (artım 2 dəfəyə yaxın), qalan 2 milyard dollar isə rabitə, elektrotexnika avadanlıqları, emal, tütün məmulatları, içiklər, yeyinti məhsulları və sair məişət malları olubdur. mənbə
Bəs, əslində vəziyyət necədir, qeyd olunan statistika və rəqəmlər həqiqi ixrac potensialını əks etdirirmi?
Ermənistanın Milli Statistika Komitəsinin və sosial mediada iqtisadi təşviqatla məşğul olan qrupların yaydığı məlumatların saxta və uydurma olmasını təsdiq edən kifayət qədər fakt və arqumentlər mövcuddur. İlk növbədə, bu saxta xarici ticarət statistikasını ifşa edən dünyanın məşhur maliyyə tədqiqatçısı, “Goldman Sachs” iqtisadi analitika mərkəzinin baş strateqi və Beynəlxalq Maliyyə İnstitunun baş iqtisadçısı Robin Bruksun fikirlərinə diqqət edək.
Cənab Bruksun sosial media hesablarında, eləcə də nüfuzlu iqtisadi nəşrlərdə erməni ekspertlərinin yalan və saxtakarlığını ifşa və məyus edən tutarlı fakt və əsaslı arqumentləri böyük rezonans doğurdu. R. Brusk 8,4 milyard dollarlıq saxta ixracın mahiyyətini sadə izahla açaraq həmin rəqəmlərin sadəcə xəyali ixrac artımı olduğunu bildirir. İqtisadçı qeyd edir ki, erməni “Statkom”unun ixrac rəqəmləri əslində başqa region və ölkələrdən, o cümlədən Aİ-dən Ermənistan üzərindən Rusiyaya daşınan malların ticarət statiskasıdır, bunun isə Ermənistanın xalis ixracı ilə heç bir əlaqəsi yoxdur. Ermənilərin bu propaqandası sadəcə ticarət fantastikasıdır.
R.Bruks qeyd edir ki, Ermənistanın Rusiyaya ixracı işğaldan əvvəlki dövrlə müqayisədə 430% artıb ki, bu da Aİ və Çin mallarının Rusiyaya təkrar ixracı deməkdir. İş bununla bitmir, son bir ildə Ermənistanın Qazaxıstana, Qırğızıstana, Özbəkistana və BƏƏ-yə də ixracları rekord rəqəmlərlə artıb. istinad
İnfoqrafikdan da göründüyü kimi Aİ (mavi) və Çin (qırmızı) üzərindən Rusiyaya (qara) istiqamətlənən tranzit malları 2022-ci ilin mart ayından - Ukrayna ilə müharibə başlayandan sonra kəskin diaqramla hər ay artıb və 2023-cü ilin sonlarında 430 faizi də ötüb.
Həmin ixrac malları gizli qapı olan Ermənistandan keçdiyindən erməni gömrüyü bunu milli ixrac kimi qeydə alır, ölkə “Statkom”unun ixrac nomenklaturasında yer alan həmin malların isə Ermənistana heç bir aidiyyatı yoxdur. (mənbə)
Göründüyü kimi Ermənistanın ixrac hesab etdiyi qiymətli metallar, elektrotexnika avadanlıqları, maşın və mexanizmlər, mədənçıxarma sənayesi və digər sənaye məhsulları xalis reeksportdur, yəni başqa ölkələrə məxsus malların Ermənistan vasitəsilə digər ölkəyə çatdırılmasıdır, təkrar ixrac sxemidir. Reeksportun əsas hissəsi isə birbaşa Rusiyaya aiddir. Belə ki, Ermənistanın 8,4 milyard dollarlıq reeksportunun təxminən 40 faizi və ya 3,5 milyard dolları Rusiyanın payına düşür. Son 3 ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsinin həcminin kəskin şəkildə artması bunun əyani sübutudur. 2021-ci ildə iki ölkə arasında mal mübadiləsinin həcmi 2,6 milyard dollar dollar təşkil edib. Dövriyyənin 1,8 milyard dolları Rusiyanın payına düşüb, qalan 800 milyon dollarlıq hissəsi Ermənistanın ixracı olub.
2022-ci ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 5,3 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə iki dəfə çoxdur. Ermənistandan Rusiyaya ixracın həcmi dörd dəfə artaraq əvvəlki ildəki 850 milyon dollardan 2,5 milyard dollara yüksəlib.
