Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ilin əvvəlindən Rusiya qazının Ukrayna ərazisindən tranzitinə icazə verilməyəcəyini açıqlayıb.
Ermənistan mediası, Azərbaycan sosial media seqmentindəki bloqlar və səhifələr bu açıqlamanı "Rusiyadan gələn və “Azərbaycan qazı” adı ilə satılan qaz axınına da şamil ediləcək" sayaq şərh edərək, paylaşıblar.
Faktyoxla Lab. Ukrayna Prezidentinin belə bir açıqlama verib-vemədiyini araşdırıb.
Araşdırma nəticəsində bəlli oldu ki, qeyd edilən məsələ Prezident Zelenskinin Avropa İttifaqı liderləri ilə qapalı görüşündən sonra keçirdiyi mətbuat konfransında səslənib. (Fikrət Hüseynlinin idarə etdiyi “Time TV”, “Financial Times” jurnalının (əslində qəzetdir -red.) suallarını cavablandırarkən yazıb). V.Zelenskinin rəsmi facebook səhifəsində həmin mətbuat konfransı tam yayımlanıb.
Mətbuat konfransında 2-ci sualı “Financial Times” qəzetinin əməkdaşı verir (videoda 4:50‒4:59-cu dəqiqələr) və o, Aİ-nin qazla təmin olunması variantlarından biri kimi “Rusiya qazı”nın “Azərbaycan qazı” ilə əvəzlənməsi haqda Ukrayna Prezidentinin fikirlərini soruşur.
Zelenski isə cavabında (5:00‒6:54-cü dəqiqələr) “Azərbaycan” sözünü bir dəfə də dilə gətirmədən, məlum cavabları verir. Zelenskinin “Azərbaycan” sözünü işlətmədiyini, bunu yalnız “Financial Times” qəzetinin əməkdaşının səsləndirdiyini “Euronews”-da dərc edilən “Zelenski Ukraynanın Azərbaycan “markalı” “Rusiya qazı”nın tranzitinə icazə vermədiyini açıqladı və Slovakiyanın bütün ümidlərini qırdı” məqaləsində də qeyd olunub.
Araşdırma zamanı bəlli oldu ki, Zelenskinin adından Azərbaycan sosial media seqmentində yayılan fikirlərin böyük əksəriyyəti “Euronews”-da dərc olunan məqalədən götürülüb.
Məsələn, “Azadlıq” qəzetinin “Turan” İA-ya istinadən yaydığı bu cümlələrin Zelenskiyə aidiyyatı yoxdur:
“Zelenski:"Ukrayna "Rusiya qazı"nı "Azərbaycan qazı" adı ilə tranzitinə imkan verməyəcək"
“Onun sözlərinə görə, bu qadağa "Rusiya qazı"nın "Azərbaycan qazı" adı altında Avropaya satılmasının qarşısını alacaq”.
“Bu açıqlama Slovakiyanın Baş naziri Robert Fitsonun xoşuna gəlməyəcək, bu ölkə Rusiya qazından ciddi şəkildə asılı olaraq qalır. Slovakiya ölkəyə tədarükün kəsilməməsi üçün diplomatik səyləri artırdı. Alternativ olaraq Bratislava Azərbaycana müraciət edə bilərdi”.
Bu cümlələr məqalənin müəllifi Jorge Liboreiroya məxsusdur.
Financial Times”-in müxbirinin sualı isə “Bruegel” nəşrində Ugne Kelyauskayte və Georg Zahmanın həmmüəllifliyi ilə dərc olunmuş “Rusiya qazının Ukrayna ərazisindən tranzitinin vaxtı bitir, Avropa İttifaqı üçün variantlar” adlı arayışdan götürülüb.
Həmin arayışda Rusiya qazının Ukrayna ərazisindən tranzit yolu ilə ötürülməsi ilə bağlı müqavilənin sona çatdığı, Ukraynanın bu müqaviləni uzatmayacağı qeyd olunur. Bundan başqa Ukrayna ərazisindən ötürülən “Rusiya qazı”nın illərə görə həcmi, dəyəri haqda müfəssəl məlumat verilir. Məqalədə Avropa İttifaqı üçün 3 variant-ssenari təklif edilir. O ssenarilərdən yalnız biri Azərbaycanla bağlıdır. Təklif olunan 2-ci varianta (ssenariyə) görə, Ukrayna üzərindən keçən “Rusiya qazı”nın “Azərbaycan qazı” ilə əvəz olunmasını nəzərdə tutur.
Göründüyü kimi, “Financial Times”-ın sualı qeyd edilən variantlardan (ssenarilərdən) birinə Ukrayna Prezidentinin münasibətini öyrənmək olub. Zelenski isə sualı tamam başqa istiqamətə yönəldib.
Nəticə:
- V.Zelenski “Ukrayna Rusiya qazını Azərbaycan qazı adı ilə tranzitinə imkan verməyəcək" ifadəsini işlətməyib;
- Bu mövzuda “Azərbaycan” sözünə mətbuat konfransında sual verən “Financial Times”-ın əməkdaşının sözlərində və “Euronews”-da dərc olunan məqalədə rast gəlinir;
-“Financial Times”-ın əməkdaşı tranzitlə bağlı razılaşmanın bitdiyi vaxtdan sonra Aİ üçün təklif olunan 3 ssenaridən biri kimi Azərbaycan qazından istifadənin mümkünlüyünü soruşub;
- Azərbaycan sosial media seqmentindəki səhifə və bloqlar Ermənistan mediasının qərəzli mövqeyini yamsılayıb, açıqlamanın tam mahiyyətini anlamadan, təhrif olunmuş şəkildə və ya qəsdən yalan informasiya yaymağa üstünlük veriblər.
Mövzuya əlavə: Azərbaycanın “Rusiya qazı”nı re-eksport etməsi haqda yayılan saxta məlumatların şərhi
Azərbaycan sosial media seqmentində fəaliyyət göstərən bloq və səhifə adminlərinin diqqətinə Azərbaycanın “Rusiya qazı”nı re-eksport etməsi haqda yayılan saxta məlumatların şərhini çatdırırıq.
1. Azərbaycan dövlətlərarası qaz sazişi ilə yaxın qonşuları olan nə Rusiyadan, nə Türkmənistandan, nə də İrandan qaz idxal etməyib və etmir. Enerji şirkətləri öz aralarında kommersiya şərtləri əsasında, yəni enerji müəssisələrinin qarşılıqlı enerji mübadilələri məqsədilə dünyada mövcud olan təcrübələrdən- “swap” (əvəzləmə) və “tollinq” (qarşılıqlı mübadilə) müqavilələri ilə qonşu ölkələrin şirkətlərindən qaz alır və ya geri ötürür. Bu, idxal hesab edilmirvə birgə müəssisələrin öz daxili enerji mübadilələridir. Bunu anlamaq lazımdır ki, qəbul edilən qaz həcmi Azərbaycanın ehtiyacları üçün deyil, mövsümə uyğun olaraq (pik hədlərdə) digərölkələrlə qarşılıqlı mübadilə şəklində aparılan əməliyyatdır.
2. “Rusiya qazı”nın marşrut xətti barədə.
“Şahdəniz” yatağından çıxan qaz birbaşa Səngəçal terminalına nəql olunur. Oradan isə yalnız bir çıxış xətti var: TANAP. Bu xətdən Avropaya nəql edilən qaz boru xətti sonradan TAP-la birləşən Cənubi Qafqaz Boru Kəməri ilə Avropaya çatdırılır. “Qazprom” və SOCAR arasında qarşılıqlı tərəfdaşlıq əsas etibarilə “Şimal-Cənub” layihəsi və Hərtərəfli Elmi-Texniki Əməkdaşlıq Proqramı üzrə nəzərdə tutulub.
Bu isə qazın iki ölkənin regionları üzrə qarşılıqlı mübadilə əsasında aparılmasını nəzərdə tutur. Həmin qazın Azərbaycanın nəql sxeminə heç bir aidiyyəti yoxdur. Bunu Avropa Komissiyasının İqlim Fəaliyyəti və Enerji üzrə sözçüsü Tim Makfi də təsdiqləyib, Azərbaycanın son iki ildə Rusiyadan aldığı qazı daxili istehlakı üçün mübadilə etdiyini bildirib. O, Rusiya qazının tədarükü ilə bağlı Bakıya qarşı iddiaların əsassız olduğunu təsdiqləyərək Avropa İttifaqı bazarlarına tədarükü təmin edən Cənub Qaz Dəhlizinin yalnız Azərbaycanın qaz yataqları ilə bağlı olduğunu xatırladıb.
3. Azərbaycan qazının tükənməsi və bu səbəbdən Avropanın qaz təminatı üçün müxtəlif yollara əl atması haqda deyilənlər də saxta məlumatdır.
Avropa Komissiyasının rəsmisi Tim Makfi qeyd edib ki, Azərbaycan öz resursları ilə Avropaya tələb olunan həcmdə qaz tədarükünü tam təmin edir və qarşıdakı illərdə bərpa olunan enerji mənbələri də daxil olmaqla, enerji həcmləri artırılacaq. Anlaşma memorandumu çərçivəsində məqsəd 2027-ci ilə qədər tədarükləri hər il 20 milyard kubmetrə çatdırmaqdır.
Həmin tələbatı təmin etmək üçün Azərbaycan ehtiyatları kifayət qədər böyükdür. Ölkəmizin qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir ki, bu da gələcək onilliklər üçün daxili və xarici bazarların sabit təchizatını təmin edir.
Azərbaycanın digər ölkələrdən qaz re-export edərək Avropaya ötürməsi, digər manipulyativ versiya və saxta iddialar haqda Faktyoxla Lab.-ın araşdırmalarını bu linkdən oxumaq mümkündür.