ADR sədri Qubad İbadoğlu öz facebook səhifəsində Rusiya Federasiyasının bir çox ölkələrə, o cümlədən də MDB dövlətlərinə bəzi ərzaq və qeyri-ərzaq mallarının ixracına qadağa qoyması haqqında fikirlərini bölüşüb. Q. İbadoğlu bildirir ki, Rusiya hökuməti buğda, çovdar, meslin, arpa, qarğıdalı, ağ şəkər və xam şəkər qamışının ixracına müvəqqəti qadağa haqqında qərar qəbul edib. Eyni zamanda, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi bu ilin sonuna qədər Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrə ağac və odun materiallarının ixracına da qadağa tətbiq edib. Həmin qadağalar Azərbaycan üçün də çətinlik yaradacaq. Sitat : “Odur ki, istehlak bazarında yaxın zamanlarda çörək və un məmulatlarının, şəkərin, bitki yağlarının və bəzi tikinti materiallarının  qıtlığı  yarana və qiymətləri təkrar bahalaşa bilər”.

Faktyoxla Lab. İbadoğlunun dediklərinin nə dərəcədə doğru olub-olmadığını araşdırıb.

 Öncə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin qərarına diqqət edək. Həmin qərarda göstərilib ki, Rusiya Federasiyası İqtisadi İnkişaf və İnteqrasiya üzrə Hökumət Komissiyasının Gömrük-tarif və qeyri-tarif tənzimlənməsi, xarici ticarətdə mühafizə tədbirləri üzrə Alt komitəsi Rusiyadan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl və digər qida məhsullarının ixracını müvəqqəti olaraq qadağan edir. Qərar martın 15-dən avqustun 31-dək (2022-ci il) olan dövrü əhatə edir. Qərarda da aydın şəkildə yazılıb ki, Aİİ ölkələrinə taxıl ixracına müvəqqəti qadağa buğda, meslin, çovdar, arpa və qarğıdalıya aiddir. Bununla belə, həmin ölkələr eyniadlı məhsulları tədarük etmək istədikdə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən verilmiş ixrac lisenziyaları əsasında ala biləcəklər. Sənəddə o da qeyd edilir ki, Aİİ-yə üzv ölkələrə taxıl ixracına məhdduyyətlər onunla bağlıdır ki, Birlik ölkələri öz daxili bazarları üçün kifayət qədər həcmdə məhsul alıblar. Ona görə də onlara öz ehtiyaclarından artıq taxıl əldə edərək başqa dövlətlərə satması qadağan edilir.

Şəkər bazarına qoyulan qadağa isə üçüncü ölkələrə ixraca aiddir. Aİİ-yə ixrac Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələrlə mümkün olacaq. (Mənbə) 


Məlumat üçün bildirək ki, Avrasiya İqtisadi İttifaqının üzv olan dövlətlər Rusiya, Qazaxstan və Belarus, Ermənistan və Qırğızıstandır. Həmin ölkələrdən Qazaxstan və Belarus onsuz da öz yerli istehsal imkanları hesabına taxıl və şəkərə olan tələbatlarını ödəyə bilir. Qalır, Ermənistan və Qırğızıstan. Bəlli olur ki, RF-nın qeyd edilən qərarı bu iki ölkə üçün ciddi çətinlik yaradacaq.

Bununla yanaşı, Rusiya dost hesab etmədiyi ölklərə bir sıra qida və sənaye mallarının, tibbi ləvazimat və avadanlıqların, eləcə də tikinti materiallarının ixracına qadağa qoyub. (Mənbə)

Ümumilikdə, Rusiyanın ərzaq, sənaye, tibb, tikinti və digər məişət malları üzrə qadağaları birbaşa dost olmayan ölkələri nəzərdə tutur.


Bəs, Rusiyanın dost hesab etmədiyi ölkələr hansılardır?

Federasiya Hökumətinin bir neçə gün əvvəl tərtib etdiyi siyahıda “qeyri-dost” ölkələr yer alıb. Bura 25-dən artıq Avropa İttifaqı ölkəsi, ABŞ, Kanada, Böyük Britaniya: Cersi, Anguilla, Britaniya Virciniya adaları, Cəbəllütariq. Həmçinin Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan aiddir. (Mənbə)


İndi isə Q.İbadoğlunun iddia etdiyi fikirə qayıdaq, Rusiyanın ixrac qadağalarının Azərbaycana aid olub-olmamasını müəyyənləşdirməyə çalışaq. 

Yuxarıda da vurğuladıq ki, Rusiyanın qadağalar paketi “dost olmayan” ölkələr aid olduğundan bu ixrac məhdudiyyətlərinin Azərbaycana aiddiyyatı yoxdur. İki ölkə arasında iqtisadi-ticari münasibətləri tənzimlərən sazişlər də bu məhduddiyyətlərin ölkəmizə təsirlərini aradan qaldıdırır. Bir müddət əvvəl Rusiya ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik Bəyannaməsində aqrar və aqrar-sənaye məhsulların qarşılıqlı idxal-ixracının artırılması nəzərdə tutulub.  Bəyannamənin 15 bəndi birbaşa iqtisadi məzmun daşıyır və ölkələr arasında iqtisadi-ticari münasibətlərin artırılması, qarşılıqlı layihələrin icrası, investisiyaların yatırılması və genişspektirli regional layihələrin həyata keçirilməsi, bank, maliyyə, sığorta, logistika, nəqliyyat, infrastruktur və digər sahələri əhatə edir. Sənədin 23, 24, 25, 26, 27 və 28-ci bəndləri birbaşa hər iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin genişləndirilməsi, əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılması, azad manesiz ticarətin qurulması, regional iqtisadi əməkdaşlığın artırılmasını, istehsal və elmi əməkdaşlığın, təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin təmin edilməsini əks etdirir. (Mənbə)