İxrac 2022-ci ilin ikinci yarısında daha sürətlə artıb ki, bu da Rusiyaya qarşı sanksiyaların ən şiddətli dövrlərinə təsadüf edir. Belə ki, əgər həmin ilin birinci yarısında Rusiyaya ixrac təqribən 546 milyon dollar təşkil etmişdisə, ikinci yarımildə bu rəqəm üç dəfə artaraq 1,8 milyard dolları ötüb. Ermənistanın ixracında mexaniki və elektron avadanlıqlar ən rekord həddə çatıb, təxminən 10 dəfə artım baş verib. Həmin avadanlıqların ixrac dəyəri 60 milyon dollardan 695 milyon dollaradək yüksəlib. (mənbə)
2023-cü ildə isə Ermənistan və Rusiya arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmi daha da artaraq 7 milyard 306 milyon dollara çatıb. Ermənistandan Rusiyaya ixrac 39% artaraq 3 milyard 418 milyon təşkil edib. Yəni, son bir ildə ixrac yenidən 1 milyard dollar yüksəlib. istinad
Məsələ ondadır ki, Ermənistanın Rusiyaya ixracı ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Belarus, Orta Asiya ölkələri ilə ticarət dövriyyəsi də kəskin artıb. Təkcə BƏƏ ilə əmtəə dövriyyəsinin həcmi dörd dəfə artaraq 580 milyard dollardan 2 milyard 298 milyon dollara çatıb. Mal mübadiləsində artım tamamilə Ermənistandan BƏƏ-yə ixracın hesabına baş verib. istinad
Ermənistanın BƏƏ-nə ixracının 4 dəfə artması da məhz Rusiya ilə bağlıdır. Rusiya sanksiyalara görə, bir sıra sənaye mallarını, o cümlədən hərbi təyinatlı məhsullarını Ermənistan-İran tranziti ilə ərəb bölgəsinə çatdırıb. Eləcə də Mərkəzi Asiya bölgəsindən in qızıl və qiymətli metallarının Ermənistanda emal olunaraq ərəb regionuna çatdırılması bu sxemin bir hissəsidir. mənbə
Reallıq isə bundan ibarətdir ki, Ermənistan hökumətinin 8,4 milyard dollarlıq ixrac kimi dünya iqtisadi icmasına sırımağa çalışdığı həqiqi potensialı yoxdur.
Bu ölkənin Rusiya Federasiyasına təxminən 3,5 milyard dollar dəyərində mal-material, xammal və avadanlıqlar istehsal edərək göndərməyə belə resursları, mənbələri yoxdur. Xüsusilə də son 2 ildə ixracın 430 faiz böyüməsini təmin edəcək ixrac qabiliyyəti və onun arxasında dayanan iqtisadi potensialı yaranmayıb. Ermənistanın Rusiyaya ixracının 4,5 dəfə artması üçün yerli sənayesi son 2 ildə ən azı 450 faiz böyüməli idi.
Bəs Ermənistan sənayesi son 2 ildə nə qədər inkişaf edib?
Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Ermənistanda yeyinti məhsulları da daxil olmaqla ümumilikdə sənaye istehsalı 7,9% artıb. Artım, əsasən, mədən hasilatı hesabına deyil, meyvə-tərəvəz konservlərinin istehsalı, eləcə də tikintiyə xidmət göstərən sənaye sahələri hesabına baş verib. Metal mədənlərindən hasilat isə (mis, molibden və s) 4,7% azalıb. Metallurgiya məmulatlarının və metal məmulatlarının istehsalı 15 faizdən çox artıb ki, bu da həmin məhsulun komponentlərinin idxalının artması ilə bağlıdır. istinad
Göründüyü kimi Ermənistanın 2022-ci ildə ixracının mənbəyini təşkil edən sənayesi cəmi 14 faiz artıb.
2023-cü ildə isə sənaye məhsullarının istehsalı 2022-ci illə müqayisədə cəmi 4,1% artıb. Mədənçıxarma sənayesində istehsalın həcmi 6,4% azalıb. Sənayenin strukturunda ən böyük paya malik sahələrindən biri olan emal sənayesində 6,7 % artım qeydə alınıb. Digər sahələrdə artım və azalma nisbətinin yekununa əsasən, cəmi sənaye potensialı ötən il 4,1 faiz böyüyüb.
Beləliklə, 2022-2023-cü illərdə Ermənistanın ixracının mənbəyi olan sənaye mallarının birlikdə istehsal həcmləri 18 faiz artıb. Bu o deməkdir ki, bu ölkənin ixrac potensialı və qabiliyyəti də yalnız 18-20 faiz arta bilər. Belə olan halda ixracın son 2 ildə 300-400 faiz, ələxsus da Rusiyaya ixracın 430 faizdən çox yüksəlməsi yuxarıda qeyd etdiyimiz kimi milli ixracın gücünə deyil, birbaşa reeksporta əsaslanan ixrac rəqəmləri olmasına şübhə yeri qalmır.
Ermənistanın xarici ticarətinin reeksporta əsaslandığını bu ölkənin iqtisadçıları da etiraf edir. “Orbeli” analitik mərkəzinin əməkdaşı Eliza Matevosyanın fikrincə, Ermənistanda ixracın artımı Rusiya-Ukrayna müharibəsindən sonra daha çox müşahidə olunmaqdadır, bu həm reeksport, həm də əsas ixrac olunan mal qruplarının çeşidinin artmasına səbəb olur.
