Bəzi sosial media hesablarında, ABŞ-ın "CGNT America" tvitter səhifəsində, Rusiyanın bir neçə saytı, ermənilər tərəfindən idarə olunan SEPAH-ın rus dilində yayımlanan teleqram kanalı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Erdoğanın canlı yayımda infrakt keçirdiyi və səhhətinin ağır olması haqda məlumat yayıblar.

Faktyoxla Lab. Türkiyə rəsmi mediasına istinadən bu məlumatı dəqiqləşdirib.

Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə mərkəzi (Cumhurbaşkanlığı İletişim Başkanlığı Dezenformasyonla Mücadele Merkezi) bu məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Prezident Erdoğanın infarkt keçirdiyi üçün xəstəxanaua aparılması haqda məlumat doğru deyil. Hörmətli Prezidentimiz Recep Tayyip Erdoğan sabah baş tutacaq "Akkuyu Atom Elektrik Stansiyasına İlkin Yanacaq Yükləmə” mərasiminə qatılacaq”

Dünən isə Türkiyə Prezidentinin səhhəti ilə bağlı yayılan xəbərlərə dövlət rəsmiləri münasibət bildirmişlər.

Vitse-prezident Fuad Oqtay sözügedən mövzu ilə bağlı “Prezidentimiz işini davam etdirəcək. Onun çox sıx iş qrafiki var idi. Həm də bir az soyuqlamışdı” deyib.

Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun da sosial media hesabından prezident Ərdoğanın sağlıq vəziyyəti ilə bağlı açıqlama verib: “Prezidentimizin səhhəti ilə bağlı səsləndirilən əsassız iddiaları birmənalı olaraq rədd edirik”.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik də sosial media hesabından belə yazıb: "Bəzi xarici mətbuat orqanlarında prezidentin səhhəti ilə bağlı nalayiq yalan xəbərlər var. Prezidentimiz vəzifə başındadır. Bir az dincəldikdən sonra yenidən eyni şəkildə davam edəcək. Dövlət başçımız bütün dünyaya, eləcə də türk millətinə arzularına və dualarına görə təşəkkürünü bildirir”.