Türkiyədə keçiriləcək 14 may seçkilərində “Millət ittifaqı”ndan prezidentliyə namizəd, CHP lideri Kamal Kılıçdaroğlu “Hayatımın projesi” adlandırdığı yeni layihəni təqdim edib. “Nə Qərb, nə Şərq, bu da Türkün yolu” adlı videoda o, layihəni “Türk dövlətinin, sözün əsl mənasında Türk dünyası ilə birləşdiyi layihə” kimi təqdim edib.

“İndi isə bu haqda düşünün. Türkiyədə Gürbulak və Kapıköyü tərk edərək, İranda Təbriz və Tehrandan, Türkmənistanda Aşqabaddan, Özbəkistanda Daşkənddən və Qazaxıstanda Almatıdan keçməklə Çinə çatacaqsınız” deyən Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə reallaşdıracağı bu vəd Türkiyənin əksər siyasi fəallarını, jurnalistləri, ictimaiyyəti, o cümlədən azərbaycanlıları şoka salıb.

Faktyoxla Lab. “Millət ittifaqı”ndan prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun son videosunda səslənən iddialara aydınlıq gətirməyə çalışıb.

Öncə qalmaqallı müraciətinin yayılma səbəbinə aydınlıq gətirək. Türkiyə mətbuatı yazır ki, az müddət öncə BBC-yə müsahibə verən və seçkilərdə qalib gəldiyi təqdirdə Qərbə üz tutacağını etiraf edən prezidentliyə namizəd Kamal Kılıçdaroğlu vətəndaşların sərt reaksiyaları ilə üzləşib. Qərbin adamı olmadığını sübut etmək üçün tələsik yeni video çəkməklə özünü fərqli obrazda təqdim etməyə çalışıb. “Türkiyəni Qərbə satmaq düşüncəsi”nə gələn təpkiləri "böhtan" adlandıran Kılıçdaroğlu "Millət ittifaqı” Qərb tərəfdarıdır” kimi iftiralar atırlar” deyib. “Danışarkən, bu gün həyatımın ən böyük layihəsini elan edirəm. Qoy görsünlər ki, mən Qərbə və Şərqə nə qədər önəm verirəm. Mən Şərqlə Qərb arasında parçalanmaram, Türkiyə dövlətinin maraqları haradadırsa, mən də oradayam. İzah edəcəyim layihə Türk dövlətinin türk dünyası ilə real mənada qovuşması layihəsidir".

İndi isə CHP liderinin təqdim etdiyi videoda səsləndirdiyi fikirlərə diqqət edək.

Sitat 1. “Tarixi İpək Yolu”nu dirçəldəcəyik. Bir sözlə, Türkiyəni Çinə bağlayacağıq. Biz tez bir zamanda yeni ticarət və nəqliyyat koridoru, böyük yol açacağıq”

Bizim şərh: Əslində bu sözləri siyasətçinin, xüsusən də Türkiyə kimi böyük və qüdrətli dövlətin prezidenti olmağa iddialı olan birinin səsləndirməsi doğrudan da çox təəccüblüdür. Hətta inanılası deyil.

Əvvəla, “Tarixi İpək Yolu” bu günün, dünənin, 10 gün, 1 il, hətta 100 il öncənin deyil, min illərin mövcud olmuş böyük kommunikasiya layihəsidir. Əgər indi söhbət “Böyük İpək yolu”nun bərpasından gedirsə, K.Kılıçdaroğlu burda da gecikib. “Tarixi İpək Yolu”nun bərpasına isə Avropa Birliyinin SSRİ dağılandan sonra yeni müstəqil dövlətlər üçün 1991-ci ildə təsis etdiyi TACIS proqramı çərçivəsində reallaşan "TRASEKA" layihəsi ilə start verilib.  "Yeni ipək yolu" adlanan bu Layihəni 1993-cü ilin mayında Brüssel konfransında Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərin razılığı ilə Avropa Şurası qəbul edib. Layihə dövlətlər arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirməyi və proqramın marşrutunun Avropa-Qafqaz-Asiya ("TRASEKA"), TransAvropa istiqamətinə birləşdirməyi nəzərdə tutur. 7- 8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.

