ADR Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, Azərbaycana Türkiyədən idxal olunan bəzi idxal məhsullarının qiymətləri dəhşətli dərəcədə bahadır. Məsələn, Türkiyənin özünün mağaza və marketlərində 6 ədəd 1,5 litrlik qablaşdırılmış “Erikli” təbii suyunun qiyməti 39,95 TL-yə bərabərdir. Həmin suyun 1 ədədinin qiyməti 6.65 TL və ya Azərbaycan manatı ilə 43 qəpik edir. Ancaq Azərbaycanda fəaliyyət göstərən “Bravo” supermarketlərində “Erikli” suyu (1.5 litr) 3,19 manatdır. Yəni, ölkəmizdə həmin məhsul Türkiyəyə nisbətdə 7.41 dəfə bahadır.
Q.İbadoğlu iddia edir ki, bahalılığın səbəbi gömrük prosedurları, gömrükdə əlavə xərc yaradan məsrəflərin çoxluğu və inhisarçılığın mövcudluğu ilə əlaqədadardır. Onun fikrincə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi bu məsələdə təqsirkardır.
Qubad İbadoğlunun dedikləri nə dərəcədə əsaslıdır, Türkiyədən Azərbayacana idxal olunan mallar həqiqətənmi 7 dəfə bahadır? Faktyoxla Lab. bu yöndə dəqiqləşdirmə aparıb.
Əvvəlcə müqayisə edilən Uludağın təbii suyu olan “Erikli”nin Türkiyədəki satış qiymətini nəzərdən keçirək. Türkiyənin əksər mağaza və satış marketlərində həmin su fərqli qiymətlərə satılır. Məsələn, “Erikli”nin 6 ədədinin (1,5 litr) qiyməti 70 TL, 12 ədədinin qiyməti isə 188 TL, 10 litrlik xüsusi qablaşdırılmış məhsulun qiyməti isə 98,27 TL-dir. 1,5 litrlik suyun qiyməti isə 17,5 TL-dir. Bu, Azərbaycan manatı ilə 1,12 manat deməkdir.
Türkiyənin digər mağazalarında da kampaniyalar zamanı həmin suyun qiymətlərində endirimlər tətbiq olunur ki, bu da sırf daxili bazar konyukturasına hesablanmış tarif siyasətidir. Yəni, həmin kampaniya şirkətin davamlı işlədiyi şirkətlərlə anlaşdığı razılaşmalara əsasən, müəyyən müddətlərdə tətbiq olunur. Bunu həmin istehsalçı şirkətin öz marketinq siyasəti ilə bağlı yerləşdirdiyi məlumatlardan da görmək mümkündür. Məsələn, “Erikli Cam Damacana Kampanyası” çərçivəsində 1 iyun 2023-cü ildən 31 iyul 2023-cü il tarixləri üzrə kampaniyada iştirak edən su dilerləri və xidmət məntəqələrinə su satışı tarifləri 15 litrlik qablarda 305 TL-dən 195 TL-yə endirilib. Kampaniya isə davamlı yox, müəyyən dövr üzrə keçərli olur.
Azərbaycan idxalşıları, o cümlədən “Bravo”nu həmin su ilə təmin edən təchizatçı şirkət isə “Erikli” suyunu kampaniya şərtləri ilə deyil, il ərzində adi bazar satışı şərtləri ilə idxal etdiyindən suyun qiymətləri kampaniyada tətbiq edilən qiymətlərlə eyni olmur. Bu baxımdam qiymətləri kampaniya zamanı aşağı salınan qiymət tarifləri əsasında müqayisə etmək saxtakarlıq və manipulyasiyadır.
İkincisi, suyun nəqliyyat-daşınma logistika xərcləri vardır ki, bu ən azı 30 faiz malın qiymətinə təsir edir. Gömrük tarifləri, vergi, məhsulun təchizatçıdan alınmış qiymətinin üzərinə gəlir marjası və s. əlavə edildikdə məhsulun satışı ölkə ilə müqayisədə qiyməti təxminən 80-100 faiz bahalaşmış olur. Türkiyədə 15-17 TL olan 1,5 litrlik “Erikli” suyunun qiyməti bu hesabla Azərbaycanda satış dəyəri təxminən 30-35 TL-yə bərabər olur. Bu, təxminən 2 AZN deməkdir. Şirkətin icarə haqqı, işçilərin əməkhaqqı, sosial vergilər, işsizlik və icbari sığorta, digər məsrəflərini də nəzərə aldıqda bütün bunlar məhsulun son satış qiymətinə də təsir edir. Ona görə də məhsulun satışından gəlir-mənfəət marjasını da nəzərə alındıqda “Baravo”nun “Erikli” suyunu 3 AZN-ə təklif etməsi normal marketinq siyasətinə uyğundur.
Yəni, bu o deməkdir ki, həmin suyun Azərbaycanda 7 dəfə baha qiymətə satılması iddiası yanlışdır.
