Axtarış

Select theme:

2026-cı il ABŞ Milli Müdafiə Strategiyası: Amerika realizminin yeni dövrü

Vaşinqtonun ən son müdafiə doktrinası qlobal müdaxilədən milli maraqlara əsaslanan təhlükəsizliyə fundamental dəyişiklik siqnalını verir.

ABŞ-nin Müharibə Nazirliyi “Soyuq Müharibə”nin sonundan bəri Amerika hərbi siyasətinin ən əhəmiyyətli reoriyentasiyası hesab ediləcək 2026-cı il Milli Müdafiə Strategiyasını açıqlayıb.

Bu strategiya onilliklərlə davam edən müdaxiləçi doktrinalardan imtina edərək "adi məntiq realizmi" adlandırdığı çərçivəni üstün tutur — bu çərçivə qlobal öhdəliklərdən daha çox Amerika maraqlarına birbaşa təhdidləri prioritetləşdirir.

Strategiya son dövrlərdəki Amerika xarici siyasətinin qiymətləndirilməsi ilə başlayır. Sənəddə bildirilir ki, son 30 il ərzində Vaşinqton dövlət quruculuğu layihələri həyata keçirib, baha başa gələn xarici öhdəlikləri qoruyub saxlayıb və kritik sənaye sahələrinin xaricə köçməsinə imkan verib. Bütün bunlar baş verərkən isə ABŞ-nin strateji rəqibləri öz mövqelərini gücləndiriblər. Pentagonun strateqlərinə görə, nəticədə çoxsaylı müharibə məkanlarında (teatrlarında) eyni anda genişmiqyaslı münaqişələrin olduğu bir dünyaya sahib olmuşuq.

Strategiyada deyilir ki, "Bizim artıq hər yerdə, hər kəs üçün hər şeyi etmək imkanımız yoxdur". Bu, 1991-ci ildən bəri Amerikanın müdafiə siyasətini xarakterizə edən universalist ritorikadan aydın şəkildə uzaqlaşmaqdır.

Yeni yanaşma üç əsas prinsipə əsaslanır:

"Hər şeydən öncə Amerika" - ABŞ-nin milli mənafelərini abstrakt qlobal öhdəliklərdən üstün tutulur;

"Güc vasitəsilə Sülh" - üstün hərbi güc sabitliyin əsası kimi vurğulanır;

 və "Ümumi Ağılla Realizm" - ideoloji çərçivələr yox, konkret mənafelər əsasında təhdidlərin qiymətləndirilməsini tələb edir.

Bəlkə də ən diqqətəlayiq məqam odur ki, strategiya onilliklər ərzində ilk dəfə olaraq daxili müdafiəni ən yüksək prioritetə qaldırır. ABŞ ərazisinə qanunsuz miqrasiya, narko-terrorizm, kibermüharibə, dron texnologiyası və raket sistemləri də daxil olmaqla yönələn təhdidlər artıq ənənəvi hərbi rəqiblərlə eyni səviyyədə qiymətləndirilir.

Sənəddə Qərb yarımkürəsindəki strateji məkanlara – Panama Kanalı, Qrenlandiya, Arktika regionu və "Amerika Körfəzi" (Meksika Körfəzi) adlandırdığı əraziyə xüsusi diqqət yetirilir. ““Monro doktrinası”nın məntiqi davamı” adlandırılan bu yanaşma, Amerikanın yerləşdiyi coğrafi məkanda üstünlüyünü yenidən təsdiqləyir.

Yeni sənəddə Çin Xalq Respublikası əsas strateji çağırış kimi ortaya çıxır.

Strategiya Pekini son bir əsrdə ABŞ-nin qarşılaşdığı ən əhəmiyyətli uzunmüddətli rəqib kimi xarakterizə edir, Çinin böyük hərbi investisiyalarını, Çin Xalq Azadlıq Ordusunun sürətli modernləşməsini və Hind-Sakit Okeanı hövzəsində ticarət yollarına artan təsirini əsas gətirir.

Lakin sənəddə bəyan edilmiş məqsəd orada rejim dəyişikliyi etmək deyil, onlardan üstün olmaqla müdafiə olunmaqdır. Başqa sözlə desək, heç bir güc ABŞ və ya onun müttəfiqləri üzərində üstünlük əldə edə bilməz. Strategiya “Birinci Adalar Zəncirində” möhkəm müdafiə qabiliyyətlərinin yaradılmasını və Çinin mümkün təcavüzünü hərbi baxımdan mənasız etmək üçün "qarşısını almaq yolu ilə çəkindirmə"nin tətbiqini tələb edir.

Rusiya ilə bağlı strategiyaya gəldikdə isə, burada əvvəlki Pentagon sənədlərindən xeyli fərqli ton hiss edilir.

Moskva Şərqi Avropa üçün regional hərbi təhdid və inkişaf etmiş kiber və kosmik imkanlara malik qlobal nüvə gücü kimi qəbul edilir. Strategiyada vurğulanır ki, NATO-nun kollektiv iqtisadiyyatı Rusiyadan qat-qat üstündür və Avropanın öz müdafiəsi üçün kifayət qədər resursu var.

Buradan çıxan məna isə odur ki, Avropa ölkələri  təhlükəsizlikləriyə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər, bu da ABŞ-yə diqqətini Hind-Sakit Okean bölgəsinə və özünün müdafiəsinə yönəltməyə imkan verəcək.

Yaxın Şərqlə bağlı strategiyada bildirilir ki, ABŞ-nin son hərbi əməliyyatları İranın nüvə proqramını effektiv şəkildə məhv edib, “HƏMAS”, “Hizbullah” və “Husi” dəstələrini ciddi şəkildə zəiflədib. İndi Amerika yanaşması böyük miqyaslı ABŞ hərbi mövcudluğunu qorumaq əvəzinə İsrailin gücləndirilməsinə, Körfəz ölkələri ilə tərəfdaşlığın möhkəmləndirilməsinə və “Abraham Sazişləri” çərçivəsinin genişləndirilməsinə yönəlib.

Şimali Koreya Cənubi Koreya, Yaponiya və potensial olaraq ABŞ ərazisi üçün birbaşa nüvə təhdidi kimi xarakterizə olunur. Lakin strategiyada qeyd edilir ki, rəsmi Seul Amerikanın məhdud dəstəyi ilə çəkindiricilik fəaliyyətində aparıcı rol oynamalıdır.

Yeni strategiyanın əsas xüsusiyyətlərindən biri də qlobal müdafiə xərcləri üçün bir meyar təklif etməsidir: ÜDM-in 5%-i, bunun 3,5%-i əsas hərbi imkanlara, 1,5%-i isə təhlükəsizliklə bağlı xərclərə ayrılmalıdır. Bu standart yalnız NATO üzvlərinə deyil, həm də dünya üzrə müttəfiqlərə tətbiq olunmaq üçün nəzərdə tutulub.

Bu təklifi müşayiət edən mesajı isə belədir: ABŞ özünü müdafiə etmək imkanı olan varlı ölkələrin təhlükəsizliyini subsidiyalaşdırmağa davam etməyəcək.

Strategiya Amerika müdafiə səylərini dörd əsas prioritetə bölür:

  • ABŞ-nin müdafiəsi sərhəd nəzarəti tədbirləri, raketdən müdafiə sistemləri (təklif olunan "Qızıl Qübbə" müdafiə sistemi daxil olmaqla), dronlara qarşı imkanlar, nüvə modernləşdirilməsi və təkmilləşdirilmiş kibermüdafiəni əhatə edir;
  • Çin qarşısının alınması ‒ inkişaf etmiş imkanlar, gücləndirilmiş regional ittifaqlar və etibarlı qüvvə ilə dəstəklənən strateji kommunikasiyalar vasitəsilə Hind-Sakit Okean bölgəsində hərbi üstünlüyü qorumağa yönəlib;
  • Məsuliyyətin (hərbi yükün) yenidən bölüşdürülməsi ‒ Avropanı Avropanın təhlükəsizliyini və Yaxın Şərqdəki tərəfdaşları isə həmin regionda liderliklərini təmin etməyə, habelə Koreya Respublikasını Koreya yarımadasına görə əsas məsuliyyəti üzərinə götürməyi və Afrikada ABŞ-nin terrorizmə qarşı mübarizədə məhdud iştirakını tələb edir;
  • Müdafiə sənayesinin dirçəldilməsi ‒ müdafiə istehsalını ölkəyə qaytarmağı, süni intellektə və yeni texnologiyalara üstünlük verməyi, silah istehsalını sürətləndirməyi və Amerikanı "21-ci əsrin əsas silah istehsalçısı"na çevirməyi nəzərdə tutan milli sənaye səfərbərliyinə bərabər bir addımı elan edir.

Sənəddə əsas strateji anlayış "eyni vaxtlılıq problemi"dir ‒ ABŞ-nin müxtəlif regionlarda eyni anda bir neçə böyük münaqişə ilə üzləşmə riski. Təklif olunan həll yükü dəyişir: müttəfiqlər kollektiv müdafiə çərçivələrində asılı vəziyyətdən tam töhfə verənlərə keçməlidirlər.

Bu yanaşma II Dünya Müharibəsindən bəri Amerika qlobal strategiyasının təməlini təşkil edən müttəfiqlik sisteminin əsaslı şəkildə yenidən qurulmasını ifadə edir. Əvvəllər əgər ön cəbhəyə yerləşdirilmiş ABŞ qüvvələri əsas çəkindirici rol oynayırdılarsa, bundan sonra bu vəzifə regional tərəfdaşlara keçəcək. ABŞ-nin dəstəyi isə yalnız yardımçı funksiya daşıyacaq.

Beləliklə, ABŞ dünyaya əməliyyat əsaslı münasibət təklif edir. Vaşinqton beynəlxalq sistemdə nə ümumi hökmranlıq, nə də mənəvi liderlik axtarmır. Bunun əvəzinə, o, Amerika maraqlarına yönələn təhdidlərə “sıfır dözümlülük” və zərurət yarandıqda qətiyyətli güc tətbiq etməyə hazır olduğunu vəd edir, lakin bunu artıq geniş ideoloji və ya humanitar missiyalar çərçivəsində təqdim etmir.

Sənəddə deyilir, "Sülh yalnız Amerika güclü olduqda mümkündür", "Güclü olmaq fəth (işğal) etmək üçün deyil, çəkindirmə üçündür”.

2026-cı il Milli Müdafiə Strategiyası həm də Amerika gücünün və qlobal sabitliyin gələcəyi ilə bağlı əhəmiyyətli suallar doğurur.

Strategiyanı dəstəkləyənlər iddia edirlər ki, bu strategiya Amerikanın limitləri və müttəfiqlərin məsuliyyəti barədə gecikmiş realizmi təmsil edir. Onlar bildirirlər ki, Soyuq Müharibədən sonrakı Amerika qlobal əməkdaşlıq modeli davamlı olmadığı sübuta yetirilib və prioritetləri aydınlaşdırmaq ən vacib yerlərdə uzunmüddətli hərbi üstünlüyü qorumaq üçün zəruridir.

Strategiyanın uğuru isə müttəfiqlərin yanaşmasından asılı olacaq: onlar yükün (məsuliyyətin) bölüşdürülməsini ABŞ-nin onları tərk etməsi kimi qəbul edəcəklər yoxsa bu sahədə daha çox müstəqillik imkanı qazanmaq kimi dəyərləndirəcəklər?

Aydın olan odur ki, 2026-cı il Milli Müdafiə Strategiyası bir sıra məqamlarla bağlı artıq dönüş nöqtəsi hesab edilə bilər. Bunun dəyişən geosiyasi şəraitə uyğunlaşma, yoxsa qlobal liderlikdən imtina olub-olmayacağı isə zamanla bilinəcək.

 

Oxşar məqalələr: