Qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin təmin olunması Azərbaycan üçün də beynəlxalq hüquqi məsuliyyət, mənəvi borcdur. Ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl quruculuq” karbon emissiyasının azaldılmasında, de-karbonizasiyada mühüm rol oynayır.
Bu kontekstdən ölkəmiz karbon emissiyalarının azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət planı hazırlayaraq bu çərçivədə bütün zəruri tədbirləri həyata keçirməkdədir.
1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmuş Azərbaycan
- istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlayıb və müntəzəm olaraq yeniləyib;
- milli məlumatlarin hazırlanması kimi öhdəliklərə əməl edərək milli fəaliyyət planı hazırlayaraq icra edib,
- Kioto Protokolunu təsdiq edən ilk ölkələrdən biri olub,
- Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edib,
- iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal alyansın üzvü kimi təşəbbüskarlıq göstərib və s.
Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı 2016-cı ildə hazırladığı ilk milli hesabat, eləcə də 2019-cu ildə BMT-nin Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumunda təqdim etdiyi ikinci Milli hesabat sənədi beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.
Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri-2030” gündəliyində öz imkanlarını daha da artıraraq BMT-nin forumuna 3 könüllü milli hesabat təqdim edib. Həmin hesabatlar “yaşıl artım”ı özündə əks etdirir, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi ilə bağlı öhdəliyi ehtiva edir.
Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılacağını bəyan edib.
Qeyd edək ki, qlobal miqyasda karbon emissiya edən ölkələrlə müqayisədə Azərbaycanın payı hədsiz dərəcədə azdır. Ölkəmizin dünya üzrə karbon dioksid emissiyasında payı cəmi 0,13 faizdir. mənbə
Halbuki dünyada ətrafa mühitə ən çox zərər verən, daha doğrusu, karbon dioksid yayan əsas onluq ölkələrin ümumi CO2 emissiyasnda payı 67 %-ə bərabərdir. Xüsisilə ilk beşlikdə yer alan ölkələrin ekoloji zərərləri daha yüksəkdir. Enerji və sənaye sektorlarında istixana effekti yaradan qazların 36.7%-i təkcə Çinin (2021-ci ildə 11 milyard 336 milyon ton) payına düşür. Digər ölkələrin payı belə sıralanır: ABŞ (5 milyard 32 milyon ton), Hindistan (2 milyard 674 milyon ton), Rusiya (1 milyard 712 milyon ton), Yaponiya (1 milyard 602 milyon ton). mənbə
Buna baxmayaraq, dünyada ətraf mühitə zərər vuran ölkələr sırasında ən aşağı yerlərdən birini tutan Azərbaycan, qlobal iqlim çağırışlarında ən fəal iştirak edən, təşəbbüslər irəli sürən, öz iradəli addımları ilə diqqəti cəlb edən dövlətdir.
Göründüyü kimi, Azərbaycanın ətraf mühitə emissiya edilən karbon üzrə payı hədsiz dərəcədə azdır, amma bu nisbət kifayət qədər kiçik olsa da, qlobal çağırışlardan geri qalmayaraq karbonsuzlaşdırma strategiyalarının inkişaf etdirmək niyyətindədir. Həmçinin “yaşıl keçid”in əsas iştirakçılarından biri olan ölkəmiz “yaşıl layihələr”ə investisiyaları təşviq etmək üçün beynəlxalq birlik qarşısında 2040-cı ilədək emissiyaları 40 faiz azaltmaq öhdəliyi götürüb. Ona görə də qlobal çağırışlara müsbət töhfə vermək üçün karbonsuzlaşdırma strategiyalarının inkişaf etdirilməsi əsas ssenarilərdən biri kimi uzunmüddətli baxışı əks etdirir.
Azərbaycanın prioritet hədəfləri hansılardır?
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet istiqamət “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən olunub. mənbə
Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
Həmin tədbirlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynayan “təkrar emal”, yəni istehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirilməsidir. Burada da əsas məqsədlərdən biri ekoloji çirklənmənin qarşısını almaqdır.
Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla “Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib.
Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. Bu istiqamətdə 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu əhəmiyyətli ekoloji faydasını verməkdədir.
