İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu ölkədən yayımlanan “Shant” telekanalına verdiyi müsahibədə İranın Naxçıvana PUA hücumu, Azərbaycan-İran münasibətləri, bölgədə yaranmış mürəkkəb vəziyyət, İranla münaqişədə olan ABŞ və İsrailin Azərbaycanda hərbi strukturlarının olması və digər məsələlər barədə fikirlərini bölüşüb.
İranın Ermənistandakı səfirinin fikirlərin hər birinə ayrı-ayrılıqda aydınlıq gətirməyə çalışaq.
Səfir X.Şirqulami iddia edir ki, İran tərəfi Azərbaycanın dövlət sərhədini pozmayıb və Naxçıvana dron hücumu etməyib. Onun bu açıqlaması, yəni Naxcıvan hava limanına, məktəb və digər mülki infrastrukturlara PUA hücumunun İran ərazisindən göndərilməsini, ümumiyyətlə törədilmiş beynəlxalq cinayəti inkar etməsi məsuliyyətdən boyun qaçırmaq, cinayəti digərinin üzərinə qoymaq cəhdidir.
Əvvəla, hücumun İrana məxsus “Araş-2” tipli pilotsuz uçan aparatı olduğunu Muxtar Respublika ərazində hadisə yerindən götürülmüş nümunələr təsdiqləyir və bunu inkar etmək qətiyyən mümkün deyil.

Hücumu İranın hərbi strukturları da etiraf edib və SEPAH-a məxsus “SEPAH-Pasdaran” teleqram kanalında bu barədə xəbərlər yayılıb.

Xəlil Şirqulami Azərbaycana dronla zərbə endirmək istəyi üçün heç bir səbəb olmadığını və “əgər belə bir qərar olsaydı, onlar hədəfi dəqiq vurardılar, çünki biz bəzi Amerika bazalarını və İsraili vurmuşduq” bəhanəsi ilə özünü sığortalamağın əlamətidir. Ancaq səfir ifadəsindəki ziddiyətli məqamlarla özünü çıxılmaz vəziyyətə salır. Etiraf edir ki, İran əsas etibarilə ABŞ və İsrailə məxsus hərbi infrastrukturları hədəf alır və Azərbaycanda belə bazalar olsaydı, onları da hədəf alardıq. Naxçıvanda başqa dövlətə aid hərbi baza və ya hərbi təyinatlı obyektin olmadığını səfir “olsaydı hədəfə alardıq” fikri ilə təsdiqləyir. Ancaq buna baxmayaraq, mülki obyektlərə drona hücumu həyata keçirilməsini inkar etməklə və ziddiyətli müqayisələrlə öz-özünü şübhələndirir.
İran Prezidenti Məsud Pezeşkianın Naxçıvana dron hücumundan bir gün sonra videomüraciətində “bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm, İran qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib”- deyə bildirməsi məntiqi baxımdan Tehran hakimiyyətinin yanlış addımlarının, o cümlədən Naxçıvana atılan dron hücumunun etirafı sayıla bilər.
Naxçıvana hücumdan sonra iki ölkə arasında münasibətlərin pisləşməsi, Azərbaycanın reaksiyasının qeyri-mütənasib və dostcasına olmaması barədə səfirin fikirləri də öz ölkəsinin adından səsləndirilən yersiz ittihamlar və saxtakarlıq kimi qəbul edilə bilər. O, bu fikri ilə İran dövlətinin rəsmi mövqeyini təkzib edir. Çünki rəsmi Tehran özü Azərbaycanla münasibətləri qorumağa, inkişaf etdirməyə çalışdığını öz rəsmi mövqeyi ilə biruzə verir. Martın 8-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək Ayətullah Seyid Əli Xamneyinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.
Bu, iki ölkə arasında münasibətlərin qeyri-mütənasib səviyyəyə çatmadığını və normal qaydada davam etdiyini göstərir. Digər tərəfdən, əgər Azərbaycan kin saxlayan, qeyri-dost ölkə olsaydı, İranın mövcud terror aktı törətməsinə və nankorluğuna baxmayaraq, öz dost əlini uzatmaz, Cənab İlham Əliyevin tapşırığı ilə 30 ton humanitar yardım göndərməzdi. Bu, rəsmi Bakının qonşu və dost hesab etdiyi İrana olan aydın və mütənasib münasibətinin göstəricisidir.

