Cəmil Həsənli və həmfikirləri sosial media hesablarında paylaşdıqları yazılarda iddia edirlər ki, Azərbaycanın ən dindar kəndi sayılan Nardaranda kazino açılacaq və bu, milli adət-ənənələrimizə qarşı çıxmaqdır, islamfob addımdır. Mövzuya dair açıq manipulyasiya edən Həsənli kazino fəaliyyətinə razılığın verilməsini tolerantlıq, multikultural dəyərlərin tapdanması, az qala “İslam faciəsi” kimi yozmağa çalışır.

Cəmil Həsənlidən başqa "Azadlıq qəzeti", "BBC Azərbaycanca" və İranın "Səhər" kanalı bu mövzuda müxtəlif manipulyasiyalara yol veriblər:

Faktyoxla Lab. səslənən iddialara aydınlıq gətirib.

Əvvəla, kazino C.Həsənlinin iddia etdiyi kimi Nardaranın düz qarşısında deyil, Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində yaradılacaq süni adadakı istirahət və əyləncə mərkəzi ərazisində nəzərdə tutulub. Nardarandan ən azı bir neçə kilometr məsafədə yerləşən “Sea Breeze”ə məxsus süni torpaq sahəsində salınacaq obyekti kənd məscidinin bir addımlığında təqdim etməklə əslində Həsənli təxribat, inanclı insanlarda qıcıq yaratmağa çalışır.

Halbuki özünün spirtli içki və şəriətə görə qadağan olunan donuz ətindən hazırlanan təamları dadması ilə bağlı onlarla fotosu mövcuddur.

İkincisi, kazino açıq məkanda yerləşmir və ən əsası burada dinə, mənəvi dəyərlərə qarşı şüar və bəyanatlar səsləndirilmir. Çünki kazinoların profili tamamilə başqadır, qapalı məkanda yerləşən salonlarda bir sıra oyunlar keçirilir ki, bunun din və milli dəyərlərlə birbaşa əlaqəsi yoxdur.

Yeri gəlmişkən, neçə illərdir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da idman-mərc oyunları keçirilir və on minlərlə şəxs bu həvəsləndirici oyunların iştirakçısıdır. Əgər hazırda mövcud olan və açıq məkanlarda oynanılan “Poz qazan”, “ Beşdə 5”, On 10 Loto”, “Binqo” və digər mərc oyunları müsəlmanların çoxluq təşkil etdiyi ölkəmizdə insanların mənəvi dəyərlərinə, inancına heç bir halda zərər verməyibsə və vermirsə, onda kazinolar haqqında anti-İslami mühakimə yürütmək gülünc və absurddur.

Yaxud, “bukmeykerlik” kazinonun başqa bir növü kimi futbol, voleybol, tennis və digər oyunlarına, hətta ayrı-ayrı ölkələrdə prezident seçkilərində belə mərc elan edirsə bunun İslam dünyasına hansı mənfi təzahüründən söhbət gedə bilər?! Xatırladaq ki, hazırda futbol mərc oyunlarının ən iri təşkilatçılarının, onların sponsorlarının böyük əksəriyyəti ərəb şeyxləridir.

Əgər Cəmil Həsənlinin təxribatçı fikirlərinə inanaraq kazinonun İslama zidd olduğunu düşünsək, azan səsi ilə “kazino sədası”nın (kazinoda səs-küy yalnız uduşla və ya uğursuzluqla bağlı olur, oradan başqa səda gəlmir-red.) bir-birinə qarışması kimi gülünc fərziyyəni ciddiyə alsaq, o zaman gərək Malayziya, Mərakeş, Misir, Tunis, Livan, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən və artıq lisenziya verilmiş Birləşmiş Ərəb Əmirliklərində 2027-ci ilin əvvəllərində açılacaq kazinolar qadağan edilsinlər.

Əgər kazinoların fəaliyyəti dini-mənəvi baxımdan hansısa etik zərərə malikdirsə, onda dəniz çimərlikləri, şərab emal edən zavodlar və onları satan mağazalar, alkoqollu içkilər tədarük edən şadlıq evləri, restoran və kafelər, ictimai iaşə müəssisələri təhlükəli və anti-milli obyektlər siyahısına salınmalıdır.

C.Həsənlinin bu dar düşüncəsinə  görə, Nardaran və ətraf dindar kəndlərdə ‒ Şüvəlan, Buzovna, Mərdəkan, Şağan, Maştağa, Bilgəh və s. ərazilərdə fəaliyyət göstərən supermarket, market və dükanlarda spirtli içkilər satılırsa,  bu kəndlərin dindar sakinləri tərəfindən oralarda alış-veriş edilməməlidir.

XXI əsrdə rəqəmsal və innovasiya cəmiyyətinin, elmi-texniki tərəqqinin dərinləşdiyi bir dövrdə dırnaqarası elm adamının, özünü ziyalı hesab edən bir şəxsin XII əsr təfəkkürü və həyat baxışı ilə fərziyyələr irəli sürməsi, “Şeyx Nəsrullahlıq” etməsi həqiqətən gülməli haldır.

Bir şeyi də anlamaq lazımdır ki, Azərbaycanda İslam dininə və onunla bağlı ayinlərə bütün səviyyələrdə hörmətlə yanaşılmasına baxmayaraq, ölkəmiz dünyəvi dövlətdir, açıq və demokratik cəmiyyət quruculuğu ilə irəli gedir, dünyanın qabaqcıl sənaye texnologiyalarını ölkəyə gətirir.

Ona görə də, müasir sənayenin trendlərindən biri olan kazino fəaliyyətinin əsas prinsiplərini izah etməyə çalışacağıq.

İlk növbədə onu qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti yalnız süni şəkildə yaradılmış torpaq sahələrində və əsasən də xarici turistlər üçün nəzərdə tutulmuş məhdud formatda həyata keçiriləcək ki, bu da coğrafi-demoqrafik məhdudiyyətlərin tətbiqi deməkdir. Bundan başqa, qanunvericiliyə dəyişikliklər bu sahədə ciddi və sərt nəzarət mexanizmi ehtiva edir.

Kazino operatoru “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun  tələblərinə, eləcə də “Lisenziyalar və icazələr haqqında” qanunun 19.8-1-ci maddəsinə uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidir. Əks halda fəaliyyətin dayandırılması nəzərdə tutulur.

Baxmayaraq ki, kazino fəaliyyətinin yayıldığı ölkələrin heç birində belə məhdudiyyətlər yoxdur, Azərbaycan bu məsələdə də milli dəyərləri, insanların mənəvi-etik həyat tərzini üstün tutaraq mühafizəkar və ehtiyatlı yanaşmaqla, kazino sənayesinin xüsusi nəzarət altında saxlamağa qərar verib.

Bu məqsədlə kazino fəaliyyəti ciddi lisenziyalaşdırma rejiminə əsaslanmaqla nizamlanacaq. Bu isə müvafiq dövlət orqanlarının davamlı nəzarət tədbirləri çərçivəsində qanunçuluq, ictimai tələblərə riayət olunması, hesabatlılıq, şəffaflıq və effektivlik baxımından tamamilə yeni bir modelin qurulacağından xəbər verir. Kazinoların sənaye inkişafı, turizm-xidmət sektorunun dayanıqlılığı baxımından fayda və əhəmiyyətinə gəlincə, istisnasız olaraq bütün sivil dünya dövlətləri turizm və xidmət sənayesinin ən aparıcı qollarından biri kimi idman-mərc oyunları və kazinoların roluna xüsusi diqqət yetirirlər. Kazino və turizm anlayışı bir-biri ilə sıx bağlantıda olmaqla xidmət, restoran, iaşə, logistika, sənaye turizmi və digər sahələri təşviq edir.

İnkişaf etmiş dövlətlərin demək olar ki hər birində müvafiq qanunvericilik əsasında kazinolar iqtisadi fəaliyyət sahələrinin bir qolu kimi nəzərdə tutulur. Böyük Britaniyada 2005-ci ildə qəbul edilən “Qumar Aktı” ölkə daxilində 16 yeni kazinonun qurulması üçün icazə verib. Həmin kazino müəssisələri tender vasitəsilə iqtisadi layihə kimi biznesə verilib.

Tarixən kazinolar Monte-Karlo, Baden-Baden və Las-Veqas kimi cazibədar turizm kurortları ilə sıx bağlı olub. Bu, kurort və xidmət sektorunun kazinolar və turizm arasında yüksək korrelyasiyasını təsdiq edir. Xüsusilə də ABŞ və Avstraliyada inkişaf proqramları çərçivəsində kazinolar turizmin inkişafını təşviq edən alət kimi nəzərdə tutulub. Məqsəd yerli iqtisadiyyata daha çox autsayder və əlavə sərvət gətirməkdir. Bu təcrübə özünü doğruldub və Avstraliyanın Qızıl Sahilinin əsas kazinoları Cənub-Şərqi Asiyadan premium oyunçuları cəlb etməkdə müvəffəqiyyətli modelə çevrilib.

Yaxud böyük kazinoların cəmləşdiyi Las-Veqas və Makao Amerikanın və Çinin ən möhtəşəm turistik məkanına çevrilib. Las-Veqasda 133 min otel otağının və ümumilikdə şəhərdəki mehmanxana, restoran və şou obyektlərinin gəlirlərinin təxminən yarısı kazinolardan daxil olan gəlirlərdən formalaşır. 

Şimali Amerika kazino turizm sektorunun böyük bazar payı qeydə alındığı qitədə xüsusi yer tutur. Karib dənizi hövzəsi və ya Alyaska səyahətçilərin əsas ünvanıdır. Kanada, xüsusilə Ontario və Monreal şəhərləri kazino turizmi bazarında xüsusi paya malikdir. Bundan əlavə, Asiya Sakit Okean regional bazarının qlobal kazino turizm bazarında sürətlə böyüyən məkanlardır.

Qlobal Kazino Turizm Bazarının ölçüsü 2025-cü ildə 226,9 milyard ABŞ dolları dəyərində olacağı proqnozlaşdılır. 2029-cu ilə qədər bu rəqəmin 254.6 milyard dollar olacağı ehtimal edilir. Cari ildə əsas gəlirlər isə ABŞ-nin payına düşəcək (63.17 milyard dollar).  statista

Şərqin Las Veqası” adlandırılan Çinin Makao azad iqtisadi bölgəsi dünyanın ən gəlirli mərc-qumar oyunu məkanıdır. Coğrafi baxımdan kiçik olsa da, bu xüsusi inzibati bölgə ölkənin həm iqtisadi mühərriki, həm də beynəlxalq turizmin cəlbedici nəhəng sənaye mərkəzlərindən biri sayılır. Ərazi milyardlarla dollar dövriyyəsi olan kazino kurortlarını inteqrə edən qlobal turizm mərkəzinə çevrilməklə dünya turizmi üçün nümunədir. Makao iqtisadiyyatının əsas damarı olan kazinoların 2024-cü ildə ümumi gəliri 226,8 milyard MOP-a (təqribən 28 milyard dollar) çatıb ki, bu da vergi gəlirlərinin 80 faizdən çoxunu formalaşdırır. Makao qumar oyunlarından əldə olunan gəlir baxımından Las Veqası illərdir ardıcıl olaraq geridə qoyur.

