Son günlər bölgədə baş verən qarşıdurma fonunda sosial media və digər onlayn xəbər platformalarında Azərbaycanın İsrailə məxsus qırıcı təyyarələri aviasiya yanacağı ilə təmin etdiyinə dair bır sıra qruplar saxta iddialar səsləndirirlər.

Necə deyərlər, həmin qruplar utanmasalar, İranın nüvə obyektlərinə avia zərbələr endirən ABŞ-nin B2 bombardımançılarının da yanacağını Azərbaycanın verdiyini deyərdilər.

Faktyoxla Lab. məsələni araşdıraraq bu iddialara aydınlıq gətirib.

Əvvəla onu bildirək ki, bu gün hərbi sənayedə xüsusi üstünlüyə malik “F-16”, “F-22”, “F-35” və digər hərbi-bombardımançı təyyarələrin istifadə etdiyi “JP-8” və “Jet A-1” adlı xüsusi aviasiya yanacağı (reaktiv yanacaq) az sayda ölkələrdə istehsal edilir. Əsas istehsalçı və ixracatçı dövlətlər ABŞ, Çin, Cənubi Koreya, Rusiya, Yaponiya, Hindistan, Sinqapur, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Kanada, Böyük Britaniya, Almaniya və digərlər ölkələrdir. (mənbə)

“JP-8” və “Jet A-1” adlı reaktiv yanacaq NATO ölkələri tərəfindən “AVGAS 100LLaviasiya benzini kimi də tanınır. Daha çox “F-22” və “F-35” qaz turbin-mühərrikli hərbi təyyarələrdə istifadə edilən kerosin tipli bu yanacağın “AVTUR/FSII” markası kimi qəbul edilir. mənbə

Azərbaycanın neft emalı komplekslərində bu markada və ümumiyyətlə reaktiv hərbi yanacaq adlı hər hansı məhsul emal və istehsal edilmir, mülki aviasiya yanacağı istisna, bu cür anlayışların neft-qaz sisteminə ümumiyyətlə aidiyyəti yoxdur. Hətta Azərbaycan özü hərbi arsenalındakı hərbi təyyarələrdə istifadə olunan yanacağı xaricdən idxal edir. Nazirlər Kabineti hər il hərbi sənayedə tələb olunan “TC-1” reaktiv markalı yanacağın aksiz idxal dərəcəsini aşağı salmaqla yanacaq bazarını nizamlayır. (mənbə)

Bildirək ki, İsrailin bombardımançı təyyarələrinin reaktiv yanacaqla təminatı iki mənbə üzrə təchiz edilir.

Birincisi, ABŞ-nin birbaşa tankerlərlə göndərdiyi yüksək markalı reaktiv təyyarə yanacağıdır. Bu təminatı “Valero Energy Corporation” şirkəti həyata keçirir. “Valero Energy” ABŞ, Böyük Britaniya, Kanada və Karib hövzəsində ondan çox neft emalı zavodu olan Texas mərkəzli yanacaq şirkətidir. Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) “Ən yaxşı 100 tədarükçülər” siyahısındadır və eyni zamanda, ABŞ ordusunu reaktiv və dizel yanacağı ilə təmin edir.

“Valero” İsrail ordusunun da hərbi təyinatlı təyyarə yanacağının (JP-8) əsas təchizatçısıdır. 2020‒2024-cü illər arasında şirkət hər iki aydan bir “JP-8” tankerini Texas ştatının “Corpus Christi” şəhərindəki “Bill Greehey” neft emalı zavodundan İsrailə göndərib. Həmin məhsullar İsrailin “AH-64 Apache” hücum helikopterlərini, “F-15” və “F-16” qırıcı/bombardmançılarını, həmçinin “JP-8” adlı kerosinlə işləyən reaktiv təyyarələri yanacaqla təminatına sərf  edilir. mənbə

 

ABŞ, Kanada və Böyük Britaniyada yerləşən 15 neft emalı zavoduna sahib olan “Valero Energy Corporation”-un dörd zavodu Texasda yerləşir və hamısı reaktiv yanacaq istehsal edir. Yanacaq ABŞ-də yerləşən “Overseas Shipholding Group” tankeri vasitəsilə İsrailin Aşkelon liman şəhərinə çatdırılır. istinad

“Valero” 2025-ci ilin fevral ayında dizel və təyyarə yanacağının təchizatı ilə bağlı İsraillə 200 milyon dollar dəyərində yeni müqavilə imzalayıb. Sənədə əsasən Texasda yerləşən neft emalı müəssisəsi - “Valero Energy”-nin törəmə şirkəti olan “Valero Marketing and Supply” cari ildə İsrailə “EN590” dizel və “JP8” reaktiv yanacağını çatdırmaq üçün ABŞ Müdafiə Logistika Agentliyi ilə anlaşma əldə edib.

