Öncədən bildiririk ki, təqdim etdiyimiz araşdırma yazısı homofobiya və ya hansısa sosial-siyasi hərəkatlara qarşı hazırlanmayıb. Məqsədimiz məhz milli dəyərlərimizin sarsıdılmasını hədəfləyən, əlaqələndirilmiş şəkildə aparılan proseslərdən cəmiyyətimizi xəbərdar etməkdir.
LGBT+“Nowar” şəbəkəsi Azərbaycana qarşı
44 günlük Vətən müharibəsi başlayan kimi sosial mediada diqqətlər Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan hesablarla yanaşı, onlarla müxtəlif layihələrdə əməkdaşlıq edənlərə yönəldi. Onların reaksiyaları isə özünü çox gözlətmədi. Feminist qanaddan bəhrələnən “nowar”-çu (müharibə əleyhdarı) xətt 2020-ci ildə Vətən müharibəsində daha kəskin şəkildə aktivləşərək, müharibəni dərhal dayandırma çağırışları etməyə başladı, hətta Azərbaycan Silahlı Qüvvələrini qəddarlıqda günahlandırmaqdan belə çəkinmədi.
Müharibə dövründə “nowar”-çulara paralel fəaliyyət göstərənlər arasında LGBTQ (lezbiyan, gey, biseksual və transgender) nümayəndələri də aktivliyi ilə seçilənlər arasında idilər. Misal üçün “Jam-news”-un “Trayektoriya” media layihəsi (qeyd: Layihə Avropa İttifaqının dəstəyi ilə “GoGroup Media” və “International Alert” təşkilatları tərəfindən həyata keçirilir) LGBTQ təmsilçisi, rəssam Lili Nazarla (Seymur Nəzər) müsahibəsində aşağıdakı fikirləri səsləndirir:
Sitat 1. “Məni Xocalı faciəsinin ildönümlərinə həsr olunmuş posterlər çəkməyə məcbur edirdilər. Özümə sual edirdim ki, mən niyə müharibə, qan, ölü insanlar çəkirəm, kimin düşmən olduğunu, kimin düşmən olmadığını göstərmək üçün? Mən erməniləri düşmən hesab etmirdim”.
Sitat 2. “2020-ci ildə ikinci Qarabağ müharibəsi başlayanda mən şokdaydım. Bir neçə dostumu orduya apardılar və mən qorxurdum ki, sevgilimi də aparacaqlar.
Mən və digər aktivistlər #nowar həştəqi ilə müharibə əleyhinə fikirlərimizi yazmağa başladıq. Sayımız az idi, yüzdən bir az çox. Biz insanlara çatdırmağa çalışırdıq ki, sülh müharibənin yeganə həll yoludur. Bu, mənim üçün həm də ona görə ağır dövr idi ki, müharibəni dəstəkləyən bəzi dostlarımla münasibətləri kəsməli olmuşdum”.
Sitat 3. “Təəssüf ki, kvir-insanların (qeyri-ənənəvi cinsi oriyentasiyası olan - red.) əksəriyyəti baş verənlərə müsbət yanaşırdı və mənimlə çox mübahisə edirdilər, çünki onlar təbliğatla böyümüşdülər”.
Qərb təşkilatlarının Azərbaycandakı fəaliyyətinin mərhələləri
Post-müharibə dövründə Qərb təşkilatlarının emissarlarına verdiyi təlimatlar Azərbaycanda, xüsusilə də bölgələrdə lokal xarakterli sosial-iqtisadi problemləri tapmaq, sosial media və maliyyələşdirdikləri media resurslarda onları fəal işıqlandırmaq olur. Sonra isə bu mövzuları qabardaraq, məsələ ətrafında daha çox narazı elektoratın toplanması üçün iş görmək olur. Hətta bir çox mənbələrin verdiyi məlumata görə, ABŞ-nin İnkişafa Yardım Agentliyinin (USAID) bununla bağlı “bölgələrdə vətəndaş jurnalistikasının inkişafı” tipli layihələrinin icraatına başlanıldı.
Birinci tapşırıq: Əsas fəaliyyətlər Qarabağa qayıdış konsepsiyasının üzərində qurulub. Hədəf: Qarabağa qayıdan və qayıtmaq istəyən keçmiş məcburi köçkünlərlə bağlı lokal xarakterli problemləri şişirtmək, burada baş verən hər hansı mübahisəni böyük narazılıq kimi cəmiyyətə çatdırmaq və keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmamaları üçün əlaqələndirilmiş formada qara PR kampaniyası təşkil etmək.
İkinci tapşırıq: Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda atdığı addımların dayandırılması üçün hər vəchlə çalışmaq, “nowar”-çu gəncləri tapmaq, onlar üçün platformalar yaratmaq (Misal üçün “İştirak evi”, “Baku Comunicative Space”, “Caspian Platform” və s.).
Üçüncü tapşırıq: Azərbaycan cəmiyyəti üçün xarakterik olmayan feminist və LGBTQ fərdləri ilə bağlı mövzuları daim gündəmə gətirmək, ölkədə guya, bu fərdlərə qarşı ayrı-seçkilik olması barədə yerli və beynəlxalq ictimaiyyətdə mənfi fikir formalaşdırmaq və mümkün qədər onların işlərini siyasiləşdirməklə dövlətə qarşı təzyiqlər etməkdən ibarət olub
Medianın LGBT bəhanəsi ilə Azərbaycana hücumu
Bu təlimatların həyata keçirilməsi üçün “USAID”-nin, Avrasiya Fondunun, Soros Fondlarının işlədiyi əsas çevrələr də elə məhz “feminist hərəkatı” və LGBTQ fərdləridir. Onlar yeni dövrün “aktiv blogerləri” kimi sosial mediada təmsil olunur və “telefon jurnalistikası”nın fəal nümayəndələrinə çevrilirlər. (mənbə)
Bu mərhələdə bir neçə beynəlxalq layihə (platforma) və media qurumu təsis edilmiş və ya əvvəllər mövcud olmuş, PR-ı yüksək səviyyədə aparılmış layihələrə ikinci nəfəs verilmişdir.
Misal üçün, Tbilisidən idarə olunan və erməni milliyyətindən olan əməkdaşların üstünlük təşkil etdiyi (aralarında azərbaycanlılar da var - red.) “Jam-news” saytında “Azərbaycan LGBT” mövzusunda 30-dan çox məqalə yayımlanıb.
Bu sıraya erməni lobbisinin nüfuz dairəsində olan "Кавказский Узел", sırf Azərbaycan seqmentində dağıdıcı və təxribatçı funksiya yerinə yetirmək üçün yaradılan və uzun illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən “Meydan TV”, rəhbərliyində və işçiləri arasında ermənilərin üstünlük təşkil etdiyi "Chai Khana Media", Soros Fondlarının maliyyəsi ilə yayımlanan “OC Media” saytını və “BBC”-ni əlavə etmək olar.
"Nowar”-LGBT əməkdaşlığının xəyanətkar xronologiyası:
15 avqust 2022-ci il. “Nowar”-çular Bakıda dövlət əleyhinə yönəlmiş bir neçə layihənin reallaşdığı “İştirak evi” adlanan yeni layihədə (Qeyd: Avropa İttifaqı, “Henrix Böll” Fondu, “USAID” və Avrasiya Fondu tərəfindən maliyyələşirdi) “Liberallar Dərnəyinin aksiyası” kimi təqdim olunan “Niyə No War?” sloqanı ilə ictimai müzakirə keçirdilər. Keçirilən tədbirlərin təşkilatçıları kimi çıxış edən şəxslərin mütləq əksəriyyəti ultra-liberal, LGBTQ, feministlər, “nowar”-çular olublar. “Niyə No War?” sloqanı ilə keçirilən tədbirə gəldikdə, bu tədbirin təşkilatçıları Orxan Allahverdiyev, Səməd Şıxı və Nemət Abbasov, iştirakçıları Əli Məlikov, Qiyas İbrahim, habelə AXCP-çi Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov və digərləri olublar.
Orada iştirak edənlərdən bəzilərinin mövqeyi isə belədir:
“Müzakirələr”də Azərbaycan dövlətinin və xalqının ünvanına ittihamlar səsləndirilib. Aygül Cəfərova “Azərbaycan müharibədə qalib gəldiyi üçün aqressiv, sərt və eqoist davranır” kimi ifadələr işlədib, Çinarə Hünərli “televizorda qazilərlə bağlı xəbərləri görən” şəhid anasını barədə təhqiredici ifadə səsləndirib.