Kazinolar əyləncə, pərakəndə satış və tikinti sahələrində on minlərlə işçi blokunu dəstəkləyir. Dəbdəbəli mehmanxanalardan tutmuş nəqliyyat infrastrukturuna qədər kazino keyfiyyəti yaxşılaşdırır. worldtourismforum

2024-cü ilin aprel ayına olan məlumata görə, qlobal kazinoların və onlayn qumar sənayesinin ümumi bazar həcmi təxminən 305,8 milyard dollara çatıb. Bu sektorda dünya üzrə təxminən 5000 müəssisədə iki milyona yaxın insan çalışır. Sənayeyə stolüstü oyunlar, oyun maşınları, idman mərcləri və onlayn oyun platformaları kimi müxtəlif qumar fəaliyyətləri daxildir. Mənbə

Kazino sənayesi MDB və Azərbaycanın yerləşdiyi yaxın coğrafiyalarda da geniş yayılmış sahələrdən biridir.

Məsələn, Gürcüstanda azartlı oyunlar və kazino bazarının ümumi dövriyyəsi 76 mlrd lari (28 mlrd dollar) olub.  



Ermənistanın
rəsmi qurumlarının qumar sənayesi ilə bağlı yaydıqları məlumatlar şübhəlidir. Belə ki, bu ölkənin müvafiq qurumlarının yaydığı rəsmi məlumatlara görə, 2024-cü ildə lotereyalar, qumar oyunları və kazinolara 7 trilyon dramdan (16,7 milyard avro) çox mərc qoyulub. Bu da 2018-ci illə müqayisədə 17 dəfə çox artım deməkdir. Bu ölkədə qumar bazarının 2025-ci ildə təxminən 146,98 milyon dollara çatacağı proqnozlaşdırılır. Mövzuya qayıdacağıq. 

Qazaxıstanda da kazino biznesi ölkə iqtisadiyyatına böyük töhfə verir. Qazaxıstan Respublikasının Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ildə qumar və mərc oyunlarının təşkili sahəsində göstərilən xidmətlərin həcmi əvvəlki illə müqayisədə 31,4 faiz artaraq 484,5 milyard tengəyə (1,07 milyard dollar) çatıb. Həmin oyunlardan formalaşan gəlir dövriyyəsinin əhəmiyyətli bir hissəsini kazinolar təşkil edir. Kazino xidmətlərinin əsas mərkəzi Almatı vilayətində, Konayev şəhərində (xidmətlərin 91,1 faiz) cəmlənib. “Qazaxıstanın Las-Veqası” adlanan bu şəhərdə kazino, bukmeker kontorları və oyun salonlarının sahibləri 441,5 milyard tengelik (975 milyon dollar) xidmət göstəriblər. Qazaxıstan Vergi Xidmətinin məlumatları göstərir ki, ötən il kazino və oyun avtomatları olan bütün iri müəssisələr vergi ödənişlərini artırıb. Bu sahədən mənfəət və gəlir vergisi üzrə büdcə daxilolmalarını həcmi təxminən 245 milyon dollar təşkil edir. forbes.kz

Özbəkistan hökuməti də 2025-ci ildən etibarən qumar oyunları üçün lisenziyaların verilməsinə başlayıb. Ali Məclisin Qanunvericilik Palatasının təsdiqlədiyi qanun layihəsinə əsasən, cari ildən qumar oyunları, o cümlədən onlayn kazinolar, bukmeker kontorlarının fəaliyyəti leqallaşdırılıb

Bu ölkədə indiyə qədər həmin mərc oyunları qeyri-leqal fəaliyyət göstrəməsinə baxmayaraq, dövriyyəsi kifayət qədər böyük olub. Perspektivli Layihələr üzrə Milli Agentliyin kriptovalyutaların dövriyyəsinin tənzimlənməsi departamentinin rəhbəri Nodirjan Curayev bildirib ki, hər il 300 milyon dollardan bir milyard dollara qədər dövriyyəsi olan onlayn qumar oyunları Özbəkistandan kənara çıxır. Yəni, ölkədə bu məbləğdə qumar-kazino oyunlarına vəsait sərf edənlər var və kazino fəaliyyətinin leqallaşması Özbəkistanın il ərzində bu həcmdə vəsaiti öz rəsmi gəlirlərinə qatması mümkün olacaq. Təkcə hər il ölkə büdcəsinə kazino üzrə uduşlardan ən azı altı milyon dollara yaxın vergi gələcək. uz.kursiv