 
2013-cü ildə Çin prezidenti Si Cinpin Qazaxıstan və İndoneziyaya səfərlərində çıxışları zamanı ilk dəfə olaraq yeni layihəni - "Bir kəmər, bir yol" (OBOR) gündəmə gətirib. 2016-cı ildə layihənin adı "Bir kəmər, bir yol" şüarından "Kəmər və Yol Təşəbbüsü"nə (KYT) dəyişdirilib. Quru yolunun 6 dəhlizi var ki, onlardan biri də “Çin-Mərkəzi və Qərbi Asiya” marşrutudur. Azərbaycan, digər adı “Orta Dəhliz” olan bu xətt üzərində yerləşir.  

Bu, marşrut həm də Qədim İpək Yolunun keçdiyi yoldur. 4.256 km dəmir yolu və 508 km dəniz yolunu əhatə edən bu dəhliz Çin-Qazaxıstan sərhədindən Azərbaycana (Xəzər dənizi ilə) və buradan da Gürcüstan və Türkiyəyə qədər uzanır (Middle East Institute, 2019). 

Kılıçdaroğlunun “Tarixi İpək yolunu”n yenidən dirçəldilməsi, Çinlə birləşmə və bu yöndə görmək istədiyi işlərlə bağlı faktlara baxaq:

Türkiyə 2013-cü ildə bu layihəyə dəstək verəcəyini rəsmən bəyan etdi və 2020-ci ildən sonra bu xətt daha böyük vüsət aldı. Türkiyənin “Akşam” nəşri yazır ki, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Türkiyə Prezidenti Ərdoğan “Müasir İpək yolu” adlandırır. İndiyə qədər həmin yolda 2 milyon 405 min tondan çox yük daşınıb. Azərbaycanın paytaxtı Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçərək Qarsa gedən 829 kilometrlik dəmir yolu xətti sayəsində Avropa ilə Çin arasında yük daşımaları fasiləsiz təmin oluna bilir.

Məqalədə qeyd edilir ki, Türkiyə müxalif koalisiyasının prezidentliyə ortaq namizədi Kılıçdaroğlu Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən xəbərsiz olduğunu bir daha sübut edir.

Sitat 2. “Bu layihə dənizə çıxışı olmayan Türkmənistan, Özbəkistan və Qazaxıstanı Türkiyə limanları ilə birləşdirəcək. Türkiyə türk dünyasının dəniz giriş qapısı olacaq”.

Bizim şərh: Kılıçdaroğlunun işlətdiyi bu cümlə də təəccüblü və müəmmalıdır. Özbəkistanın doğrudan da dənizə çıxışı yoxdur, amma Qazaxıstan və Türkmənistan haqda bu sözləri işlətmək çox gülüncdür. Hətta orta məktəb şagirdi də belə yanlışlığa yol verməz.  

Sitat 3. “Bunların əvvəlində Xorasan, Ağrı, Gürbulak dəmir yolu xətti gəlir. Bu tranzit yolun hər bir ölkə üçün bir neçə çıxışı olacaq. Çıxış gildiyaları ətrafında bağlı logistika mərkəzləri tikiləcək”

Bizim şərh: “Xorasan-Gürbulak” xətti nədir? 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsindən sonra Rusiya təxminən 40 il bölgədə (Serhat vilayətində) qaldı və bu müddətdə müxtəlif nəqliyyat xətləri tikdi. “Xorasan-Gürbulak” dəmir yolu xətti də onlardan biri olub. Ruslar bölgəni tərk edəndən sonra həmin xətt baxımsızlıq üzündən dağılıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Xorasan-Gürbulak dəmir yolu xəttinin dirçəldilməsi üçün tədbirlər görülür.  

2021-ci il, iyunun 3-də yayılan məlumatda deyilir ki, Qars şəhərində yerləşən Serhat İnkişaf Agentliyi (SERKA) Ağrı əyaləti Xüsusi İdarəsinin Gürbulak və Dilucu Sərhəd qapıları arasındakı Yol Planlamasına və Xorasan-Gürbulak Köhnə Dəmir Yolu Layihəsinin fəaliyyətinin yenidən bərpası üçün mümkün dəstəyi təmin edəcəklər. “Layihənin reallaşacağı təqdirdə Türkiyənin Azərbaycanın Naxçıvan bölgəsinə çıxışı olan Dilucu sərhəd qapısı və Ağrını İrana bağlayan Gürbulak sərhəd qapısındakı kommunikasiya xəttinin əhəmiyyəti artacaq. Bu xətlər yalnız İpək Yolu üzərindəki ticarətə təsir etməyəcək, eyni zamanda Araz hövzəsi üçün iqtisadi səmərəliliyi də artıracaq”.

