ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dövlət postunu təhvil verməyə hazırlaşan Co Baydeni amerikalı vergi ödəyicilərindən toplanaraq Ukraynaya ayrılan milyardlarla dollar vəsaiti mənimsəməkdə ittiham edib. Tramp  “Truth Social” sosial platformasındakı səhifəsində “Bidenomiks” adlı pulyuma sxeminə diqqət çəkərək bunu Bayden administrasiyası hökumətinin iqtisadi siyasətində uzun müddət yer aldığını vurğulayıb.

Donald Tramp Bayden ailəsinin Ukraynadakı korrupsiya sxeminin infoqrafik təsvirini 5 mərhələ üzrə bu cür səciyyələndirib:

1. Amerika vətəndaşları vergi ödəyirlər və bu pullar dövlət xəzinəsinə toplanır.
2. Xəzinə vəsaitlərinin əhəmiyyətli bir hissəsi Co Bayden administrasiyası tərəfindən Ukraynaya ayrılır və xərc təminatı dərhal icra edilir.
3. Ukraynanın müvafiq xəzinə hesablarına oturan vəsaitlər Kiyevdə biznes konqlomeratları qrupunda yer alan oğlu Hanter Baydenə çatdırılır.
4. Hanter həmin vəsaitləri Ukraynada müxtəlif sxemlər üzrə enerji-kommunikasiya və s. sahələrə yönəldir və sonradan həmin pulların bir hissəsi “otkat”(rüşvət-red.) kimi geri – Vaşinqton administrasiyasına qayıdır.
5. Çirkli pulların yuyulması mexanizminin bir hissəsi olan bu əməliyyatların əsas iştirakçısı Hanter Bayden törətdiyi iqtisadi cinayətkarlığa görə, ABŞ-nin ədliyyə və prokurorluq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilsə də, Amerika prezidenti oğlunu əfv edir və pulyuma əməliyyatı hüquqi baxımdan legitimləşir.

Trampın iddia etdiyi cinayət sxemi əsas etibarilə Rusiya-Ukrayna müharibəsindən, yəni 2022-ci ildən əvvəlki dövrləri əhatə edir. Ancaq 2022-ci ildən sonrakı dövrlərdə də buna oxşar pulyuma ssenarilərinin olması istisna deyil. Bu barədə bir qədər sonra.

 2022-ci ilə qədər Baydensayağı “pulyuma”

Əvvəlcə oğul Baydenin Ukraynaya necə və hansı yolla yerləşdirilməsi, amerikalı vergi ödəyicilərinin pullarının Kiyevin bank və xəzinədarlıq strukturları üzərindən təyinatdankənar siyasi oliqarxiyanın maraq və mənafelərinə birbaşa yönləndirilməsinə diqqət yetirək.

Co Bayden hələ vitse-prezident vəzifəsində çalışarkən oğlu Hanterlə birgə Ukraynada enerji-yanacaq biznesi qurmağa nail olub. 2014-cü ildə Ukraynada çevriliş baş verəndə və ölkədə siyasi hakimiyyət qərbyönümlü müxalif qüvvələrin əlinə keçəndə Bayden ailəsi “qızıl dövrün” yetişdiyini anlayıb. ABŞ-nin vitse-prezidenti öz siyasi təsir imkanlarından istifadə edərək oğlunu Ukraynanın ikinci nəhəng enerjipaylama şirkəti olan “Burisma Holdings”ə yerləşdirir.

Ukraynanın keçmiş ekologiya və təbii sərvətlər naziri, oliqarx Nikolay Zloçevski tərəfindən 2002-ci ildə təsis edilmiş enerji şirkəti qısa müddətdə Şərqi Avropanın ən böyük qaz tədarükçülərindən birinə çevrilir və şirkətə qlobal siyasi mafiyanın nümayəndələri gəlməyə başlayır.

ABŞ-dən Hanter Baydenlə yanaşı, “nəzarətçi” qurum kimi CIA-nın keçmiş rəhbəri də yer alıb. Həmin vaxt Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski də holdinqin Direktorlar Şurasında özünə kreslo tuta bilmişdi. Hanter Bayden Direktorlar Şurasında kreslo tutmaqla ildə 600 min dollar maaş almaqla yanaşı ata Baydenin tapşırıqlarının icraçısına çevrilir.