Xatırladaq ki, oxşar addım müharibə vaxtı “Solçu Azərbaycan gəncliyinin anti-müharibə bəyanatı” adlı sənədlə də atılmış və müraciəti imzalayanlar rəsmi Bakıdan hərbi əməliyyatların dərhal dayandırmağı, qoşunları geri çəkməyi və ermənilərlə danışıqlara başlamağı tələb edirdi.
2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycanın Zəngilan rayonuna xain hücum nəticəsində onlarla əsgərimizi şəhid edən Ermənistan Silahlı Qüvvələrinin xüsusi diversiya dəstəsinə “Qisas” əməliyyatı ilə cavab veriləndə “nowar”-çular dərhal ölkəmizi “Ermənistanın suveren ərazisinə soxulmaqda, Ermənistan ərazilərini işğal etməkdə və hərbi təcavüz”də ittiham etdilər.
Tarixçi, NED təşkilatının Azərbaycan nümayəndəsi Altay Göyüşov Azərbaycanı “təcavüzkar” adlandırmaqdan çəkinmədi. O, “şəxsən mənə İrəvan, Zəngəzur filan lazım deyil və Ermənistana qarşı təcavüzü birmənalı olaraq pisləyirəm” fikirlərini səsləndirdi.
Bununla bağlı Ermənistanın işğalçı ordusuna qarşı cavab tədbiri görüldüyü zaman Azərbaycandakı “nowar”-çular ermənilərlə birgə bəyanat yaydılar.
Araşdırmalar nəticəsində bəlli oldu ki, həmin sənəd Sorosun "Açıq Cəmiyyət İnstitutu"nun Türkiyədəki strukturlarından olan ermənilərin "Nor Zartonk" təşkilatında hazırlanıb. 2004-cü ildə İstanbulda yaradılaraq adının mənası erməni dilində "Yeni Oyanış" olan "Nor Zartonk" ermənilərin və "PKK"-çıların "Xalqların Demokratik Partiyası"nın (HDP) birbaşa nəzarəti və dəstəyi ilə yaratdığı təşkilatdır.
Xatırladaq ki, "Nor Zartonk" 2020-ci il oktyabrın 1-də Vətən müharibəsinin başlanmasından üç gün sonra xüsusi bəyanatla çıxış edərək Azərbaycanı "işğalçı dövlət" adlandırmış, "Türkiyə mediası susur, barbarlıq edən Azərbaycana dəstək verir, qarabağlı ermənilərin müstəqil dövlətinə hücumları dəstəkləyir" ifadələrini imperativ kimi təkrarlamışdı.
23 sentyabr 2022-ci ildə Soros Fondunun maliyyə və təşkilati dəstəyi ilə yaradılan "PostsovietPeace" platforması (Təqribən 200 üzvü olan platformadakı şəxslərin 86 nəfəri azərbaycanlılar, 73-ü isə ermənilər və digər ölkələrin nümayəndələridir) Azərbaycana qarşı bəyanatla çıxış etmişdi.
Bəyanatda “Azərbaycanın son vaxtlar Ermənistana qarşı genişmiqyaslı hücumu bizi qəzəbləndirir”, “Azərbaycan tərəfi anlamalıdır ki, hərbi hücumla “dəhlizlər” açıla, sülh razılaşması əldə oluna bilməz” və digər ittiham dolu cümlələr yer alıb.
Bu bəyanata imza atanlar arasında Azərbaycandakı bütün feministlər, “nowar”-çular, vətən xainləri, LGBTQ təmsilçiləri, habelə "Nor Zartonk" təşkilatının bəyanatını səsləndirən ad-soyadı türk kimi görünən şəxslər də var.
Bu platformanın saytında bəyanatların əsas hədəfinin Azərbaycan olduğunu görmək elə də çətin deyil:
Feministlərin, “nowar”-çuların və LGBTQ təmsilçilərinin növbəti hücum dalğası 2022-ci il dekabrın 12-də Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların başladıqları dinc ekoloji aksiyadan sonraya təsadüf etdi.
2023-cü il ərzində Qərb institutları Azərbaycanda erməniləri qoruyan yeni feminist layihəni gerçəkləşdirdilər.
“Feminist Sülh Kollektivi”: Azərbaycanda erməniləri qoruyan yeni “müxalifət” qurulur” adlı məqalədə proses belə izah olunur:
- Qərb institutlarının 2023-cü il üçün planlaşdırdıqları qrant layihələrində LGBTQ, feminizm kimi istiqamətlərin xüsusilə önə çıxarıldığı müşahidə olunur;
- Azərbaycanda feminizm adı altında hərəkat genişlənir;
- və əsas prioritet “nowar”-çu imici ilə Azərbaycanın Ermənistana qarşı müharibə aparmaqda ittiham edilməsi, “Qarabağ blokadadır” iddialarının tirajlanması seçilib;
- Azərbaycanda yeni şəbəkə formalaşdırılır və bu şəbəkədən bütün maraqlı qruplar öz məqsədləri üçün yararlanmaq niyyətindədir – anti-Azərbaycan qüvvələr siyasi hakimiyyətə qarşı müxalif cəbhə qurur, erməni lobbisi Azərbaycanın daxilindən Ermənistan maraqlarının müdafiəsini təşkil etməyə çalışır;
Məqalədə bu fikirlərin reallaşması üçün həyata keçirilən qrant layihələri konkret məzmun və məqsədilə təqdim edilib.
Əsas şərt bütün layihələrin üç prioritetdən birinə uyğun olmasıdır:
- gender bərabərliyi, qızların və qadınların səlahiyyətlərinin artırılması;
- 2SLGBTQI+ (Lesbian, Gay, Bisexual, Transgender, Queer, Intersex, Two-spirit and Gender), demokratiya, insan haqları və qanunun aliliyi daxil olmaqla inklüziv idarəetmə;
- Münaqişələrin qarşısının alınması, sülhün qurulması və təhlükəsizlik.
Məqalədə qeyd olunur ki, burada əsas diqqətçəkən məqamlardan biri Azərbaycanda belə qrant layihələrinin maraq dairəsində olan feminizm, LGBTQ kimi hərəkatların əsas prioritet istiqamətinin məhz Ermənistanın maraqlarının müdafiəsi olmasıdır.
“Feminist Sülh Kollektivi” (Feminist Peace Collective) hərəkatının fəaliyyəti bu kontekstdə praktiki nümunələrdən hesab oluna bilər.
Qərb institutları Azərbaycanla bağlı qrant layihələrində dəstək verdikləri “radikal feministlər”in əsas missiyası ermənilərin maraqlarının müdafiəsinin təşkil edilməsidir.
“Feminist Sülh Kollektivi” 10 avqust 2023-cü il tarixində Azərbaycanı Qarabağdakı erməni əhalisini “blokadada” saxlamaqda, “humanitar fəlakət yaratmaqda” ittiham edən kampaniyaya başlayıb. Soros Fondunun yaratdığı və əsasən Ermənistanın maraqlarından çıxış edən “opendemocracy.net” portalının yayımladığı məqalədə “Feminist Sülh Kollektivi” haqda qeydlər də bunu təsdiq edir.
“Azərbaycan: feminist sülh yolu ilə militarizmi pozmaq” yarımbaşlığı ilə verilən qeydlərdə bildirilir ki, “İkinci Qarabağ müharibəsi regionda sülh üçün onsuz da kövrək olan ümidləri yox edib. 2020-ci ildə yaradılan “Feminist Sülh Kollektivi” isə bütün risklərə baxmayaraq, müharibəyə qarşı mübarizə aparır”.
“Feminist Sülh Kollektivi” 10 avqust tarixində yaydığı bədnam müraciət, eləcə də “opendemocracy.net” portalının məqaləsi təsdiq edir ki, “azərbaycanlı feministlər”ə qrant layihələri qarşılığında erməni maraqlarının müdafiə edilməsi tapşırığı verilib.
“Opendemocracy” başqa bir məqaləsində yazırdı ki, “Əliyev hakimiyyətinə Azərbaycanın daxilində “Qarabağ blokadasına” qarşı müxalifət yoxdur”. Göründüyü kimi, “Feminist Sülh Kollektivi” erməniləri də özündə birləşdirən anti-Azərbaycan şəbəkəsinin ölkə daxilində “Qarabağ blokadasına” qarşı müxalifət olaraq yaradılıb.