Diqqət yetirdinizsə, bu yol mütləq şəkildə Azərbaycanın Naxçıvan bölgəsindən keçir. Lakin Kamal Kılıçdaroğlu bu haqda heç nə danışmır, bu mövzuya toxunsa da, Azərbaycanın adını çəkmir. Həm də nəzərə alaq ki, bu layihə də hazırkı prezident Cənab Ərdoğanın dirçəltdiyi, bölgənin sosial-iqtisadi həyatına təsir edəcək böyük layihələrdən biridir. Kılıçdaroğlu yenə də bu layihənin müəllifi kimi çıxış edir.

Sitat 4. “İxrac malları İrana 17 saata, Türkmənistan 31 saata, Özbəkistan 50 saata, Qazaxıstana 63 saata çatacaq. Tarixi İpək Yolu magistral və dəmir yolu vasitəsilə Avropa ilə bu ölkələr arasında tranzit ticarət həcmimiz geniş inkişaf edəcək”.

Bizim şərh: Azərbaycan sözünü dilinə gətirmək istəməyən Kılıçdaroğluna bir faktı xatırladaq:

Həm Bakı-Tbilisi-Qars (BTQ), həm də Beynəlxalq Dəniz Ticarət Limanı (BDTL) KYT-nın gerçəkləşməsi və tam potensialını açmaq baxımından açar ölkə hesab edilir. “Orta dəhliz” digər dəhlizlərlə müqayisədə daha qısa və dəyər baxımdan da daha əlverişlidir. İqtisadi baxımdan dəniz yolu ilə Çindən yola çıxan mallar 36 günə, trans-Sibir marşrutu ilə göndərilən mallar 20 günə Avropaya çatırsa, “Orta dəhliz”, yəni  Azərbaycandan keçməklə inkişaf etdirilən dəhlizlə hərəkət edən mallar eyni təyinat nöqtəsinə 12 günə çatmaqdadır. (istinad). Bu xətt həm iqtisadi, həm də siyasi baxımdan iştirakçı dövlətlər üçün daha əlverişlidir. Çünki bu dəhliz boyunca yerləşən ölkələr həm coğrafi baxımdan, həm də digər ölkələrlə stabil münasibətlərin olması səbəbi ilə daha etibarlıdır. Üstəlik, Çin, bu dəhliz vasitəsi ilə mallarını ixrac etmək üçün marşrutları şaxələndirir, “Şimal dəhlizi”ndə əsas oyunçu olan Rusiyadan olan asılılığı azaldır, “Cənub dəhlizi”ndə isə ABŞ sanksiyaları altında olan İran marşrutundan istifadə etmədən məhsullarını təhlükəsiz şəkildə Avropaya göndərə bilir. 

Türkiyə Statistika İnstitutunun (TurkStat) məlumatlarına əsasən, 2013-cü ildən ixracda tədricən azalma müşahidə olunur, idxal isə eyni səviyyədədir. Türkiyənin ümumi idxalında, payı 12% olan Çin liderdir. Ticarət defisitini azaltmaq üçün daha çox Türkiyə məhsulları Çin bazarına çatmalıdır. Layihənin miqyası daxilində dəhlizin tam işə düşməsi ilə Türkiyə ilə Çin arasında transfer vaxtının 30 gündən 10 günə qədər azalacağı gözlənilir. Bu, ən optimal variantdır. Prezidentliyə namizəd K.Kılıçdaroğlu isə 10-12 günə başa gələcək çatdırlma və daşınmanı mücərrəd layihəsi ilə 63 saata həll edəcəyini söyləməklə sehrbazlıq bacarıqlarını nümayiş etdirir. Yük qatarının sürəti, yükü daşıma gücü və məsafə nəzərə alındıqda Kılıçdaroğlunun iddialarının tam əsassız olduğu ortaya çıxır. 

Sitat 5. “Biz ölkələr arasında daha çox əməkdaşlıq və iqtisadi inteqrasiyanı təmin edəcəyik. Türkiyə Mərkəzi Asiya, Qafqaz və Çin arasındakı ticarət yollarında çox mühüm mövqeyə sahib olacaq”.

Bizim şərh: Yenə də Kılıçdaroğlunun coğrafi biliklərinin çox aşağı səviyyədə olduğunu görürük. Əgər CHP lideri təklif etdiyi “Yeni İpək yolu” layihəsini nəzərdə tutursa, regionun coğrafiyası haqda kiçicik də olsa məlumatı olan hər kəs bilir ki, həmin xətt Cənubi Qafqazdan (Kılıçdaroğlu ümumiyyətlə Qafqaz deyib-red.) keçmir. Yox, əgər “Orta yol” marşrutunu nəzərdə tutursa, onda Azərbaycana qarşı bu ayrı-seçkiliyi necə anlayaq? Həmin açıqlamadakı “Türkiyə qardaş coğrafiyalarla tam inteqrasiya olunacaq” ifadəsi bu sualı verməyə məcbur edir: Azərbaycan qardaş coğrafiyada deyil?