Azərbaycanda kazinolara xüsusi icazənin, yəni lisenziyaların verilməsi də beynəlxalq turizm, idman-mərc oyunları sənayesindən irəli gələn çağırışdır. Turizm sektoru çoxşaxəli və cəlbedici sahədir, əsas müştəriləri xarici qonaqlardır və müştərilərin çeşidli xidmətlərlə təchizatı, tələb və arzularını heç bir halda buxovlamaq, turizm paketlərini dar çərçivəyə salmaq olmaz.

Son illərdə turistlərin ölkəmizə axını sürətlə artır, Avropa və Asiyadan gələn qonaqların say və coğrafiyası genişlənir ki, həmin turistlərin böyük əksəriyyəti kazino sənayesini “dadmış” insanlardır. Statistikaya əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 178 ölkəsindən bir milyon 217,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Təkcə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 faiz artıb.

Turizm məkanı olaraq Avropa və Asiyanın payında Azərbaycanın yerinin artması turistlərin xüsusi həvəsləndirici oyunlara olan marağı konteksində kazino sənayesinin leqallaşmasını da aktuallaşdırır. Bu baxımdan, turizm sektorunun tələbatlarını və ölkəmizin dünyəvi dövlət kimi turizm sənayesi quruculuğunda müasir xidmət çeşidlərinə üstün yer verməsini nəzərə alaraq, kazino fəaliyyətinin məhdud çərçivədə təmin edilməsi qlobal ehtiyac sayılmalıdır.

Azərbaycan əgər ildə xaricdən üç milyona yaxın turist qəbul edirsə və onların dayanıqlı gəlişlərini qoruyub saxlamaq istəyirsə, tələb etdiyi xidmətləri, o cümlədən həvəsləndirici, əyləncəli oyun növlərini də onların istifadəsinə verməlidir. Əks halda bu növbəti illərdə turistlərin başqa ölkəyə, idman-mərc oyunlarının geniş yayıldığı Gürcüstan kimi qonşu ölkələrə getməsinə səbəb olur. Bu baxımdan, kazinoların fəaliyyətinə icazə verilməsi beynəlxalq turizm rəqabətinin ortaya qoyduğu tələbdir.

Kazino sənayesi həm də turizmlə bərabər, başqa əlaqəli sahələrin də inkişafına səbəb olur, bu ərazilərdə digər xidmət çeşidləri yaradılır, yeni infrastruktur formalaşır, otellər və restoranlara axınların sayı çoxalır, nəqliyyat daşımaçılığı genişlənir və nəticədə minlərlə insan həmin xidmət şəbəkələrinə iş tapmaqla dolanışıq əldə edir.

Ən mühüm amillərdən biri isə, kazino sektoruna cəlb edilən vəsaitlər və qazanılan gəlirlərdən həm operator şirkət, həm də oyunda uduş əldə edən fiziki şəxslər vergilər ödəyir ki, bu vəsaitlər dövlət büdcəsinə toplanır.

Hazırda əksər ölkələrin büdcəsinə kazino fəaliyyətindən ildə on milyonlarla dollar köçürülür. Dünya ölkələrində idman-mərc, qumar oyunlarının vergisi dərəcələri müxtəlifdir. Kazino oyunlarının leqal olduğu dövlətlərdə kazinolar, oyun və mərc obyektləri qanuni olaraq mənfəətlərinə görə vergi ödəməyə borcludur. Həmçinin, uduş əldə edən fiziki şəxslərin də vergiyə cəlb edilməsi təcrübəsi geniş yayılıb.

