Real Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevin Aşqabadda keçirilən Zirvə toplantısında çıxışı zamanı Azərbaycan iqtisadiyyatının iqtisadi inkişafına dair səsləndirdiyi fikirlərə tənqidi status yazıb. Məmmədov Azərbaycanda investisiyaların azalması, neft-qaz resurslarının tükənməsi, iqtisadi islahatların səmərə verməməsi barədə ittihamlar irəli sürür. O, Azərbaycanda münbit sərmayə iqliminin olmadığını iddia edir.
Faktyoxla Lab. bu iddiaları araşdırıb.
Azərbaycan Respublikasında investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtləri və xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsipləri “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunlarla tənzimlənir. Həmin qanunlar ən qabaqcıl beynəlxaql təcrübəyə əsasən hazırlanıb və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir. (Mənbə)
İstər yerli sahibkar olsun, istər xarici investor, onun üçün biznes fəaliyyətinə başlamaq üçün ilk növbədə vergi orqanında uçota durması və qeydiyyata alınması vacibdir. 2008-ci ildən ölkəmizdə biznesin qeydiyyatı “bir pəncərə” prinsipi üzrə həyata keçirilir və burada məmur təması ümumiyyətlə sıfıra endirilib. Xarici investorlar üçün ən mühüm amil məhz biznesə başlama amili mühümdür. Çünki xarici sərmayəçilər qeydiyyat və fəaliyyət üçün vaxt amilinə çox ciddi fikir verirlər. Aparılan islahatlar nəticəsində ölkəmiz “Biznesə başlama” prosedurları üzrə əksər region ölkələrini üstələyir. Azərbaycanda bu göstərici üzrə prosedurların sayı 2 olduğu halda, Avropa və Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir. İstənilən xarici investor onlayn qaydada Azərbaycandan kənarda olduğu halda belə gücləndirilmiş “Elektron imza” vasitəsilə cəmi 1 gün ərzində biznesini qeydiyyatdan keçirə bilir. Halbuki Avropada bu rəqəm 8 gündür. Tələb olunan prosedurların sayı son 4 ildə 15-dən 2-ə qədər azaldılıb və Avropa, OECD ölkələrini bu gösətici üzr 2 dəfə üstələyirik. Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilir. (Mənbə)
Hazırda bir çox ölkələrdə, hətta Amerika və Avropanın bir çox dövlətlərində qüvvədə qalan lisenziyalaşdırma sistemi 10 ildən artıqdır ki, ümumiyyətlə ləğv edilib.
Öz biznesini qeydiyyatdan keçirdikdən sonra fəaliyyətə başlayan investor üçün ən mühüm amil vergilərin ödənişi, yəni vergi ilə bağlıdır. Ölkəmizdə vergi yükünün tədricən azaldılması ilə bağlı son illər islahatlar aparılıb, Azərbaycan Prezidentinin 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamına əsasən, vergi yükünün azaldılmasının əhatəsi daha da genişləndirilib. (Mənbə)
2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər də vergi yükünü azaltmağa imkan verib, sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2 faizə salınıb, mikrosahibkarlıq subyektlərinə gəlirlərin 75 faizə qədər azaltmağa imkan verən ciddi vergi güzəştləri tətbiq olunub, sahibkarlıq subyektlərində, xüsusilə ticarət sektorunda çalışan sahibkarların vergi yükünün və ya xərclərinin əhəmiyyətli azalması baş verib. (Mənbə)
Vergi yükü 2020-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra bir qədər də aşağı düşüb. Belə ki, 2021-ci il yanvarın 1-dən biznes üçün mənfəət vergisi üzrə 75 faiz həcmində güzəşt, əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma tətbiq edilir. Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları fəaliyyəti həyata keçirən şəxslərə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz həcmində, ictimai iaşə fəaliyyəti həyata keçirən şəxslərə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz həcmində güzəşt tətbiq olunur. Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılıb və nəticədə həmin vergi 2 faizdən 1 faizədək endirilib. Digər vergi güzəştləri də biznes üçün əlverişli fəaliyyətə təminat verib. (Mənbə)
Azərbaycanda sənaye texnoparkları, azad iqtisadi zonalar (Ələt, Araz iqtisadi zonaları) sənaye məhəllələri, yüksək texnologiyalar parkları 2013-cü il tarixdən 7 il müddətinə mənfəət (gəlir), əmlak və torpaq vergilərindən, həmçinin gömrük rüsumlarından azad edilmiş, 2022-ci il yanvarın 1-dən bu müddət daha 7 il uzadılıbdır. Həmin sənaye sahələrində 40-dan artıq rezident çalışır ki, bu da Azərbaycanın qeyri-neft sektorunda kifayətə qədər böyük bir xarici investor qrupunun vergidən azad olunmasının təzahürüdür.
Həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər mənfəət (gəlir), ƏDV, əmlak vergisi və sadələşdirilmiş vergidən azad ediliblər. Həmin sektorlarda da kifayət qədər əcnəbi iş adamları çalışır.
Azərbaycan hökuməti qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq məqsədilə investorlara əlavə imkanlar da yaradıb. “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 2016-cı il tarixli fərmanına əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. Bu da sərmayəçilər üçün motivasiyalardan biridir.
