“Azadlıq” qəzeti Azərbaycanın “Paris-2024” Olimpiadasında medal qazanmış idmançıların pul mükafatı ilə təltif edilməsini gözdən salmağa çalışaraq iddia edib ki, bir çox ölkələrdə idmançılara pul mükafatı verilmədiyi halda, Azərbaycan hökuməti qaziyə 80 manat, Olimpiya medalçısına 600 min manat verir. Sitat: “Neft Fondunda 1 trilyon dollar olan Norveç olimpiya medalçılarına mükafat vermir. İsveç və B.Britaniyada medalçılara pul mükafatı vermir”
Faktyoxla Lab. “Azadlıq” qəzetinin iddiasını araşdırıb.
İlk olaraq qeyd etmək lazımdır ki, Olimpiadada yüksək nəticə göstərmiş idmançıların mükafatalandırılması ənənəsi dünya ölkələrinin böyük əksəriyyətində mövcuddur. Maliyyə-büdcə imkanlarından asılı olmayaraq, neçə illərdir ki, müxtəlif ölkələr tərəfindən idmançılara motivasiya vermək, sosial diqqət nümayiş etdirmək baxımından fərqli məbləğlərdə mükafat fondları təsis edilib. Onların sırasında hədsiz dərəcədə böyük məbləğlər var.
Sinqapur Olimpiya qaliblərinə qızıl medal üzrə 1 milyon, gümüş medal üzrə 500 min, bürünc medal üzrə 250 min dollar təyin edib. mənbə
Çin bayrağı altında yarışlara qatılan Tayvanın Olimpiya qızıl medalçıları hökumətin medal proqramı çərçivəsində 20 milyon NT$ (600 min ABŞ dollarından çox) və ömürlük aylıq 125,000 NT$ (təxminən 4,000 dollar) təqaüd alırlar. mənbə
Eləcə də ayrıca idman komandası kimi beynəlxalq yarışlara qatılan Honq-Konq qızıl medal üçün 1,17 milyon dollar (təxminən 750 min ABŞ dolları) , Çin təxminən 500 min dollar, İndoneziya 528 min dollar, Tailand 557,7 min dollar, Malayziya 360 min dollar, Qazaxıstan 382 min dollar, İtaliya qızıl medalın sahibinə 325,8 min dollar, Mərakeş 343,8 min dollar, Azərbaycan 352,5 min dollar mükafat verir. mənbə
Bəzi ölkələrdə əlavə olaraq daşınmaz və daşınar əmlaklar hədiyyə olunur. Məsələn, Malayziyadakı özəl biznes qurumları şəhərin mərkəzində ən lüks mənzillər və yüksək nağd pul mükafatı ödəməklə dövlətdən daha çox dəstək verir. Bu ölkənin gənclər və idman naziri Hannah Yeohun sözlərinə görə, medal qazanmış bütün idmançılara bahalı xarici avtomobillər də hədiyyə olunacaq.
Hindistan hökuməti Olimpiya çempionlarına 7,5 milyon rupi (100 min ABŞ dolları) vəd edib, yerli Milli Olimpiya Komitəsi isə ayrıca10 milyon rupi (120 min ABŞ dolları) ödəyir.
Litva hökuməti isə idmançılara birdəfəlik dövlət mükafatı ilə yanaşı, 1485 avro məbləğində ömürlük dövlət təqaüdü ayırıb. mənbə
Filippin, Macarıstan, Kosovo, Estoniya, Misir və digər ölkələrin də mükafatları 6 rəqəmlidir, bu ölkələrin Paris Olimpiadasında qazanılmış qızıl medal üzrə mükafatları 112-365 min dollar arasında dəyişir. Bu ölkələr əlavə olaraq digər mükafatlar da hədiyyə edir. Filippinli gimnast Karlos Yulo Paris Olimpiya Oyunlarında iki qızıl medal qazandıqdan sonra hökumətindən 350.000 dollar nağd pul və müxtəlif hədiyyələr alıb. mənbə
Özbəkistan qızıl medal üçün 200 min dollar, gümüş üçün 100 min dollar, bürünc üçün isə 50 min dollar vəd edib.