Dünyada kazino sənayesi üzrə ən yüksək vergi dərəcəsi təyin edilmiş dövlətlərin sırasında ilk yeri Almaniya tutur. Kazino operatorlarını mənfəət və sair gəlirlər üzrə cəmi vergi dərəcələri 90 faizə bərabərdir. Fransada bu rəqəm 80 faiz, Avstriya və Lüksemburqda da 80 faiz, Danimarkada 75 faiz, Polşa və Birləşmiş Krallıqda 50 faiz, Avstraliyada 45 faiz, Makaoda (Çin) 39 faizə bərabərdir.

İrlandiya və Keniya kimi bir çox ölkədə oyunçular, yəni uduş qazanan fiziki şəxslər vergiyə cəlb edilmir. Bunun əvəzinə, bukmeykerlər ümumi mərc və ya uduşlara görə verginin müəyyən faizini ödəyirlər. İrlandiya bukmeykerləri öz xidmətləri vasitəsilə yerləşdirilmiş bütün mərclərə görə bir faiz, Keniyada isə 7,5 faiz vergi ödəyirlər.

Avstriyada mənfəət vergisini müəssisə, yəni hüquqi şəxslər ödəyir. Kazino operatorunun ödədiyi vergi dərəcəsi 35-80 faiz civarındadır. Oyunçulardan uduşlarına görə vergi tutulmur. Belçikada da oyunçulardan vergi tutulmur, lakin şirkətlər lisenziya müqabilində hər il hökumətə rüsum ödəməlidirlər. Bolqarıstanda onlayn uduşlardan vergi tutulmur, ancaq kazino operatorları hər bir lisenziya və yer üçün 17.500 avro ödəyirlər. Rulet və stolüstü oyunlar sabit məbləğdə vergiyə cəlb olunur. Kanadada kazinolarda vergi tutulmur. Çex Respublikasında isə operatorlar qazanclarına görə 6-20 faiz vergi ödəyirlər. Danimarkada bu cür vergi 45-75 faiz həddindədir. Finlandiya isə kazino operatorları xalis mənfəətlərinin 8,25 faiz ödəməlidirlər. Maltada vergi dərəcəsi 15-40 faizə bərabərdir. Böyük Britaniyada isə bu dərəcə 2,5-40 faiz təşkil edir.

ABŞ-da da sərt vergi rejimi var, operatorlar hər il vergi bəyannaməsində qumarda qazandığınız uduşları bəyan etməlidir, əks halda sanksiya və ağır cəzalar tətbiq olunur. taxback

İslamın ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri kazinoları leqallaşdıran ilk Körfəz dövləti kimi hər il təxminən yeddi milyard dollara yaxın gəlir əldə edə bilər. Dubaydan təxminən 45 dəqiqəlik məsafədə yerləşən “Ras Al Khaimah”da nəzərdə tutulan kazino kurortu “Wynn Resorts”da yerləşəcək. Proqnozlara görə, BƏƏ-nin qumar-kazino oyunları üzrə gəlirləri ÜDM-in 1.6 faiz ola bilər. Bloomberg

Azərbaycan beynəlxalq praktikaya söykənərək kazino sənayesi üçün orta və optimal vergi dərəcələri müəyyənləşdirəcək. Hazırda hüquqi şəxslər üçün mövcud olan mənfəət vergisi üzrə vergi dərəcəsi tətbiq olunarsa kazino operatorları təxminən 20 faiz vergi ödəməli olacaq. Bundan əlavə, oyun iştirakçıları hazırkı vergi dərəcəsi ilə vergiyə cəlb olunduğu halda divident, faiz gəlirləri üzrə 10 faiz, idman mərc oyunları, lotereyalar, habelə digər uduşlardan əldə edilən 10 faiz vergi ödəməli olacaqlar.

Bunlar mövcud vergi əmsallarıdır, lakin istisna deyil ki, kazino fəaliyyəti işə düşdükdən sonra kazino təşkilatçıları kazino sənayesi xüsusi riskə əsaslanan qazanc forması olduğundan Avropa dövlətlərindəki kimi daha yüksək dərəcə ilə vergiyə cəlb olunsun. Bunun üçün qarşıdakı aylar ərzində vergi qanunvericliyinə dəyişikliklər edilməlidir. İstənilən halda, kazino operatorları və oyun iştirakçıları olan uduş sahibləri müəyyən edilmiş vergiləri ödəməklə dövlət büdcəsinə il ərzində əhəmiyyətli həcmdə gəlirin formalaşmasında rol oynayacaqlar.

