Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan son dövrlərdə çox instensiv silahlanma yolunu tutub və bu, regionda sabitliyə təhlükə yaradır. Serbiyalı həmkarı Marko Curiç ilə birgə keçirdiyi mətbuat konfransında cənab Bayramov deyib ki, 2024-cü ildə Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artırılıb. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, bu cür atdığı addımları ciddi nəzərdən keçirməlidir. istinad
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də qeyd edib ki, İrəvan öz hərbi potensialını artırır. Bu isə ölkənin hərbiləşdirilməsi prosesinin necə davam etdiyini göstərir.

Xarici işlər nazirinin və sözçüsünün dedikləri nə dərəcədə əsaslıdır, Ermənistan həqiqətənmi hərbi xərclərini artırmaqdadır?

Faktyoxla Lab. bu suallara cavab axtarmağa çalışıb.

2023-cü ilin sonunda Ermənistan hökumətinin təsdiq etdiyi “2024-cü ilin dövlət büdcəsi haqqında” qanunda hərbi xərclərin məbləği 555 milyard dram və ya 1,4 milyard dollar təsdiq olunub.
Baş nazir Nikol Paşinyan ötən ilin sonunda büdcə müzakirələri zamanı bildimişdir ki, 2024-cü ilin büdcəsində hərbi xərclər artırıldıqdan sonra 2018-ci illə müqayisədə müdafiə büdcəsinin həcmi iki dəfədən çox böyümüş olacaq. istinad


Həqiqətən də son 6 ildə Ermənistanın hərbi büdcəsi hər il faiz nisbətləri ilə xeyli artırılıb, özü də Paşinyanın dediyi kimi 2 dəfə yox, 3 dəfə. Belə ki, 2018-ci ildə bu ölkənin hərbi xərcləri 468 milyon dollar, 2019-cu ildə 528,7 milyon dollar təşkil edib.
2020-ci ildə bu ölkənin müdafiə büdcəsi təxminən 100 milyon dollar artırılaraq 625 milyon dollara çatdırılıb.

 
2020-ci il müharibəsində ağır məğlubiyyətdən sonra İrəvan hökuməti hərbi xərclərini yenidən artırmaq yolu seçib və 2021-cü ildə müdafiə xərclərini 678 milyon dollara yüksəldib.
Ermənistan hökuməti 2022-ci ildə müdafiə büdcəsini daha 11% artıraraq 345 milyard dram (720 milyon dollar) həcmində təsdiqləyib.

 
2023-cü ildə hərbi büdcə Ermənistanın ümumi büdcə xərclərində ilk yerə yüksəlib. Belə ki, 517 milyard dram və ya 1,3 milyard dollar təşkil edən müdafiə büdcəsi əvvəlki ilə nisbətən 50 faiz artırılıb. istinad
Yuxarıda da vurğuladığımız kimi 2024-cü ildə isə Ermənistan hökuməti ölkənin müdafiə büdcəsinin 555 milyard drama (1,4 milyard dollardan çox) çatdırıb.

 

Beləliklə, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan irimiqyaslı hərbi prosesinə təşəbbüs edərək hərbi xərcləri 468 milyon dollardan 1,4 milyard dollara qədər artırıb. Bu, 299 faiz və ya 3 dəfə artım deməkdir.
Məsələ ondadır ki, Ermənistanın hərbi xərclərinin real göstəricisi kimi təqdim edilən dövlət büdcəsi ilə yanaşı, büdcədənkənar fondlar, müdafiəyə müxtəlif dəstək proqramları çərçivəsində hərbi sahəyə ayırmalar da olur. Belə ki, Ermənistana bir sıra hallarda “humanitar yardım” adı altında silah və hərbi texnika daşınması həyata keçirilir. Bura dəyəri bir neçə milyon dollarlarla ölçülən zenit-raket sistemlərinin və digər ağır texnikanın daşınması daxildir. istinad


Bu proseslərdə xaricdəki erməni fondları, müxtəlif cəmiyyətlər, QHT və humanitar təşkilatların yardım və ianələrinin həcmi də az deyil. Təkcə onlardan biri, “Hayastan” Ümumerməni Fondu”na 2020-ci ilin sonlarında dünyanın müxtəlif ölkələrində  aparılmış kompaniyalar çərçivəsində “Artsax”a dəstək” adı altında 150 milyon ABŞ dollarından bir qədər artıq ianə toplanıb. Həmin pulların böyük qismi həmin dövrlərdə qondarma respublikanın terrorçularının və Ermənistanın hərbi ehtiyaclarına sərf edilib.
ABŞ müxtəlif vasitələrlə Ermənistanın hərbi büdcəsinə dolayısı ilə yardım edir. 2002-ci ildən ABŞ hökumətinin “Xarici hərbi maliyyələşmə” layihəsi çərçivəsində Ermənistana ayırdığı hərbi yardımların məbləği 200 milyon dollardan çox olub. istinad
Bu cür maliyyələşmə sxemi hələ də davam etməkdədir. 

Eləcə də bu günlərdə ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın “Zvartnots” hava limanına 2 hərbi təyyarə yükü də bunun cüzi bir hissəsidir. istinad

Fransa hökuməti İrəvana 12,5 milyon avro məbləğində humanitar yardım adı altında hərbi mallar tədarük etməyi planlaşdırır


Yaxud, Fransanın böyükhəcmli silah partiyasını nəzərdə tutulan hərbi yardım müqaviləsi üzrə xərclər Ermənistanın ümumiliyyətlə büdcə xərclərində nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, həmin xərclər hərbi büdcədən başqa, ehtiyat fondların xərcləri də yer alır ki, bu müdafiə xərclərinin daha da böyüməsidir.
Avropa İttifaqı cari ilin iyulun 22-də Ermənistana “Avropa Sülh Fondu” çərçivəsində 10 milyon avro hərbi yardım ayırıb.

 
İran və Hindistanın silah yardımlarının da maliyyə dəyəri milyonlarla dollara bərabərdir.
Digər ölkə və fondların yardımlarını da nəzərə alsaq Ermənistanın əlavə hərbi xərcləri daha da artmış olur


Bütün bunların heç biri Ermənistanın real büdcə xərclərində öz əksini tapmayan rəqəmlərdir.
Həmin mənbələrdən daxil olan silahların dəyərini də hesabladıqda Ermənistanın hərbi xərcləri daha da artır və 1,4 milyard dollar deyil, ondan xeyli böyük həcmdə hərbi büdcənin formalaşdırıldığını təsdiqləyir.

Nəticə:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bəyan etdiyi “Ermənistan müdafiə xərclərini 50% artırmaqla silahlanma yolu seçməkdədir” faktı doğrudur.