Doğrudur, inkişaf etməkdə olan və maliyyə imkanları çox da güclü olmayan ölkələr idmançılarını qələbələrə təşviq etmək məqsədi ilə yüz minlərlə dollarlıq mükafat ödədiyi halda, zəngin Qərb ölkələri öz büdcələrindən idmançılara pul ayırmağa “xəsislik” edir. Hətta əksər Avropa ölkəsi pul mükafatı ayırmır, Böyük Britaniya, Yeni Zellandiya, Norveç və İsveş kimi güclü inkişaf etmiş ölkələrdə idmaçılara pul mükafatları verilmir, digər Avropa ölkələrində isə çox cüzi - simvolik bir məbləğ müəyyənləşib.
Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ qızıl simvolik olaraq qızıl medal üçün 37,500 dollar, gümüş üçün 22,500 dollar, bürünc üçün isə 15,000 dollar ödəyir.
Ancaq bunlar ABŞ və Avropanın zəngin dövlətlərində idmançıların qazancının üzdə görünən məbləğləridir. Həmin ölkələrdə fərdi və ya komanda idman növləri üzrə yüksək yer qazanmış idmançılara böyük həcmli – milyon dollarlarla bonuslar ödənilir ki, bunun da əsas maliyyə mənbəyi dövlət yox, özəl qurumlardır. Bu ölkələrdə Olimpiya çempionlarına daha kiçik mükafat məbləği təyin edilsə də, idman federasiyaları və beynəlxalq yarışlarda yüksək nəticə göstərən idmançılar birbaşa müxtəlif biznes assosiasiyaları, marketinq və reklam şirkətləri ilə əməkdaşlıq edir və idmançıların məşq, geyim, mənzil, qida, nəqliyyat, istirahət və sair illik xərcləri, çempionatlarda iştirakla bağlı zəruri maddi məsrəfləri, habelə gəlirləri həmin qurumlar tərəfindən ödənilir. Eləcə də əsas fundamental gəlir portfeli idmançıların özlərinin müxtəlif proqram və layihələrdən, reklam firmalarından qazandığı yüksək həcmli qonorar və digər mənbələr hesabına formalaşır. Məsələn, ABŞ-da təkcə “Living The Dream Medal Fund” təşkilatı qızıl medalçılara 250 min dollar, “USA Swimming” isə üzgüçülük üzrə qızıl medallar üçün 75.000 dollar təklif edir ki, bu, dövlətin verdiyi mükafatdan 8 dəfə çoxdur. mənbə
“United Airlines” ABŞ komandasının rəsmi daşıyıcısı kimi bütün nəqliyyat xərclərini ödəyir. Geyim dizaynerləri də bu prosesdə aktiv iştirakçıdır. “Stella Makkartni” , “Adidas”, “Lacoste”, “Ralf Lauren” kimi iri şirkətlər hər Olimpiadada idmançıların bir sıra xərclərini ödəyirlər.
Bunun sayəsində Amerika və Avropa regionunda idmançıların gəlirləri dövlətin verdiyi mükafatdan 100-200, bəzən 1000 dəfə çox olur. Məsələn, Olimpiya qızılının ABŞ-li sahibi gimnast Simone Biles, qolfçu Kauff müxtəlif sponsor şirkətlərinin ödədiyi qonorarın məbləği doqquz rəqəmli, yəni 10 milyonlarla dollara bərabərdir. C.Kauffun təkcə 2023-cü ildə gəliri 7,1 milyon dollar təşkil edib və həmin qazancın əsas mənbəyi isə “Visa”, “United Airlines” və “Athleta” kimi məşhur dünya brendlərinin ödədiyi qonorar və ödənişlərdir.
Olimpiada medalçılarının milyonçu siyahısına illik qazancı 102 milyon dollar olan Stiven Karri, 93,3 milyon dollar qazancı olan Kevin Durant, 80,1 milyon dollar gəlirli Rory Mkloy, illik 61 milyon dollar qazanan Ckot Şeffler, 57,7 milyon dollar gəlir sahibi Jo Embid və digərlərini da aid etmək mümkündür. Həmin idmançılara “Nike”, “FanDuel”, “Major League Pickleball”, “PGA Tour”, “TGL” kimi nəhəng kompaniyalar, eləcə də investisiya, turizm, bank, marketinq, İT. Sığorta, logistika, reklam, media və digər şirkətlər, aviakampaniyalar sponsorluq edərək ildə 10 milyonlarla dollar qazanc verir.