Sonradan bəlli olur ki, “Burisma” Avropa və Amerika üçün böyük siyasi-iqtisadi-maliyyə instututuna çevrildiyindən şirkətin vəsaitləri artıq enerji təchizatçılarından daha çox oliqarxların siyasi korrupsiyasına xidmət edib. Gizlədilən bu cinayətlərin üstü çox gec açılıb, lakin buna baxmayaraq cinayət sxemlərində iştirak edənlərdən bəziləri məsuliyyətə cəlb olunublar. Bu prosesdən “sağ-salamat”, “təmiz” çıxanlardan biri soyadına görə şirkətə işə götürülmüş Hanter Bayden olub. Əvvəlcə atası, ovaxtkı ABŞ vitse-prezidenti Co Bayden öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək oğlunu dindirməyə çağırdığına görə cinayət üzrə təhqiqat aparan Ukrayna Baş prokuroru Viktor Şokini vəzifəsindən azad etdirməyi bacarır.

Vitse-prezident Kiyevə təzyiqlər göstərərək baş prokuroru vəzifəsindən uzaqlaşdırmağa müvəffəq olsa da zaman keçdikcə Hanter Baydenin Kiyevdəki fəaliyyətlərinin təfərrüatları istintaqa və geniş ictimaiyyətə aydın olur. Beləliklə, Baydenlərin Ukraynadakı maliyyə maxinasiyaları, qalmaqallı fəaliyyətinin üstü açılır.

2023-cü ildə senator Çak Qrassli tərəfindən dərc edilmiş və Büronun tam etibar etdiyi mənbənin ifadəsini əks etdirən “Form 1023” adlı məxfi olmayan FTB sənədində adıçəkilən cinayətin tam təfərrüatları yer alıb.

İş “Burisma Holdings”lə yekunlaşmır, Ukraynanın müxtəlif sektorlarına ayrılan Amerika maliyyəsinin bir hissəsinin Vaşinqtona çatdırılmasında tez-tez yaradılan və ləğv edilən şirkətlərin rolu da az olmayıb.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2020-ci ilin oktyabrında apardığı araşdırmaya görə, 2015-2019-cu illər ərzində Ukraynada ABŞ-nin yardımı və maliyyəsi ilə yeni antikorrupsiya qurumları yaradılıb, ancaq həmin qurumların özünü korrupsiyaya sövq edənlərdən biri elə Bayden ailəsi olub.

 
ABŞ-də hüquq və ictimai sektorun tanınmış üzvləri hesab edir ki, Baydenin oğlunu Ukraynaya yerləşdirməsi bu ölkəyə kömək etmək adı altında siyasi məqsədlər güdüb. “Washington Post” hadisəni qohumbazlığın və korrupsiyanın təzahürü kimi qiymətləndirib.

ABŞ-dəkı Nəzarət və Hesabatlılıq Komitəsi Bayden ailəsinin yerli və beynəlxalq biznes təcrübələri üzrə araşdırma apararaq Bayden və tərəfdaşlarının xarici qurumlardan müxtəlif təzyiq üsulları və siyasi təqib alətləri ilə 20 milyon dollardan çox ödəniş aldığını yazırlar.

Misal üçün, 2015-ci ildə Rumıniyada yüksək profilli korrupsiya sxemi üzrə rumın iş adamı Qabriel Popoviciula iş qurularaq tərəfdaşlardan 3 milyon dollardan çox vəsait əldə edib. (Mənbə: BBC)

2017-ci ildə Çin şirkəti “State Energy HK Limited” Bayden ailəsinin hesabına 3 milyon dollar köçürüb.

2014-cü ildə qazaxıstanlı oliqarx Kenes Rakişev Sinqapurdakı “Novatus Holdings”dən Hanter Baydenin “Rosemont Seneca” korporasiyasına məxsus müəssisələrdən birinə 142 min dollar pul köçürüb.

Rusiyanın zəngin iş adamlarından biri Yelena Baturina da “Rosemont Seneca” şirkətinə 3,5 milyon dollar pul ödəyib Ukraynada “Burisma” xətti ilə köçürmələr də məlumdur.

Digər köçürmə sənədlərinin foto-skrinlərdən az bir hissəsini təqdim edirik. 

Ancaq iş bununla bitmir, cinayətin coğrafiyası digər sahələri də əhatə edir. “America First Legal”-ın Co Baydenin heyrətləndirici korrupsiyasına dair üzə çıxardığı təkzibedilməz dəlillərin təqdimatında qeyd olunur ki, 2009-cu ilin aprelindən 2014-cü ilin fevralına qədər vitse-prezident Ofisinə göndərilmiş və ya qəbul edilmiş 1340 e-poçt məktubunda Hanter Baydenin “Seneca Global Advisors” və “Rosemont Seneca” şirkətlərində də vergi cinayətləri və korrupsiya labirintinin izlərinə rast gəlinir. Bayden ailəsi Çin və Afrika, Mərkəzi Asiya şirkətlərində də Ukrayna sxemlərindən yararlanıb.

 

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Bayden ailəsinin biznes əlaqələrini araşdıraraq 2014-cü ildən bu günə qədər onların xarici şəxslərdən və ya qurumlardan təkcə bir epizod üzrə 27 milyon dollardan çox rüşvət aldığını, ailənin ödənişləri yoxlamadan gizlətmək üçün çoxsaylı kiçik şirkətlər qurduğunu iddia edib.

 

Komitənin sədri Ceyms Comer “Fox News Digital”-a bildirib ki, “Biz Baydenin hökumətin ən yüksək səviyyələrdə korrupsiyasını ifşa etdik, çünki o, ailəsinin Çin, Rusiya və digər xarici qurumlardan milyonlarla dollar qazanmasına səbəb olan nüfuz alverində fəal iştirak edib”.

  

Hanter Baydenin törətdiyi iqtisadi və digər motivli cinayətləri araşdıran ABŞ Federal Prokurorluğu tərəfindən ona qarşı çoxsaylı ittihamlar irəli sürülüb.

İttihamnamədə Hanter Baydenin “2016-cı ildən 2019-cu ilə qədər vergi illəri üçün borclu olduğu federal vergilərdən ən azı 1,4 milyon dollar ödəməmək üçün dörd illik bir sxemlə məşğul olduğu” qeyd olunur.

İttiham aktına görə, Hanter Bayden 2016-2020-ci illər ərzində biznesdən 7 milyon (2017-ci ildə Hanter Bayden 2,3 milyon dollar, (bunun 1,6 milyon dolları Çin mənbələrindən, 500 min dolları Ukrayna enerji şirkətindən, 70 min dolları Rumıniya biznesindən), 2018-ci ildə 2,1 milyon dollar), adı çəkilməyən gizli dostundan 1,2 milyon dollar əldə etsə də vergi ödəməyib.

Bu səbəbdən elan edilən doqquz ittihama vergidən yayınma, saxta vergi bəyannaməsi və sənəd saxtalaşdırılması daxildir

Buna baxmayaraq, Prezident Co Bayden silah və narkotika ticarətində təqsirləndirilən və iddiaçı tərəflərin təqdim etdiyi tutarlı faktlar toplusuna rəğmən oğlu Hanter Baydeni əfv etməklə ABŞ-nin hüquq və ədalət sistemini sarsıdan qərara imza atıb.

 

Bu addım, ABŞ-də hüquq sisteminə qarşı hörmətsizlik, prokurorluq və məhkəmə orqanlarının fəaliyyətinə sərt müdaxilə və Amerika qanunun aliliyinə qəsd kimi dəyərləndirilir.

Əlavə olaraq qeyd edək ki, Hunter Baydenin yüngül əxlaqlı qadınlara, narkotikə xərclədiyi vəsaitlə də bağlı yetərli faktlar aşkarlanıb. Məsələn, o 2016-2019-cu illər ərzində “yaşlılar üçün seks-əyləncə”yə 188 960 dollar, “reabilitasiyaya” 71 869 dollar xərcləyib. Yəqin ki, narkotik asılılığından əziyyət çəkən prezident oğlunun “reabiltasiya” adı ilə çəkdiyi pulların hara xərcləndiyini anlamaq çətin deyil. 

İstintaq sənədlərində Hanter Bayden “müxtəlif qadınlara ödəmələr” adı altında 683 212 dollar xərclədiyi göstərilir.

 

Növbəti yazımızda “Baydenin 2022-dən sonrakı iqtisadi cinayətləri” haqda araşdırmanı təqdim edəcəyik.