Hər nə qədər təhsilə xərclənən vəsait insanın gələcəyinə qoyduğu sərmayə sayılsa da, təhsil haqqı olaraq universitetlərə ödənilən pul insanları narahat edir. Təhsil almaq istəyən və bunun  mümkün qədər az xərclə başa gəlməsinə çalışanların sayı milyonlarla ölçülə bilər. Özü də dünyanın hər yerində.

Azərbaycanda təhsilin bahalılığı fikri mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. Maraqlıdır ki, təhsil haqqı qiymətləndirilərkən çox müqayisələr aparılır və bütün müqayisələrdən universitet qiymətləri “uduzaraq” çıxır. Belə ki, təhsil haqlarını ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisə  edib baha olması qənaətinə varanlar da var, universitetlərimizdəki təhsil haqqını onların verdiyi təhsilə nəzərən dəyərləndirənlər də.

Bəs, universitetlərdə təhsil haqqı müəyyənləşdiriləndə hansı meyarlar əsas götürülür? Bu, dünyanın hər yerində eynidirmi? Ya da dünya reytinqləri  sıralamasında universitetlərin yeri təhsil haqqından asılıdırmı?

Faktyoxla Lab. bir çox nüfuzlu universitetlərdə təhsil haqqı haqda araşdırma aparıb.

Amerikada universitet özü bir investordur

Dünyada bahalı universitetlər çoxdur. Həsədlə baxdığımız Amerika universitetləri də məhz həmin bahalılar sırasındadır. Elə “Round University Ranking” Beynəlxalq reytinqinin (RUR-2018) nəticələrinə əsasən də dünyanın birinci ən bahalı təhsil ocağı Amerikadadır - Harvard Universiteti. Bəs, görəsən, niyə belə bahalıdır Amerika universitetləri? Varlı ölkədə təhsilə qiyməti hansı meyarlarla biçirlər?

Bir universitetin başlıca qiymətləndirmə faktoru elmi fəaliyyətidir. Sadəcə Harvard universiteti on minlərlə alimin birləşdiyi böyük bir elmi korporasiya, bütöv bir elmlər akademiyasıdır.

Sadəcə elmmi? Təhsil və elmlə yanaşı, dünyanın aparıcı universitetləri hər biri sahibkarlıq mərkəzidir. Universitetlər tələbələrə karyeralarını qurmaqda saysız-hesabsız imkanlar - yalnız iş tapmaq deyil, həm də onu yaratmaq imkanı verir. Nəticədə universitet özü investora çevrilir. Məsələn, Harvard Universitetinin ianə fondunda toplanmış vəsaitlərin ümumi həcmi 37.6 milyard ABŞ dollarıdır. 2007-ci ildən 2014-cü ilə kimi ali məktəbə maliyyə yardımlarının həcmi 96 milyon dollardan 166 milyon dollara qədər artıb. Daha bir gəlir yeri - təhsil haqqına baxaq. 2015-2016-cı tədris ili üçün universitetdə, sadəcə illik təhsil haqqı təxminən 45278 ABŞ dolları müəyyən olunub.

Bəs, xərclər? Universitetin xərcləri də milyardlarla ifadə olunur. Ancaq gəlirdən fərqli olaraq onluq, yüzlük yox, təklik rəqəmlərlə. Bu xərclər siyahısında tələbələrinə ayrılan yardım da var. Universitet tələbələrinin üçdə ikisi maliyyə yardımı alır. Əcnəbi tələbələr üçün nəzərdə tutulan “Devid Rokfeller qrantı” təhsil prosesində fəal olan və ya təhsil müddətində tədqiqatlara, ali məktəbin inkişafına töhfə verən şəxslərə təqdim olunur.

Universitetin tələbələrinə ayırdığı xərc ona məzunlarının ianəsiylə qat-qat artaraq geri qayıdır. Harvard universitetindən çıxmış yüzlərlə siyasətçi, sahibkar və məşhur şəxsiyyətlərin adı, sadəcə Amerika deyil, bütün dünya ictimaiyyətinə məlumdur. Ancaq onlar təhsil aldığı universitetin, sadəcə nüfuzuna nüfuz qatmır, həm də maddi baxımdan gücünə güc qatırlar. Buradakı təhsil müəssisələrinin gəlirinə baxanda  məzunlarının “bir əli üstündə olan”, daim qayğısını hiss edən, məzunlarıyla ömürboyu əlaqə saxlayan məktəb modeli görürürük. Nəticədə ölkədə ali məktəblərə maliyyə yardımlarının ildən-ilə artan həcmində məzunların payı, qatqısı nəzərə çarpır. Amerika universitetlərinin endirim Fondunun iki maliyyə mənbəyindən biri məzunlarının verdiyi ianələrdir.  Məsələn, İntel qurucusu Gordon Moorenin 2001-ci ildə Kaliforniya Texnologiya İnstitutuna (Caltech) etdiyi 600 milyon dollar tarixdə ən böyük hədiyyə kimi qaldı.