Bu zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt standartlara tam uyğun şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 231,5 milyon KVt saat elektrik enerjisi istehsal olunur ki, bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaradır.
İşğaldan azad olunmuş ərazilər Azərbaycanın yaşıl hədəflərinə çatmaqda ən sağlam və münbit bölgə hesab edilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Prezidentin Sərəncamına əsasən, bölgənin yaşıl resurslarının istehsalı məqsədilə müvafiq konsepsiya və baş planın hazırlanması və digər tədbirlər müəyyənləşib.
Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqini gerçəkləşdirməkdir.
Həmin hədəf baxışına əsasən, işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyəti bəyan edilib.
İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialı hədsiz böyükdür. İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib.
Digər bərpa olunan enerji mənbələrinə gəldikdə isə Kəlbəcər və Şuşada geotermal enerji mənbələrinin olmasına dair müvafiq elmi araşdırmalar var. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı nəticəsində gələcəkdə bioenerji potensialı qiymətləndiriləcək.
Qeyd edək ki, azad edilmiş ərazilərdə yaşıl resursların səfərbər olunması istiqamətində artıq bir neçə ildir ki, davamlı işlər həyata keçirilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib. Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə SES tikintisi planlaşdırılır.
Bir neçə gün əvvəl Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "bp" arasında (oktyabrın 2-də) Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb. "bp" şirkəti ilə SOCAR-a məxsus “SOCAR Green” MMC və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında imzalanmış Birgə İştirak Müqaviləsinə əsasən, Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) inşa ediləcək. “Şəfəq” layihəsi Cəbrayıl rayonunun və bu bölgənin günəş enerjisi potensialından istifadə etməklə Şərqi Zəngəzurun enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək. Layihə Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcək.
Ümumilikdə, bu mənbələrin səfərbər edilməsi məqsədilə yaradılan güclü infrastrukturlar Azərbaycanın bərpa olunan enerji stansiyalarının sayının artmasına səbəb olub. Hazırda 1110,5 MVT gücündə su elektrik stansiyaları (SES), 44,2 MVT kiçik SES, 66,1 MVT külək enerjisi stansiyaları, 45,9 MVY günəş elektrik stansiyaları, 37,7 Mvt gücündə bionerji stansiyaları yaradılıb. Onlar “yaşıl enerji”nin əsas güc mənbəyi kimi karbon emissiyasının azaldılmasına xüsusi töhfə verir. mənbə
Həmin enerji gücləri mövcud mənbələrin bir hissəsidir, Azərbaycanın daha böyük “yaşıl güc”ünün mövcudluğunu təsdiqləyir ki, onların hərəkətə gətirilməsi imkanları qiymətləndirilib. Bütün bu zəngin potensiallar nəzərə alınaraq Azərbaycanın “yaşıl enerji” gündəliyi çərçivəsində bərpa olunan enerji istehsalına xüsusi sərmayə yatırır, xarici tərəfdaşları ilə bu istiqamətdə sıx əməkdaşlıq edir. Məhz bu strategiyaya uyğun olaraq beynəlxalq şirkətlərlə “yaşıl enerji” proqramlarının icrası sürələnməkdədir, Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələr həyata keçirir. 2022-ci il yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub.
Həmçinin, 2022-ci ilin mart ayında Azərbaycan Prezidentinin iştirakı ilə “Masdar” şirkəti ilə birgə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli atılıb.
Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb.
Xarici “yaşıl sərmayələrə” açıq ölkə elan edilən Azərbaycanda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində 2024-cü ilin may ayınadək 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb.
İyun ayında BƏƏ-nin “Masdar” şirkəti ilə dəyəri 1 milyard dollar olan 3 saziş imzalanıb. Sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. mənbə
Bununla da “yaşıl sərmayələr”in həcmi 2,5 milyard dollara çatmış olub.
