Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiyası) Kocaeli bölgəsi üzrə millət vəkili Ömər Faruk Gergerlioğlu parlamentdə çıxışı zamanı bildirib ki, Türkiyə İsrailin əsas neft təchizatçılarından biridir. Onun iddiasına görə, Ceyhan limanından neft daşıyan gəmilərin İtaliya limanlarına getdiyi bildirilsə də, məkan ötürücüləri cihazlarını söndürən tankerlərin Hayfa və Aşdod limanlarına yaxınlaşdığı və yanacağın İsrailə çatdırıldığına dair faktlar var. Gergerlioğlu iddia edir ki, Ceyhanda neftlə yüklənmiş “Nissos Delos”, “Siavigour” adlı gəmilər Ağ dənizin ortasında peyk-izləmə sistemini bağlayır və tankerlər İtaliyaya deyil, İsrailə səmt alır.
Ö.F.Gergerlioğlu türk gəmilərinin İtaliya və digər regionlara getmək adı altında transponderlərini söndürərək İsrailə neft daşımağa davam etdiyini bildirib.
Qeyd edək ki, Gergerlioğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) əvvəlki çıxışlarında da Türkiyə və Azərbaycan hökumətlərini İsrailə böyük həcmlərdə neft göndərməkdə ittiham edib. Onun iddiasına görə, Türkiyə Azərbaycan aldığı neftin hər barelinin üzərinə 1,27 dollar əlavə edərək İsrailə satır.
Gergerlioğlunun fikrincə, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən nəql edilən neft Ceyhan limanına çatdıqdan sonra Türkiyənin ötürücülüyü vasitəsilə İsrail limanlarına göndərilir. Guya Türkiyə gündəlik 700 min barel nefti İsrailə çatdırmaqla 2024-cü ildə 2,37 milyon ton neft ixrac edib.
Faktyoxla Lab. Gergerlioğlunun iddialarını araşdırıb.
Əvvəla qeyd edək ki, o, nefti daşıyan tankerlərin Türkiyə gəmiləri olduğunu iddia etsə də adını çəkdiyi “Nissos Delos” və “Seavigour” gəmilərinin heç biri Türkiyəyə aid deyil.
2016-cı ildə inşa edilmiş “Seavigour” (IMO 9774185, MMSI 249349000) xam neft tankeridir. Malta bayrağı altında üzən “Seavigour”-un əsas logistika mövqeyi də Şimal dənizində qərarlaşıb. Gəmi Niderland istiqamətində daşımalarda daha aktiv iştirak edir.
Gergerlioğlunun adını çəkdiyi digər- “Nissos Delos” gəmisinin əsas hərəkət istiqamətləri və limanlardakı mövqeyi Baltik dənizini əhatə edir. 2012-ci ildə inşa edilmiş gəmi xam neft tankeridir, Türkiyəyə aid gəmi daşıyıcısı deyil və Türkiyədən İsrailə daşımalar həyata keçirmir.
Beynəlxalq gəmi izləmə sistemi olan “VesselFinder” və “MarineTraffic” naviqasiya xəritəsindən də görmək mümkündür ki, hər iki tanker 2024-cü ildə bir neçə coğrafi koordinat üzrə neft daşınmaları yerinə yetirib ki, bu daşınmaların coğrafi koordinatlarında Türkiyədən İsrailə neft ticarətini əks etdirən sxemlər görünmür.
İkincisi, gəmilərin Uzaq Məsafədən Tanınma və İzlənmə sistemi (AİS) 2008-ci ildən qüvvəyə minib. Bu qaydalar beynəlxalq yükdaşımaları həyata keçirən gəmilərə və digər dəniz nəqliyyatı vasitələrinə şamil edilir. AİS sistemi Dəniz Təhlükəsizliyi Komitəsinin (MSC) qəbul etdiyi Qətnamənin tövsiyəsinə əsasən yaradılıb. Belə ki, dəniz və okeanlarda üzən gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə daim izlənməsi üçün nəzərdə tutulub.
Bu o deməkdir ki, AİS qaydalarına əsasən, heç bir şirkət dənizdə hərəkət edən tankerin izlənmə sistemini söndürə bilməz, əks halda LRİT konvensiyasına əsasən sanksiyalarla üzləşə bilər. Bu linkdə marinetraffic.com saytı vasitəsilə istənilən bir gəminin (konkret olaraq “Seavıgour” gəmisi göstərilir) hərəkət trayektoriyasına baxmaq olar.