Məzunları universitetə bağlayan ən böyük amil isə mühitdir. ABŞ ali təhsil müəssisələrini fərqləndirən yaratdığı "professor öyrədir, tələbə öyrənir" paradiqması çərçivəsindən kənara çıxan atmosferdir.

Amerika universitetlərində təhsil haqqı

ABŞ-dakı universitetlərin təhsil haqları təhsil ocağının statusundan və nüfuzundan asılı olaraq dəyişir. Dövlət və ya özəl, kollec ya da universitet olması təhsil haqqı müəyyənləşdirilərkən başlıca amil sayılır. Ən aşağı qiymətlər dövlət kollecləri və universitetlərindədir. Həmin müəssisələrdə birinci il təhsilhaqqı orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ dolları ola bilər. Məsələn, Berkli Universitetində təhsil ildə təxminən 14-20 min dollar təşkil edir.  Özəl ali təhsil müəssisələrində, məsələn, Stenford və ya Harvardda qiymətlər 30 min dollardan başlayır.

Amerika universitetlərində qiymətlərə təsir edən meyarlardan biri ixtisaslardır. Burada ən yüksək təhsil haqqı tibb ixtisası üzrədir. Texniki ixtisaslar da humanitarla müqayisədə daha bahalıdır. Çünki kifayət qədər bahalı laboratoriya avadanlıqlarından istifadə olunur ki, bu da çox xərc tələb edir.

Avropada təhsil pulsuzdur

Avropada təhsil, əsasən pulsuzdur. Xaricdə təhsil üzrə mütəxəssis Baba Kərimlinin sözlərinə görə, Avropa ölkələrinin ali məktəblərində təhsilalanlar üçün xüsusi imtiyazlar nəzərdə tutulub. Məsələn, Almaniyada dövlət ali məktəblərində təhsil haqqı 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr, ailəsinin maddi durumu aşağı hesab edilənlər, 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları, hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır.

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.

Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyada dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə təmin edilir.

Hollandiyada ali təhsil pulsuz olmasa da, tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəməsi mümkündür.

Macarıstanda həm ödənişsiz, həm də ödənişli təhsil almaq imkanı var. Dövlət təhsil müəssisələrində ödənişli təhsilin qiyməti 1200-5000 avrodur. Ən bahalı ixtisaslar tibb və mühəndislik üzrə olanlardır.Tibb ixtisasları üzrə kadrları, xüsusən stomotoloqları Macarıstan ali təhsil müəssisələri 12-16 min Avroya hazırlayır.

Türkiyə ən yaxşı təhsil verən ölkələr arasındadır

Dünyada ən yaxşı təhsil verən ölkələr arasında Türkiyənin də adı var. Tibb və mühəndislik üzrə kadrların hazırlandığı Türkiyə universitetləri həm də təhsil haqqının ucuzluğuna görə dünyanın hər yerində tələbəlik arzusunda olanların diqqətini çəkir. Türkiyədə dövlət universitetlərində təhsil haqqı 1000-2000 manatdır. Tibb ixtisasları, xüsusə stomatoloq ixtisasları üzrə qiymət 1500 manatdan 12000 manata qədər dəyişir.  Özəl universitetlərdə bu rəqəm 2500-15000 USD-dur.

 Təhsil haqqlı - əmək bazarının tələbləri də, əhalinin sosial rifahı da nəzərə alınır

Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil haqqı müəyyənləşdirilərkən universitetin özünün cəmiyyətdə reytinqi, ixtisasa olan tələbat mühüm rol oynayır. Ancaq Amerika və Avropa ölkələri ilə müqayisədə ixtisaslara münasibətdə özünəməxsus fərqimiz ortaya çıxır. Ölkəmizdə texniki deyil, humanitar ixtisaslar daha bahalıdır. Səbəbi isə daxili əmək bazarıdır. Belə ki, ixtisasın əmək bazarında lazımlılıq dərəcəsini müəyyənləşdirəndə humanitar ixtisaslara təyin edilən təhsil haqqı texniki ixtisaslara qoyulan qiymətdən yüksək çıxır. Elə BDU-da olduğu kimi. Universitetdə hesab edirlər ki, kimya fakültəsində təhsil alan bir tələbənin xərci 4000 manatdan çoxdur. Amma kimya üzrə təhsil almaq üçün bu qədər vəsaiti gözdən çıxaracaq maliyyə gücünə sahib təhsilalan yoxdur. Hüquqşünaslıq ixtisası üzrə təhsilalanlar isə əksinə kifayət qədərdir. Ona görə də kimya üzrə kadr hazırlığına təhsil haqqı ən aşağı - 2000 manat müəyyənləşdirildiyi halda, hüquqşünaslıq ixtisası üzrə qiymətlər dəfələrlə qalxaraq əyani şöbədə 4500, qiyabi şöbədə isə 3600 manata çatıb.