Həmçinin, Azərbaycanın “yaşıl enerji” üzrə strateji tərəfdaşına çevrilmiş “Masdar” və “ACWA Power” şirkətləri ilə SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Sazişə əsasən, tərəflər dekarbonizasiyanı gücləndirmək və Azərbaycana sıfır emissiya dərəcəsinə nail olmaq hədəflərinə niyyətlərini bəyan ediblər. mənbə
Bütün bu layihə və tədbirlər çərçivəsində görülən işlər, bərpa olunan enerji mənbələrinin istehsalının artmasına yönələn sərmayələr Azərbaycanda “yaşıl enerji”nin istehsalında kəskin artıma səbəb olmaqdadır. 2024-cü ilin 8 ayı ərzində bərpa olunan enerji mənbələrin hər birində artım qeydə alınıb. Belə ki, bu dövrdə SES-lərdə 2138,4 mln. kVt·st, külək elektrik stansiyalarında 37,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 424,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1240,7 mln. kVt·st artaraq 2 771,8 mln. kVt·st təşkil edib. Bu, ölkə üzrə cəmi enerji stehsalında “yaşıl enerji”nin payının 17 faizə çatıb. istinad
Mövcud ssenarilər bərpa olunan enerji mənbələrinin istehsalının daha da artacağını, “yaşıl enerji” səmərəliliyinin yüksələrək cəmi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilədək 24 %-ə, 2030-cu ilədək isə 30% hədəfinə çatdıerlcağına dərin zəmin yaradır. mənbə
Bu, güclü yaşıl potensial bərpa olunan enerjinin ixracının da həyata keçirilməsinə güclü təminat verir. Bu potensiallara arxalanaraq Azərbaycan “yaşıl enerji”nin dünya bazarlarına nəqlini də müasir enerji siyasətinin prioriteti müəyyən edib. Bu strateji plana üzrə ilk yaşıl ixrac kabelinin hüquqi-iqtisadi əsası qoyulub. 2022-ci ilin dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. mənbə
Azərbaycanın de-karbonizasiya prioritetlərinə əsasən, təmiz enerji layihələri ilə yanaşı, azkarbonlu nəqliyyat sektorunun inkişaf etdirilməsi, “yaşıl tikinti” sisteminin yaradılması, təmiz sənaye, karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətində imkanların artırılması nəzərdə tutulur. De-karbonizasiyada əsas fəaliyyət istiqamətlərindən biri də avtomobillərin ətraf mühitə buraxdığı qazların azaldılması ilə bağlı sistemli tədbirlərdir.
Həmin hədəflərdən biri avtomobil parkının “yaşıllaşdırılması”dır. Belə ki, azkarbonlu nəqliyyat sektorunun inkişaf etdirilməsi tədbirlərinə uyğun olaraq ekoloji baxımdan daha təmiz avtomobillərin idxalına vergi-gömrük güzəştlərinin tətbiqi əsas prioritetlədən biri kimi müəyyən olunub və elektriklə işləyən avtomobillərin idxalı və satışına vergi-gömrük güzəştləri tətbiq olunub. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliklərə əsasən, 2022-ci ilin yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub. mənbə
Həmçinin, Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli müvafiq qərarına əsasən zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərrikli minik avtomobillərinin mövcud 15 faiz idxal rüsumu sıfır dərəcə müəyyən edilib. Eyni zamanda, qərara əsasən elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları üzrə idxal rüsum dərəcəsi də 5 fazidən 0 dərəcəcəyə endirilib. mənbə
Həmçinin, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.3.3.2-ci yarımbəndi ilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması nəzərdə tutulub. Nəqliyyat vasitələrində istifadə olunan yanacaq növlərinin keyfiyyətinin “Avro-5”, “Avro-6” və digər standartların tələblərinə uyğunlaşdırılması üçün müvafiq əsasların yaradılması və bu prosesin mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi müvafiq qurumlara tapşırlıb.
Həmin tədbirlər çərçivəsində Nazirlər Kabineti müvafiq qərar qəbul edərək şəhər nəqliyyatında, ələlxüsus da taksi minik avtomobillərinin “Avro-5” ekoloji standartlara uyğunlaşdırılması tələblərini müəyyənləşdirib. Sənədə əsasən, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsini məhdudlaşdırıb. Həmçinin, 2024-cü il iyunun 1-dən etibarən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilmir. istinad
Eyni zamanda, Azərbaycan iyun ayından “Aİ-95” markalı benzin istehsalını təmin etməklə, avtomobil və dizel yanacağının tamamilə həmin normativlərə uyğunlaşdırılmasına nail olub və “Avro-5” standartına keçidi təmin edib. Bunun sayəsində, nəqliyyat vasitələrinin karbon emissiyasının azaldılması gözlənilir.
De-karbonizasiya planına uyğun olaqar, yaxın dövrlərdə iqlim hədəflərinə uyğun olaraq, “Avro-6” və “Avro-7” ekoloji standartlarına keçidin də təmin edilməsi nəzərdə tutulur ki, strateji məram daha təmiz ekoloji nəqliyyat infrastrukturunun möhkəmləndirilməsidir. istinad
Bu ardıcıl tədbirlərin və siyasətin davamı olaraq elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışı 2025-ci il yanvarın 1-dən etibarən daha 2 il müddətində ƏDV-dən azad olunacaq. Bununla bağlı oktyabrın 8-də parlamentin plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsi birinci oxunuşda təsdiq edilib.
Sənaye sektorunda karbon emissiyasının təsirlərinin azaldılması və “yaşıl enerji”nin təşviqi məqsədilə vergi sistemində digər dəyişikliklər də nəzərdə tutulur. Belə ki, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl vergilər”in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanları qiymətləndirilir.
Həmçinin, sənaye sektorunun ətraf mühitə zərələrinin azaldılması və karbon emissiyasının azaldılmasının təşviqi məqsədilə Azərbaycanda fəaliyyət göstərən 11 tikinti və COP29 Təşkilat Komitəsinin bir neçə üzvü 2024-cü il uyulun 30-da “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi”ni imzalayıblar. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətini dərk etdiyini göstərməsidir. “Yaşıl tikinti” layihələri ekoloji cəhətdən təmiz və sağlam binalar tikmək üçün istifadə olunur. Bu cür layihələrdə ətraf mühitə təsirləri minimuma endirmək üçün material seçimi, enerji istifadəsi, suya qənaət və tullantıların idarə edilməsi kimi amillər diqqətlə planlaşdırılır. “Yaşıl Tikinti” Bəyannaməsinin icrası tikinti şirkətlərini ətraf mühitlə bağlı daha yeni texnologiyalardan, ələlxüsus da “ağıllı texnologiyalar”dan istifadəsi imkanlarını artırmağa təşviq edəcək.
Azərbaycan eləcə də hava nəqliyyatında de-karbonizasiya prinsiplərinə sadiqlik nümayiş etdirir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlverişli qlobal idarəetmə çərçivəsi və hədəfləri yaratmaq səyləri aviasiya sənayesini xalis sıfır gələcəyə doğru istiqamətləndirmək üçün vacibdir. Buraya 2030-cu ilə qədər bütün dünyada Davamlı Aviasiya Yanacağından istifadənin artırılması yolu ilə CO2 emissiyalarının hər il 5% azaldılması da daxildir.
Bir sözlə, Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində 2024-cü il oktyabrın 1-də “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb ki, bu sənəd beynəlxalq yükdaşınmalarda karbon emissiyasının azaldılmasında ən mühüm paltformalardan birini təşkil edəcək.
Beləliklə, ölkəmiz qarşısına qoyduğu milli prioritetlər və hədəfləri həyata keçirməklə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına nail olmaq iqtidarındadır. Baxmayaraq ki, ölkəmiz özünün mövcud enerji tutumlu sənaye məhsulu potensialına görə atmosferə atılan və bununla da qlobal iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının dünya üzrə faizlə miqdarında çox az paya malikdir, ölkəmizdə bu sahədə qarşıya qoyulmuş hədəflər belə ciddi problemlərin həlli üçün kifayət qədər böyük töhfə olacaq.
Azərbaycan, eyni zamanda, bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Ölkəmizdə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək hədəfi də Azərbaycanın qarşıya qoyduğu hədəflərə çatmaq yolunda mühüm nailiyyət kimi proqnoz edilir. “Yaşıl enerji”yə keçid nəticəsində 2050-ci ilə qədər ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, həmçinin Naxçıvan Muxtar Respublikası “sıfır emissiya” zonasına çevriləcək. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir.
Azərbaycan nümunəvi ölkə olaraq 1,5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.