Ona görə də, Gergerlioğlunun gəmilərin izləmə cihazlarını söndürməsi barədə dedikləri tamamilə saxta məlumatdır.
Həmçinin, Gergerlioğlunun nümayiş etdirdiyi kağızlar gəmilərin hərəkət yolunu və coğrafi koordinatlarını deyil, Aralıq dənizində olmasını göstərir. Həmin gəmilərin isə Türkiyəyə məxsus olması barədə heç bir əsaslı fakt və tutarlı mənbə yoxdur.
Üçüncüsü, DEM Partiyasının üzvünün TBMM-də səsləndirdiyi digər iddia neftin ixracını göstərən rəqəmlərlə bağlıdır. O, iddia edir ki, 2024-cü ildə Türkiyə İsrailə 2,37 milyon ton neft satıb. Türkiyə neft ölkəsi olmadığından onun ixracatçı kimi adının hallandırılması və İsraili neftlə təchiz etməsi gülünc versiyadır. Digər tərəfdən Gergerlioğlu səsləndirdiyi rəqəmlərlə özü-özünü ifşa edir. Belə ki, o, Türkiyənin Ceyhan limanından gündəlik 700 min neft daşıdığını bildirir. 700 min barel neft bir ildə təxminən 40 milyon ton neft deməkdir. Bir barel neft 159 litr təşkil edir, emal zamanı neftin 4 litri itkiyə gedir və bir bareldən xalis 155 litr neft qalır.
Bir ton xam neft (155*6,5 =1,007) isə 6,5 barelə bərabərdir. Əgər Türkiyə bir gündə 700 min barel neft satırsa, bu rəqəm ildə (700*365=255) 255 milyon barel (və ya (255/6,5=39,4) 39 milyon tondan çox) neft deməkdir.
Həmin həcmdə neft ixrac etmək üçün Türkiyənin özünün ehtiyatları olmalıdır. Türkiyənin Azərbaycandan 2 dəfə çox (ildə 24 milyon ton), Qazaxıstan (ildə 45 milyon ton) ilə təxminən eyni həcmdə xam neft nəql etməsi isə absurddur. Yəni qeyri-neft ölkəsi olan Türkiyənin bu həcmdə yanacağı başqa haradansa əldə edə biləcəyini düşünmək belə izafi vaxt itkisidir.
Dördüncüsü, Gergerlioğlunun ittihamından aydın olur ki, 700 min barel neft satıldığı ölkə dedikdə İsraili nəzərdə tutur. İsrailin gündəlik neft tələbatı təxminən 235-236 min, xalis idxalı isə 217,6 min bareldir.
Bu məntiqlə, əgər Türkiyə neft ölkəsi olsa və təkbaşına İsraili 100 faiz neftlə təmin etsə belə, İsrailə 217 min bareldən çox neft sata bilməz. 700 min barel rəqəminin tamamilə uydurma və heç bir əsası olmayan iddia olduğu buradan da təsdiqlənir. Bu iddianın tamamilə yalan olmasını Türkiyə Dövlət Statistika İdarəsinin və digər müvafiq orqanlarının məlumatları əsaslı dəlillərlə sübut edir.
Türkiyənin 2024-cü ilə dair idxal-ixrac statistikasından da aydın olur ki, qardaş ölkənin ixracatında ümumiyyətlə xam neft yoxdur. Türkiyə yalnız benzin və neft məhsulları ixrac edir ki, bu da xam neft sayılmır. İxracata dair statistikada Türkiyənin İsrailə bir litr də olsun belə neft məhsulunun göndərməsinə dair informasiya yoxdur.
Beşincisi, Gergerlioğlunun Azərbaycanın İsraili neftlə təmin etməsi iddiası da saxta ittihamdır. Azərbaycanın rəsmi dövlət statistikasına əsasən, 2024-cü ildə ixrac edilmiş xam neft vә neft mәhsullarının həcmi 23,2 milyon ton təşkil edib.
Azərbaycandan İsrailə il ərzində 1 milyon 173 min ton və ya 713 milyon dolar dəyərində neft tədarük olunur. Bundan başqa, Azərbaycan nefti BTC kəməri ilə Türkiyəyə çatdırıldıqdan sonra gəmilərlə Portuqaliya, Rumıniya, Böyük Britaniya, Tunis, Tailand, Yunanıstan, İndoneziya, Serbiya, İspaniya, İrlandiya və digər ölkələrə ixrac edilir. mənbə
Azərbaycan ixrac etdiyi 23,2 milyon ton neftin cəmi 4,8 faizi (1,1 milyon ton) İsrailin payına düşür. Bu, barel ölçüsü ilə illik 7 milyon barel, gündəlik 19 min barel deməkdir. Yəni Azərbaycan nefti İsrailin gündəlik ehtiyacının cəmi 9 faizini təşkil edir. İsrailin neft ehtiyaclarının 90 faizi digər ölkələr tərəfindən təmin edilir.