“Feminist Sülh Kollektivi” haqqında söhbət açdığımız “İştirak evi”nin əsas fiqurantlarından, belə demək mümkünsə, aparıcı operatorlarından biri olub. Bu haqda əlimizdə kifayət qədər faktlar var.
Azərbaycanda LGBTQ-nin siyasi xəttə meyllənməsi
Əvvəlcə, Azərbaycanda milli dəyərlərə, ailə institutun dağıdılması və Azərbaycanın beynəlxalq imicinə xələl gətirən sözdə “insan haqlarının pozulması” ittihamının əsas predmeti olan LGBTQ-çilər haqda məlumat verək.
Azərbaycanda bu qüvvələr bir neçə təşkilatda və media platforması halında fəaliyyət göstəriblər.
Bunlar:
“Nəfəs” LGBTİ Azərbaycan Alyansı (rəhbəri Cavid Nəbiyev)
“Minority Azerbaijan" adlı LGBT jurnalı (rəhbəri Səməd İsmayılov)
“Free LGBT” (rəhbəri Lalə Mahmudova)
“Azad LGBTİ Azerbaycan” (vaxtilə İsa Şahmarlı tərəfindən yaradılıb, o, intihar etdikdən sonra təşkilatın fəaliyyəti İ.Şahmarlının anım günlərini yad etməkdən və digər LGBT qruplarının paylaşımlarını dəstəkləməkdən ibarətdir)
İngilis dilindən tərcümədə "azlıq" mənasını verən "Minority Azerbaijan" jurnalının ilk nömrəsi 2015-ci ildə dərc olunub. 3 il ərzində 9 sayı işıq üzü görən jurnalın baş redaktoru və təsisçisi, hazırda ABŞ-də yaşayan Səməd İsmayılov, redaktoru feminist fəal Gülnara Mehdiyeva, rəssamı Leyla Əli, yazarları Fərid Əliyev, Sabina İbrahim Kurqunayeva, Mahir İman, Sevinc Qurbanova, N.Novruzov və digərləridir.
Jurnalın baş redaktoru Səməd İsmayılov 2017-ci ildə İngiltərənin "The Guardian" nəşrinə açıqlama verərək Qərbi, Azərbaycana təzyiq etməyə çağırmışdı: "Bütün Azərbaycan LGBTQ icması indi qorxu içində yaşayır. Bəziləri ölkəni tərk etdi və evə nə zaman dönəcəklərini bilmirlər. Azərbaycan hökumətinə bu alçaq rəftarı dayandırmaq üçün təzyiq göstərmək üçün beynəlxalq dəstək olmasa, bizim edə biləcəyimiz yeganə şey özünü təhlükəsiz hiss edənlərin ölkəni tərk etməsinə kömək etməkdir".
Səməd İsmayılov həmçinin 2020-ci ilin fevralında iki nəfər LGBTQ nümayəndəsinin uyğunsuz videosunun yayılmasından sonra başlayan müzakirələr zamanı “vice.com” saytına verdiyi açıqlaması ilə xatırlanır. Belə ki, açıqlamada İsmayılov prokurorların işə qarışacağına ümid etmədiyini bildirib və Azərbaycanda homofobiyanın yaranmasında hakimiyyəti günahlandırıb: "LGBTQ üzvləri nəticənin nə olacağını bildikləri üçün polisə belə müraciət etmirlər. Onlar bilirlər ki, rəzil olacaqlar və heç bir nəticə də olmayacaq”.
"Minority Azerbaijan" jurnalının redaktoru olan Gülnarə Mehdiyeva LGBTQ fəalı olmaqla yanaşı, son illərdə Azərbaycanda feminist fəal kimi də tanınır. Müsahibələrində hər zaman ölkədə transgenderlərin kütləvi şəkildə ayrı-seçkiliklə üzləşdiyini deyən G.Mehdiyeva Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (IGLA) hesabatlarında ekspert kimi öz manipulativ fikirlərini səsləndirir. Sitat: “LGBTQ-ların Azərbaycan qanunları üçün heç bir əhəmiyyəti yoxdur, onlar insan hesab edilmir, nə prokurorluq, nə Dövlət Təhlükəsizliyi Xidməti, nə də hər hansı digər qurum kütləvi qətllərin qarşısını almaq üçün barmaqlarını tərpətmək istəmir”.
Bu isə G.Mehdiyevanın feminist olduğu qədər siyasətdə nə qədər yaxından iştirak etdiyini və Qərb institutlarının verdikləri qrantların müqabilində hansı qanunsuz yollara getməli olduqlarının əyani sübutudur:
Bir məqamı da qeyd edək ki, IGLA-nın Azərbaycan üzrə ekspertləri arasında Durna Səfərova, Cavid Nəbiyev, Səməd İsmayılov və Vahid Əliyevlə yanaşı Gülnarə Mehdiyeva da var. Təşkilatın Cenevrədə yerləşən baş ofisinə “USAID” tərəfindən 09.09.2024-08.09.2026-cı illər ərzində həyata keçəcək proqramlar üçün 2,1 milyon ABŞ dolları miqdarında maliyyə yardımı nəzərdə tutulmuşdur. mənbə
“Nəfəs” LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən etibarən guya fəaliyyətini Azərbaycanda "LGBTİ+"ların rifahının və hüquqlarının müdafiəsinə həsr etmiş qeyri-siyasi, qeyri-kommersiya, könüllü özünüidarəetmə əsaslı kollektivdir.
Hər halda Alyansın rəsmi veb-səhifəsində belə yazılıb. Qurum siyasi olmadığını iddia edir, amma yarandığı gündən bu günə kimi davamlı olaraq Almaniya, Niderland, Norveç, Böyük Britaniya, Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşlər keçirir, bundan başqa, Türkiyədə LGBTQ təşkilatı olan “Kaos LG” ilə sıx əməkdaşlıq qurub. Hətta, Türkiyədəki cinsi azlıqlarla əlaqələr o qədər güclüdür ki, 2017-ci ildə mərkəzi Kocaeli şəhərində yerləşən “Özgür Gökkuşağı” (Azad Göy qurşağı) və “Kocaeli LGBTİ İnsiativi” adlı qurumlar Azərbaycandakı cinsi azlıqların nümayəndələrinə, xüsusən Nəfəs LGBT-nin üzvlərinə dəstək nümayiş etdirmişdilər.
“Nəfəs” LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyev Almaniyada yaşayır və alman vətəndaşı olan həmcinsi ilə evlidir.
O, 2014-cü ildə (o zaman Atilla Cavid kimi özünü təqdim edirdi) “Aqos” qəzetinə müsahibə verərək Azərbaycanda küçəyə çıxa bilmədiklərindən şikayətlənmişdi. Yəni Türkiyədəki ermənilərinin mətbu orqanı olan “Aqos” qəzeti də “Nəfəs” LGBT Azərbaycan Alyansı və ümumilikdə ölkəmizdəki cinsi azlıqlarla yaxından maraqlanır.
Cavid Nəbiyev ötən il keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində də diqqətə düşmüşdü. Onun digər LGBTQ təmsilçiləri ilə birgə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı məntəqəsindəki təxribat cəhdləri, seçkiləri gözdən salmaq məqsədilə törətdikləri əməllər qeydə alınmış və ifşa olunmuşdu. O, seçki prosesinə mane olduğu üçün rəsmi protokolla məntəqədən uzaqlaşdırılan üç nəfərdən biri idi. Bu haqda araşdırmamızı bu linkdən oxuya bilərsiniz.
Qubad İbadoğlunun qızı - Jalə Bayramova. “Nowar”-çu olmaqla yanaşı, həm də “Nəfəs” LGBTİ Azərbaycan Alyansının hüquqşünasıdır, LGBTQ təmsilçisidir.
(Jalə Bayramovanın profil adının “X” platformasında oğlan adı kimi “Bayram” qeyd etməsi diqqətdən qaçmır)
Jalə Bayramovanın adını qeyd edərkən, araşdırmalarımız zamanı aşkar etdiyimiz Azərbaycandakı cinsi azlıqlarla bağlı paylaşımları ilə diqqət çəkən ABŞ-də yaşayan Türkiyə vətəndaşı, vəkil Okan Şengünlə bağlı bir məqam oldu. Vəkil O.Şengün 1 oktyabr 2023-cü ildə "Azerbaycan’dan Politik Görüşle İlgili İltica Başvuruları"("Azərbaycandan siyasi düşüncələrlə bağlı sığınacaq müraciətləri") adlı bir video hazırlayaraq yaymışdı.