İqtisadçı-ekspert Aşot Xurşudyan isə hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Ermənistan üzərindən keçirilən reeksportlar ixracı dayanmadan artırır. Xüsusilə də müxtəlif ölkələrə aid qiymətli və yarımqiymətli daşların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, eləcə də elektron avadanlıqların ixracındakı artımı daha çox nəzərə çarpır. (istinad)
Qərb ölkələri də Ermənistandan Rusiyaya məhsul satırlar
Məsələ ondadır ki, Ermənistanın ixracı ilə bərabər idxalının böyüməsi də milli iqtisadiyyatın tələbatına əsaslanmır. Avropa, Asiya, Yaxın Şərq və digər region ölkələri ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarından ehtiyat edərək öz mallarını birbaşa deyil, məhz Ermənistan üzərindən çatdırır. Son 2 ildə Aİ ölkələrindən Ermənistana ixracın artması da bunu təsdiq edir. 2022-ci ildə Ermənistanın Avropa İttifaqı ilə ticarəti əvvəlki illə müqayisədə 43,8 artaraq 1,2 milyard dollardan 2 milyard dolları ötüb. Ermənistan Avropa ölkələrindən böyük həcmdə sənaye avadanlıqları, maşın texnologiyaları alıb. mənbə
2023-cü ildə isə Aİ ölkələrindən Ermənistana idxalın həcmi daha 27,1% artaraq 2 milyard 249 milyard dollar təşkil edib. İdxalın həcminə görə ilk üçlükdə Almaniya (563, 6 milyon dollar, artım 23,2%), İtaliya (321, 4 milyon dollar, artım 31,1%) və Hollandiya (185 ,9 milyon dollar, artım 35,9%) dayanır. Aİ ölkələrindən Ermənistana idxal olunmuş əsas mallar maşın, avadanlıq və mexanizmlər, qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, yerüstü və hava nəqliyyatı vasitələri, mədənçıxarma sənayesi malları, sənaye məhsulları olub. Xüsusilə də son 2 ildə Ermənistanın Almaniyadan müxtəlif ağır texnika, elektronika məhsulları idxalında kəskin artım qeydə alınıb.
Sözsüz ki, həmin malları Ermənistanın daxili tələbatı üçün yox, Rusiyaya ötürülmək üçün idxal edib. Çünki Ermənistanın ötən il qeydə alınmış 12,3 milyard dollar dəyərində idxala ehtiyacı yoxdur. Bu həcmdə idxal malları 2,9 milyon əhalisi olan ölkə üçün hədsiz dərədə böyükdür. Adambaşına düşən idxalın həcmi illik 4246 dollar və ya aylıq 354 dollar təşkil edir. Kasıb və zəif bir ölkə olan Ermənistanda hər nəfər üçün ayda 354 dollar, 4 nəfərlik bir ailə üçünsə 1416 dollar dəyərində mal idxal olunması qətiyyən inandırıcı deyil. Bu, bir daha təsdiq edir ki, idxal olunan mal və avadanlıqlar Ermənistan əhalisi üçün deyil, üçüncü ölkəyə ixrac üçün gətirilir. Xüsusilə də Avropa İttıfaqından Ermənistanın özünün ehtiyac duymadığı məhsulların aramsız nəqli idxalın da məhz reeksporta xidmət etdiyini göstərir.
“The New York Times” ötən il Ermənistanın ABŞ və Avropadan aldığı bir sıra elektrotexniki vasitələri təkrar ixrac kimi Rusiyaya çatdırmasından narahatlığını ifadə edən yazı dərc etmişdi. ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun möhürü ilə işarələnmiş bir sənəddə deyilir ki, 2022-ci ildə Ermənistan 2022-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib və daha sonra həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib.