Müqayisəni təkcə su ilə deyil, digər qida malları ilə apardıqda Azərbaycana Türkiyədən idxal edilən yüzdən çox çeşiddə məhsulun qiymətinin qardaş ölkənin öz mağazaları ilə bizim marketlərdəki qiymətlərdən çox az fərqləndiyini görə bilərik. Bu siyahını xeyli uzatmaq olar, ancaq bir neçə məhsulun qiymət müqayisəsi Türkiyə və Azərbaycanın satış bazarlarındakı fərqlərin təxminən 40-80 faiz arasında olduğunu təsdiqləməyə kifayət edir. Aradakı həmin fərqlərin isə yuxarıda da vurğuladığımız kimi idxal faktı əsasında meydana gələn daşınma, vergi, gömrük, təchizat xərcləri ilə bağlı olmasıdır.
Q.İbadoğlunun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inhisarçılığı himayə etməklə bağlı ittihamlarına gəlincə, Xidmətlə ünvanlanmış fikirlər də əsaslı sayıla bilməz. Çünki adıçəkilən qurum istehlak bazarında süni qiymət artımları, haqsız rəqabət və hökmran mövqe ilə bağlı hallara qarşı müvafiq monitorinq və yoxlamalar apararaq bu kimi hallar baş verdiyi təqdirdə lazımi tədbirlər görür.
“Bravo”nun satış tariflərində süni qiymət artımlarına yol verilmədiyi, həmçinin şirkətin haqsız rəqabət halları yaratmadığı halda Xidmətin hər hansı bir tədbir görməsi absurddur. Antiinhisar qanunvericiliyinə görə, hansısa şirkətin bazardakı payı 35 faizdən çox olduqda bu haqsız rəqabət halları yaranmış olur. istinad
“Baravo” mağazalarını idarə edən “Azərbaycan Supermarket” MMC-nin isə bazar payı 35 %-dən aşağıdır. Çünki, qida bazarında “Azərsun Holdinq”, “Gilan Holdinq”, “Veysəloğlu”, “Ulduz”, “Makromarket”, “Milk-Pro”, “A-Agro”, “ArmY Group”, “Bərəkət”, “BMS Agro”, “Hakan Foods”, “Karmen”, “Milla”, “Saf Qida”, “Sab” və onlarla şirkət, eləcə də pərakəndə qida satışı ilə məşğul olan “Araz Supermarket”, “Rahat Market”, “Bazarstore”, “Megastore”, “Grandmart”, “Neptun”, “Bizim Market”, “Al Market” və digər saysız qida təchizatçısı fəaliyyət göstərir ki, onların hər birinin payını nəzərə aldıqda “Azərbaycan Supermarket” MMC-nin payı 10 %-dən də aşağıdır.
“Haqsız rəqabət haqqında” qanunun 5-ci və 6-cı maddələrində qeyd edilib ki, bir bazar iştirakçısının digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyətinə hərəkəti və müdaxilələrinə yol verilmir. mənbə
“Azərbaycan Supermarket” MMC, həmçinin qida bazarında təmsil olunan digər şirkətlərin qiymət və marketinq siyasətinə qarışmır, onların rəqabət imkanlarına qarşı müdaxiləyə yol vermir. Bu konteksdən də yanaşdıqda, “Bravo”nun fəaliyyətində haqsız rəqabəti pozacaq hansısa bir hal və hərəkət olmadığından İbadoğlunun Antiinhisar Xidmətini inhisarçılığı müdafiə etməkdə ittiham etməsi gülüncdür.
Eləcə də İbadoğlunun Dövlət Gömrük Komitəsinin idxal olunan qida mallarının bahalaşmasına təsir imkanları barədə dediklərinin də iqtisadi əsası yoxdur. Azərbaycanda bir neçə ildir ki, advalor gömrük rüsum dərələcələrindən yeni üçpilləli (0%, 5%, 15%) gömrük rüsum dərəcələrinə keçid təbiq olunur ki, bununla da rüsum dərəcələrinin strukturu sadələşdirilib. Bütün malların idxal-ixrac rüsum dərəcələri VAİS proqram təminatına daxil edilməklə Dövlət Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilib. Buradan tarif statistikası üzrə malların dəyərini müəyyən etmək mümkündür.
Nəticə:
» İbadoğlunun “ölkəmizdə həmin məhsul Türkiyəyə nisbətdə 7.41 dəfə bahadır” fikri yalandır
» Azərbaycana idxal olunan qida məhsullarının bahalaşmasında gömrük rüsumlarının təsirləri barədə iddiaları doğru deyil
» İki ölkə bazarında qiymətləri kampaniya zamanı aşağı salınan qiymət tarifləri əsasında müqayisə etmək saxtakarlıq və manipulyasiyadır
» İbadoğlunun Antiinhisar Xidmətini inhisarçılığı müdafiə etməkdə ittiham etməsi gülüncdür