Sitat 6. “Biz bu dəhliz boyunca yüksək qabiliyyətli böyük yol və ikiqat dəmiryolu infrastrukturu yaradacağıq. Tarixi İpək Yolu magistral yolunun və dəmir yolunun uzunluğu təxminən 5500 kilometr olacaq”.

Bizim şərh: Qeyd etdik ki, Türkiyə bu layihənin gələcəkdə tam potensialına çatması üçün həm Dəniz İpək Yolunun, həm də İpək Yolu İqtisadi Kəmərinin reallaşması baxımından əsas rol oynayır. Türkiyə "Çin-Mərkəzi və Qərbi Asiya Koridoru"nun, yəni  “Orta dəhliz”in bir parçası, əsas aparıcı fiqurlarından biridir. 4 min 256 km dəmir yolu və 508 km dəniz yolunu əhatə edən “Orta dəhliz” Çin-Qazaxıstan sərhədindən Azərbaycandan keçməklə Gürcüstan vasitəsilə Türkiyəyə qədər uzanır. Diqqət yetirdinizsə, 4 min 256 km uzunluğunda işlək marşrut mövcud olduğu halda Kılıçdaroğlu heç bir infrastrukturu olmayan, keçdiyi marşrutda qonşu ölkələrlə konfliktlər yaşanan və ən qəribəsi, işlək layihədən 1000 km uzun marşrut təklif edir və bunu üstünlük kimi anlatmağa çalışır. Çox təəccüblüdür.

Nəhayət, K.Kılıçdaroğlunun dilə gətirmədiyi “Zəngəzur dəhlizi” haqqında.

İlk növbədə qeyd etmək lazımdır ki, təklif olunan “Zəngəzur dəhlizi” layihəsi Orta Asiya, Xəzər dənizi  regionu, Azərbaycan və Ermənistanı Türkiyəyə bağlayan sosial-iqtisadi, geopolitik və geoiqtisadi xüsusiyyətlərə malik böyük layihədir. Bu layihə baş tutarsa, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsini genişləndirəcək və regional ticarətdə müsbət rol oynayacaq. Əgər bu dəhliz açılarsa, Orta dəhliz layihəsinin əsas nəqliyyat qovşağı (xab) olan Azərbaycanın qardaş Türkiyə ilə birbaşa kommunikasiya xətləri qurulacaq. Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsinin genişlənməsi sayəsində, həm də Asiya-Sakit okeandan Türkiyəyə çoxsaylı ticarət marşrutları açılacaq, Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Gürcüstanı birləşdirəcək.

Zəngəzur dəhlizinin açılışı "Şərq-Qərb dəhlizi", "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi (ITC) və "Caspian Transport Network" (CTN) əlaqələrini daha da gücləndirəcək.  Bu, həmçinin "Caspian Oil and Gas Pipeline System" (OGPS) şirkətinin "Caspian Europe" şirkətinin fəaliyyətini asanlaşdıracaq.

“Ankasam” Strateji Araşdırmalar mərkəzinin saytında Dr. Mehmood Ul Hassan Khan adlı müəllif yazır: “Uzaqgörən və ustad strateq olan İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci sessiyasında Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiya kimi müxtəlif regional və beynəlxalq forumlarda Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə diqqəti cəlb edib. O, bu dəhlizi Asiya və Avropanı Azərbaycan vasitəsilə birləşdirən və Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini ehtiva edən "Şərq-Qərb koridoru"nun "birləşdirici" elementi kimi təqdim edib. O, həmçinin dəmir yollarının və yolların tikintisi üçün lazım olan bütün resursları təmin edəcəyini vəd etmişdir. Üstəlik, Azərbaycan Prezidenti dövlət xadimi məsuliyyəti ilə Ermənistana sülh təklifi təqdim edib və koridorun üçtərəfli sazişə daxil edilməsini Bakı administrasiyası üçün mühüm siyasi nailiyyət kimi qiymətləndirib”.