Yeri gəlmişkən, xarici maliyyə institutları da Azərbaycanda əlverişli sərmayə mühitinin olmasını bəyan edir və bunu onların dərc edilmiş hesabatlarından görmək olar. Bu yaxınlarda xarici ekspertlərin iştirakı ilə hazırlanaraq dərc edilmiş “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatına əsasən, 30 ildir ki, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri əlverişli investisiya mühitinin təmin edildiyini bildirirlər.“Xarici şirkətlərin 57%-i Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər. Sorğuda iştirak edən xarici şirkətlərin 43%-i fəaliyyət sahələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22%-i bu layihələrdə iştirakının mümkünlüyünü, 17%-i isə yüksək maraq göstərdiklərini bildiriblər. Respondentlərin 60%-i Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir”. (Mənbə)
Məhz münbit investisiya iqliminin nəticəsidir ki, son illərdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin sayı artmaqda davam edir. Məsələn, 2021-ci ötən 9 ayında 16. 499 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Yəni aktiv biznes təmsilçilərinin artım nisbəti 8 fazidən çoxdur. Dövlət qeydiyyatına alınan xarici investisiyalı hüquqi şəxslərin 35,7%-i Türkiyə, 14,3%-i İran, 11,6%-i Gürcüstan, 5,4%-i Pakistan, 4,5%-i Çin, 3,6%-i Şri-Lanka və 2,7%-i Rusiya investisiyalı vergi ödəyiciləridir. (Mənbə)
Dünyanın nüfuzlu iqtisadi institutları da Azərbaycanda səmərəli investisiya mühiti olduğunu bildirir. Beynəlxalq İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb. Biznes mühitini qiymətləndirən ən önəmli hesabatlardan olan Dünya Bankının “Doing Business”, “Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s” kimi nüfuzlu beynəlxalq reytinq agentliklərinin heabatlarında Azərbaycan sərmayə mühitinin yaxşılaşdığı öz əksini tapıbdılr. (Mənbə)
Göründüyü kimi Azərbaycanda son illərdə ən əlverişli və münbit sərmayə iqliminin təmin edilməsi üçün ən qabaqcıl intitisional və hüquqi mexanizmlər yaradılıb. Hüquqi savadı olan hər kəs bunu görür, hüquqşünas İlqar Məmmədovun bunları görə bilməməsi isə onun açıq qərəz və kinindən xəbər verir.
İlqar Məmmədov iddia edir ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayələr azalır. 2013-cü ildən sonra Azərbaycana yatırılan sərmayələrin azalması baş verməyib, sonrakı illər üzrə müxtəlif periodlarda artım dinamikası nümayiş etdirib. 2012-ci ildə investisiyaların həcmi 8,1 milyard manat təşkil etdiyi halda 2013-cü ildə 8,3 milyarda yaxın, 2014-cü ildə 9,1 milyard manat, 2015-ci ildə təxminən 11 milyard manat, 2016-cı ildə 16 milyard manat, 2017-ci ildə 15,7 milyard manata bərabər olub. 2018-2019-cu illərdə xarici sərmayələr təxminən 12-14 milyard manat təşkil edib. Yəni, İlqar Məmmədovun iddia etdiyi kimi investisiyalar son 9 ildə azalmayıb, 2012-ci ildəki 8 milyard manat həddə artım tempi ilə yüksəlib. Mənbə: stat.gov.az
Bununla yanaşı, qeyri-neft sektoruna da xarici investisiya qolyuluşları nominal ifadədə həcm baxımdan əvvəlki illərə nisbətən artıb. Belə ki, 2012-ci ilə qədər qeyri-neft iqtisadiyyatına birbaşa xarici sərmayələrin illik həcmi təxminən 0,6 -0,9 milyard dollar təşkil edirdisə, 2012-ci ildən sonra bu rəqəm 1,1-1,7 milyard dollar civarında dəyişməklə davam edib. Daha da sadələşdirsək görərik ki, 2012-ci ildə xarici sərmayə qoyuluşu 1 milyard olubsa 2013-cü ildə 1,1 milyard dollara çatıb. 2014-cü ildə bu rəqəm 1,3 milyard dollar (2015-ci ildə qlobal böhranla əlaqədar azalaraq 0,8 milyard dollar olub), 2016-cı ildə 1,7 milyard dollar təşkil edib. Yəni həm fiziki həcm, həm də nomimal ifadədə investisiyalar artıb. (Mənbə)
2017-ci ildə xarici sərmayə azalsa da, 2018-ci ildə dinamika yenidən 3,5 faiz artaraq manatla 1,8 milyard, dollar ifadəsi ilə 1,1 milyard təşkil edib. 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,9% artaraq 4,3 milyard təşkil edib. Sərmayələrin təxminən 20 faizi, 900 milyon dolları qeyri-neft sərmayələri təşkil edib. İnvestisiya qoyuluşarı 2020-ci ildə 5,9 % artıb, birbaşa xarici sərmayələrin həcmi 4 milyard 527,7 milyon təşkil edib. (Mənbə)
2021-ci ilin birinci yarısında Azərbaycana xaricdən cəlb olunmuş birbaşa investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz və ya 528,7 milyon dollar artaraq 2,64 milyard dollara bərabər olub. (Mənbə)
Beləliklə, ümumiləşdirdikdə 2013-2021-ci illər ərzində (2021-ci ilin birinci yarısı üzrə) xarici sərmayələrin həcmi təxminən 10 milyard dollar olub. Bu isə illik 1,2 milyard sərmayə deməkdir. Halbuki 2012-ci ildən əvvəlki illərdə bu rəqəm 0,6-0,8 milayrd dollar təşkil edib.
Nəticə: Bu rəqəmlər və statistika dərin elmi-iqtisadi təhlillər əsasında hazırlanıb və reallığın ifadəsidir. İlqar Məmmədovun statusu isə iqtisadi mövzuda məlumatı olmayan şəxsin heç bir iqtisadi təhlilə əsaslanmayan, reallıqdan çox uzaq, yanlış və kütlə şüuru ilə manipulyasiya cəhdidir.