“Trollar və botlar mütəşəkkil hücumlarla kommunikasiya şəbəkələrini pozur və saxta tendensiyalar yaradırlar” adlı məqalə ilk dəfə 2017-ci il yanvarın 1-də "Sosial Mediada Təbliğat Botnetləri" adı ilə “Medium” xəbər saytında dərc edilib.

Məqalədə dezinformasiya və qarayaxma kampaniyaları köhnə təbliğat taktikası kimi siyasi kampaniyalarda tez-tez rast gəlindiyindən danışılır. Bildirilir ki, sosial mediada rəqiblərə mane olmaq üçün bu kampaniyalarda bot və troll ordularından istifadə edilir.  Şübhəli bloqlar ("İlluminati", "kərtənkələlər", "kimyaçı" və s. kimi sui-qəsd nəzəriyyələrini dərc edən bloqlar) ilə dezinformasiya yayan qarayaxma kampaniyaları arasında fərqi bilmək vacibdir.

Məlumat verilir ki,  "flogs” adlandırılan yeni təbilğat metodu var. “Flog”-un hərfi tərcüməsi şallaq olan bu arqonik termin “Fake Web-log sözündən düzəlib. “Flog” adətən öz xidmət və ya məhsulunun marketinqi üçün istifadə olunan bloq növüdür. Bu cür alətlər adətən şirkət və ya korporasiya daxilində ödənişli şəxs tərəfindən yazılmış məzmunların yayılması üçün istifadə olunur. Adətən “məzmun” qərəzli rəylərdən və digər tərəfləri tənqid edib, gizli şəkildə özünü reklam etməkdən ibarət olur. 

2007-ci ildə nəşr olunan "Saxta bloglar SEO alətləri kimi" məqaləsi bu rəqəmsal marketinq texnikasının SEO nəticələrini manipulyasiya etmək üçün necə istifadə edildiyi barədədir. Qeyd edək ki, “Axtarış Motorunun Optimallaşdırılması” (SEO-Search Engine Optimization) veb saytları axtarış motorlarının meyarlarına uyğunlaşdırmaqla hədəflənmiş axtarışlarda yüksəltmək məqsədi daşıyır. Misal üçün, Google SEO-su bu alətdən, yəni saytların axtarış sistemində ilk üçlükdə görünməsi üçün tərtib etdiyi alqoritmlərə görə külli miqdarda maddi qazanc əldə edir.  

Yutadan olan “Vizad” adlı SEO şirkəti SEO metodologiyaları çərçivəsində “saxta” məzmunlu bloqlar açması ilə məşhurdur.

Bu məzmunlar elə təəssürat yaradır ki, qeyd edilən bloqlar kiminsə şəxsi bloqudur və onlar öz müştəriləri haqqında informasiyaları kontekstli linklərə daxil edirlər. Bu yolla müştəriləri üçün klikləri cəlb etməyə çalışırlar. Aydın məsələdir ki, belə saxta bloqlar çox vaxt kommersiya məqsədləri üçün istifadə olunur. Spam göndərənlər botlardan pəhriz həbləri satan saxta internet saytlarına keçidlər yaymaq üçün istifadə edirlər və ya bəzi fürsətçilər, məsələn, saxta xəbərlər yayan makedoniyalı yeniyetmələr təxribat xarakterli siyasi məzmun dərc edərək pul qazanmağa çalışırlar.

Bu iki nümunə ərzaq mağazasında satılan tabloidlərdən çox da fərqlənmir. Bununla belə, saxta bloqlardan siyasi kampaniyalar da istifadə edilə bilər. 7 noyabrda “Journal Monday” jurnalında dərc edilmiş “Sosial şəbəkə botları 2016-cı il ABŞ prezident seçkilərini təhrif etdi – internet debatları” adlı məqalə də siyasi kampaniyalarda botların rolunu araşdırıb:

İnternetdə siyasi müzakirələrdə sosial şəbəkə botlarının olması üç konkret problem yarada bilər:

1. Təsir zərərli məqsədlər üçün idarə olunan hesablar arasında səpələnə;

2. Siyasi debatlar daha da qütbləşə;

3. Yalan və ya yoxlanılmamış məlumatların yayılması sürətlənə bilər.

 

Mart ayında “Bloomberg”, 2012-ci il Meksika prezident seçkiləri də daxil olmaqla, Latın Amerikasındakı seçkiləri manipulyasiya edən və saxtalaşdıran kolumbiyalı haker Andrés Sepulveda və onun komandası haqqında "Seçkiləri necə hək etmək olar?!"  adlı məqalə dərc edib. Qeyd edək ki, Sepulveda hazırda ölkədə 2014-cü il Kolumbiya prezident seçkiləri zamanı kompüter sistemlərindən sui-istifadə, şəxsi məlumatların pozulması, casusluq və zərərli proqram təminatının istifadəsinə görə 10 il azadlıqdan məhrum edilib.