Şərq-Qərb dəhlizi Türkiyə ilə Orta Asiya arasında ticarət, eləcə də 2019-cu ildə 21 milyard avro təşkil edən Türkiyə-Çin ticarət həcmi üçün olduqca vacibdir. Bundan başqa, Türkiyənin bu Dəhliz vasitəsilə açdığı yeni Orta Asiya koridoruna müsbət təsir edəcəyini də demək olar. Ümid edilir ki, Zəngəzur dəhlizi türkdilli dövlətləri də birləşdirəcək. Türkdilli dövlətlərin Ümumi Daxili Məhsulu (ÜDM) 1,1 trilyon dollar təşkil edir. Hazırda Türkiyə və Azərbaycanın ticarət həcmi 4,5 milyard dollar civarındadır. Hədəf isə 15 milyard dollardır.

2019-cu il böhranından sonra ticarətdə Qərbin dominantlığının sona çatdığı, dünyanın mərkəzinin iqtisadi cəhətdən Asiyaya doğru irəlilədiyi bildirildi. Bu kontekstdə Zəngəzur iqtisadi dəhlizi Türkiyə və regionun iqtisadi inkişafına əhəmiyyətli töhfələr verəcək, Xəzər və Aralıq dənizi dəmir yolu ilə bağlanacaq, İskenderun və Mersin limanlarının əhəmiyyəti artacaq və boğazların mövcud yükü yüngülləşəcək. Bəllidir ki, İskenderun və Mersin limanları arasında ikibaşlı dəmir yolu xəttlərinin təkmilləşməyə, modernləşdirilməyə ehtiyacı var. Əgər bunlar baş tutarsa, daşıma xərcinin azalması və ticari mənfəətdə 25%-lik üstünlük qazanılacaq. Zəngəzur  koridorunun bölgənin əyalətlərinin, xüsusilə İğdırın inkişafında böyük rol oynayacağı vurğulanır. Bu isə Kılıçdaroğlunun səsləndirdiyi mücərrəd “50%-lik fayda götürəcəyik” iddiasından qat-qat real işdir.   

Yeri gəlmişkən, Kılıçdaroğlunun qeyd etdiyi “Beləliklə, şimalda Gürbulak və Çinin dəhliz üzərində yerləşən ölkələrin Avropa və Qara dəniz limanları ilə, cənubda isə Kapıköy, Mersin və İskenderun limanları ilə əlaqəsi təmin ediləcək” fikri də elə buradan götürülüb. Yəni, mövcud layihələri yenə də öz ideyası kimi təqdim edir.

Elə bu səbəbdən araşdırmanı Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Qaraismailoğlunun prezidentliyə namizədin məlum videosuna verdiyi reaksiya ilə yekunlaşdırırıq.  “Sənin üçün qatar çoxdan gedib. Bizim Çinlə əlaqələrimiz 2 ildir ki, davam edir". Adil Qaraismailoğlu daha sonrasında yazır: 

"Marmaray və Bakı-Tbilisi-Qars xətti ilə Londondan Çinə, Yeni İpək Yoluna qədər fasiləsiz dəmir yolu xəttini həyata keçirdik. Haburdan Fars körfəzinə dəmir yolu və böyük yol əlaqəsini təqdim edirik. Bəzi insanların xəyalları belə bizim gördüyümüzə çatmır!"

Yekun olaraq:

♦Kılıçdaroğlunun video müraciəti yanlış, əsassız və arqumentsiz iddialarla zəngindir.

♦ Bu video müraciətdə Kılıçdaroğlu dayaz dünyagörüşü və coğrafiya, iqtisadiyyat bilgilərinin xeyli zəif olduğunu nümayiş etdirir.

♦ Azərbaycanın Naxçıvan bölgəsi Kılıçdaroğlunun təklif etdiyi “Xorasan-Gürbulak” xəttinin bir hissəsidir.

♦ “İxrac malları İrana 17 saata, Türkmənistan 31 saata, Özbəkistan 50 saata, Qazaxıstana 63 saata çatacaq” iddiası nə texniki, nə elmi, nə də praktik baxımdan mümkün deyil. Yük daşıyan qatarların yükgötürmə bacarığı, sürəti və xəttin keçdiyi regiondakı situasiya bu zaman əzrində həmin məsafəni mümkünsüz edir.

♦“Tarixi İpək Yolu magistral yolunun və dəmir yolunun uzunluğu təxminən 5500 kilometr olacaq” iddiası yersizdir. Hazırda “Orta dəhlizdə” 4 min 256 km dəmir yolu və 508 km dəniz yolu ilədir. Yeni təkliflə bu yol daha 1250 km uzanır.