Zatulinlə bağlı 1-ci yazıda “dosye”, “kompromat” və  “InformNapalm” saytlarına istinadən (“UkrainianCyberAlliance”,  "CyberXunta" haker qruplarının ötürdükləri materiallar əsasında) Rusiya Federasiyası Dövlət Dumasının deputatının maliyyə fırıldaqları (“Русский вопрос”, “MDB ölkələri İnstitutu”), qanunsuz yollarla əldə etdiyi əmlaklar, müstəqillik əldə etmiş dövlətlərə qarşı həyata keçirdiyi diversiya fəaliyyəti haqda geniş araşdırma yazısı təqdim etdik. Həmin yazıda Zatulinin “KQB” əlaltısı olmağı, onun kimi savadsız, uğursuz birinin yalnız 2000-ci ildən sonra “parlaması”nın səbəblərini göstərdik.

Bu yazıda isə Zatulinin mənsub olduğu xətlə bağlılığını sübut edən konkret faktları təqdim edəcəyik.

“Lazerev klubu”

Zatulinin psixoloji portretini cızan ekspertlər bu qənaətdədirlər ki, Dövlət Dumasının ən qalmaqallı üzvü olan bu şəxs Rusiya ilə MDB ölkələri arasında münasibətlərin yüksəlməsinə təhkim olunsa da, fəaliyyəti məhz əlaqələrin daha da pisləşməsinə, kəskinləşməsinə səbəb olub. O, keçmiş Ermənistan-Azərbaycan münaqişəsində qərəzli mövqeyi və bu münaqişənin davamlı xarakter almasına dolayısı da olsa təsir edən institutlardan biri ‒ “Lazarev Klubu”nun yaradılmasının təşəbbüskarı olub.

Məsələ burasındadır ki, Zatulinin “MDB ölkələri İnstitutu”, “Ruskiy Vopros”, TV-də veriliş, sayt idarəçiliyindən qazandıqları “Lazarev klubu”ndan qazandıqlarının yanında çox kiçik rəqəm kimi görünür. Daha dəqiq desək, “Lazarev” klubu onun “qara kassa”sı, külli miqdarda vəsait silməsi üçün əlavə maliyyə fırıldağı sxemi olub. Bu fikirlərimizi daha da açmağa çalışaq.

“Lazarev klubu” 2018-ci ildə Kremlyönlü erməni deputatlar, ictimai xadimlər, jurnalistlər, iş adamları tərəfindən təsis edilib. “MDB ölkələri İnstitutu” təsisçilər sırasındadır. faktyoxla

Qısa məlumat:

"”Lazarev klubu”nun fəaliyyətinin dəstəklənməsi üzrə Moskva departamenti" təşkilatı 14 avqust 2020-ci il tarixində 107370, MOSKVA, Marşal Rakosovski, B 6, ev 1, ET/POM/K/ 5/XXXVI/29 ünvanında qeydiyyata alınmışdır. Şirkətə Starodubtseva Natella İvanovna rəhbərlik edir və “OGRN 1207700292821” və “INN 9718160536” identifikasiya nömrələri verilib. Əsas fəaliyyət ictimai rəyin öyrənilməsidir.

"Досье Центр"-in əldə etdiyi məlumata görə, bu Klubu maliyyələşdirən şirkətlər arasında “Qazpromeksport” da var. Bundan başqa, Ermənistanda doğulmuş və ya biznesə Ermənistanda başlayan ruslar da təşkilatın inkişafına kifayət qədər maliyyə vəsaiti ayırıblar. “Sochi24” saytının müəlliflərinin fikrincə, Klubun 2018-ci ilin dekabrında keçirilmiş ilk iclasında tədbir iştirakçıları Rusiya və Ermənistanla sıx bağlı olan iri biznes nümayəndələrinə maliyyə yardımına görə minnətdarlıqlarını bildiriblər.

Onlar arasında Samvel Karapetyan (“Taşir” QSC), Sergey Ambartsumyan (“Monarx” Konserni), Kamo Avaqumyan (“Avilon”), Ruben Tsaturyan və başqaları var. Belə məlum olur ki, Klubun iclasının keçirilməsinə bu və digər şəxslərin köməyi olub. Bəs Zatulin kurator kimi onlardan vəsait alıbsa, nəticələri barədə hesabat verib?

Təqdim etdiyimiz sənədlər təşkilatın 2024-cü il üzrə hesabatlarından götürülüb. Böyük maliyyə dövriyyəsi olan təşkilatın ötən il üçün hesabatı demək olar ki boş görünür.