Sonda onu da qeyd edək ki, kazinolara qarşı “barışmaz” mövqe sərgiləyən Cəmil Həsənlinin özü də son illərdə qumar və kazino sənayesindən toplanan gəlirlərdən kifayət qədər qazanc əldə edib.

Cəmil Həsənlinin Böyük Britaniya, ABŞ və digər Qərb ölkələrindən aldığı maaş, qonorar və qrantlarla bağlı çoxsaylı faktlar mövcuddur. Onun xarici ianəçilər tərəfindən mütamadi olaraq maliyyə dəstəyi əldə etməsini Həsənli özü də etiraf edib.

Məsələn, Cəmil Həsənlinin “Azadlıq” radiosuna müsahibəsində “Soros Fondu”nun üzvü olduğunu və fondun bord üzvlərinə hər ay 200 dollar əməkhaqqı verdiyini etiraf edib.

Cəmil Həsənli London Universitetinin Tədqiqat İnstitunda qrant proqramına qoşulmaqla, illik xeyli gəlir qazanıb. Böyük Britaniyada da həmin proqramların maliyyələşdirilməsində idman-mərc oyunlarından yerli büdcəyə köçürülüən vəsaitlərin bir hissəsi əsaslı yer tutur.

Onun təkcə bir ildə Ə.Kərimliyə çatdırılması üçün İngiltərədən 216 min avro və 147 min ABŞ dolları verməsi, digər ianələrdən pay götürməsi də istisna deyil.

İki il əvvəl İngiltərə və Uels Xeyriyyə Komissiyasının Londonda qeydiyyata aldığı Azərbaycan Gənclərinin Təhsil Fondunun təsisçiləri arasında Cəmil Həsənli də yer alıb. Fondun əsas maliyyə mənbələri ianələrdən təşkil olunub.

ABŞ və Avropa ölkələrində bir çox qumar-mərc oyunlarından əldə edilən gəlirlər, o cümlədən Kazino Gəlir Fondlarının ödədiyi vergilərin bir hissəsi  qeyri-kommesiya təşkilatlarına, müxtəlif sosial və təhsil proqramlarına yönəldilir. Statistikaya əsasən, hər il bu cür oyunlardan qrant proqramlarına 140 milyon dollar paylanılır.

Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, onun xaricdən aldığı qonorar və maliyyə yardımlarının kökündə digər vergi gəlirləri ilə yanaşı, həm də kazinolardan gələn vergilərin dayanması qətidir.


Beləliklə,

• Cəmil Həsənlinin bu dəfə “İslam təəssübkeşliyi” damarı tutub və Azərbaycanda süni adada kazino yaradılması qərarı “tarixçi-alimi” bərk narahat edib. Deyilənə görə, məscidə getməyən, dini abidələri və müqəddəs yerləri ziyarət etməyən, ancaq Londonda Vestminster abbatlığını, Müqəddəs Pavel kafedralı və Marqarita kilsəsini qarış-qarış gəzən, İslamı təhqir edən xristian siyasətçi qrupları ilə məclislərdə donuz ətindən hazırlanmış təamları dadan, LGBTQ hüquqlarını müdafiə edən Həsənli din-iman qoruyucusu kimi özünü təqdim etməyə çalışıb;

• Onun dövlətin süni adada kazino yaradılmasına icazə verməsini anti-tolerantlıq, dini-mənəvi dəyərlərə qarşı “xəyanət” və digər cəfəng iddialarının heç birinin məntiqi-hüquqi əsası olmadığından, mövqeyini qərəzli və məqsədli təxribatçılıq əməlləri kimi dəyərləndirmək olar.