Ümumiyyətlə, sanksiyalarla bağlı beynəlxalq bazarlarda məhdudiyyətlərlə üz-üzə qalan Rusiya öz tələbatını tam ödədikdən sonra qalan məhsullarını “qeyri-dost” olmayan ölkələrə satmalıdır ki, ixracdan pul qazansın. Məsələn, Rusiya il ərzində 35 milyon ton buğda satır və  bu satışdan 10 milyard dollar qazanır. 
Ortaya sual çıxır, 35 milyon ton məhsul kiməsə satılmalıdırmı? Təbii ki, satılmalıdır. Sadəcə, burada hansı ölkəyə satlılıb-satılmayacağından söhbət gedir.
Bu baxımdan Rusiyadan Azərbaycana daxil olan taxıl və ərzaq mallarının  qadağan edilməsi barədə deyilənlər həqiqəti əks etdirmir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan taxıl və buğda məhsullarına olan ehtiyacını tamamilə Rusiyanın hesabına təmin etmir, Azərbaycan 2021-ci ildə xarici ölkələrdən, Qazaxıstan və Rusiyadan statistik dəyəri 331, 9 milyon dollar, həcmi 1 milyon 148 min ton buğda idxal edib. Yəni, Azərbaycan üçün Qazaxıstandan da buğda almaq imkanları da mövcuddur.  (Mənbə).


Q.İbadoğlunun Azərbaycanın şəkər tozu və xam şəkərə tələbatını 100 faiz Rusiya hesabına təmin etməsi barədə fikirləri isə tam yanlışdır. Azərbaycan şəkər və qəndlə özünü tamamilə təmin edir. İmişli Şəkər Zavodunun illik istehsal gücü qənd və şəkər tozu ilə birlikdə 350 min tona bərabərdir ki, tələbatı 90-95 faiz ödəyir. Həm də “Rusiyanın 100 faiz payı” fikri məntiqli də deyil. Azərbaycan yerli istehsal hesabına öz tələbatını ödəməklə yanaşı, “Azərşəkər” qənd məhsulları brendi ilə Rusiya, Gürcüstan, Yaxın Şərq və Orta Asiya ölkələrinə məhusl ixrac edir. 2021-ci ildə xarici ölkələrə 59,1 min ton həcmdə şəkər ixrac olunub. (Mənbə, Dövlət Gömrük Komitəsi).


Xam şəkər qamışının idxalına gəlincə, şəkər tozu və qənd istehsalçısı olan əsas istehsal gücümüz olan İmişli Şəkər Zavodunun idxaldan asılı komponentləri mövcuddur, Zavod 100 faiz lokalizasiya imkanlarına malik olmadığından xammalın yarısından çoxunu xaricdən idxal edir. Xam şəkər xammalının təxminən 12 faizi Rusiyanın payına düşür, qalan 88 faizlik xammal Braziliya və digər ölkələrdən gətirilir. (Mənbə, Dövlət Gömrük Komitəsi).

İndi isə Q.İbadoğlunun tikinti materillarının qıtlığının yaranması və daxili bazarda kəskin qiymət artımları barədə iddialarına da aydınlıq gətirmətə çalışaq. İddia olunur ki, Rusiya hökumətinin tikinti materiallarına, xüsusilə də ağac və taxtaya qadağalara Azərbaycana da təsir edəcək və həmin məhsulların qiyməti bahalaşacaqdır.
Yenə də Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin qərarına istinad etməklə, ağac, taxta və digər bu tipli malların ixracına qoyulmuş qadağaların Azərbaycanın əhatə etmədiyini görmək olar. Sənəddə qeyd olunub ki, taxta və ondan hazırlanan məhsulların ABŞ və Aİ daxil olmaqla “dost olmayan ölkələrə” ixracı qadağan edilib. Azərbaycan həmin siyahıya daxil deyil və ona görə də, taxta və ağac məmulatlarının sanksiayalarının bizə aiddiyatı yoxdur. (Mənbə)

Belə olan halda ağac və taxta məhsullarının ölkəmizə nə idxalında, nə də ki, qiymət tariflərində hansısa problem yaranmasını iddia etmək absurddur.

Rusiya Federasiyası özünün ixrac siyahısında bir çox ölkələri “qara siyahıya” salsa da, digər əsas partnyiorları ilə idxal-ixrac əməliyyatlarını davam etdirməyə məcburdur, çünki ticarət etməlisən ki, pul qazanıb ölkəni dolandırasan. Ona görə də, taxta ixracı da “məlum ölkələr”dən başqa digərlərinə davam etdiriləcəkdir və bu baxımdan Azərbaycanlı iş adamlarının ölkəmizə taxta gətirməsi üçün məhdudiyyətlərdən söhbət gedə bilməz.

Nəticə: Qubad İbadoğlunun “Rusiya hökuməti buğda, çovdar, meslin, arpa, qarğıdalı, ağ şəkər və xam şəkər qamışının ixracına müvəqqəti qadağa haqqında qərar qəbul edib. Həmin qadağalar Azərbaycan üçün də çətinlik yaradacaq” fikirləri göstərir ki, iqtisadçı professor məlumatı tam oxumayıb, bu səbəbdən də təhrif olunmuş məlumat yayır. Əgər dediklərini bilərəkdən bəyan edirsə, bildiririk ki, fikirlər əsaslandırılmayıb, yanlışdır və kütlə şüuru ilə manipulyasiyadır. Azərbaycanın şəkər tozu və xam şəkərə tələbatını 100 faiz Rusiya hesabına təmin etməsi barədə fikirləri isə yalandır.