Sanki heç bir fəaliyyət yoxdur.

Klubun İdarə heyətinin üzvləri:

Konstantin Zatulin. “Lazarevski Klubu”nun yaradılması üzrə Təşkilat Komitəsinin sədri, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, MDB Ölkələri İnstitutunun rəhbəri (Rusiya).

 Ambartsumyan Sergey Aleksandroviç. "Monarx" konserninin baş direktoru (Rusiya).

Babayan Roman Georgiyeviç. Jurnalist, teleaparıcı (Rusiya). VII çağırış Moskva Şəhər Dumasının deputatı. “Moskva danışır” radiostansiyasının baş redaktoru.

Balayan Zoriy Qaykoviç. Yazıçı, ictimai xadim (Ermənistan).

Geqamyan Artaşes Mamikonoviç. Altıncı çağırış Ermənistan Respublikası Milli Məclisinin deputatı (Ermənistan).

Qazazyan Aleksandr Akopoviç. Ekspert (Rusiya).

Qukasyan Lusik Lerzunikovna. “Rusiya erməniləri İttifaqı”nın birinci vitse-prezidenti.

Cazoyan Aşot Eqişeviç. “Jurnalistlər Birliyi” (Rusiya) media konqresinin sədri.

Kazimirov Vladimir Nikolayeviç. Fövqəladə və Səlahiyyətli səfir, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Veteranlar Şurasının keçmiş sədri. ATƏT-in artıq fəaliyyətini dayandırmış Minsk qrupunun həmsədri

Karapetyan Samvel Sarkisoviç. “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi (Rusiya).

Kotancyan Qayk Sargisoviç. General-leytenant (təqaüddə), professor, Ermənistan Siyasi Elmlər Assosiasiyasının fəxri prezidenti (Ermənistan).

Markarov Alexander Alexandrovich. MDB Ölkələri İnstitutunun İrəvan filialının direktoru, siyasi elmlər doktoru (Ermənistan).

Manukyan Vazgen Mikaeloviç. Ekspert, Ermənistan Respublikası İctimai Şurasının keçmiş sədri.

Nadein-Raevski Viktor Anatolyeviç. Şərqşünas alim, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi (Rusiya).

Sarkisyan Aram Qasparoviç. Ermənistan Demokratik Partiyasının sədri.

Soqomonyan Viktor Ernestoviç. Politoloq, siyasi elmlər doktoru (Ermənistan).

Tarasov Stanislav Nikolayeviç. “Regnum” İnformasiya Agentliyinin Şərq redaksiya heyətinin baş redaktoru, politoloq, Qafqaz problemləri üzrə ekspert, tarix elmləri namizədi (Rusiya).

Tretyakov Vitali Tovieviç. Lomonosov adına Moskva Dövlət Universitetinin Televiziya Ali Məktəbinin (fakültəsinin) dekanı, Kultura telekanalında (Rusiya) "Nə etməli? Fəlsəfi söhbətlər" verilişinin müəllifi və aparıcısı.

Şahnazarov Karen Georgiyeviç. “Mosfilm” kinokonserninin baş direktoru, kinorejissor, Rusiyanın xalq artisti (Rusiya)

Görünür, bu cür iri ranqlı sponsorların mövcudluğu Zatulinin keçmiş “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı mövqeyinə açıq yön verib. Klub özü Rusiyanın “yumşaq gücü”nün Ermənistana təsir aləti kimi nəzərdə tutulsa da, düşünülən “təsir” kifayət qədər mənfi alınıb. Sayt yazır ki, bu klub daha çox köhnə mövzuları müzakirə edən laqqırtı dükanını xatırladır. Çünki gözlənilən nəticə yoxdur, yalnız bir faydalanan var ‒ böyük biznes maraqlarına uyğun addım atan Zatulin.

“Dosye” əməkdaşının yazdığına görə, bu klub, Zatulinin vəzifəsi Ermənistan-Rusiya münasibətlərini normalaşdırmaq və yüksəltməkdən ibarət olub. Lakin o, bu adla dövlət tərəfindən ayrılan vəsaitin mənimsənilməsi və ölkə rəhbərini aldatmaqla məşğul olub. Əlavə edilir ki, buna əsaslanaraq, klubun bütün işlərinin sadəcə olaraq Zatulinin özünün “əlini qızdırması” üçün istifadə etdiyi uydurma “zəif təsir” aləti olub.