Məsələ ondadır ki, həmin 1,1 milyon ton neft birbaşa Azərbaycan tərəfindən ixrac edilmir. Məlumdur ki, neft Ceyhan limanından qlobal treyderlər, bazar alıcıları tərəfindən alınaraq İsrailə çatdırılır. Bu nəqletmə prosesində isə nə Azərbaycan, nə Türkiyə bazar iştirakçısı deyil.
Onu da qeyd edək ki, dünyada neft satışı bazarının özünəməxsus xüsusiyyətləri var, hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satılır. Tədarükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər. Bunu dəfələrlə “SOCAR Türkiyə” şirkəti də bəyan edib. Şirkət bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti İsrailə neft satmır. Terminalda nefti treyderlər alır və sonradan xarici şirkətlər yanacağı başqa ölkələrə satır. Bu o deməkdir ki, İsrail bazarında satılan neftin sahibi SOCAR və “SOCAR Türkiyə” deyil.
SOCAR və “SOCAR Türkiyə” digər neft şirkətləri kimi tədarük etdiyi məhsulları aidiyyəti treydinq şirkətləri ilə yalnız satış əlaqələri çərçivəsində həyata keçirir. Ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə istifadə edildiyinə tərəfimizdən nəzarət və müdaxilə edilməsi mümkün deyil. istinad
Altıncısı, Ceyhan limanına BTC xətti ilə yanaşı, Kərkük-Mosul-Ceyhan kəməri ilə də neft daşınır. Kəmərlə gündəlik neft nəqlinin həcmi 185 milyon barel və ya 25,7 milyon tondur. Yəni BTC-dən daha çoxdur.
Müxtəlif dövrlərdə İsrailin neftin əsas hissəsini İraq kürdlərindən əldə etməsinə dair əsaslı faktlar aşkarlanıb və nəql koordinatları bəlli edilib. mənbə1, mənbə2, mənbə3
Kərkük-Mosul-Ceyhan xətti ilə Ceyhan limanına nəql edilən nefti də Türkiyə şirkətləri və ya gəmiləri ilə deyil, qlobal treyderlər alaraq İsrailə çatdırır. Bu prosesdə də Türkiyə bazar iştirakçısı hesab edilmir və xam nefti alan treydinq şirkətlərin gəmilərinin İsrail limanlarına yön alması Türkiyənin neft satmasını iddia etmək qərəzin və məlumatsızlığın göstəricisidir. Türkiyə qlobal tədarükçü şirkətlərin xam neft alışına və dənizlə daşınmasına müdaxilə edə bilməz, bu, beynəlxalq dəniz nəqliyyatı konvensiyasının və ticarətin tələblərinin pozulması hesab olunur.
Beləliklə, İraq kürdləri İsrailə neft satdıqlarını nəzərə alsaq, Ceyhan limanından neft daşıyan treyderlərin və onlara məxsus tankerlərin hərəkət sxemləri yuxarıdakı bütün suallara aydınlıq gətirmiş olur.
Heç bir əsaslı faktla söykənməyən, saxta kağızlarla vaxtaşırı əsassız ittihamlar səsləndirən, TBMM tribunası kimi məsuliyyətli bir kürsüdə özünü gülünc vəziyyətə qoyan, belə çıxışları ilə DEM Partiyasını ələ saldıran Gergerlioğlu, əslində İraq kürdlərinin xarici treyderlərlə ticarətini və İsrailə neft daşımasını yaxşı bilir. O, iz azdırmaq üçün Türkiyənin və Azərbaycanın üzərinə saxta ittihamlar atmaqla riyakarlıq və dələduzluq edir, ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır.
Beləliklə,
- Gergerlioğlunun TBMM-də çıxışında səsləndirdiyi iddiaların heç bir əsası yoxdur, gəmilərin yalnız adları yazılmış kağızlar isə hüquqi sənəd deyil;
- O, bir çox xarici ölkələrin təsiri ilə Türkiyə və Azərbaycana iftira atır, bu iki ölkənin İsrailə neft satışına dair saxta ittihamlar səsləndirir;
- Onun çıxışlarının arxasında Azərbaycanla Türkiyə arasında münasibətləri korlamağa hesablanmış siyasi məqsədlər dayanır.