“BBC Azərbaycanca”-nın hazırladığı bir süjetdə Azərbaycan qazının Macarıstana nəqli ilə bağlı bir neçə iddia səsləndirib. Video-süjetin əsas iddiası odur ki, Azərbaycan öz vətəndaşlarının payını Macarıstana və digər ölkələrə ucuz qiymətə satır.
Faktyoxla Lab. “BBC Azərbaycanca”-nın hazırladığı süjetdə səslənən iddiaların əsaslı olub-olmamasını araşdırıb.
Əvvəlcə onu qeyd edək ki, bu süjet peşəkar jurnalistika stilistikasından çox uzaq, primitiv və heç bir fakta əsaslanmayan, jurnalistin “tənqid xatirinə tənqid” yanaşması ilə hazırlanmış təxayül məhsulu sayılmalıdır. Belə ki, süjetdə səslənən sosial media istifadəçilərinin rəylərinin haradan götürüldüyü, kim tərəfindən yazıldığı (ad-soyad gizlədilə bilər-red.) haqda hər hansı skrin, foto və ya başqa təsdiqləyici fakt göstərilmir. Bu isə həm qərəzli yanaşmanın, həm də qeyri-peşəkarlığın göstəricisidir.
İkinci məqam. Süjetin əvvəlində Lerikdən olan vətəndaşların qazdan narazlıq etməsi ilə bağlı epizod “BBC Azərbaycanca”nın hansı məqsədlə hazırladığını aydın bəlli edir. Belə ki, süjetdə Lerikdən olan abonentlərə istinad edilərək vurğulanır ki, “vətəndaşlar qazın limitlə verilməsindən” narazıdır. Bu fikirdən dərhal sonra, yəni süjetin növbəti hissəsində isə qeyd edilir ki, leriklilər qaz verilməməsindən şikayətçidirlər. Bu isə iddia ilə nəticənin bir-birini təkzib etdiyini göstərir. Əgər limit varsa, demək qaz da var. Bu isə qazın verilməməsi barədə radio əməkdaşlarının saxta rəy yaratmaq məqsədli spekulyasiyasıdır.
Üçüncü məqam. Lerik rayonuna qaz verilib-verilməməsindən söhbət gedirsə, “BBC Azərbaycanca” burada manipulyasiya ilə məşğuldur.
Məlumat üçün bildirək ki, hazırda Lerikin yalnız ən ucqarlarda yerləşən bir neçə dağ kəndinə məişət qazı verilmir ki, bunun da səbəbi coğrafi-fiziki amillər, relyeflə bağlıdır. Sıldırım qayaları, dağ massivlərini dağıdaraq yüksək dağlıq ərazilərə qaz xətləri çəkmək, ötürücü məntəqə inşa etmək sürətlə həll olunacaq iş deyil. Amma proses mürəkkəb və çətin olsa da hökumət bu işləri tədbirlər planı üzrə mərhələli şəkildə həll etməkdədir. Bəllidir ki, dəniz səviyyəsindən 1373 metr hündürlükdə yerləşən ən mürəkkəb əraziyə qaz çəkilibsə, bu tədbirlər digər qazsız əraziləri də əhatə edəcək.
Qubanın ən ağır relyefi olan Cimi kəndi qazlaşdırılırsa, Lerikdə də bu layihələr icra olunur. Astaranın ən çətin relyefi olan Vənəşikəş kəndi, Lerikin aşırımlı dağ massivi olan Veri kəndinə təbii qaz verilirsə, demək ardıcıllıqla qalan kəndləri də qazlaşdırılacaq.
Ümumiyyətlə, qazlaşdırma proqramını dağ kəndlərində icra etmək vaxt apardığından bu proses plan üzrə irəliləyir və Azərbaycanda qazla təmin olunan abonentlərin sayı maksimum səviyyəyə çatıb. 2,6 milyondan çox əhali abonentinə il ərzində 8,4 milyard m3 qaz ötürən “Azəriqaz” ölkə üzrə qazlaşdırma səviyyəsini artıq 97 faizə çatdırıb.
İddia 1. “Bizə qazı limitlə satıb, payımızı xaricilərə verirlər”
Bizim şərh: Azərbaycanda 2024-cü ildə istehsal olunan qaz 50,3 milyard m3 təşkil edib. Bu qazın tən yarısı daxili tələbata, digər hissəsi isə xaricə yönəldilib. Konkret olaraq ötən il xaricə qaz satışı 25,2 milyard m3 təşkil edib ki, onun 12,9 milyard m3-i Avropa dövlətlərinə nəql olunub. minenergy
Göründüyü kimi, Azərbaycanın xaricə satdığı qaz bütün tələbat və normalar ödənildikdən sonra yerdə qalan yanacadan təmin edilir. Məhz bu konteksdən yanaşsaq Azərbaycanın Macarıstana qaz satmasına tamamilə yanlış şərh etmək, guya Macarıstanın büsbütün qaz təminatı və daxili bazardakı qiymət tariflərinin birbaşa Azərbaycandan asılı olması haqqında rəy yaratmaq manipulyasiyadır.
2-ci iddia. Macarıstanda 1 m3 qazın əhaliyə satış qiymətinin Azərbaycandan cəmi 35 qəpik bahadır.
Bizim şərh. Macarıstanda kommunal xidmətlər (o cümlədən təbii qaz) iddia edildiyi kimi ucuz deyil və əhalinin xərcləmələrində heç də kommunal xərclərin çəkisi azalmayıb. Macarlar 100 m3 qaza görə, Azərbaycandan ən azı 10 dəfə çox pul ödəyirlər.
Diqqət edək: Bu ölkədə ev təsərrüfatları, yəni əhali abonentləri üçün təbii qazın 1 m3-i 2024-cü ildə 0,85 dollar təşkil edib. Bu, Azərbaycan pulu ilə 1,5 manat deməkdir. globalpetrolprices
2025-ci ildən qazın qiyməti qalxaraq 4,5 ley olub. liktv
Bu ABŞ valyutası ilə 1,59 dollar (1 dollar=0,355 ley) və ya manatla 2,7 AZN edir. Yəni Azərbaycanın bu ölkəyə qaz nəqli etdiyi müddətdən ötən dövr ərzində yanacağın qiyməti aşağı düşməyib. Macar abonentlərinə daha çox güzəştlə və ya minimum qaz limiti verilməsi barədə firkirlər də utopiyadır. Ümumiyyətlə bu ölkədə və Avropanın heç bir dövlətində güzsəştli limit anlayışı yoxdur, yanacaq yalnız kommersiya prinsipləri ilə satılır.
Qazın Azərbaycandan 35 qəpik baha olmasına gəlincə, Macarıstandakı tarifləri xatırlatdıq, indi də Azərbaycandakı qaz tariflərinə nəzər salaq.
Azərbaycanda 1 m3 təbii qazın 3 tarifi mövcuddur:
-1200 m3 qədər 1 m3 -in qiyməti 12,5 qəpik,
-1200 m3-dən 2500 m3-dək olan hissə üçün 22 qəpik,
-2500 m3-dən çox olan hissə üçün 30 qəpikdir.
Beləliklə orta tarif (12,5+22+30=64,5/3=21,5) 21,5 qəpikdir. mənbə
Yəni Macarıstanda məişət qazının qiyməti Azərbaycanla müqayisədə 13 dəfə bahadır.
Azərbaycanın Macarıstana qaz satışında xüsusi güzəşt və xeyirxahlıq etməsinə gəlincə, qazı heç bir ölkəyə pulsuz verilmir. Dövlətimizin Macarıstan da daxil olmaqla Avropa dövlətlərinə nəql etdiyi qazın 1000 m3-nin orta bazar qiyməti təxminən 369 dollar təşkil edir ki, bu da manatla 627 AZN-dir. Yəni ölkəmizin daxili bazarında abonentlərə verilən orta qiymətdən ən azı 5 dəfə bahadır. caspianbarrel
Azərbaycan Macarıstana cəmi ildə 100 milyon m3 qaz satır ki, bu da həmin ölkənin illik tələbatının 2 faizini belə ödəmir. Bu ölkənin illik təbii qaza olan tələbatı təxminən 8,5 milyard m3-dir və başqa ölkələr hesabına daxili tələbatı təmin edir.