Digər bir məqam - İsrailin Azərbaycan Respublikasında təhlükəsizlik qüvvələrinin olması barədə səfirinin yalan iddialarıdır. Onun “Biz bunu bilirik, amma Fars körfəzinin bütün ölkələrini bu müharibədə ABŞ və sionist rejiminin bu ölkələrin imkanlarından İrana qarşı istifadə etməməsi barədə xəbərdar etdiyimiz kimi, eyni şeyi qalanlarına da deyirik” ifadəsi də növbəti riyakarlığın əlamətidir. İlk növbədə, bu cümlə Xəlil Şirqulaminin yuxarıda xatırlatdığı “əgər Azərbaycanda ABŞ və İsrailin hərbi bazaları olsaydı, onlar hədəfi dəqiq vurardılar” fikrinin fonunda onun nə qədər yalan danışdığını ifşa edən arqumentlərdən biridir.
İkincisi, İsrailin Azərbaycan Respublikasında hər hansı qüvvələrinin olmadığı rəsmi şəkildə dəfələrlə bəyan edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaydığı bəyanatda İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan absurd xəbərlərə münasibət bildirərək bu kimi məlumatlar dezinformasiya və saxta xəbər olduğunu diqqətə çatdırıb. Sitat: “Hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.
Üçüncüsü, Azərbaycan öz suveren və legitim ərazilərindən hansısa ölkənin hərbi məqsədləri üçün istifadəsinə qətiyyən yer verməyib və vermək niyyətində olmadığını ən ali səviyyədə konkret şəkildə bildirib. O cümlədən, dəfələrlə İran tərəfinin diqqətinə ABŞ və digər ölkələrin imkanlarından İrana qarşı istifadəsinin mümkün olmadığı çatdırılıb. Sitat: “İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir”.
Bu qədər açıq və konkret bəyanatın qarşılığında İranın Ermənistandakı səfirinin bu cür açıqlaması özü təxribat və süni gərginlik yaratmaq xislətindən irəli gəlir.
Səfirin “Biz Qafqaz regionunun bütün ölkələri ilə mükəmməl dostluq və qardaşlıq münasibətləri qurmağı sevirik və hazırda gərginlik üçün heç bir səbəb görmürəm” fikri isə Azərbaycanın bu bölgədə inşa etdiyi nümunəvi dostluq modelinin təkrarçılığı, bu modeli özününküləşdirmək cəhdi kimi qiymətləndirilə bilər. Çünki, Qafqaz regionunda mükəmməl dostluğun qurucusu Azərbaycandır, bütün qonşu ölkələrə eyni dost münasibət göstərir, hər biri ilə mehriban münasibətlər sərgiləyir, regional layihələrdə yer verir. Ermənistanla hələ yekun sülh sazişinin imzalanmamasına baxmayaraq, bu ölkəni qlobal layihələrə qoşmağa çalışır, humanitar dəhliz açır və s.
Arayış. Xalil Şirqulami.

Şirqulami əvvəlki səfir Mehdi Sobhaninin yerinə İranın Ermənistana yeni səfiri təyin edilib.. O, 2025-ci ilin dekabrında etimadnaməsinin surətini Ermənistanın XİN-də təqdim edib. Akademik-analitik profilli diplomatdır Ermənistana yola düşməzdən əvvəl Şirqulami XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində Tədqiqat və Araşdırmalar üzrə direktor müavini vəzifəsini icra edib. armenpress
Şirqulami İranda rejim əleyhinə etirazların qızğın vaxtında Ermənistanda İran səfirliyinin önündə aksiyaların keçirilməsinə göz yumulduğuna görə Ermənistan hökumətini son dərəcə sərt tonda tənqid edib. O, Tehranda Ermənistanla bağlı qənaətin formalaşdığını bildirib: "Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilir."
Şirqulami etirazçılar haqqında aşağılayıcı və təhqiredici ifadələr işlədərək Ermənistana da xəbərdarlıq etməyi unutmayıb: "Bu hadisə İran xalqının tarixi yaddaşında qalacaq."
Qərb mediası səfirin bu açıqlamasını kəskin şəkildə tənqid edib, bir ölkənin ərazisindəki dinc aksiyaları bu şəkildə şərtləndirib rəsmi xatırlatma olaraq çatdırılması diplomatik normalarla ziddiyyətli hesab ediblər.
İran dövlət mediası (Tasnim, Fars, ISNA) Şirqulaminin açıqlamalarını "sərt diplomatik mövqe" kimi təqdim edib və onu müsbət qiymətləndirib. Lakin İrandakı islahatçılar və müstəqil rəylər bu vəzifəyə akademik profilli bir insanın, yəni döyüş təcrübəsi olmayan birinin gətirilməsini tənqid ediblər.
Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu (IPIS, Institute for Political and International Studies) — Tehrandakı xarici siyasət üzrə ixtisaslaşmış beyin mərkəzidir. 1979-cu il İslam İnqilabından sonra İranda yaradılan ilk düşüncə mərkəzlərindən biri kimi 1983-cü ildə qurulub. Məqsədi İslam Respublikasının xarici siyasəti ilə bağlı araşdırmaları rəhbərlik etmək və həvəsləndirməkdir.
IPIS üç əsas fəaliyyət istiqamətini özündə birləşdirir: analitik-araşdırma işi, arxiv və təhsil. Araşdırma sahəsində İranın xarici siyasəti ilə bağlı layihələr həyata keçirir, tətbiqi araşdırmalar aparır, yerli və xarici düşüncə mərkəzləri ilə müntəzəm görüşlər, dəyirmi masalar və konfranslar təşkil edir.
50 milyon ilkin sənədi əhatə edən unikal arxivə malikdir — İranın xarici münasibətlər tarixinin araşdırılması üçün əvəzsiz mənbə sayılır. "Hadisələr və Təhlillər" aylıq jurnalı, "Xarici Siyasət", "Mərkəzi Asiya və Cənubi Qafqaz" və "Xarici Münasibətlər Tarixi" kimi dövri nəşrləri var.
İnstituta tanınmış İran diplomatu Səid Xatzadə rəhbərlik edir. O, əvvəllər XİN-in sözçüsü və Xorvatiyaya səfir kimi çalışmışıb. Hazırki XİN naziri Abbas Araqçi də 1990-cı illərdə IPIS-in baş direktoru vəzifəsini icra edib. Yəni bu institut İranın ən yüksək diplomatik kadrları üçün bir növ "yetişdirmə məkanı" funksiyasını daşıyır.
IPIS Qərb hökumətləri, müdafiə qrupları və tədqiqatçılar tərəfindən İran rejiminin ideoloji mövqelərini, o cümlədən, Qərb əleyhinə narrativləri yaymaq üçün bir vasitə kimi istifadə etdiyinə görə ittiham edilib. Tənqidçilər IPIS-in araşdırma və tədbirlərinin sistematik şəkildə Tehranın xarici siyasət gündəmini irəli sürdüyünü, obyektiv təhlil yerinə, rejimə sədaqəti ön planda tutduğunu iddia edir.
Ən böyük skandal isə IPIS-in "Holokostun yenidən nəzərdən keçirilməsi: Qlobal Baxış" adlı konfransın keçirilməsinə ev sahibliyi etməsilə yaşanıb. Bu addım beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olmuşdu.
Şirqulami formal olaraq XİN-in “adamı” sayılır. Lakin bu ayrımı sadəcə ağ-qara görmək olmaz, çünki IPIS özü bu iki qüvvənin (XİN və SEPAH) kəsişdiyi nöqtədir. Yəni Şirqulaminin yetişdiyi mühit (IPIS) özü SEPAH-ın siyasi gündəminə uyğun qurumdur.
Bütün bunları nəzərə alaraq Şirqulamini belə xarakterizə etmək olar: o, XİN-in institutlaşmış sisteminə sadiq, IPIS-in "SEPAH-a yaxın" mühitindən çıxmış, Pezeshkianın islahatçı hökuməti ilə deyil, dərin dövlətin narrativinə uyğun danışan diplomatdır. Onun Ermənistan əleyhinə açıqlamaları, Azərbaycana təhdid mesajları, etirazçılara xəbərdarlığı — bu profilinə tam uyğundur.