AXCP sədri Əli Kərimli və qruplaşması tərəfdarlarını növbəti dəfə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı yalan məlumat verməklə aldadıb.

Belə ki, onun nəzarətində olan “Azadlıq” qəzeti Baş nazir Əli Əsədovun dekabrın 16-da Milli Məclisin plenar iclasında azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsaitlərlə bağlı səsləndirdiyi fikirləri “Tarix bu boyda pul yeyintisi görməyib. 22 milyard və 9306 köçürülən” şərhi ilə paylaşıb.  


Gültəkin Hacıbəyli
isə deyilənləri  “Qarabağa 22 milyard manat pul xərclənib, əvəzində 9036 nəfər köçürülüb. Bir adama 2 milyon 435 manat düşür” sayaq başa düşüb. 


AXCP sədri Əli Kərimli özü isə ilk cümləsi “Heyf, Qarabağın bərpası adı altında büdcədən silinmiş 22 milyard manata” ilə başlayan ənənəvi taftalogiyalı statusunu yazıb.

Faktyoxla Lab. Əli Kərimli-Gültəkin Hacıbəyli tandemi və onların ruporu olan “Azadlıq” qəzetinin iddialarını araşdırıb.

Əvvəla, Baş nazir Əli Əsədov dekabrın 16-da Milli Məclisin plenar iclasında azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsaitlərin məbləğindən danışarkən 2020-ci ildən başlayaraq (2025-ci il də daxil olmaqla) toplam 22 mlrd. manata yaxın pulun ayrıldığını diqqətə çatdırıb. Son 4 il və 2025-ci il nəzərə alınmaqla!!!

Kiçik detal olsa da qeyd edək ki, Gültəkin Hacıbəyli Baş nazirin təqdim etdiyi məlumatı qəsdən saxtalaşdırıb. O, rəqəmləri səhv yazmaqla (9306 nəfər köçdüyü halda, o, 9036 yazır) mahiyyətindən xəbəri olmadığı mövzu üzərində manipulyasiya edib. 

Beləliklə: 

- Dövlətin təkbaşına, heç bir xarici maliyyə təşkilatının köməyi olmadan cəmi 4-5 ildə gördüyü böyükmiqyaslı işləri gözdən salmağa çalışan “Azadlıq” qəzeti, Gültəkin Hacıbəyli və Əli Kərimlinin iddiaları tamamilə saxta və informasiya manipulyasiyasıdır;

- Baş nazir Əli Əsədov işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsaitlərin məbləğindən danışarkən tək 2024-cü ili nəzərdə tutmayıb, 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla toplam 22 mlrd. manata yaxın vəsaitin ayrıldığını deyib;

- “Azadlıq” qəzeti ayrılan vəsaitlə bağlı manipulyasiya edərək ictimaiyyətdə belə rəy yaratmağa çalışır ki, guya büdcədən ayırılan vəsaitlər təyinatı üzrə xərclənmir;

- Adı çəkilən şəxslərin dövlətin yönəltidiyi vəsaitləri yalnız mənzil tikintisi üçün xərclənməsi barədə mühakimələri məlumatsızlıq, savadsızlığın və qərəzin bariz nümunəsidir. Belə ki, Dövlətin xərclədiyi vəsaitlər təkcə insanlar üçün ev tikintisinə, o cümlədən 9306 nəfər keçmiş məcburi köçkün üçün inşa edilmiş yaşayış sahələrinə xərclənmir, həmin xərclər daha böyükmiqyaslı işlərə yönəldilir. Ev tikintisi üzrə xərclər ümumi xərclərin tərkibində 10 faizdən də az yer tutur.

 

Mövzuya əlavə: Qeyd edilən 22 milyardlıq vəsaitə nə iş görülüb?

İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, xərclənən vəsaitlər də daxil olmaqla bütün məlumatlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunub.

Həmin Proqramda nəzərdə tutulan tədbirlərin icrasına 50-yə yaxın dövlət qurumu cəlb edilib. Yəni bu, o deməkdir ki, icra olunan layihələr 50 dövlət təşkilatının tabeliyində olan sahələri əhatə edir və həmin istiqamətlərin təsnifatı 100-dən çoxdur. Bura:

- ərazilərin minalardan təmizlənməsi,

- dövlət sərhədinin mühafizəsinin və hərbi hissələrin təşkili,

- şəhər, qəsəbə və kəndlərdə yaşayış məntəqələrinin tikintisi,

- çoxsaylı infrastrukturların təmini, elektrik, qaz, istilik, su təchizatı şəbəkəsinin qurulması,

- hava limanlarının tikintisi,

- ərazilərin yüksək gərginlikli elektrik enerjisi ilə təchizatı, stansiya və şəbəkələrin qurulması,

- magistral su-kanalizasiya sistemlərinin yaradılması,

- meliorativ tədbirlər,

- rabitə xidmətlərinin təşkili,

- respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi,

- daxili yol-küçə şəbəkəsinin qurulması,

- həyət və parkların, meşə parklarının,

- pavilyonların,

- bayraq meydanlarının,

- mərkəzi meydanların,

- sərgi mərkəzlərinin 

- Olimpiya idman komplekslərinin,

- “Gənclər evləri”nin tikintisi,

- “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması,

- ətraf mühit və yaşıllaşdırma,

- dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası,

- əhalinin məşğulluğu üçün müəssisələrin yaradılması və digər çoxsaylı layihələr daxildir.

Bundan başqa, “yaşıl enerji” mənbələri üzrə onlarla layihə icra olunur. Eləcə də, bu ərazilərdə bank, sığorta, maliyyə xidmətləri obyektlərinin inşası və digər zəruri həyatı vacib obyektlərin tikintisi, aqrar-sənaye təyinatlı ərazilərin zəruri infrastrukturlarla təminatları yaradılır.
Bütün bu layihələrin hər biri azad edilmiş rayonların bütün kənd və qəsəbələrini əhatə edir. Bu baxımdan həyata keçirilən layihələrin sayı ümumi götürdükdə 1000-dən artıqdır. (mənbə)
Sözsüz ki, həmin sahələr və istiqamətlər üzrə layihələrin bütün təfərrüatlarını qeyd etmək mümkün deyil, bunları sayıb bitirmək üçün günlərlə vaxt lazımdır. Ancaq biz onların ən mühümləri barədə qısa məlumat verməklə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarına ayrılan dövlət vəsaitlərinin konkret xərc istiqamətlərini göstərməyə çalışacağıq.

İlk növbədə, bu bölgədə aparılan minatəmizləmə əməliyyatlarını qeyd etmək lazımdır. İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə təxminən 168 min hektar sahə minalardan təmizlənib ki, bu, olduqca böyük göstəricidir. Həmin layihələrin icrası zamanı xarici ölkələrdən ən müasir xüsusi texnikalar, avadanlıqlar, ləvazimat və təchizat vasitələri, tikinti texnologiyaları tələb edilir ki, bu da xərcləri artırır.  


Ötən müddət ərzində bölgənin ən nəhəng aviainfrastrukturu olan Füzuli Beynəlxalq Hava Limanının açılışı olub


Cəmi bir il keçməmiş Zəngilan Beynəlxalq Hava Limanı inşa edilərək iştifadəyə verilib.

 

Üçüncü nəhəng layihə olan Laçın Beynəlxalq Hava Limanı yekunlaşmaq üzrədir və gələn il istifadəyə veriləcək.



Böyük maliyyə tutumlu sahə olan magistral yolların, tunel və körpülərin, çətin keçilən ərazilərdə salınan xüsusi yol ötürücülərinin, digər nəqliyyat qovşaqlarının inşası sıfırdan aparılır. İndiyə qədər "Zəfər yolu", "Əhmədbəyli-Füzuli-Şuşa" yolu kimi nəhəng layihələr qısa müddətdə başa çatdırılıb. "Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi", "Hadrut-Cəbrayıl-Şükürbəyli", "Füzuli-Hadrut", "Füzuli-Ağdam", "Xudafərin-Qubadlı-Laçın", "Xanlıq-Qubadlı", "Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd", "Bərdə-Ağdam" yolu, "Toğanalı-Kəlbəcər-İstisu", "Kəlbəcər-Laçın", "Şuşa-Laçın" və digər iri magistralların inşasının böyük hissəsi yekunlaşıb. Respublika və yerli əhəmiyyətli avtomobil yolları ilə yanaşı, həmin rayonların şəhər və qəsəbə daxili, məhəllədaxili yolları da yenidən qurulur. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə uzunluğu 3200 km təşkil edən 45 yol layihəsi icra edilməkdədir. Eləcə də dəmir yolu şəbəkələri, dəmir yolu stansiyaları, Zəngəzur dəhlizi üzrə işlər bu sıraya aiddir. 



Nəqliyyat layihələrinin də böyük qismi istifadəyə verilib, onlarla layihənin icrası sürətlə davam etdirilir.

Digər mühüm infrastruktur sahəsi elektrik enerjisi təminatıdır. Bölgənin enerji təchizatı üçün mühüm rol oynayan elektrik stansiyalarının inşasında da xeyli işlər görülüb. İndiyədək 330 kV-luq bir, 110 kV-luq 11 yarımstansiya və 30 Su Elektrik Stansiyası istismara buraxılıb, uzunluğu 1000 km-dək 20-dən çox elektrik veriliş xətti istifadəyə verilib. Eyni zamanda 110 kV-luq Xankəndi yarımstansiyasının, 2 Su Elektrik Stansiyasının tikintisi davam edir. Ümumi uzunluğu 314.45 km olan “Azadqaraqoyunlu-Ağdam”, “Böyükbəhmənli-Şuşa” və “Horadiz-Laçın” magistral qaz xətlərinin tikintisi yekunlaşıb. Su təchizatı məsələsi də diqqətdən kənarda qalmayıb. Suqovuşan, Xaçınçay su anbarları və Köndələnçay su anbarları kompleksi təmir-bərpadan sonra istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir. (mənbə)

Həmçinin, məktəb tikintisi də öz ardıcıl ritmi ilə davam etdirilir. Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində və Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib. Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində, Kərkicahan qəsəbəsində, Laçın rayonunun Sus kəndində, həmçinin, əhalinin köçü planlaşdırılan digər yaşayış məntəqələrində ümumilikdə 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. 13 körpələr evi-uşaq bağçasının tikintisi və ya əsaslı təmiri yekunlaşmaqdadır. Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.

 
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə ən müasir otellər inşa edilib: Şuşada “Qarabağ”, “Xarı bülbül”, “Yasəmən” otelləri, Şuşa Otel-Konqres Mərkəzi, Xankəndidə “Palace”, “Qarabağ” otelləri, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi, “Ağdam City” otel və digər xidmət-turizm infrastrukturları yaradılmaqdadır. Bütün rayonlarda İşğal və Zəfər Muzeyləri kompleksləri tikilməkdədir. mənbə
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə səkkiz rayon xəstəxanasının, səkkiz ailə sağlamlıq mərkəzinin və 84 həkim tibb məntəqəsinin inşası nəzərdə tutulub. Onların bir neçəsi fəaliyyət göstərir. Yaxın vaxtlarda 90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının açılışı olacaq. Ağdam şəhərində 210 çarpayılıq rayon mərkəzi xəstəxanasının inşası davam edir. Ümumilikdə, insanların köçü təmin edildikcə tibb müəssisələri də paralel qurulur. mənbə


Ərazilərdə telekommunikasiya və poçt xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib. 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km. uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.

Geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı 2-yə çatdırılıb. Banklar və “Azərpoçt” tərəfindən quraşdırılmış POS-terminalların sayı 611 ədədi ötüb. mənbə

Eyni zamanda, bölgəyə geri dönən insanların ənənəvi məşğulluğunun bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına milyonlarla vəsait ayrılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən insanların məşğulluğu təmin olunur. Özünüməşğulluq Proqramları çərçivəsində minlərlə şəxs peşə hazırlığına cəlb edilib. Bunlar da dövlətin vəsaitləri hesabına həll olunur.

Məhz yuxarıda qeyd etdiyimiz bütün infrastrukturlar qurulduqca paralel şəkildə yaşayış binaları tikilir. İndiyə qədər 9306 nəfər bu bölgəyə köçsə də, dövlətin ayırdığı pullar hesabına əlavə minlərlə evin tikintisi davam etdirilir. Yaxın günlərdə Kəlbəcər, Laçın, Şuşa, Qubadlı, Ağdam və digər ərazilərdə tamamlanacaq bina və evlərə minlərlə insan köçəcək ki, bu layihələr də həmin ümumi xərc portfelində yer alır. Cəmi 2 il ərzində bu bölgədə 140 min vətəndaşımızın məskunlaşması təmin olunacaq.