Ümumiyyətlə, ABŞ-da Olimpiyaçılara sponsorluq edən şirkətlərin sayı 40-dan artıqdır ki, onların cəmi illik qrant və donor vəsaitlərinin məbləği dövlətin ayırdığı mükafat fondundan 1000-10000 dəfə böyükdür. mənbə
Digər ölkələrdə də idmançılar pul, hədiyyə, əmlak, avtomobillər, limitsiz qida kartları və digər unikal mükafatlarla təmin olunurlar. Qalib olimpiyaçılar evlərinə altı rəqəmli bonuslar, təchiz olunmuş mənzillər və ömürlük qida ehtiyatlarını təmin edən restoran kuponları ilə dönürlər. Eləcə də, mükafatlandırma mərasimindən sonrakı aylarda onlara davamlı olaraq müxtəlif yardım və sərmayələr ödənilir. Məsələn, Dominikan hökuməti Paris Olimpiadası qızıl medalının sahibinə 252 min dollar, gümüş medalçılara 168 min dollar, bürünc medalçılara isə 134 min dollar mükafatla yanaşı, medal qazanan idmançıların hər birinə əlavə olaraq 500 min dollardan çox sərmayə xərcləyəcəyini bəyan edib.
“Azadlıq” qəzetinin Olimiada qaliblərinin mükafatlandırılması fonunda qazilərə 80 manat aylıq təqaüd verilməsi barədə manipulyasiyası da təxribat xarakteri daşıyır. Əvvəla, 80 manat müavinət alan müharibə veteranlarıdır və onların sağlamlığı iş və əmək funksiyasını yerinə yetirməyə qadirdir müxtəlif dövlət və qeyri-dövlət, biznes sektorlarında normal çalışaraq gəlir əldə edirlər. Qazilər isə fiziki qüsur və sağlamlıq imkanları məhdud olan müharibə əlilləridir, onların əmək qabiliyyəti məhdud olduğundan dövlət onlara sosial təminatlar yaradır, müavinətlər verir. Həmin müavinətin məbləği isə 80 manat deyil. Belə ki, dövlət müharibədə xəsarət almış I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə isə 4400 manat birdəfəlik ödəmə verir.
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü - əlillik dərəcəsinə uyğun 500 manat, 400 manat və 330 manat məbləğində, müavinət verilir. Əlilliyə görə isə I dərəcə üzrə 270 manat, II dərəcə üzrə 220 manat, III dərəcə üzrə 150 manat məbləğində aylıq müavinət alırlar. Həmçinin, onların əmək pensiyasının sığorta hissəsinə əlavə 100-110 manat ödənilir. Beləliklə, müharibə əlillərinin aylıq müavinət və təqaüdü birgə 580- 880 manat civarındadır və bu ödəmələr idmançılar kimi birdəfəlik deyil, ömürlükdür. Bundan başqa, həmin kateqoriyadan olan şəxslər növbəlilik əsasında mənzil və ya fərdi evlə, avtomobillə təmin edilirlər. Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslər tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin olunurlar. Müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub. istinad
Bütün bunlarla yanaşı, müharibə veteranları qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar. Həmin fəaliyyət sahələri üzrə aylıq gəlirin məbləği təxminən 400-500 manat, bəzən daha yüksəkdir ki, bununla da hökumət müharibə veteranlarına minimum əməkhaqqından daha böyük məbləğdə qazanc əldə etmələrinə imkan yaradıb.
Müharibə veteranları müxtəlif sektorlarda, xüsusilə də nəqliyyat, iaşə, ticarət sahələrində qeyd-şərtsiz işlə təmin olunublar və müxtəlif güzəştləri vardır. Müharibə veteranları haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər. İctimai işlərdə minumim əməkhaqqı 345 manatdır. Müharibə veteranları və ailə üzvləri sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur. Burada da əməkhaqqı 350-400 manata bərabərdir.
