Ermənistan mediası “OCCRP” və Soros Fondundan maliyyələşən “hetq” saytına istinadən “Azərbaycan Şikaox meşəsinin 60 hektarını qırıb” başlıqlı məqalə-məlumat yayıb.

Məqalədə “Planet” peyk tətbiqinin xəritəsi və “Google Earth” proqramının foto çəkilişlərinə istinadən azərbaycanlıların Şikaox (əsl adı Şıxhovuzdur-red.) qoruğuna aid meşədə ağacları kəsib, yerində hərbi obyektlər tikdiyi, 7-8 metrlik eni olan yol saldığı iddia edilir.   

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Əvvəlcə qeyd olunmalıdır ki, “hetq” və digər saytlar məsələyə diqqəti çəkmək və “dəymiş zərəri” böyük miqyasda göstərmək məqsədilə kiçik deməklə vəziyyəti dramatikləşdirib, məqsədilə kiçik bir dağın ətəyində yerləşən sahəni qoruq adı ilə təqdim edirlər. Məqalədə söhbət yalnız “Nerkin Hand” (Aşağı And) kəndinin qarşısındakı dağdan və kiçik meşə zolağından gedir.

Ermənilər iddia edirlər ki, Azərbaycan tərəfi 2023-cü ildən etibarən “Şıxhovuz qoruğu”nun cənub-şərq hissəsindən irəliləməyə başlayıb.

“Google Earth”-in 2023-cü ilin avqust çəkilişlərinə istinad edən erməni jurnalistlər yazırlar ki, Ermənistan-Azərbaycan sərhədinə yaxın hissələrdə ağaclar kəsilib və yerində yol salınıb. Halbuki 2022-ci il çəkilişlərində həmin yerdə sıx meşə zolağı olduğu görünür.

Bu skrinlərdə isə şərti sərhəd xəttinin Nerkin Hand kəndinin aşağısından keçən hissəsi və meşə zolağının 2022 və 2023-cü illərdə peykdən çəkilmiş fotoları verilib.

İndi isə bizim tərəfimizdən götürülən peyk şəkilllərinə baxaq.

Bu kadrlar, “Şıxhovuz qoruğu”nun 2020 və 2024-cü illərdə çəkilmiş peyk görüntülərindən alınıb. Burada sərhədin Ermənistan tərəfindən meşə zolağında ağacların qırılıb yerində yol çəkilməsinə xüsusi diqqət edək.  

2020-ci ilin fevral və mart aylarına aid olan bu görüntülərdə həmin meşə zolağının elə ermənilərin özü tərəfindən qırılması və yerində yol çəkilməsini əks etdirən faktlar yer alır.

Bu kadrlarda diqqəti xüsusən yolların başlanğıc nöqtəsi və ya əsas yola birləşməsinə yönəltməliyik. Erməni tərəfi bu yolların da Azərbaycan Ordusu tərəfindən salındığını iddia etsə də, fakt dəyişməz olaraq qalır. Şərti sərhədin sol tərəfində, yəni Ermənistana aid olan hissəsində meşə zolağının vəziyyəti və çəkilən yollar açıq aydın görünür.

Digər bir məqam isə, Ermənistan mediasının 2023-cü ildən bəri “Şıxhovuz qoruğu”nda meşələrin qırılması iddiası və Azərbaycan hərbçilərinin Nerkin Hand kəndinə çox yaxın mövqelərdə yerləşməsi haqda məlumatların bir neçə dəfə qaldırılmasıdır.

Bu faktları böyük səs-küy və ajiotajla təqdim edənlərdən biri Ermənistanın sabiq ombudsmanı Arman Tatoyandır. Ümumiyyətlə, Tatoyan Azərbaycanla bağlı daim saxta məlumatlar yaymağı, həqiqətə uyğun olmayan iddialar səsləndirməyi ilə “tanınır”.

Hesab edirik ki, “hetq”-in son məqaləsi də Tatoyanın saxta video-hesabatına əsasən hazırlanıb.