İşi qara təbliğat, şayiələr yaymaq və psixoloji əməliyyatlar olan, hər kəsin gördüyü, lakin heç kimin bilmədiyi siyasətin qaranlıq tərəflərini müxalifətə sızdırmaqdan və sosial mühəndislik etməkdən başqa, Sepulveda həm də onlayn müzakirələri manipulyasiya etmək üçün istifadə etdiyi on minlərlə saxta sosial media hesablarına sahib idi.

Enter.co adlı Kolumbiya mediasına verdiyi müsahibədə Sepulveda sosial medianı necə manipulyasiya etdiyini belə izah edir:

Sual: İşinizin uğurunu necə ölçürdünüz?

Cavab: İnsanların yaratdığım şayiələrin paylaşmalarının sayına görə. Dəfələrlə “Twitter” və ya “Facebook”-a baxanda insanların mənim yaratdığım şayiələri yaydığını görürdüm. Mən bunu xüsusilə 2014-cü il seçkiləri zamanı müşahidə etmişəm.

Etdiyim işin uğuru göz qabağında idi: insanların nə haqqında danışdıqlarını və bununla da kampaniyanızın yaratdığı hücumun nə qədər effektiv  olduğunu görə bilərsiniz.

Sual: İnformasiya təhlükəsizliyini başa düşməyən sadə vətəndaşlar onların manipulyasiya edildiyini və ya saxta hesabdan nəyinsə gəldiyini haradan bilsinlər?

Cavab: Bu getdikcə çətinləşir, çünki mövzu ətrafında real hesabları manipulyasiya etmək çox asandır. Həqiqi hesablarla məşğul olduqdan sonra məsələ daha da çətinləşir. İnternetdə hədəf olmadan fəaliyyət göstərəcək heç kim yoxdur və ola da bilməz. İşsiz insanlar siyasətçilər haqqında xatirələr yazmırlar. Belə bir şey yoxdur. Bunu edən komandalar var.

İnsanın təbliğatın və ya hücumun qurbanı olduğunu anlamaq üçün hadisələrin kontekstinə baxmaq kifayətdir. Məsələn, biz hazırda sülh prosesindən danışırıq (Kolumbiya Dövləti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) arasında sülh razılaşması prosesini nəzərdə tutur-red.)  və müzakirələrə onlayn baxa bilərsiniz. Razılaşmanın əleyhinə olanlar bütün arqumentləri ilə kampaniya aparır, razılaşmanı dəstəkləyənlər də eyni şəkildə interneti bombalayırlar. İstər tərəf olaq, istərsə də hədəf, internet təbliğatının passiv qurbanı olacağıq.

Bu dezinformasiya kampaniyalarının məqsədi şayiələr yaratmaq və onları real hesablara yaymaqdır. Sepulveda tərəfindən yayılan yalan və şayiələr rəqəmsal epidemiya rolunu oynadı. Sepulveda rəqib partiyaların qərargahlarını zəif tərəflərindən istifadə etmək üçün zərərli proqramlarla dinləyib və bu zəiflikləri 30 mindən çox “twitter” izləyicisi olan botlar vasitəsilə müxtəlif platformalarda yaymışdır. Sepulveda pul məsələsinin necə böyük bir zəif tərəf olduğunu bilirdi, çünki o, bunu kampaniya işçilərinin e-poçtlarında görmüşdü.

Bu cür rəqəmsal saxtakarlıq bu günlərdə standartdır və bütün müasir siyasi kampaniyalarda gözlənilir. Eyni prosesi Azərbaycana qarşı aparılan saxta və qərəzli məlumat kampaniyalarında görürük.   

Sepulveda düşünür ki, biz həmişə rəqəmsal təbliğatın qurbanı olacağıq. Biz isə düşünürük ki, zaman keçdikcə biz qaralama kampaniyaları ayırd etməkdə daha da püxtələşəcəyik.