Həmin yanacaq tədarükləri İsrail ordusunun hərbi arsenalının əsas hissəsini təşkil edir. Belə ki,  “EN590” markalı dizel yanacağı (EN 590:1993 ‒ The first EU diesel fuel specification) hərbi yük maşınları və digər avadanlıqlar üçün, kerosin əsaslı reaktiv mühərrik yanacağı olan “JP-8” isə qırıcı təyyarələrin təminatı üçün nəzərdə tutulub. mənbə

İsrailin reaktiv yanacağa olan tələbatının digər hissəsi isə Hayfa və Aşdoddakı emal müəssisələrində əldə edilir. Bir neçə gün əvvəl İran tərəfindən endirilmiş raket zərbəsi nəticəsində dağıdılan Hayfa neft emalı zavodunun fəaliyyətinin kritik həddə çatması faktiki olaraq İsrailin reaktiv yanacaq tədarükünün tamamilə ABŞ-nin nəzarətinə keçməsinə səbəb olub.

Məşhur “Bazan Group” tərəfindən idarə olunan Hayfa neft-kimya kompleksi xam neftin qabaqcıl və ən müasir texnologiyalarla çoxkomponentli yanacaq məhsulları, o cümlədən təyyarə yanacağı emalında mühüm rol oynayır. “Bazan Group Oil Refineries Ltd”-yə məxsus emal müəssisələrində İsrailin dizel yanacağına olan tələbatının 65 faizi, benzinin 59 faizi, kerosinin (təyyarə yanacağı və digər) 52 faizi tədarük olunur. mənbə

Məlumatlara görə, Hayfa Neft Emalı Zavodu İsrailin reaktiv yanacağa olan tələbatının 59 faizini ödəyirdi.

Beynəlxalq ictimai təşkilatlar və tədqiqat institutları dəfələrlə ABŞ-nin həmin yanacaq tədarüklərinə etiraz edib. Bir müddət əvvəl İspaniyada həmkarlar ittifaqı təşkilatlarının üzvləri və siyasi fəalların başçılıq etdiyi etirazlar zamanı bu ölkənin yanacaq logistikası ilə məşğul olan “Overseas Shipholding Group”-a məxsus “Overseas Santorini” gəmisinin ABŞ yanacağını İsrailin “Ashdod Refinery Limited”ə çatdırılmasına qarşı çıxıblar.
Çoxmillətli Korporasiyalar üzrə Araşdırma Mərkəzi (SOMO) İsrail ordusunu təyyarə yanacağı ilə təmin edən korporativ və dövlət aktorlarına (ABŞ) narazılığını bildirib.

Göründüyü kimi İsrailin qırıcı-bombardımançı təyyarə parkının yanacaq təminatı birbaşa ABŞ və İsrailin özünün emal infrastrukturları vasitəsilə təmin edilir. Lakin Türkiyə və İranda bəzi qruplar heç bir əsas, arqument və fakt olmadan Azərbaycanı İsrailə aviasiya yanacağı satmaqda günahlandırır. Təbii ki, Azərbaycanın İsrailə reaktiv təyyarə yanacağı göndərməsi barədə irəli sürülən iddialar və ittihamlar tamamilə uydurmadır, heç bir həqiqəti əks etdirmir. Bu cür dezinformasiyalar Azərbaycanla İran arasındakı dövlətlərarası münasibətləri zədələməyə çalışan təxribatçı qüvvələrin cılız və ucuz oyunu kimi səciyyələndirilə bilər.

Digər bir  saxta iddia isə Azərbaycanın İsrailin neft emalı müəssisələrinin mütləq şəkildə xam neftlə təmin edilməsi barədə fikirlərdən gedir.

Öncədən deyək ki, bu iddia da tamamilə saxtadır və İsrailin enerji təhlükəsizliyində Azərbaycanın rolu demək olar ki, yox dərəcəsindədir. İsrail Azərbaycanın neft satdığı “ilk 15-lik” ölkələri sırasında belə yer almır.

Diqqət edək. Statistikaya görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycan xarici dövlətlərə 10,3 milyon ton neft satıb ki, yanacağın əsas alıcısı 5,7 milyon tonla İtaliya olub. İkinci yerdə Xorvatiya (744 min ton), üçüncü yerdə Rumıniya (683 min ton), dördüncü yerdə Portuqaliya (576 min ton), beşinci yerdə isə Çexiya (558 min ton) dayanır. İsrail ən az neft əldə edən ölkələrin sırasında da yoxdur. (Mənbə: Dövlət Gömrük Komitəsi . Xarici Ticarətin Staistikası. 01.01.2025 – 31.05.2025. Səh 18)

Azərbaycan, ümumiyyətlə neft-qaz və digər məhsullar da daxil olmaqla, İsrailin idxal-ixrac partnyorları arasında təxminən 70-ci yerdə dayanır. Qonşu Gürcüstanın bu dövlətlə apardığı iqtisadi-ticari əməliyyatların həcmi belə Azərbaycandan az qala 2 dəfə çoxdur. (mənbə)

İsrailin gündəlik neftə olan tələbatı təxminən 220 min barel (1 barel = 159 litr) və ya 35 min ton təşkil edir. Bu rəqəm, illik 73 milyon barel və ya 12 milyon ton neft deməkdir. Həmin neftin müəyyən bir hissəsi öz mənbələri hesabına istehsal olunur.

Beynəlxalq neft və enerji tədarükü üzrə statistik nəşrlərdə İsraili xam neftlə təmin edən əsas ölkələr sırasında ABŞ, Rusiya, Qabon və Braziliyanın adı qeyd olunur. Xam neft tədarükündə beynəlxalq neft və qaz şirkətləri “BP”, “Chevron”, “ExxonMobil”, “Shell”, “Eni” və “TotalEnergies” əsas oyunçulardır. (mənbə)

Təqdim etdiyimiz bu mənbədə Azərbaycanın 2023-cü ilin oktyabrına qədər İsrailə yanacaq satan ölkələr sırasında çəkilir. Təkrar edirik 2023-cü ilin oktyabrına qədər. Tarixi isə təsadüfən təkrarlamadıq. 

İsrailin neft təminatçıları sırasında əsas təchizatçı ABŞ-dir. 2023-cü ildə ABŞ-nin neft hasilatını və ixracını rekord həddə çatdırması də maraqlı bazar araşdırmasına işıq salır. ABŞ-dən neft ixracı 2023-ci ildə 13% artaraq gündəlik 4,1 milyon barelə çatıb. Amerika neftin 1,8 milyon barelini Avropa ölkələrinə, 1,7 milyon barelini Asiya və Okeaniyaya ixrac edib. Çinə neft tədarükü isə sutkada 452 min barel təşkil edib.

BMT-nin “COMTRADE” beynəlxalq ticarət statistikasına əsasən, ABŞ-nin İsrailə ixracı 2023-cü ildə 14,03 milyard dollar olub. Həmin məhsulların strukturunda neft və neft məhsullarını həcmi və dəyəri 308 milyon dollar edib. Bu, təxminən 700 milyon barel və ya İsrailin tələbatının 10 faizi deməkdir.

ABŞ-ın Enerji Administrasiyasının məlumatından xam neftin ixrac həcminin aylar üzrə bölgüsü də İsrailə neftin davamlı xarakter daşıdığını göstərir. Belə ki, ABŞ-ın hər aylıq neft ixracı 300-400 min barel təşkil edir.

Göründüyü kimi, İsrailə neft satan və daşıyan ölkələrin sayı 10-dan artıqdır ki, onların sırasında ABŞ, Braziliya, BƏƏ, Qabon və digər ölkələr toplam neft tədarükünün 50 faizdən çoxunu ödəyir.

Beləliklə,

- “Azərbaycan İsrailin qırıcı təyyarələrinə yanacaq verir” başlıqlı xəbərlər tamamilə yalan, saxta və manipulyativ xarakterlidir;

- Azərbaycanın İsraili xam neftlə təmin edən əsas dövlətlərdən biri olması barədə məlumatlar da uydurmadır və həqiqəti əks etdirmir;

- Məqsədli şəkildə təşkil edilən bu cür kampaniyaçılığın əsas məramı mövcud vəziyyətlə bağlı əsl həqiqətləri gizlətmək, Azərbaycanı hədəfə çevirməkdir; 

- Bütün bu iddialar yalan, Azərbaycana qarşı yönəlmiş növbəti iftira və təxribatın təzahürüdür.