Bundan az sonra o, ABŞ-dən sığınacaq istəyən azərbaycanlı müxaliflərin nələrə diqqət etməli olduğuna dair növbəti videonu hazırlayaraq siyasi müxaliflərə ABŞ-də rahat siyasi sığınacaq almağın yollarını öyrədir. Okan Şengünün “YouTube” kanalına baxdığımız zaman Azərbaycan dilində "Azərbaycan'dakı Sərt Rejim ‒ Köçün Səbəbləri" və "Azərbaycanda Dini Etiqad Azadlığı Pozulur!” başlıqlı iki videoya rast gəldik.
Birinci videonu diqqətlə incələdiyimiz zaman mətnin hazır bir şəkildə Okan Şengülə təqdim olunduğu, süni intellekt vasitəsi ilə (Eleven Labs-red.) səsləndirildiyi ortaya çıxır. Bəllidir ki, mətni hər hansı bir azərbaycanlı səsləndirmiş olsaydı, bəzi hərflərin deyilişində və vurğularda səhvlər hiss edilməzdi. Maraqlıdır ki, vəkilin rəsmi veb-səhifəsində də eyni yazıya rast gəlirik və yazı səlis dillə qələmə alınıb. Saytda həmçinin “Azərbaycanlı LGBT+ Şəxslər Niyə Amerikaya Sığınır?” başlıqlı yazıya rast gəldik ki, bu da mətnin Azərbaycanlı LGBTQ üzvü olan hüquqşünas tərəfindən hazırlandığı tezisimizi bir daha təsdiqləyir. İkinci videoda isə mətndə Qubad İbadoğlu və Bəxtiyar Hacıyevdən bəhs olunur ki, türkiyəli bir vəkilin bu adları və onların həbsinin detallarını incəliyinə qədər bilməsi demək olar ki, mümkün deyil. Jalə Bayramovanın “Nəfəs” LGBT Azərbaycan Alyansının hüquqşünası olması isə bu mətnin məhz onun tərəfindən hazırlana biləcəyi ehtimalını artırır. Ehtimal edirik ki, Jalə Bayramova atasının mövqeyini, siyasi proseslərdə iştirakını nəzərə alaraq məqsədli şəkildə öz adını gizlətməyə çalışır, türkiyəli cinsi azlığın nümayəndəsinin dili ilə tapşırıqları ictimaiyətə çatdırır.
Saydıqlarımızdan əlavə Azərbaycanda LGBTİQ+ ilə bağlı gedən materialların monitorinqini aparan “QueeRadar” saytı, "Bakının 7 rəngi" adlı “Facebook” səhifəsi, “gay.az” adlı homoseksual portal (rəhbəri Ruslan Baluxindir), “Transvisionary” podkast təşəbbüsü (2021-ci ildə Vüsalə Hacıyeva tərəfindən yaradılıb), “IDAHOT” (rəssam Lili Nazar (Seymur Nəzər) tərəfindən yaradılıb), "Qıy vaar!" (Əli Məlikov tərəfindən yaradılıb)
"Femkulis"- digər siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Yağmur və Əli Məlikov tərəfindən yaradılıb. Sənay Yağmur Qubad İbadoğlunun qızı Jalə Bayramova kimi "aktiv"dir, feministlərin təşkil etdiyi bütün aksiyalarda iştirak edib, sosial mediada siyasi şüarlar səsləndirib.
LGBT hərəkatının siyasiləşməsi dedikdə ilk ağıla gələn şəxslər
Vəfa Nağının fəaliyyətini bundan əvvəlki bələdiyyə və sonuncu parlament seçkilərində görmüşük. LGBTQ təmsilçisidir, siyasi proseslərdə aktiv iştirak edir, maksimum dərəcədə özünü ermənipərəst mövqedən göstərməyə çalışır:
Əli Məlikov. LGBTQ-nun siyasiləşdirilməsində xüsusi rolu olanlardan biridir.