Dövlətin il ərzində müharibə veteranlarının sosial müdafiəsi, mənzil və avtomobil təminatı, digər sosial müdafiə tədbirləri üzrə xərclədiyi vəsaitin həcmi 250-300 milyon manata bərabərdir. 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 542 milyon manat vəsait ayrılıb ki, onun 1,7 milyard manatı yaşa, əlilliyə, sağlamlıq imkanları məhdudluğuna, ailə başçısının itirməyə və digər digər sosial istiqamətlər üzrə müavinətlərin, həmçinin müharibə veteranları, şəhid ailələri üçün ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Həmin 1,7 milyard manatın təxminən 12 faizi, yəni 200 milyon manatı qazi və veteranların sosial müdafiəsinə yönəldilir. Habelə dövlət büdcəsindən il ərzində güzəştli kateqoriyaya aid şəxslərin övladlarının ali məktbələrdə təhsil xərclərinin maliyyələşdirilməsinə 37,9 milyon manat vəsait ayırılır ki, onun da müəyyən bir qismi qazilərin övladları üçün nəzərdə tutulmuş təhsil xərcləridir. Mənbə
Göründüyü kimi Amerika və Avropada idman kommersiyalaşıb, biznes və idman federasiyaları arasında razılıq əsasında Dünya və Olimpiya çempionlarına aylıq və illik qonorar, yardım fondu təyin edilir. Həmin vəsaitlərin həcmi 100 milyonlarla dollara bərabərdir və bu məbləği milyarderlər, nəhəng şirkətlər maliyyələşdirir. Fransa Olimpiyadasında və digər beynəlxalq yarışlarda yüksək nəticə əldə etmiş idmançılara ödənilən böyük pulların sahibi marketinq və reklam şirkətləri, müxtəlif holdinq və korporosiyalardır.
ABŞ və Avropada ildə 5, 10, 50, 100 milyon dollar və daha çox qazanan Olimpiya çempionlarının illik gəlirlərinin müqabilində reklam və sponsor gəlirləri olmayan Olimpiya medalçılarına, o cümlədən, Azərbaycan idmançısına isə dövlət özü dayaq durur, onların beynəlxalq idman ailəsinin digər üzvləri arasında sıxıntı çəkməməsi, öz layiqli adına uyğun maddi dəyərlə təmin olunması üçün sosial borcunu ödəyir. Olimpiya Oyunlarının qaliblərinə verilən maddi dəyər Azərbaycan idmanına verilən dəyərin təzahürüdür. Azərbaycan 500-600 min manat mükafat verməklə öz idmançısına olan ehtiramını nümayiş etdirir. Bu, maddi pul dəyəri beynəlxalq yarışlarda Azərbaycan Bayrağının ucaldılmasına, Dövlət Himnimizin səsləndirilməsinə verilən qarşılıqdır. Bu, eyni zamanda, Prerzident İlham Əliyevin Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bəyan etdiyi kimi gənc nəslin, yeni yetişən idman ailəsinin uğurlarına açılan çığırdır, motivasiyadır. Sitat: “Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”. istinad
Azərbaycan dövləti digər ölkələrdən fərqli olaraq öz idmançısına pul və maddi dəyər ilə yanaşı, Vətənin adını uca tutuduğuna, Bayrağını ucaltdığına, Himninin səsləndirdiyində görə, ordenlə təltif edərək dövlət üçün ən dəyərli şəxs olduğunu sərgiləyir. Məsələn, Hidayət Heydərov və Zelim Kotsoievin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, digər idmançıların isə 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması Vətən qarşısında nailiyyətlərinə verilən müstəsna dəyər atributudur.
Nəticə:
-Olimpiadada yüksək nəticə göstərmiş idmançıların mükafatalandırılması ənənəsi dünya ölkələrinin böyük əksəriyyətində mövcuddur. Bəzi ölkələrdə yüz minlərlə pul mükafatı ilə yanaşı, dəyəri milyonlarla ölçülən daşınmaz və daşınar əmlaklar hədiyyə olunur.
-“Azadlıq” qəzetinin Olimiada qaliblərinin mükafatlandırılması fonunda qazilərə 80 manat aylıq təqaüd verilməsi barədə məlumatı təxribat xarakterli manipulyasiyadır. 80 manat müavinət alan müharibə veteranlarıdır və onların sağlamlığı iş və əmək funksiyasını yerinə yetirməyə qadirdir müxtəlif dövlət və qeyri-dövlət, biznes sektorlarında normal çalışaraq gəlir əldə edirlər. Qazilər isə fiziki qüsur və sağlamlıq imkanları məhdud olan müharibə əlilləridir, onların əmək qabiliyyəti məhdud olduğundan dövlət onlara sosial təminatlar yaradır, müavinətlər verir. Həmin müavinətin məbləği isə 80 manat deyil, çox yüksəkdir.