Biz öz növbəmizdə, Tatoyanın ötən ilin avqust ayında Nerkin Hand kəndinə səfərindən sonra yaydığı video-süjetdəki bir çox kadrların saxta və dezinformasiya olduğunu təsbit etdik.

Misal üçün, Tatoyan videoda iddia edir ki, Azərbaycan hərbçiləri Nerkin Hand kəndi ilə üzbəüzdəki təpədə 10 mindən çox ağacı kəsib on kilometrlərlə yol çəkiblər.

A.Tatoyanın riyazi biliklərinin ibtidai sinif şagirdi səviyyəsində olduğu aşağıdakı kadrlardan açıq görünür:

Burada on kilometrlərlə yolun çəkilməsi təbii ki, mümkün deyil, əgər çəkilibsə də onun böyük hissəsinin Ermənistan tərəfindən reallaşdığı açıq görünür.

Tatoyanın təqdim etdiyi ikinci fakt kənd sakinlərinin içməli suyu yaxınlıqdan keçən Tsav çayından istifadə etmələri haqdadır.

Təqdim etdiyimiz bu kadrlar “CIVILNET”-in Nerkin Handdan hazırladığı video-süjetdən götürülüb. Suyun tərkibi, yararlılığı haqda əlavə şərh vermirik.

Digər tərəfdən Azərbaycan hərbçilərini kəndə gələn suyun bulanıq olmasına, keyfiyyətsizliyinə görə qınamağın məntiqi anlaşılan deyil.

Tatoyanın yaydığı digər saxta məlumatlar kənd qəbiristanlığının və məktəbin Azərbaycan əsgərlərinin nəzarətində olması və bu səbəbdən şagirdlərin məktəbə getməməsi, yaşlı insanların isə yaxınlarının məzarlığını ziyarət edə bilməməsi haqdadır.

Onu da qeyd edək ki, Nerkin Hand kəndi Qərbi Zəngəzurun (Qafan rayonu) Azərbaycanla şərti sərhədinə ən yaxın kəndlərindən biridir. Ermənistan Statistika Komitəsinin məlumatlarına görə kənddə 2001-ci ildə 113, 2010-cu ildə 78 nəfər yaşayıb. 2024-cü il məlumatlarına görə isə 20 ailədən (50 sakin)  ibarət kiçik kənddir. Kəndin böyük əksəriyyətini yaşlı insanlar təşkil edir.

Bunu əyani anlamaq üçün “CIVILNET”-in 20 noyabr 2021-ci il tarixdə yaydığı bu video-süjetə baxmaq kifayətdir. Süjetdə həm kənd məktəbi, həm də orada oxuyan şagirdlər görüntülənir. Belə aydın olur ki, məktəb dedikləri bu binada müxtəlif yaş kateqoriyalarında olan cəmi üç şagird təhsil alır.

“Onların məktəbə təhlükəsizlik səbəbindən gedə bilməməsi” iddiası spekulyasiyadan başqa bir şey deyil.

Kənd əhalisinin yaşlandığını göstərən faktlara isə Nerkin Handdan reportaj hazırlayan erməni sayt və TV kanalların reportajlarında da görmək olar.

Digər tərəfdən, erməni mediası iddia edirdi ki, Azərbaycan tərəfi 2021-ci ilin yaz aylarında Nerkin Hand istiqamətində irəliləyib. “Məhz Azərbaycan tərəfinin irəliləməsi səbəbindən Ermənistan hakimiyyəti ayılıb və (bu hissəyə diqqət) köhnə kənd yerinin və qəbiristanlığın yanından yol çəkiblər”. 

Niyə məhz həmin hissəyə diqqət yetirilməsini istədik?! Arman Tatoyanın hazırladığı saxta infoqrafikada və Ermənistan mediasının əksər video-süjetlərində erməni sakinlər məhz qəbiristanlığın və yaxınlıqdan keçən yolun Azərbaycanlıların nəzarətində olduğu təkrar-təkrar vurğulayırlar. Sitat gətirdiyimiz qeydlə isə ermənilər öz-özlərini təkzib etmiş olurlar. Yəni yol Azərbaycan tərəfdən deyil, ermənilər tərəfindən salınıb.

Başqa bir məqam. “Yerkirmedia”-nın 12 aprel 2024-cü ildə yaydığı “Vətən vətəndir-Nerkin Hand” adlı video-süjetdə aşkarladığımız bir neçə fraqment də Tanoyanın dediklərinin saxta olduğunu təsdiqləyir. Misal üçün, video-süjetin bir hissəsində “Yerkirmedia”-nın əməkdaşı həmin qəbiristanlığın bir neçə yüz metrliyində turistlər üçün salınmış istirahət mərkəzinin rəhbərindən müsahibə alır və oradakı şəraiti izləyicilərə təqdim edir.

20 ailədən ibarət kiçik kəndin bir hissəsində (yuxarı tərəf) turistik mərkəz fəaliyyət göstərdiyi halda, uzunluğu 300-400 metr olan kəndin sakinlərinin aşağı hissədə yerləşən qəbiristanlığa təhlükəsizlik səbəbindən gedə bilməməsini iddia etməsi həm absurddur, həm yalan.

Bəs Tanoyanın və onun hazırladığı dezinformativ xarakterli hesabata istinad edən “hetq”-in ağacların kəsilməsi ilə bağlı bu saxta səs-küyünün əsl səbəbi nədir?

Bunu araşdırmaq üçün əvvəlcə meşə zolağında aparılan qanunsuz ağac kəsintisi üzrə ixtisaslaşmış OSINT alətlərinə müraciət edirik. 

Alət 1. “Qlobal Meşə Gözətçisi” adlanan məşhur “Globalforestwatch”-da “Ermənistan”, daha sonra “Syunik” bölmələrinə daxil olub regiondakı meşə təsərrüfatının vəziyyəti haqda müfəssəl məlumat ala bilirik. 

Elə ilk diaqramda 2001-2024-cü illərdə Syunik bölgəsinin nə qədər meşə sahəsi itirməsi haqda məlumat verilib.

Cədvəldən də görünür ki, bu bölgədə təbiətə qarşı ekoloji terror 2000-ci illərdən başlayaraq həyata keçirilməyə başlayıb və 2003-cü ildə pik nöqtəsinə çatıb. Tətbiqin hesablamalarına görə bu illər ərzində Syunik bölgəsində 2,23 kHa (kilohektar, min hektar) meşə zolağı məhv edilib. 

Növbəti diaqramda meşə zolaqlarının hansı yollarla məhv edilməsi təsnifatlaşdırılıb. Məlum olur ki, 222 ha meşə zolağı ağır metalların emalı, 80 ha kənd təsərrüfatı işlərinin görülməsi, 56 ha yaşayış məntəqələrinin salınması və infrastruktur layihələri üzündən qırılıb. Müvəqqəti təsir amillərindən isə fiziki müdaxilə (1,21 kha), digər təbiət hadisələri (212 ha) və yanğınlar (68 ha) göstərilir.

3-cü diaqramda Syunik bölgəsində məhv edilən və ya təbii səbəblərlə dağılan meşə zolaqlarının digər bölgələrə nisbəti verilib. Müəyyən edirik ki, ermənilər tərəfindən belə bir barbarlıqla məhv edilən tək Syunik bölgəsi deyil, Lori və Tavuş bölgələrində də təbiətə ciddi ziyan vurulub.

Alət 2. İkinci metod olaraq “Planet” tətbiqinə müraciət edirik.

Təqdim etdiyimiz ərazi üzrə (konkret olaraq Nerkin Hand kəndi və ətrafı) proqramın bizə verdiyi məlumatlar bunlardır: 2002‒2024-cü illərdə bu ərazi cəmi dörd ha meşə zolağı itirib ki, bunun da böyük hissəsi 2003‒2004-cü illərə təsadüf edir.

Aşağıdakı diaqramda isə konkret olaraq hansı hissələrdə ağacların kəsilməsi göstərilib. (Foto-skrində bənövşəyi ləkələr məhv edilən hissələrdir) Daha dolğun təsəvvür yaratmaq üçün meşənin görüntüsünü ermənilər tərəfindən çəkilən rakursdan təqdim edirik.

Gördüyümüz kimi, bu ərazilərdə Azərbaycan əsgərlərinin olması, yol çəkməsi, ağac qırması mümkün deyil.

Alət 3. Nəhayət, meşə təsərrüfatını izləmək üçün sonuncu açıq mənbə aləti olan “OSMLandUse” proqramının bizə verdiyi görüntülərə diqqət edək. “OSMlanduse” tətbiqində Nerkin Hand kəndi və ətrafdakı meşə zolağı haqda məlumatlardan görünür ki, kəndin hər birinin ərazisi 171330 m² və 264865 m² olmaqla iki böyük otlaq sahəsi var.

Bu fakt, erməni sakinlərin “ev heyvanlarını otarmaq üçün torpaq sahələrimiz əlimizdən çıxıb” deyə səsləndirdikləri iddianı heçə endirir. Yeri gəlmişkən, Tatoyanın hazırladığı video-süjetdə bir sakinin vaxtilə sahib olduğu 0,7 ha torpaq sahəsi və 400 ağacdan ibarət bağ massivinin əlindən çıxması haqda şikayəti də səslənmişdi.

Armenak Qasparyanın şikayətinin heç bir əsası olmadığını elə “OSMlanduse” proqramının təqdim etdiyi xəritədə də görmək olar. Kənd sakini əlindən çıxdığı torpaq sahəsi deyərkən Qərbi Zəngəzurun Qafan bölgəsi ilə həmsərhəd olan Zəngilan rayonuna aid torpaqların 28 il işğal altında olduğu müddətdə qanunsuz istifadəsini nəzərdə tutur.

Hazırda həmin torpaqları Azərbaycan geri qaytarıb və təbii olaraq erməni sakinlərin qanunsuz istifadə etdikləri otlaq sahələri, özbaşına saldıqları bağ massivləri əsl və qanuni sahiblərinə qayıdıb deyə ermənilər yersiz və əsassız iddialar qaldırırlar. Eyni fikirləri bu videoda uzun illər taxıl əkdiyi sahəyə gedə bilməməsindən şikayət edən qadın barədə də demək olar.

İndi isə mövzunun və araşdırmanın əsas hissəsinə ‒ Ermənistanda mövcud olan meşə mafiyasının fəaliyyəti və ağacların kütləvi qırılması ilə bağlı məlumatların təqdimatına keçək.

Aydındır ki, bu ölkə ağacların kütləvi qırılmasının nisbi göstəricilərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu fakt “Globalforestwatch”-un təqdim etdiyi statistik məlumatlarda da əks olunub:

Meşə qırğınları ilə bağlı Ermənistan mediasında gedən yazılarda dediklərimizi təsdiqləyir.

Fakt 1. 5 avqust 2016-cı il tarixində “Arminfo” saytında “Brakonyerlər Şıxhovuz qorğunda nadir növ ağacları qırırlar” başlıqlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, “Şıxhovuz qoruğu” ərazisində 30-dan çox nadir növ palıd ağacı qanunsuz kəsilib. Yerli sakinlərin sözlərinə görə palıd ağacları Ətraf Mühiti Mühafizə naziri Aramais Qriqoryanın qardaşına məxsus “Avşar çaxır-konyak zavodu”nda çəlləklərin hazırlanması üçün kəsilib.

Müəllif qeyd edir ki, ağacların qanunsuz kəsilməsi faktının “Şıxhovuz qoruğu” ərazisində baş verdiyini peyk görüntüləri də təsdiqləyir. Bu qoruğun kadastr sərhədləri isə N 1401-N saylı qərarla sənədləşib.

Fakt 2. 14 fevral 2018-ci ildə jurnalist Narine Kirakosyanın qələmə aldığı “Meşə mafiyasının baltası: Zəngəzur Biosfer Kompleksinin cəhənnəm dairələri” yazısında bildirilir ki, “Şıxhovuz qorğu”nda 600 ağac kəsilsə də, müvafiq qurumlar faktı aşkar etsələr də hüquq mühafizə orqanlarına müraciət etməyiblər.   

