Erməni ifaçı Gor Yepremyan “Sirun jan” adlı yeni mahnısını "youtube" kanalında yayımlayıb.

Bu klipdə səslənən melodiyanın Azərbaycanda çox məşhur olan "Anadır arzulara hər zaman Qarabağ" mahnısından götürüldüyü dərhal sezilir.

Erməni müğənni isə "youtube" kanalında melodiyanı  "erməni xalq mahnısı" kimi təqdim edib.

Eməni ifaçının bu addımı sosial mediada Azərbaycanlı istifadəçilər tərəfindən etirazla qarşılanıb.

Faktyoxla Lab. əsərin kimə məxsus olması ilə bağlı araşdırma aparıb.

Erməni ifaçı Gor Yepremyan “Sirun jan” adlı yeni  mahnısı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, tanınmış bəstəkar Bəhram Nəsibovun söz və musiqi müəllifi olduğu “Qarabağ” mahnısı 1968-ci ildə yazılıb. 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində Azərbaycan musiqisi kimi qeydiyyata alınıb, "662 nömrəli" şəhadətnamə verilib.

Bildirilir ki, plagiatın əlavə sübutu olaraq həm Əsər (bir neçə fərqli ifada), həm “Sirun jan” videosu oxşarlığın müəyyən edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilmişdir. Ekspert qismində Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov çıxış etmiş və apardıqları araşdırmanın nəticəsi olaraq müəyyən etmişlər ki, erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın çahargah ladında yazdığı “Qarabağ” əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal “Qarabağ” adı “Sirun jan” adına, “Anadır arzulara hər zaman Qarabağ” cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək, Əsər təhrif edilmişdir.

Sözləri və musiqisi Bəhram Mansurova məxsus olan "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ilk dəfə 1972-ci ildə Azərbaycan Xalq Artisti, məşhur müğənni Arif Babayev oxuyub. 

Araşdırma zamanı bəlli oldu ki, Bəhram Mansurovun ilk mahnısı, daha doğrusu, onu ictimaiyyətə təqdim edən ilk yaradıcılıq işi, şöhrət gətirən də məhz şövq ilə yazılmış “Qarabağ” mahnısı olub. Müəllif bu mahnını əvvəl tarda ifa edib, sonradan sənət dostlarının təklifi ilə el məclislərində iştirak etmək üçün dövrün populyar aləti olan gitarada çalmağa başlayıb.

Xalq artisti Arif Babayev B.Nəsibovla bağlı xatirələrində qeyd edib ki, ifaçı ona təklif olunan bu mahnını bir neçə il sonra oxuyub. Necə deyərlər, tutacağına şübhə edib. Yalnız bir neçə il sonra Arif Babayev özü bu mahnını xatırladıb və tədbirlərin birində oxuyub. Lentə alınan nəğmə qısa zamanda ritmik mahnı kimi istər konsertlərdə, istərsə də məclislərdə sevilərək dinlənilib.

Diplomsuz bəstəkarın bu mahnısı Azərbaycan sərhədlərini aşandan sonra da heç nə dəyişmir. “Qarabağ bülbülləri” kimi yeni kollektivin, bir anda sənət dünyasında günəş kimi parlayan heyətin ifasında səslənir. Murad Rzayevin yaratdığı bu kollektiv, daha doğrusu, onun dörd məktəbli üzvü haqqında SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə 1977-ci ildə qısametrajlı film çəkilir. Kvartetin ifasında “Qarabağ” mahnısından parça kinolentə daxil edilsə də, yenə müəllifinin adı qeyd olunmur.

Mahnının təsirli, maraqlı ifaçılarından biri də Əməkdar artist, xanəndə Süleyman Abdullayev olub. İfaçı 1978-ci ildə teleradionun sifarişi ilə “Yeni il” konserti üçün bu mahnını da lentə yazdırır. Bu dəfə ona muğam hissəsini də əlavə elətdirir. Amma proqram tərtibatçıları vaxtı bəhanə gətirərək məhz muğam hissəsinin çıxarılması şərti ilə mahnını efirə verirlər. istinad

Mahnının sözlərinin Bəhram Mansurova aid olmasını təsdiqləyən daha bir fakt. Bəstəkarın oğlunun dediyinə görə, B.Mansurovun bu mahnısının efirdə səsləndirilməsi üçün o vaxtki televiziya rəhbərliyi şeirin bəzi sözlərində dəyişiklik təklif edib. Bəstəkar efirlərdən birdəfəlik uzaqlaşdırılacağından ehtiyat edərək könülsüz şəkildə şeirin son bəndinə dəyişiklik edib.

Amma şəxsi arxivində saxlanılan sənəddə müəllif dəyişikliyi rədd edib üstündən xətt çəkir.  istinad

Bu mahnı müxtəlif vaxtlarda Könül Xasiyeva, Aygün Bəylər, Mənsum İbrahimov, Aygün Kazımova və digər məşhur ifaçılar tərəfindən televiziya və radiolarda səsləndirmişlər.

“Qarabağ” adlı mahnı 2009-ci ildə TRT-nin təşəbbüsü ilə "Türk Dünyasında Savaşların Müzikteki İzleri" adlı alboma daxil edilmişdir. Albomdakı mahnını Ali Haydar Gül ifa edib.

Bütün arxiv sənədləri “Qarabağ” mahnısının Azərbaycan müəlliflinə məxsus olduğunu göstərir. Erməni əsilli ifaçı Gor Yepremyan isə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və “Sirun jan” adı ilə oxuyub. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir.

Bu hal milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də 

- Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin;

- Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının;

- ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair müqaviləsinin müddəalarının pozulmasıdır

NƏTİCƏ:

- Erməni ifaçı Gor Yepremyanın ifa etdiyi “Sirun jan” mahnısı plagiatdır.

- Bəhram Nəsibovun adı göstərilməməklə müəllif hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulmuşdur.

Mövzu ilə bağlı Faktyoxla Lab.-ın hazırladığı videonu bu linkdən izləyə bilərsiniz: