Axtarış

Select theme:

Azərbaycan neftinin Ermənistana ucuz satılacağına dair fikirlər şaiədir

Sosial mediada Prezidentin köməkçisi Hikmət Hacıyevin adından saxtakarlıq edərək Azərbaycanın daxili bazardakı qiymətlərdən daha ucuz tariflərlə Ermənistana neft və neft məhsulları, o cümlədən benzin satacağı barədə məlumatlar yayılıb. Əlavə olaraq iddia edilir ki, Azərbaycanın xarici ölkələrə satdığı yanacağın qiyməti daxili bazardakı qiymətdən ucuzdur.

Faktyoxla bu məsələyə aydınlıq gətirib.

Əvvəla, Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistana neftin satış tarixi və qiyməti barədə ümumiyyətlə heç bir fikri və açıqlaması olmayıb. Hikmət Hacıyev dekabrın 6-da Doha Forumunda çıxışı zamanı Bakı və İrəvan arasında sülh sazişinin paraflanmasının Cənubi Qafqaz regionunda legitimliyi, qanuniliyi və beynəlxalq hüququn üstünlüyünü təmin etdiyini və yeni status-kvo yaradıldığını bildirib.

Forum çərçivəsində təşkil edilən panel iclasda iki dövlət arasında gələcək əməkdaşlıq gündəliyinə uyğun olaraq enerji-nəqliyyat, kommunikasiya bağlantılarının təmin edilməsi imkanları dəyərləndirilərkən iqtisadi kommunikasiya çərçivəsində neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracının müzakirəsi də istisna olunmayıb. O, neft və neft məhsullarının ixracı məsələsinin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın Qəbələyə səfəri zamanı müzakirə edildiyini xatırladıb.

Vurğulanıb ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Azərbaycanın Qəbələ rayonuna səfər edib. Səfər zamanı sərhədlərin delimitasiya prosesi müzakirə edilib. Bununla bərabər iki ölkə arasında bəzi qarşılıqlı ticarət məsələləri müzakirə olunub ki, istiqamətlərdən biri də neft və neft məhsullarının Azərbaycandan Ermənistana ixracı məsələsidir”. istinad

Bu açıqlama geosiyasi reallıqlar fonunda Azərbaycan və Ermənistan arasında perspektiv əməkdaşlığın qurulması konteksində mümkün istiqamətlərdən biri kimi dəyərləndirilib. Ancaq Ermənistana neft məhsullarının satışı tarixi, qrafiki və satış qiyməti barədə ümumiyyətlə söhbət getməyib və bu, mümkün də deyil. Çünki enerji mübadiləsi və satış kvotası, tariflərlə bağlı məsələ Energetika Nazirliyi, SOCAR və Nazirlər Kabineti tərəfindən birgə müəyyənləşdirilir. Ona görə də, Hikmət Hacıyevin dövlət idarəetmə sistemində hər bir sahənin spesifik xüsusiyyətlərini bilən şəxs kimi qiymət məsələsi barədə fikir bildirməsi inandırıcı görünmür və belə bir açıqlama ümumiyyətlə yoxdur.

Digər tərəfdən, neft məhsullarının tranziti üzrə danışıqlarda yekun razılaşma olmadan, ikitərəfli alqı-satqı müqaviləsi imzalanmadan satış tarifi barədə danışmaq gülüncdür. Ən azından o səbəbə görə ki, Azərbaycan və Ermənistanın müvafiq qurumları neftin mübadiləsinə dair sənəd imzalamayıblar. Belə olan halda “satış qiyməti” haqqında danışmaq yersizdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da "SOCAR"ın Emrənistana Azərbaycandakından daha ucuz qiymətə benzin satacağı barədə yayılan məlumatlara münasibət bildirib. Deputatın sözlərinə görə, Ermənistana neft məhsullarının ixracı həyata keçiriləcəksə, bu zaman dünya bazarındakı qiymətlərə uyğun olaraq neft nəqlinin reallaşması mümkün olacaq. “Bütün hallarda, Azərbaycan həm neftini, həm də mavi qazını dünya bazarında müəyyənləşdirilmiş qiymətlərə və beynəlxalq şərtlərə uyğun nəql edir”- deyə V.Bayramov bildirib.

Hətta Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan neft məhsullarının ölkəsinə ixracı məsələsinə münasibət bildirərkən vaxtı və zamanı gözləməyi məsləhət bilib. Papoyan qeyd edib ki, vaxtı gələndə bu barədə hər şey bilinəcək. İndi şərh vermək düzgün olmazdı, nəticələr olduqda məlumat veriləcək.

 Beləliklə, bütün xüsuslardan yanaşdıqda ortaya atılan bu iddia iftira olmaqla yanaşı, açıq böhtandır.

Qeyd edək ki, hazırda Azərbaycanın digər dövlətlərə satdığı neft və neft məhsullarının öz daxili bazar qiymətlərindən ucuz olması barədə fikirlər də tamamilə saxta iddia və ağ yalandır.

2025-ci ilin ötən 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycan xarici ölkələrə satdığı xam neft və neft məhsullarının ixracı 16 milyard 996,2 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində ixrac olunan məhsulların fiziki həcmi isə 8 milyon 938,9 min ton olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ixrac edilən neftin orta satış qiyməti 500-600 dollar civarında olub. Belə ki, neftin bir tonunun orta ixrac qiyməti İtaliyaya 521 dollara, Çexiyaya 537 dollara, Xorvatiyaya 539 dollara, Almaniyaya 529 dollara, Yunanıstana 536 dollara, Niderlanda 566 dollara, Türkiyəyə 494 dollara satılıb.

Açıqlanan rəqəmlərdən görünür ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu orta hesabla satış qiyməti 540 dollar təşkil edib. Bu, Azərbaycan pul vahidi ilə təqribən 920 manat deməkdir.
Ölkəmizdə isə daxili bazardakı neft və neft məhsullarının istehsalçı satış qiyməti bundan xeyli aşağıdır, təxminən bir tonu 750 AZN-dir.

Benzin və dizelin satışına gəlincə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 3 ölkəyə (Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 4,085 milyon ABŞ dolları olan 6,4 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (“Aİ-92”) benzin ixrac edilib. Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində 1,093 min ton, Türkiyəyə isə 1,650 milyon ABŞ dolları dəyərində 3,1 min ton “AI-92” markalı benzin ixrac edilib. Benzinin orta satış qiyməti təxminən 650-750 dollar təşkil edir. istinad

Azərbaycanın benzin satdığı ölkələr içərisində coğrafi baxımdan ən yaxın tranzit ölkəsi Gürcüstandır, burada benzinin bir tonunun qiyməti (804.000/1.093.000=0,735,6) 735,6 dollar təşkil edir ki, bu da Azərbaycan manatı ilə 1250,5 AZN deməkdir. Bir litr benzinin topdansatış qiyməti isə 1 manat 25 qəpik edir. Bura Gürcüstandakı YDM-lərin pərakəndə satış qiymətini əlavə etdikdə qiymət daha da artır. Belə ki, bu ölkədə “Aİ-92” markal yanacağın orta pərakəndə qiyməti 0,944 avro təşkil edir ki, bu da təxminən 1,8 manat deməkdir. mənbə

Belə ki, bu ölkədə, yəni Azərbaycanın ən aşağı qiymətə qonşu ölkəyə satdığı benzinin satış tarifi (“Aİ-92” üzrə) bizim daxili satış qiymətindən (“Aİ-92 =1,1 AZN) bahadır.
Eləcə də Ermənistanda benzinin qiyməti daha yüksəkdir, “Aİ-92” markal benzinin orta pərakəndə satış qiyməti 1,12 avro təşkil edir ki, bu Azərbaycan manatı ilə 2 AZN-dən çoxdur. istinad

İstər regionda, istərsə də Cənubi Qafqazda benzin və dizelin pərakəndə satış qiymətinin ən ucuz olduğu ölkə Azərbaycandır. istinad
• Benzini (Aİ-92) — AZN 1.10 (€ 0.567)
• Benzini (Aİ-95) — AZN 1.60 (€ 0.825)
• Benzini (Aİ-98) — AZN 2.30 (€ 1.186)
• Diezel — AZN 1.00 (€ 0.515)

Beləliklə, Azərbaycanın qonşu və region ölkələrinə satdığı neft və neft məhsullarının, o cümlədən benzinin qiyməti öz daxili bazar qiymətindən bahadır. Bu nöqteyi-nəzərdən Ermənistana satılması nəzərdə tutulan Azərbaycana məxsus neft məhsullarının satış tarifinin digər region ölkələrindəki qiymətdən aşağı olması qeyri-mümkündür.

SOCAR-ın Ermənistana neft məhsullarını Azərbaycanın daxili bazarındakı qiymətlərdən daha ucuz satılacağı barədə fikirlər dezinformasiyadır.

Oxşar məqalələr: