İranın “Səhər” kanalı ABŞ Konqresinə istinad edərək Azərbaycanla bağlı saxta məlumat yayıb. Kanalın həm “facebook”, həm də instagram” səhifələrində ABŞ Konqresinin guya Azərbaycan Respublikasına məxsus təyyarələrə qarşı sanksiya tətbiq edilməsinə çağırışla bağlı xəbər paylaşılıb.
Faktyoxla Lab. “Səhər” kanalının yaydığı bu məlumata aydınlıq gətirib.
İran dövlət kanalının yaydığı bu məlumatın mənbəyində qətnamənin tam mətni və nömrəsi qeyd olunub.
Həmin mətndə “təyyarələrə sanksiya tətbiq olunması” ilə bağlı bir kəlməyə belə rast gəlinmir.
Belə məlum olur ki, İran dövlətinin dəstəyi ilə fəaliyyət göstərən “Səhər” kanalı Azərbaycan əleyhinə olan xəbəri yaymaq üçün hətta düşmən saydığı ABŞ mənbələrinə də istinad edir.
Əlavə olaraq qeyd edək ki, onların istinad etdiyi qətnamənin (H.Res 120) ciddi siyasi əhəmiyyəti yoxdur. Belə ki, 16 ermənipərəst konqresmenin qəbul etdiyi bu qətnamə tipinə görə “sadə qətnamə” sayılır və bu cür qətnamələr bir qayda olaraq dövlət başçısına təqdim edilmirlər. Yəni Nümayəndələr Palatasının (NP) bu qətnaməsi də digər “sadə qətnamə”lər kimi məcburi icra tədbirlərinin tətbiq olunduğu sənəd deyil, qəbul olunacağı təqdirdə (müəyyən prosedurdan keçməlidir-red.) yalnız Nümayəndələr Palatasının bu məsələ ilə bağlı fikrini ifadə edəcək.
Beləliklə,
-İranın “Səhər” kanalının yaydığı ABŞ Konqresi tərəfindən Azərbaycan təyyarələrinə qarşı sanksiya tətbiq olunacağı haqda xəbər dezinformasiyadır;
-Nümayəndələr Palatasının cəmi 16 üzvünün imzaladığı H.RES 120 saylı qətnamə bu məsələ ilə bağlı NP-nin fikrini ifadə edəcək “sadə qətanamə” növüdür;
-Qubad İbadoğlu 22 aprel 2024-cü ildə azadlığa buraxılıb. Hazırda ona məxsus bağda istirahət edir, nə sağlamlığı, nə də mövcud vəziyyəti ilə bağlı şikayətçi deyil.