“Bild” nəşri də apardığı araşdırma nəticəsində Almaniyanın sənaye məhsullarının MDB ölkələri vasitəsilə Rusiyaya çatdırılması yollarının gizli sxemini aşkar edib. Nəşr Federal statistika orqanının məlumatına əsasən, qeyd edir ki, Rusiyaya sanksiyalar tətbiq olunduqdan sonra Almaniyadan Orta Asiya və Ermənistana ixrac 2 dəfədən çox artıb. İxrac olunan məhsulların böyük əksəriyyəti reeksport mənşəlidir və Rusiyaya çatdırılır. (mənbə)
Ermənistanın Rusiya, Belarus, İran və digər bölgələrə sanksiyalardan yayınaraq gizli ticarət sxemləri qurması ABŞ-ın hesabatlarında da öz əksini tapmaqdadır. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) hesabatında bidlirilir ki, Ermənistan başqa ölkələrin mallarının Rusiyaya ötürülməsində körpü rolunu oynayır. Xüsusilə də Rusiyanın hərbi sənayesində istifadə olunan elektrotexnika və radiotexnologiyalar, ciplər, digər bu tipli məhsullar Ermənistan üzərindən daşınır. ABŞ Ədliyyə Departamentinin əsaslı materiallarında saxta hesab-fakturalarla daşınan malların məhz Ermənistan və Kipr üzərindən Rusiya çatdırılması öz təsdiqini tapıb. mənbə
Ermənistana məxsus “Taco” MMC-nin (Çinin “Sinno Electronics. Co” şirkətinin İrəvandakı təchizatçısı) Rusiyaya radioavtomaika avadanlıqlarının tədarükünü həyata keçirdiyinə görə, sanksiya siyahısına salması da deyilənləri təsdiqləyir. mənbə
Ermənistan Rusiyaya ixrac etdiyi yarımkeçiricilər, mikrosxemlər, elektron avadanlıqların böyük əksəriyyəti bu ölkədə istehsal edilmir, yəni başqa coğrafiyalardan gətirilir. ABŞ Xəzindarlıq Agentliyinin notasında Ermənistanın “Milur Electronics” MMC və “Taco MMC”-nin Rusiya şirkəti olan “Radioavtomatika”ya mikroçiplər, elektron və telekommunikasiya avadanlığın satışını həyata keçirdiyi əks olunub. mənbə
ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu, Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi və Ədliyyə Departamenti Rusiya və Belarusla əlaqəli sanksiyalardan və ixrac nəzarətindən yayınma hallarında üçüncü ölkələrin iştirakına dair üçtərəfli notasında da gizli daşınma sxemində Ermənistanın adı yer alır. mənbə
Ümumilikdə, OFAC-ın sanksiya siyahısına Ermənistanın idxal-ixracla məşğul olan 20-dən çox şirkətinin adı daxil edilib.
Reallıq budur ki, başqa ölkələrə məxsus məhsul və avadanlıqlar İrəvana üzərindən başaq ölkələrə daşınır və Ermənistan bunu öz ixracı kimi qeyd edərək rəsmi statistika kimi qələmə verilir. Ermənistan hökumətinin 8,4 milyard dollarlıq ixrac kimi dünya iqtisadi icmasına sırımağa çalışdığı həqiqi potensialı yoxdur. Bu ölkənin Rusiya Federasiyasına təxminən 3,5 milyard dollar dəyərində mal-material, xammal və avadanlıqlar istehsal edərək göndərməyə belə resursları, mənbələri yoxdur. Xüsusilə də son 2 ildə ixracın 430 faiz böyüməsini təmin edəcək ixrac qabiliyyəti və onun arxasında dayanan iqtisadi potensialı yaranmayıb.
Yekun:
• Ermənistanın xalis 8,4 milyard dollar ixraca malik olması barədə yayılan rəqəmlər gerçək iqtisadi mənzərəni əks etdirmir və manipulyativ xarakter daşıyır;
• Ermənistan “Statkom”unun ixrac rəqəmləri əslində başqa region və ölkələrdən, o cümlədən Aİ-dən Ermənistan üzərindən Rusiyaya daşınan malların ticarət statiskasıdır, bunun isə Ermənistanın xalis ixracı ilə heç bir əlaqəsi yoxdur;
• Ermənistanın ixrac hesab etdiyi qiymətli metallar, elektrotexnika avadanlıqları, maşın və mexanizmlər, mədənçıxarma sənayesi və digər sənaye məhsulları xalis reeksportdur, yəni başqa ölkələrə məxsus malların Ermənistan vasitəsilə digər ölkəyə çatdırılmasıdır, təkrar ixrac sxemidir;
• Ermənistanın ixracı və ticarət-gömrük statistikası real ticari-iqtisadi qaynaqlara əsaslanmır, başqa ölkələrə məxsus malların öz adına rəsmiləşdirilməsi və ya qeydə alınması hesabına şişirdilən saxta ixrac statistikasıdır;
• Ermənistan Çin, Hindistan, İran və Mərkəzi Asiya və Avropa İttifaqından daxil olan məhsulları təkrar ixrac edərək Rusiya və digər ölkələrə istiqamətləndirir;
• Ermənistanın ixracında sənaye və qiymətli metallar kimi aktlaşdırılan malların böyük əksəriyyəti əslində hərbi sənaye məqsədləri üçün istifadə olunan elektrotexnika vasitələri, cip və elektrocihazlardır;
• Ermənistan ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını açıq-aşkar pozaraq öz tələbatı adı altında Aİ və müxtəlif ölkələrdən aldığı sənaye mallarını Rusiyaya göndərərək gizli tranzitin fəal iştirakçısıdır;