Dünən gecə saatlarında Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və ailəsinin Rusiyadan sığınacaq alması haqda məlumatlar yayıldı. Bu faktı təsdiqləmək üçün bir çox xəbər kanalları B.Əsədin və ailəsinin Moskvaya təyyarə ilə gəldiyini və Rusiya paytaxtının hava limanlarından birində qeydə alınan görüntüləri yayıblar.
Faktyoxla Lab. görüntülərin həqiqiliyini araşdırıb.
“Geriyə axtarış” metodu ilə fotonu axtarışa verdikdə bəlli olur ki, bu foto yeni deyil və ümumiyyətlə foto deyil. Məlum olur ki, bu kadrlar 10 fevral 2023-cü il tarixində Bəşər Əsədin Suriyada baş vermis zəlzələdə yaralananların qaldığı xəstəxananı ziyarət etdiyi zaman lentə alınmış videodan bir fraqmentdir.
Həmin kadrlarda Bəşər Əsədin xəstəxanaya gəldiyi, xəstələrlə görüşdüyü qeydə alınıb.
Moskvada çəkildiyi deyilən “foto”da bu uyğunsuzluqlar diqqət cəlb edir:
Xəstəxananın adının ərəbcə yazılması və videonun sağ küncündə “Dəftərxana fotosu” qeydi (Prezident Dəftərxanasının arxivi-red.) fotonun yeni olmadığını və Moskvada çəkilmədiyini bir daha təsdiqləyir.
Qeyd etməliyik ki, bu araşdırma B.Əsədin Moskvada olub-olmadığına dair yayılan məlumatları təkzib etmir.