2021-ci ildən “Qıy Vaar” platformasını yaradıb. Layihə “LGBTQİ+ material yaradır və sənə danışmaq üçün platforma vermək istəyir” şüarı altında podkastlar hazırlayır və sosial media hesablarında "LGBTQİ"+lara qarşı baş verən təqib və təzyiqlərlə bağlı xəbərlər paylaşır.
O, 17 yaşında olanda Türkiyədəki anti-Azərbaycan qüvvələrin ruporlarından olan artigercek.com saytına məktub yazaraq ölkədə cinsi azlıqların hüquqlarının pozulmasından danışmışdı.
Əli Məlikovun Cavid Nəbiyevlə birlikdə sonuncu prezident seçkilərində təxribatlar törətdiyi haqda artıq qeyd etdik.
O, bir müddət Türkiyədə təhsil alıb və oradakı təxribatçı fəaliyyətinə görə Türkiyə dövləti tərəfindən “deport” olunub.
Ə.Məlikovun paylaşımları maksimum dərəcədə siyasiləşmiş kontekstdədir.
Yeni “nowar”-çularla iş
Qərb institutlarının yaxın gələcəkdə Azərbaycanda işləmək istədikləri yeni “nowar”-çularla bağlı qısa informasiya:
Azərbaycan mediası Avrasiya Əməkdaşlıq Fondu bu günlərdə Bakıda gənclər üçün “Bakı Münaqişə Məktəbi-2025” adlı layihəyə başladığı haqda məlumat yayıb. Bildirilir ki, layihənin məzmunu "Münaqişə Məktəbi Məzun Şəbəkəsi” adı altında təslimçi düşüncəli, ultra-liberal, qeyri-ənənəvi dəyərləri dəstəkləyən gəncləri Fondun çətiri altında toplamaqdır. Avrasiya Əməkdaşlıq Fondunun “Bakı Münaqişə Məktəbi‒2025” layihəsi “nowar”çu axtarışlarının gücləndirilməsi təlimatına xidmət edir.
Anti-Azərbaycan şəbəkəsinin bir hissəsi olan Avrasiya Fondunun İdarə Heyəti və Himayəçilər Şurasının tərkibi ermənilər və ermənipərəst siyasəti ilə tanınmış xeyli vətəndaş cəmiyyəti nümayəndəsi və keçmiş diplomatlarla zəngindir. Daha ətraflı bu linkdən oxuya bilərsiniz.
Yekun olaraq,
Azərbaycanda əlaqələndirilmiş formada aparılan fəaliyyətlər, o cümlədən “feminizm” daha çox əxlaqsızlığın təbliği, ictimailəşdirilməsi və legitimləşdirilməsi, cəmiyyətin əsas dayağı olan milli-mənəvi dəyərlərin, əxlaq institutunun dağıdılmasına yönəlmiş fəaliyyətdir.
44 günlük Vətən müharibəsindən sonra bu fəaliyyətlərin həyata keçirilməsi üçün beynəlxalq təşkilatların yanaşmalarında dəyişiklik baş verdi. Məqsədyönlü şəkildə bu fəaliyyətlərə “nowar”-çuluq rəngi də qatıldı, nəhayət, son illərdə bu axında “siyasiləşmiş LGBTQ” kanalı da göründü.
Beləliklə, Azərbaycan feministlərinin fəaliyyətləri və şüarları LGBT “dəyərlərini” ehtiva etmək, cinsi azlıqların hüquqlarının leqallaşması, cəmiyyətdə üstün mövqelərə çıxmasını nəzərdə tutmaqla yanaşı, həm də LGBTQ-nun məqsədli şəkildə siyasiləşdirilməsidir. Azərbaycanda cinsi azlıqların fəaliyyətini qadağan edən hər hansı qanun yoxdur, onların digər vətəndaşlar kimi həyatlarını yaşamalarına maneə yaradılmır.
Qadın haqlarına gəldikdə isə, Konstitusiyamızda nəzərdə tutulan digər hüquq və azadlıqlar kimi, ölkəmizdə yüksək səviyyədə qorunur. Feminizm adı ilə ölkəyə əxlaqsızlığı, LGBTQ "dəyərləri"ni gətirməyə çalışmaq, Azərbaycanın ailə təsisatının kökündə dayanan Qadın amilini aşağılamaq yolverilməzdir və bu təxribata imkan verilməməlidir.