Təhsil haqqı müəyyənləşdirilərkən Azərbaycanda da universitetin nüfuzu, əlaqələri, tətbiq etdiyi proqramlar əsas rol oynayır. Ənənəvi olaraq ingilis dili müəllimi hazırlayan Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru Sevinc Zeynalovanın sözlərinə görə, universitetdə həm magistr, həm də bakalavr səviyyəsi üzrə ümumilikdə 80 ixtisas üzrə kadr hazırlığı təşkil olunub:

“Son 5 ildə qəbul planımıza yeni ixtisaslar əlavə edilib. Yeni ixtisaslar da daxil olmaqla heç bir ixtisas üzə kadr hazırlığına görə təhsil haqqı artmayıb. Əksinə, bir neçə ixtisas üzrə - regionşünaslıq, tərcümə, filalogiya və 3 fakültədə təşkil edilən alman və fransız dili üzrə ixtisaslarımızda təhsil haqqı aşağı salınıb. Elə hazırda ən aşağı təhsil haqqı – 1000 manat məhz alman və fransız dili üzrə kadr hazırlığının təşkil edildiyi həmin ixtisaslardadır. Ən yüksək təhsil haqqı isə hazırda “Xarici dil müəllimliyi” ixtisasıdır”.

S.Zeynalovanın sözlərinə görə, universitetdə təhsil haqqı müəyyənləşdirilərkən əmək bazarının tələblərindən tutmuş əhalinin sosial rifah halına qədər hər ayrıntı nəzərə alınıb.

İxtisaslı kadr neçəyə başa gəlir?

Bəs, bu qiymətləri universitetlərdə kim, nəyə əsasən  müəyyənləşdirir?

Azərbaycanda hər ixtisas üzrə hazırlığın qiymətini həmin sahənin mütəxəssisləri müəyyənləşdirir. Onların qərarı universitetlərin Elmi Şurasında müzakirəyə çıxarılır. Elmi Şuranın verdiyi qərar Təhsil Nazirliyinə göndərilir və Nazirlik tərəfindən Nazirlər Kabinetinə və Dövlət İmtahan Mərkəzinə təqdim olunur. 

Təhsil haqqı – yəni hər tələbənin hazırlığı üçün tələb olunan vəsaitə müəllimlərin əməkhaqqı, tədris olunan fənlər, hər fənnin hazırlığında istifadə olunan avadanlıq, laboratoriya və tətbiq edilən proqramların qiyməti daxildir.

Göründüyü kimi, təhsil haqqı müəyyənləşdirilərkən nəzərə alınan meyarlar, demək olar ki, eynidir.

Beynəlxalq reytinq: Öz  effektivliyini  ölçmək şansı

Mütəmadi universitetlərin fəaliyyətini ölçən və onları öz aralarında vahid meyarlar üzrə müqayisə edən bir alət - reytinq cədvəlləri isə hər il dəyişir. Həmin cədvəllərdə qazancı da, xərci də milyardlarla ölçülən Amerika universitetləri də yer alıb, xərci borcunu ödəməyən Azərbaycan universitetləri də.

Bəs, universitetlər hansı meyarlarla  müqayisə edilir?

Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının Rusiya və MDB ölkələri üzrə regional direktoru Yeqor Yablokov dünya reytinqinin tərtib edilməsi üçün  5 qrupda (pilars) qruplaşdırılmış  13 göstəricidən (metrics-in) bəhs edib. Göstəricilərin birinci qrupu  universitetin inteqral qiymətləndirilməsində  30 faiz təşkil edir, universitetin təhsil  fəaliyyətini xarakterizə edir və beş ayrı-ayrı göstəricidən ibarətdir. Göstəricilərin bu qrupuna keçirilmiş qlobal reputasiya sorğusunun nəticələrinə görə universitetin akademik (tədqiqat deyil, məhz təhsil) reputasiyası daxil olur. Universitetin inteqral qiymətləndirilməsində onun çəkisi 15 faizə bərabərdir. İkinci qrupa aid göstəricilər (universitetin inteqral qiymətləndirməsində onun xüsusi çəkisi 30 faiz təşkil edir) universitetin elmi-tədqiqat fəaliyyətini xarakterizə edir. Ona üç ayrı göstərici daxildir, onlardan biri reputasiya sorğusunun (18 faiz) nəticəsidir və digərləri obyektiv yolla əldə olunan iki (hər biri 6 faiz)  göstəricidir.  Universitetin inteqral qiymətləndirməsi  universitet əməkdaşlarının elmi nəşrlərindən sitatgətirilmələrin sayının anoloji  nəşrlər üçün sitat gətirmələrin orta göstəricisinə nisbətinə əsaslanır və ümumi reytinq müəyyənləşdirilərkən 30 faiz dəyərləndirilir. (mənbə)

