PSJ-nin hücumçusu Lionel Messinin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 3,5 milyon avro yardım etdiyi barədə xəbərlər yayılmışdı. Bu barədə Türkiyə və digər ölkələrin müxtəlif KİV-ləri məlumat yayıb. Hətta bəzi Rusiya saytları da bu xəbəri tirajladı.
Faktyoxla Lab. bu məlumatı araşdırıb.
Fevralın 8-də öncə “Tvitter”də Messinin zəlzələ qurbanlarına ianəsi ilə bağlı xəbərlər yayılmağa başlayıb. İlk belə tvit fevralın 8-i “Televizion Starı” rəsmi hesabından yayılıb. Amma nə orada, nə də digər tvitlərdə məlumatın mənbəyi göstərilmir. (mənbə)
Nə Messinin sosial media hesabında, nə də xeyriyyə fondu olan “Leo Messi Foundation”un saytında onun ianə etdiyi haqda heç bir məlumat yoxdur. (sport.ru)
Qeyd edək ki, fondun əsas fəaliyyət istiqaməti ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etmək, uşaqlıqda yayılmış xəstəliklərlə mübarizəyə yönəlmiş tədqiqatları maliyyələşdirmək, uşaqların təhsilə əlçatanlığını və idman vasitəsilə sosial inteqrasiyasını təmin etməkdir. Fond təbii fəlakətlərin və ya texnogen fəlakətlərin qurbanlarına yardım göstərmir.
Messi yalnız qurbanlara dəstək ifadələri işlədib və səfiri olduğu BMT-nin Uşaq Fondunu UNİCEF-in internet səhifəsi vasitəsilə onlara ianə göndərilməsini istəyib.
Nəticə: Messi Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 3,5 milyon avro göndərməyib – bu məlumatın etibarlı mənbəyi yoxdur.