“Dosye” müəllifləri yazırlar ki, klubun bütün tədbirləri böyük miqyasda, hərtərəfli xidmət və bahalı hədiyyə və təamların verilməsi ilə keçirilir.

Məqalədə Zatulinin birbaşa vəzifələrinə aid olan, misal üçün, faşist Qaregin Njdenin heykəlinin ucaldılmasına, Rusiya kanallarının Ermənistan ərazisində yayımının dayandırlmasına etiraz və s. işlərin görülməməsi haqda iradlar bildirilir. Bu hərəkətlər söhbətin Klubun fəaliyyətinin yalnız Zatulin üçün əlavə və külli miqdarda gəlir mənbəyi olduğu faktını təsdiqləyir. Yəni onun üçün Ermənistan-Rusiya münasibətlərinin düzəlməsi prioritet məsələlərdən deyil. 

“Bəs Konstantin Zatulin kimin dostu və yoldaşıdır? Rusiya dövlətinin? Rusiya və Ermənistan xalqlarının? Yoxsa hər iki ölkənin böyük biznes nümayəndələrinin? Hansılar ki, ecazkar erməni konyakı və xalqlar dostluğundan bəhs edən tostlar deyəndə iki ölkə arasında münasibətləri möhkəmləndirmək haqda düşünmürlər” -deyə məqalədə qeyd olunur.

İndi “Lazarev klubu”nun bağlı olduğu kanallara toxunaq. “Dosye”nin araşdırmasına görə, Zatulinin patronajlığı ilə fəaliyyət göstərən “Lazarev klubu” Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin məhsuludur. Bu quruma isə kəşfiyyat generalı Vladimir Çernov rəhbərlik edir. Bu haqda məlumat Çernovun katibliyinin işçi sənədləri “ələ keçirildikdən” sonra məlum olub.

Rusiya xüsusi xidmət orqanlarının veteranlarından sayılan Vladimir Çernov Rusiya siyasi elitası ilə yüksək əlaqələrə malikdir. Onun rəhbərliyi ilə Rusiya ilə yaxın qonşu ölkələrdə, habelə Şərqi Avropada və Yaxın Şərqdə kremlpərəst nüfuz (təsir) agentlərinin böyük məxfi şəbəkəsi yaradılıb. O, Vladimir Putinin “FSB”, “SVR”, “QRU” və digər xüsusi xidmət orqanlarının bütün hesabatlarının toplandığı “yaşıl qovluğu” üçün operativ hesabatlar hazırlayır.

Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsi 2005-ci ildə yaradılıb. Onun əsas vəzifələrinə “əlaqələrin yaradılması” və “materialların işlənməsi” ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, “Abxaziya,” “Cənubi Osetiya,” Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, “Dnestryanı” bölgədəki vəziyyət barədə ölkə rəhbərliyini məlumatlandırmaq daxildir.

İdarəyə ilk vaxtlarda siyasi strateq, kremlyönlü “REGNUM” xəbər agentliyinin sahibi Modest Kolerov rəhbərlik edib. 2007-ci ildə Kolerov “aşırı radikalizmə” görə işdən çıxarılıb və Sankt-Peterburqdan olan Nikolay Tsvetkov onu əvəzləyib. “Dosye”-nin “KQB”-nın Birinci Baş İdarəsindəki (xarici kəşfiyyatla məşğul olan idarə - red.) mənbəyinin verdiyi məlumata görə, Tsvetkov əvvəllər “Komsomolskaya Pravda” qəzetinin müxbiri kimi Yaponiyada “işləmiş”, sonra isə Moskvada nəşr olunan ən böyük yapon qəzeti “Yomiuri Shimbun”da frilanser kimi fəaliyyət göstərmişdir.

İki il sonra Prezident Putinin dostu Sergey İvanov Tsvetkovu Dövlət Narkotiklərə Nəzarət Xidmətinə aparır və onu SVR-nin (Xarici Kəşfiyyat Xidməti) ovaxtkı direktoru Mixail Fradkovun yaxın ətrafından olan digər kəşfiyyatçı Sergey Vinokurov əvəz edib. 2012-ci ilin iyununda “Cənubi Osetiya” və “Dnestryanı”da qalmaqallı prezident seçkilərindən sonra “fradkovçu” Vinokurov vəzifəsindən azad edilir və o, əvvəlki iş yerinə SVR-in direktor müavini vəzifəsinə qayıdır.

Vinokurovdan sonra qonşu ölkələrlə “mədəni əlaqələrin” inkişafı o vaxt Prezident Administrasiyasının rəhbəri Sergey İvanova yaxın olan, haqqında söz açdığımız, xarici kəşfiyyat mütəxəssisi Vladimir Çernova həvalə edilib.

1973-cü ildə Çernov Moskva Maliyyə İnstitutunu “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bitirir və perspektivli mütəxəssis kimi SSRİ “KQB”-nin Birinci Baş İdarəsinə (xarici kəşfiyyat) xidmətə dəvət edilir. 1977-ci ildə İngiltərəyə göndərilir, orada Beynəlxalq Buğda Şurasının “çətiri” altında çalışır və eyni zamanda, Londonda Ali İqtisadiyyat Məktəbini bitirir.

1983-cü ildə avstraliyalıların ciddi tövsiyəsi ilə ingilis əks-kəşfiyyatı (MI 5) Çernovla maraqlanmağa başlayır. Gənc zabit Londondan təcili olaraq geri çağırılır və müvəqqəti olaraq SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutuna “göndərilir”. Sonra Çernov Helsinkidəki “KQB” rezidenturasına köçürülür və bu dəfə ticarət missiyasının “pərdəsi” altında çalışır. Çernov Finlandiyaya ezam olunanda Sergey İvanov artıq rezidenturada xidmət edirdi və stajlı kəşfiyyatçılar tez bir zamanda dil tapırlar. Finlandiyadan sonra İvanov Keniyaya, Çernov isə Milli Ehtiyat Bankına (NRB) ezam olunurlar.

Çernov təqaüdə çıxana qədər NRB-də “casusluq” etməyə davam edəcəkdi, lakin 1999-cu ilin dekabrında Boris Yeltsini Putinin əvəz etməsi hər şeyi dəyişdi.

Xarici Kəşfiyyat zabiti olan Çernov 2001-ci ildən “Qosinkor”un əsas vəsaitlərinin axıdıldığı “Quta-Bank”a (indiki VTB-24) rəhbərlik edir, sonra o vaxt müdafiə naziri təyin olunmuş S.İvanovun katibliyinə keçir. O, rəisi ilə birlikdə Müdafiə Nazirliyindən əvvəlcə hökumətə, sonra isə Prezident Administrasiyasına doğru sürətlə addımlaya bilir və qonşu dövlətlərlə əlaqələr şöbəsinə rəhbərlik edir. Rəhbərlik etdiyi idarənin strukturuna katiblik, müavinlər, məsləhətçilər və beş şöbə daxildir. Hər bir şöbə müdirinə konkret iki və ya üç MDB ölkəsi, nəzarətdə olan media və onlarla təsir agenti təhkim edilir.

Araşdırmaçılar bu qənaətdədirlər ki, general Çernovun “KQB”-nin Birinci Baş İdarəsinin ingilis və fin rezidenturalarında işləyib hazırladığı metodlar dəyişməz olaraq qaldı: mənbə axtarışı, məlumatların toplanması və təhlili, gizli xüsusi əməliyyatlar, təsir agentləri ilə işləmək və əks-təbliğat.

Digər MDB ölkələrində işləyən “kadrlar”ın kimliyini kənara qoyub, Ermənistan və Azərbaycana təhkim olunmuş şəxslərə diqqət kəsilək. “Dosye”nin məlumatına görə, bu ölkələrə vaxtilə Rusiya SVR-in direktor müavini işləmiş Valeriya Boçarnikovanın oğlu Vladimir Boçarnikov və Çernovun məsləhətçisi, Raket Qoşunları Akademiyasının məzunu Dmitri Avanesov təhkim olunublar.    

Avanesov Rusiya Müdafiə Nazirliyinin polkovnikidir və 2012-ci ildə FSB-nin Moskva Yeni İnformasiya Texnologiyaları İnstitutunda "Milli Təhlükəsizlik Vəziyyətinin Qiymətləndirilməsi, Təhlili və Proqnozlaşdırılması Sistemləri" proqramı çərçivəsində təkmilləşdirmə kurslarını da bitirmişdir.

Xakerlərin Çernovun yazışma bazasından əldə etdikləri sənədlər arasında Avanesovun İrəvanda keçirilən tədbirlərin maliyyə hesabatını tərtib edilməsi xahişini əks etdirən yazışma aşkarlanıb. O, Ermənistan İctimai Şurasının üzvü Aram Səfəryana “təcili” qrifli məktubunda yazır:

"Hörmətli Aram Vilenoviç! Burada sizinlə bir məsələmiz var. İdarəmizin kuratoru (Anton Vayno – “Dosye”nin qeydi) audit aparır. Biz xərcləri təsnifatlandırmalıyıq: üç (sayt, protokol görüşlər və s.) və 40-50 nəfərin tədbirdə iştirakı üçün xərclər - beş (natiqlər, media, yaşayış, yemək, bilet və s.). Mümkündürsə günün sonuna qədər yekunlaşdırın." Səfəryan “hər şey həll ediləcək” cavabını verərək, pasportunun surətini təyyarə biletləri almaq üçün göndərir.

Bu isə Zatulinin Klubda gördüyü işlərlə bağlı agentlərdən birinin kurator general Çernova yazdığı məruzənin mətnidir. Məxfi agentin 2019-cu ilin dekabrında İrəvanda keçirilən iclas haqda məruzəsində qeyd olunub:

"Tədbiri açan K. Zatulin vurğuladı ki, bu, Rusiya Federasiyası Prezidentinin qrantı, eləcə də adını çəkmədiyi müxtəlif sponsorların dəstəyi sayəsində mümkün olub. Sponsorlardan ən əhəmiyyətlisinin Moskvanın böyük inşaat maqnatı Sergey Ambartsumyan (“Monarx” şirkəti) olduğunu öyrənmək mümkün olub" və ya "tədbirdə ən azı 120 nəfər iştirak edirdi. “Dvin” mehmanxana kompleksinin restoranında şam yeməyində 150 nəfər iştirak edirdi. Ümumiyyətlə, “Lazarev klubu”nun bu görüşü K.F.Zatulinə xas olan böyük miqyasda keçirildi və yüksək səviyyəli xidmət, ləziz yeməklər və hədiyyələr ilə seçildi”.

Bu misalı çəkməklə, qeyd etmək istəyirik ki, Zatulin üçün təşkil olunan İrəvan səfərləri, bahalı hədiyyələr, çoxmilyonlu qonorarların heç biri bu şəxsin gəlirlər barədə bəyannaməsində əks olunmayıb. O da eynilə Avanesov kimi külli miqdarda vəsaiti mənimsəməklə məşğul olub. Bundan əlavə o, əsas sponsoru, yaxın dostu, hazırda Ermənistanda həbsdə olan Samvel Karapetyanın 60 illiyi münasibətilə, özü də rəsmi dövlət teleqramıyla təbrik etməyi də unutmayıb.

Zatulinin xüsusi xidmət orqanlarının əlində alət olmasını təsdiqləyən daha bir fakt. Şəkildə gördüyümüz bu şəxs Kiril Frolovdur.

O, 2013-2014-cü illərdə Ukraynada baş verən hadisələrdə xüsusi ziyanverici rolu olan iki nəfərlə işləyib. Onlardan biri, hazırda araşdırma predmeti olan K.Zatulin, digəri isə Kremlin Ukrayna üzrə kuratoru Sergey Qlazevdir. Sonradan belə məlum olub ki, “MDB ölkələri İnstitutu”nun əməkdaşı olan Fralovu Ukraynaya məxfi tapşırıqları yerinə yetirmək üçün göndəriblər.

2016-cı ildə xakerlər Frolovun elektron poçtunun şifrələrini sındıra bilirlər. Həmin vaxt yazışmalar arasında Frolovun “MDB ölkələri İnstitutu”nun domeninə bağlı “SVV” insiallı şəxslə davamlı olaraq əlaqə saxladığı aşkar edilir.

Bəs, bu müəmmalı “SVV” kimdir? Növbəti sənədlərin tutuşdurulmasından sonra araşdırmaçılar müəyyən ediblər ki, “SVV” insialının arxasında Valeri Viktoroviç Soloxa adlı şəxs dayanır. Soloxa isə 2015-ci ildə “MDB ölkələri İnstitutu”nun direktorunun, yəni Zatulinin məsləhətçisi işləyirmiş.

Xakerlərin əldə etdikləri digər sənədlərdə daha şübhəli faktlar aşkar edilib. Bəlli olub ki, Soloxa həm də Rusiyanın Federal Təhlükəsizlik Xidmətində (FSB) çalışır. Əlavə edək ki, sonradan Soloxa FSB-nin Moldova və “Dnestryanı” üzrə kuratoru işləyib.

Bu isə Zatulinlə adını az öncə qeyd etdiyimiz Sergey Qlazevlə telefon danışığının stenoqramıdır. Danışıqda Zatulin həmsöhbətindən 50 min ABŞ dolları pul istəyir və qarşı tərəf razılıq verir. Sonradan həm Qlazev, həm də Zatulin bu səs yazısının saxta olduğunu iddia etsələr də, təkzib üçün tutarlı arqument gətirə bilməyiblər.

Sonda Zatulinlə birbaşa olmasa da, dolayısı ilə əlaqəli olan bir hadisə haqda hazırlanmış araşdırma yazısı ilə mövzunu tamamlamaq istəyərdik. Burada söhbət Zatulindən deyil, onun qızı general Darya Zatulinanın Britaniya xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığından gedir. Yazı müəllifləri Darya Zatulinanın atasının tapşırıqlarını yerinə yetirdiyini iddia edirlər.

Beləliklə,  27 may 2025-ci il tarixində “mnogonational” teleqram kanalında dərc edilən məqalədən bəzi hissələr:

Məlum olur ki, ötən ilin oktyabrında İstanbulda Britaniyanın “Avropa Liderlik Şəbəkəsi” (ELN) təşkilatı miqrasiya mövzusunu müzakirə etmək üçün müxtəlif ölkələrdən iştirakçıları və ekspertləri bir araya toplayıb.

Kanal yazır ki, qapalı iclaslarda miqrasiyaya humanitar çağırış kimi deyil, Rusiyaya strateji təzyiq aləti kimi baxılıb. İştirakçılar idarə olunan miqrasiya axınlarının dövlət institutlarını necə sarsıdacağını, əmək bazarına təsir edəcəyini, mədəni və milli kimliyi necə aşındıracağını, daxili sabitliyə təhlükə yarada biləcəyini təhlil ediblər. İştirak edənlər arasında Dövlət Dumasının deputatı Konstantin Zatulinin qızı Daria Zatulina da olub.

Məlum olub ki, bu səfərin təşkili üçün Zatulinin köməkçisi Aleksandra Dokuçaevanın uzun müddət xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəsi olan Mülki Yardım Komitəsinin rəhbəri (Rusiyada xarici agent kimi tanınır) Svetlana Qannuşkina ilə yazışıb. Mülki Yardım Komitəsi onilliklər ərzində miqrantlara və vətəndaşlığı olmayan şəxslərə dəstək verir.

Qannuşkinanın Böyük Britaniya Səfirliyinin əməkdaşı, Rusiyadakı miqrasiya və dini azlıqlara nəzarət edən Cessika Davenport ilə müntəzəm əlaqə saxladığı da məlumdur. Mənbələrə görə, xarici agent kimi tanınan Svetlana Qannuşkina və Yevgeni Yastrebovu koordinasiya edən, həmçinin “Sova Mərkəzi”nin rəhbəri Aleksandr Verxovski ilə danışıqlar aparan da Davenport olub.

Kanal yazır ki, Davenport təxribatçı fəaliyyətinə görə digər beş diplomatla birlikdə Rusiyadan qovulub. Onun həmkarlarından biri Tomas Stivenet dini strukturların nümayəndələri də daxil olmaqla sadiq mütəxəssislərin seçilməsi və işə cəlb edilməsi ilə məşğul olub. Digərləri, Bleyk Patel, Ravil Qaynutdinin rəhbərlik etdiyi Rusiya Müsəlmanları Ruhani İdarəsinin əməkdaşları ilə əlaqə saxlayırmışlar.

Yekunda qeyd edilir: “Beləliklə, dairə qapanır: deputat, onun köməkçisi, qızı ‒ Britaniya kəşfiyyatı və miqrasiya məsələləri ilə təsir layihələri ilə əlaqəli təşkilatlarla eyni şəbəkədə. Bütün bunlar Rusiyada miqrasiya gündəminin getdikcə daha çox xarici mexanizmlərin təsiri altında formalaşdığını göstərirmi? Sual ritorikdir”.

Özünü Rusiya aşiqi, vətənpərvər, millətçi kimi göstərməyə çalışan Zatulinin qızı məhz atasının tapşırığı ilə Qərb ölkələrindən birinin xüsusi xidmət orqanlarının təşkil etdiyi layihəyə dəvət alır və aktiv iştirak edir. Bu fakt Zatulinin tam simasını göstərmək üçün unikal təsadüfdür. O, korrupsioner, maliyyə fırıldaqçısı, təxribatçı, öz dövlətini şəxsi maraqlarına görə, başqa dövlətlərlə münasibətlərini korlayan səbatsız idarəçi olmaqla yanaşı, həm də xain imiş...