Beləliklə, göstəricilərin bu üç qrupuna universitetin  inteqral qiymətləndirilməsinin 90 faizi  düşür. Qalan 10 faiz universitetin  təhsil  və elmi fəaliyyətinin beynəlmiləlləşməsinin müvəffəqiyyətini xarakterizə edən üç göstəricidən (inteqral qiymətləndirmədə onun xüsusi çəkisi 7.5 faiz təşkil edir)  ibarət qrup, həmçinin kommersiya sektorunun xeyrinə yerinə yetirilmiş (qeyri-dövlət) elmi araşdırmalardan və kəşflərdən əldə olunan gəlirlərin həcmini xarakterizə edən “Industry Income” (2.5 faiz) göstəricisi arasında bölünür.

Bu böyük hesablamadan sonra Yeqor Yablokov Azərbaycan universitetlərini belə qiymətləndirir: “Times Higher Education”  dünyanın 200 -dən çox ölkəsində işləyir və həm ayrı-ayrı universitetlərin inkişafı, onların strategiyaları, həm də bütövlükdə ali təhsil sistemi barədə bilikləri toplayan nüfuzlu mərkəzdir. Bu planda Azərbaycan istisna  deyil. Azərbaycanda  elmi araşdırmalar aparan  və çox yaxşı səviyyədə mütəxəssis hazırlığını həyata keçirən bir sıra güclü universitetlər var.  Bu  universitetlər “Times Higher Education World University Rankings”in  universitetlərin  ümumdünya reytinqinə düşməyə iddia edə bilər”.

 

Harvard Azərbaycanda, ADU ABŞ-da olarsa…

Ümumdünya reytinqinə iddia üçün universitetlərin nüfuzu qalxmalıdır. Çünki bu, reytinqlərin qiymətləndirilməsində əsas payı 20 faizdən 50 faizə qədər dəyişən amillərdən biridir. Universitet üçün reytinqlərə daxil olmaq   başqa universitetlərə nisbətən öz  effektivliyini  ölçmək şansıdır. Bu şansını dəyərləndirən universitet nüfuzunu ikiyə qatlayır. Amma bu şans universitet büdcəsinə daxil olan gəlir əsas tutularaq dəyərləndirilmir. Reytinqi pillə-pillə yüksələn universitetlərin özünü hansı imkanlarla təkmilləşdirdiyi  müqayisə olunmur, müqayisə zamanı eyni meyarlara universitetlərin hansı şərtlər altında cavab verməyə çalışdığı öz əksini tapmır. Təhsil haqqına isə bu nüfuz da daxil olmaqla hər şey, ixtisasdan tutmuş universitetin verdiyi təhsilə, ölkənin iqtisadi gücünə, dövlətin siyasi nüfuzuna qədər hər şey təsir edir. Məsələn, güclü dövlət, zəngin ölkə, varlı vətəndaş amili Amerika təhsilinin gücünün əsasını təşkil edir. Ekspertlər hesab edir ki, ABŞ-ın aparıcı universitetlərinin marka gücünün əsas səbəbi, sözün hər mənasında ölkənin nüfuzudur. Yəni, ölkənin güclü iqtisadiyyatı və geniş daxili bazara sahib olması bu coğrafiyada fəaliyyət göstərən universitetlərin reytinqinə təsir baxımından başlıca əhəmiyyətə malikdir. “Forbes” Harvarla bağlı yazır: “Tutaq ki, cari maliyyəni (ildə 4,5 milyard dollar) saxlayaraq Harvardı Rusiyaya yerləşdiririk. On ildən sonra, ən yaxşı halda, Harvard dünyada 100-cü universitet olacaq”. 

Nəticə: Harvardı Azərbaycana yerləşdirsək, neçə il sonra 100-cü yerə düşər, demək çətindir. Ancaq deməsi çətin olmayan başqa bir həqiqət var ki, Azərbaycan universitetləri öz məhdud imkanlarıyla beynəlxalq reytinqlərə cığır açıb. Bu o deməkdir ki, ayaqda qalmaq, inkişaf etmək və güclü rəqabətə tab gətirə bilmək üçün verdikləri təhsilin keyfiyyətini artırmağa çalışacaqlar. Özü də ölkədə tələb və təklif arasında proporsiyanı, ixtisaslar üzrə qəbul balını və ən əsası, əhalinin sosial rifahını, ödəyib-ödəyə bilməmək imkanlarını nəzərə alaraq.