“Meydan TV” pulu olmadığı üçün ərzaq məhsullarını nisyə almaq məcburiyyətində qalan ev təsərrüfatlarının sayı ilə bağlı xəbər yayıb. Dövlət Statistika Komitəsinə (DSK) istinadən yayılan həmin xəbərlərdə qeyd edilir ki, 2024-cü ildə Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb. Həmin ev təsərrüfatlarının xüsusi çəkisi ölkədəki ev təsərrüfatlarının ümumi sayında 2,5 faizə bərabərdir.
Faktyoxla Lab. Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasında hansı məqamların əks olunduğunu araşdırıb
“2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn tələblərə və ölkədə minimum istehlak səbətindən istifadə və zəruri istehlak malları ilə özünütəminetmənin vəziyyətinin müəyyən edilməsi ilə bağlı strateji yol xəritəsinə uyğun olaraq, Statistika Komitəsi hər il ev təsərrüfatlarının qida təminatı üzrə müayinəsini aparır.
Ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə ildə bir dəfə 100 mindən artıq ev təsərrüfatının müayinə olunması yolu ilə həyata keçirilən tədqiqatın nəticələrinə əsasən, “Əhalinin ərzağa əlyetərliyi üzrə statistik müayinənin yekunları” adlı nəşr hazırlanaraq dərc olunur. 2024-cü ildə nəşr edilən növbəti müayinə hesabatında ev təsərrüfatlarının istehlak xərcləri – onların tələbatlarının ödənilməsi üçün ərzaq və qeyri-ərzaq məhsullarına, xidmətlərin haqqının ödənilməsinə çəkilən xərclər, məhsulun keyfiyyəti və s. hallar barədə zəruri məlumatlar öz əksini tapıb.
Ərzağa iqtisadi əlyetərlik - istehlak normalarından az olmayan həcmdə və çeşiddə əhali tərəfindən lazımi keyfiyyətdə olan ərzaq məhsullarını pərakəndə bazar qiymətləri ilə əldə etmək imkanıdır. Əhalinin ərzağa əlyetərliyi səviyyəsinin öyrənilməsində əsas məqsəd əhalinin müxtəlif təbəqələrinin ərzağa iqtisadi və fiziki əlyetərliyi səviyyəsinin statistik qiymətləndirilməsidir. Yəni DSK-nin açıq informasiya bazasında yerləşdirilən məlumatlar əhalinin real ərzaq mallarına çıxış kanalları üzrə bütün sxemləri əks etdirir.
Bu xüsusda, onu qeyd etmək lazımdır ki, həmin müayinə açıqlıq, hesabatlılıq və ölkə əhalisinin yaşayış normativləri barədə bütün detalların ictimaiyyətə təqdim edilməsi məqsədi daşıyır və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”ndan gələn öhdəliklərdir.
Qeyd edilən məlumatların hazırlanmasında digər məqsəd əhalinin ərzağa iqtisadi və fiziki əlyetərliyini müəyyən etmək, ölkədə yoxsulluq dərəcəsinin səviyyəsini ölçmək və digər zəruri informasiya datasını hazırlamaqdır.
Sözügedən müayinə sənədində ərzağa iqtisadi əlyetərliyini, yəni pul və ya digər ehtiyatların (mənbələrin) çatışmazlığı səbəbindən qidaya çıxış imkanlarını müəyyənləşdirməkdir. Ümumilikdə həmin tədqiqatın əsas mahiyyəti isə ev təsərrüfatlarının ərzaq malları almaq imkanlarının məhdudluğunun, borca girməsinin və nisyə mal götürməsinin səbəblərini üzə çıxarmaqdır.
Doğrudur, pul və ya digər maddi mənbələrin çatışmazlığı səbəbindən qida təminatından narahatlıq keçirənlər, nisyə mal alanlar mövcuddur. Ancaq, bu, ərzağa çıxış və əlçatanlığın məhdudluğu üçün yeganə səbəb deyil.
Səbəblər isə müxtəlifdir, yəni birbaşa pul və ya maliyyə mənbələri ilə bağlı deyil.
Onlardan biri ərzaq məhsullarının kifayət qədər çeşiddə satışını həyata keçirən ticarət obyektlərinin yaxınlığında yaşamadığından ev təsərrüfatlarının ətrafdan mal gətirməsi, yəni maddi deyil, fiziki olaraq nisyə almaları ilə bağlıdır. Bu, Bakı və Abşeron iqtisadi rayonunda cəmi 0,2 faiz təşkil etsə də, bölgələrdə daha çoxdur, təxminən hər min nəfərin 2-2,5 nəfəri bundan istifadə edir.
Digər səbəb pul və ya digər ehtiyatlar olduğu halda, ictimai nəqliyyat vasitələrinin olmaması səbəbindən ərzaq almaq üçün başqa yerə gedə bilməyən ev təsərrüfatlarının ərzaq mallarına çıxışının məhdudluğudur. Bu fakt üzrə də Bakı-Abşeron 0,2 faiz, bölgələr üzrə 1-1,5 faizdir. Habelə, pulu olduğu halda ictimai nəqliyyat vasitələrinin olmaması və yaşadığı yerin yaxınlığında seçim olmaması səbəbindən istəmədiyi ərzağı almaq məcburiyyətində qalmış, yəni yetərli ərzağa çıxışı olamayan ev təsərrüfatları var. Onların da ölkə üzrə ümumi çəkisi təxminən 1,2-1,4 faizdir. Eləcə də puldan qayğısı olmayan təsərrüfatlar satışda tapmadığı malı almadığına görə, yaxud digər mənbədən başqa vasitələrlə əldə etdiyinə görə, onlar da ərzağa əlçatanlığı olmayanlar qrupundadır.
Bundan başqa, elə ev təsərrüfatları var ki, onların pulu olub, ancaq istədiyi ərzaq məhsulunu satışda tapmadığından başqa ailələrdən natural qaydada əldə edib ki, bu da nisyə ərzaq kimi səciyyələndirilir. Bu qrup üzrə ev təsərrüfatlarının payı təxminən 2-2,8 faizə bərabərdir.
Həmçinin, ərzaq almaq üçün pulun və ya digər ehtiyatların olmaması səbəbindən öz təsərrüfatından əldə etdiyi hansısa məhsulu hər hansı növ digər ərzaqla dəyişdirmiş, yəni natural qaydada bir-birləri ilə əvəz etmiş ev təsərrüfatları da var ki, onlar da ərzağa fiziki əlyetərliyi olmayanların sırasında yer alır.
Beləliklə, yuxarıda qeyd edilən bütün müayinə sxemləri üzrə aparılan metolodologiyanın yekun nəticəsi onu göstərir ki, 255 min ev təsərrüfatı birbaşa pulları olmadığına görə, ərzaq məhsullarını nisyə almaq məcburiyyətində olmayıblar. Həmin ev təsərrüfatlarının əksəriyyəti ərzaq mallarını maddi səbəbdən deyil, müxtəlif amillərə əsasən, borc, nisyə, natural qaydada, yaxud əvəzləşdirməklə əldə ediblər. Eyni zamanda keyfiyyət və digər səbəblərdən
ərzağa əlçatanlıqları məhdud olub. Bu isə heç bir halda 255 min nəfərin “ərzaq almağa imkanı yoxdur”, “yoxsulluqdan qida malları ala bilmirlər” təsəvvürü formalaşdıra bilməz.
Həmin müayinələrdən çıxan yekun nəticə həm də onu göstərir ki, ölkədə 255 min nəfər vətəndaşın ərzağa əlçatanlığı məhdud olsa da, onlar qida və zəruri malları almaqdan əziyyət çəkən yoxsul təbəqəyə aid deyillər.
Məlumdur ki, yoxsulluq səviyyəsi altında olan insanlar əsas qida və həyat üçün zəruri ehtiyaclarını ödəyə bilməyənlərdir. Dünya Bankının normativlərinə görə, gün ərzində gəliri 2.15 ABŞ dolları (ay ərzində 30*2.15=64.5 dollar) və ya 110,4 manatdan az olan insanlar yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar.
Azərbaycanda nisbi yoxsulluq səviyyəsi 5,5-6 faiz təşkil edir. Bu gün ən inkişaf etmiş ölkələrdə, ABŞ, Almaniya, Fransa, Çin, Yaponiya və s. ölkələrdə əhalinin yoxsuluq səviyyəsi Azərbaycandan daha yüksəkdir. Avropa ölkələrində bu rəqəm orta göstərici üzrə 15-18 faiz, hətta daha yüksəkdir. Avropanın iqtisadi lideri Almaniyada bu rəqəm 14,8 faizdir. ABŞ-də yoxsulluq həddi 18 faiz təşkil edir yəni 350 milyon nəfərin 65 milyon nəfəri yoxsulluq içərisində yaşayır.
Müayinənin nəticəsi göstərir ki, əhalisinin sayı 10,2 milyon nəfər olan Azərbaycanda 255 min nəfəri və və 2,5 faizinin ərzaq və qida məhdudiyyətindən əziyyət çəksə də onların sayı yoxsulluq həddində yaşayan insanların sayından 2 dəfə azdır.
Beləliklə,
- Həmin media orqanları DSK tərəfindən təqdim edilən bu məlumatların mahiyyətini bilmədən, heç bir araşdırma aparamadan ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa və manipulyasiya etməyə çalışırlar
- “Nisyə dəftəri” və ya 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə ilə alır” kimi fikirlər və rəylər də əslində cəmiyyətdə guya əhalinin ac və yoxsul olması haqqında süni imitasiyalar yaratmağa xidmət edir.