Yanacağın əsas hissəsini Rusiya verir ( ildə təxminən 6,5-7 milyard m3). Macarıstan 2025-ci ilin ilk aylarında 2,3 milyard m3 "Rusiya qazı"nı alıb. Yanacaq “Qazprom”la imzalanmış uzunmüddətli müqavilələr əsasında “Türk axını” boru kəməri və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolları vasitəsilə çatdırılır. 2024-cü ildə həmin kəmərlə 7,6 milyard m3 qaz nəql olunub. nangs
Bundan başqa, Türkiyə öz ərazisindən keçən “Türk axını” ilə Rusiya qazını Macarıstana tədarük edir. Macarıstan əlavə olaraq Xorvatiyadan LNG terminalı vasitəsilə sıxılmış qaz idxal edir ki, bu da ildə təxminən 1 milyard m3 təşkil edir. osw.waw
Göründüyü kimi Macarıstanın qaz təchizatında Azərbaycanın payı 1,2 faizdən də aşağıdır. Ona görə də, Azərbaycanın satdığı 100 milyon m3 qazın macar vətəndaşlarının kommunal xərclərini yüngülləşdirməsini iddia etmək gülüncdür.
3-cü iddia. Macarıstanda minimum əməkhaqqı 1700 manatdır.
Bizim şərh. Bu rəqəmlər “BBC Azərbaycanca”nın tərəfindən şişirdilmiş, saxta məlumatdır. Macarıstanda minimum əmək haqqı 2025-ci ildə 707 avroya yüksəlib. Bir avronun 1,9 AZN təşkil etdiyini nəzərə alsaq bu rəqəm 1343,4 manata bərabərdir. tradingeconomics
Macarıstanda ev təsərrüfatları 707 avroya təxminən (1 m3-1,4 avro) 505 m3 qaz ala bilir. Azərbaycanda isə 505 m3 qazın istehlakı üçün orta tariflə (0,21 AZN) 108 manat tələb olunur. Həmin ölkədə digər kommunal xidmətlərin, eləcə də benzin və dizelin, ərzaq mallarının Azərbaycandan xeyli baha olmasını nəzərə aldıqda 707 avronun bazar alıcılığı dəyəri Azərbaycandakı 400 manat həddində olan minimum əməkhaqqının alıcılıq qabiliyyətindən aşağıdır.
4-cü iddia. Azərbaycandan qonşu Gürcüstana nəql edilən təbii qazın daha ucuz satılır.
Bizim şərh. Gürcüstanın qaz təminatını həyata keçirən “Socar Georgia Gas” MMC 2022-ci il iyulun 1-dən pərakəndə qeyri-məişət istehlakçıları üçün 1 m3 təbii qazın pərakəndə satış qiymətini ƏDV də daxil olmaqla 1,38 lari səviyyəsində müəyyən edib. socargas.ge
Valyuta məzənnələrinə görə bir dollar 2,73 lariyə bərabərdir. Bunu əsas götürsək belə aydın olur ki, 1 m3 qazın qiyməti 0,51 dollar təşkil edir. Azərbaycan manatına konvertasiya etdikdə qiymət 86 qəpik təşkil edir. Göründüyü kimi Gürcüstanda da qazın qiyməti Azərbaycandan 4 dəfə bahadır.
Beləliklə,
-“BBC Azərbaycan” hazırladığı reportaj qərəzlidir, süni şəkildə ortaya atılmış mövzu, spekulyasiyadır;
-“BBC Azərbaycanca”nın naməlum abonentlər adından “bizə qazı limitlə satıb, payımızı xaricilərə satırlar” iddiasının heç bir məntiqi və iqtisadi əsası yoxdur, ictimai rəyi çaşdırmaq məqsədi güdür;
-Azərbaycanın xarici ölkələrə qaz nəqlini gözdən salmağa hesablanıb.