Məqalədə qeyd edilir ki, qanunsuz ağac kəsintisi faktı tabel jurnalına əlavə edilsə də bir müddətdən sonra jurnal da müəmmalı şəkildə itirilib. 

Məqalə müəllifi yazır ki, “ağac mafiyası” Ermənistanda, konkret olaraq Syunik bölgəsindəki yasaqlıq və qoruqlarda öz fəaliyyətini rahat şəkildə davam etdirirlər. Təəccüblü odur ki, bu işdə onlara meşə təsərrüfatının yüksəkçinli məmurlarından tutmuş, kiçik ranqlı işçilərə-meşəbəyilərə qədər bir çoxu kömək edirlər. Təsadüfi deyil ki, Ermənistan Baş Prokurorluğu Ermənistan Meşə Təsərrüfatı Birliyi (“Ayantar” (“Armles”, “ArmMeşə”) və Ətraf Mühit Nazirliyinin 13 əməkdaşına qarşı cinayət işi qaldırılıb. Onlara qarşı rüşvətgötürmə, satın alınma, meşə mafiyasını qorumaq maddələri ilə ittihamlar irəli sürülüb. Meşə mafiyasının bu cinayət əməlləri nəticəsində dövlətə 1,5 mlrd. dram (3 mln. dollar) ziyan vurduğu dəqiqləşib. Maraqlıdır ki, həmin cinayət işindən Qafan və Meğri meşə təsərrüfatı işçilərinin cinayət əməlləri ilə bağlı hissələr çıxarılıb. Jurnalist bu faktın başvermə səbəbini ayırd edə bilmədiyini xüsusi vurğulayır.

Halbuki, 2015-ci ildə “Şıxhovuz qoruğu”nun Tsav kəndinə yaxın hissəsində ekoloqlar və jurnalistlər kütləvi ağac kəsintisi faktının üstünü açmışdılar. Bu hadisədən bir il keçəndən sonra Syunik Marzının (vilayətinin) prokurorluğu cinayət işi açıb. Lakin prokurorluq dövlətə dəyən ziyanın 5803750 dram olduğunu müəyyən etsə də, cinayət işi müəmmalı şəkildə qapadılıb.

Bu da hələ hamısı deyil. 2016-cı ilin avqustunda yenə də məhz “Şıxhovuz qoruğu”nda (konkret olaraq Nerkin Hand kəndinin yaxınlığında) 30 illik qiymətli palıd ağaclarının kütləvi məhv edilməsi faktı aşkarlanıb. Mütəxəssislər bu ağacların hər kubmetrinin bazar qiymətinin yeddi min dollar olduğunu müəyyən ediblər. Məqalədə qeyd olunur ki, Meğri prokurorluğunda cinayət işi açılsa da sonradan cinayət işinin materialları cinayət hadisəsinin harada baş verdiyini müəyyən edə bilməmək səbəbindən Syunik prokurorluğuna və keçmiş qondarma rejimin “Kaşatağ” (Laçın rayonunu işğal dövründə belə adlandırırdılar) polis idarəsinə verilib. Bu hadisədən 2,5 il keçsə də Şıxhovuz “ağac mafiyası” yenə qalib gəlib. 

Fakt 3. 2008-ci il noyabrın 3-də Ermənistanın “Arminfo” agentliyi bir şirkətin Şıxhovuz, Tsav, Sraşen və Tsakat kəndlərini əhatə edən 1700 ha ərazini icarəyə götürdüyü və ərazidə mis ehtiyatları axtarmaq üçün geoloji kəşfiyyata başlaması haqda məlumat yayıb.

Fakt 4. Ermənistanın tanınmış ekoloji saytı “EkoLur” 6 dekabr 2017-ci ildə “Şıxhovuz qoruğunun müfəttişi ağacların qanunsuz kəsilməsində şübhəli bilinir” başlıqlı xəbər yayıb.

Fakt 5. 05.05.2011-ci il tarixində mediada “Ermənistanda qoruqlar yalnız kağız üzərində mövcuddur” başlıqlı tənqidi məqalə dərc olunub. Məqalədə qoruqlardakı acınacaqlı vəziyyət, brakonyerlər, “ağac mafiyası” haqda məlumat verilir.

Fakt 6. Bir qrup vətəndaş cəmiyyəti təmsilçisi Ermənistan hakimiyyətinə müraciət edərək “İctimaiyyət tələb edir: Erməni meşələrinin məhv edilməsini dayandırın” adlı bəyanat yayıblar.

Fakt 7. “Sputnik Ermənistan” saytında 24 avqust 2021-ci ildə “Ermənistanda ağac mafiyasının qanunsuz dövriyyəsi bir neçə yüz milyon dramla ölçülür” başlıqlı məqalə yayımlanıb. Məqalədə bildirilir ki, Ətraf mühit naziri Romanos Petrosyan Ermənistanda ağac mafiyasına qarşı işin çətinliklərindən danışıb və bildirib ki, bu cinayətkar biznesə meşələri qorumalı olan şəxslər də qoşulublar. Nazir xatırladıb ki, az müddət öncə meşə təsərrüfatı birliyinin üç keçmiş, altı yeni əməkdaşına qarşı cinayət işi açılıb. 

Fakt 8. “Arminfo”-da “Ekspertlər hesab edirlər ki, “meşə mafiyası” Ermənistan meşələrinin yarısını məhv etməyi planlayır” başlıqlı məqalədə ölkə ərazisinin yalnız 10%-nin meşə örtüyü ilə əhatələndiyi qeyd olunur, əlavə edilir ki, ağac emalı ilə 300-ə yaxın şirkət məşğuldur ki, onların da gəliri 132 mln. dollar civarındadır.  

 

Fakt 9. Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə bölgələrdə keçirdiyi görüşlərdən birində bu mövzuya toxunmuş və bildirmişdir ki, “meşə mafiyası belə davam edə bilməyəcək, onlara qarşı heç bir güzəşt olmayacaq”

Fakt 10. “Meşə biznesi sərhədlərini genişləndirir” başlıqlı məqalədə bildirilir ki, kəsilmiş ağaclarla dolu yük maşınlarını Syunik vilayətində Şıxovuz-Qafan-Gorus avtomagistralında, Loridə Dzex-Vanadzor yolunda tez-tez görmək olar. Məqalədə qanunsuz ağac qırılması, ağac emalı və taxta sexlər ilə brakonyerlərin əlbir işləməsi haqda bir çox fakt sadalanır.

Fakt 11. 17 may 2022-ci ildə yayılan “Ayantar”-ın  (Ermənistan Meşə Təsərrüfatı Birliyi) keçmiş direktoru səlahiyyətlərindən sui-istifadədə ittiham olunur” başlıqlı xəbər medianın gündəmi olub. “Daşnaksutyun” partiyasının təmsilçisi olan direktor icarə haqlarını və cərimələri mənimsəməkdə günahkar bilinir. Onun dövlətə vurduğu zərər 34 milyon 114 min dram təşkil etdiyi qeyd olunub.

Fakt 12. Ermənistanda 2023-cü il ərzində meşə zolaqlarının icarəyə verilməsindən 38,8 milyon dollar vəsait əldə edilib. Ümumilikdə 235 fiziki və hüquqi şəxslə icarə müqaviləsi bağlanıb.

Fakt 13. “Hra” saytında dərc olunan məqalədə qeyd olunur ki, "Armenia Tree Project” layihəsinin yaydığı hesabatda Ermənistanda il ərzində 750 min kubmetr ağac qırılır və bu fəaliyyətin yalnız 10‒12%-i rəsmi qeydiyyata alınır. 

Fakt 14. 2025-ci ilin birinci kvartalında Ermənistanın ÜDM-də aqrar sektor, meşə təsərrüfatı və balıqçılıq 10% artıb. Bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, yanvar-mart ayları üzrə təkcə meşə təsərrüfatından 502,7 mln. dram gəlir əldə edilib ki, bu da ötən ilə nisbətən 80,2% artım deməkdir. 

Beləliklə, Artyom Tanoyanın və onun təqdim etdiyi saxta məlumatlar əsasında araşdırma yazısı hazırlayan “hetq”-in “Şıxhovuz qorğu”nun Nerkin Hand kəndi yaxınlığındakı hissəsində ağacların kütləvi qırılması haqda saxta məlumat yaymaqları ilə bağlı iki ehtimal yaranır.

Birinci ehtimalımız, Ermənistanda geniş vüsət almış “meşə mafiyası”nın Tanoyandan həmin ərazidə törətdiyi ekoloji cinayətin izini itirmək üçün Azərbaycan tərəfinə böhtan atmaq məqsədilə istifadə edilməsi barədədir.

İkinci ehtimal isə həmin ərazidə hərbi istehkamlar, kazarmalar, ağır texnika üçün örtük və digər qoruyucu qurğular quran və bundan sui-istifadə edərək “ağac mafiya”sı ilə əlbir işləyən Ermənistan Müdafiə Nazirliyinin yüksək çinli zabitlərinin korrupsiya əməli və bu əməli gizlətmək üçün belə bir saxta məlumatlar yaymaqla bağlıdır. Tanoyanın saxta məlumatlarla özünü daim gündəmdə saxlamaq istəyi və korrupsiyaya meylli olması hər iki ehtimalı qüvvədə saxlayır.

Yekunda, Azərbaycan Ordusunun Nerkin Hand yaxınlığında mövqeləri və kənd sakinlərinin həyatları üçün təhlükə yaratması barədə qeydlərimizi təqdim edirik.

Demək, Ermənistan mediası və siyasətçilər davamlı olaraq Azərbaycanın Nerkin Hand yaxınlığında Ermənistan ərazisini pozduğunu iddia edirlər.

Əvvəlcə bu iddianın elə Ermənistan rəsmiləri tərəfindən təkzib olunmasını təsdiqləyən rəsmi açıqlamalara baxaq:

1. Ermənistan MN tərəfindən 17 dekabr 2020-ci ildə tabeçiliklərində olan hərbi birləşmələrə 18 dekabr 2020-ci il saat 17:00-a kimi Qafan rayonu və 13 qonşu kəndin (David Bek, Kahnut, Ujanis, Yeqvard, Aqarak, Diçmayri, Syunik, Qeqanuş, Çekaten, Şikaox, Sraşen, Nerkin Hand və Tsav) Zəngilan rayonu ərazisində təhlükəsizliyini təmin edən yüksəklikləri tərk etmələri ilə bağlı əmr verilib.

27 oktyabr 2021-ci ildə Paşinyan Ermənistan Parlamentinin tribunasından qeyd edilən faktı təsdiqləyərək deyib ki, müharibədən qaçmaq üçün bu qərarı vermək lazım idi: “Mən əmin idim ki, bu qərar qəbul olunmasaydı bizim ciddi problemlərimiz olacaqdı və Syunikdə çətinliklər yaşayacaqdıq. Mən geri çəkilmə haqda əmr verdim, Vaqarşak Arutunyan əmri yerinə yetirdi”.

2. 2022-ci ilin mart ayında yenə də keçmiş ombudsman Arman Tatoyan bildirib ki, Azərbaycan Ordusu Tsav kəndi yaxınlığında Ermənistanın suveren ərazilərinə daxil olaraq, orada yerləşibdir. Lakin həmin açıqlamadan cəmi iki ay sonra Ermənistan MN “Tsav yaxınlığında Azərbaycan mövqeləri “olmayıb və yoxdur” sözləri ilə bu açıqlamanı təkzib edib.

3. 2022-ci ilin mart ayında Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərə açıqlamasında bu məlumatı tam təkzib etmiş və azərbaycanlıların Ermənistanın suveren ərazilərinə daxil olmadığını bir daha təsdiqləyib. (Video)

 

4. Hətta erməni mediası da Tatoyanın iddialarının saxta olduğunu sübut edir. Skrində qırmızı rənglə işarələnən ərazilər Ermənistan tərəfə məxsusdur. Həmin postlar isə həm qəbiristanlıq, həm də köhnə kənd yerinin yaxınlığındadır. 

Ümumiyyətlə, Ermənistan mediası rəsmi şəxslərin fikirlərini deyil, sıravi kənd sakinlərinin dediklərini araşdırmadan yaymağı ilə də diqqət çəkir. Misal üçün, “Armdaily” 14 mart 2022-ci ildə Nerkin Hand kənd sakini Hasmik Kazaryanın sözlərini əsas götürərək bildirib ki, “Düşmən köhnə kənd yeri və qəbiristanlıq yaxınlığında çadırlar qurub. “Belə görünür onlar 27-28 fevraldan bu işə başlayıblar. Hazırda beş çadırları var. Orada bizim örüş yerimiz, qəbiristanlığımız və bağ sahələrimiz var. Bir neçə gün öncə yoldaşım və oğlum qəbiristanlığa getmişdilər. Onlar orada beş çadırdan ikisinin boş olduğunu, digələrindən səslər gəldiyini görüblər”- deyən kənd sakininin yalan məlumat deməsinə rəğmən qeyd edilən sayt bu xəbəri yayıb. Qəribəsi odur ki, “hetq” həmin məqaləyə istinad etsə də kənd sakininin fikirlərini tam təkzib edən digər sakini də danışdırıb.

Məqalədə deyilir: “Kənd sakini Serj Adamyan danışır ki, 15 martda oğlunun məzarı üzərinə gedib. Bu kişi 2-3 gündən bir qəbiristanlığa gedir (bu hissəyə diqqət edək -red.) və kənd icma rəhbəri Bağdasaryan və həmkəndlisi Hasmik Kazaryandan fərqli olaraq bildirir ki, azərbaycanlılar mövqelərini irəli çəksələr də onlar sakinlərin yaşadığı evlərdən çox uzaqdadırlar və çadırlar qəbiristanlıqdan görünmürlər”.

Erməni tərəfinin azərbaycanlıların mövqe irəliləməsi ilə bağlı yaydıqları dezinformasiyanı diqqətlərindən qaçırdıqlarını bu fraqmentlər də təkzib edir. Kadrlarda Azərbaycan ərazisində ermənilərin saldıqları istehkam qurğuları və səngəri, “Yerkrapa” terror təşkilatının postda dayanan yaşlı döyüşçüsünü və kəndlə üzbəüz meşədə dalğalanan Ermənistan bayrağını (halbuki “hetq” və Tanoyan yalnız Azərbaycan bayrağı olan saxta diaqramlar paylaşırlar) görmək mümkündür. 

Yekunda bir faktı da qeyd etmək istərdik. Əgər Azərbaycan tərəfi mövqelərini irəli çəksəydi Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) kənddə apardığı davamlı monitorinq nəticəsində bu faktı qeyd edər və yayardılar. EUMA təmsilçilərinin kəndə iki dəfə səfər etmələrinə baxmayaraq, belə bir açıqlama verməmələri deyilənlərin dezinformasiya və uydurma olduğunu bir daha təsdiqləyir.

Yeri gəlmişkən, Arman Tatoyanın Azərbaycan mövqeləri kimi təqdim etdiyi istehkam qurğuları və digər hərbi obyektləri əslində elə Ermənistana məxsusdur. Bunu “Google Earth” proqramından çəkilmiş görüntülər də təsdiqləyir.

Nəticə:

- Ermənistan mediasında yayılan “Azərbaycan Şıxhovuz qoruğunda 60 ha meşə zolağını qırıb” iddiası saxtadır;

- Azərbaycan Ordusunun mövqe irəliləmələri ilə bağlı həm medianın, həm kənd sakinlərinin dedikləri Ermənistan MN tərəfindən təkzib olunub;

- Bu cür informasiyalar meşə terrorunda əli olan maraqlı qüvvələrin sifarişi ilə hazırlandığı ehtimal edilir.