REAL Partiyasının katibi, iqtisadçı Natiq Cəfərli feysbuk səhifəsində yazdığı postda hökumətin ünvanına yeni ittihamlar səsləndirib. O, bildirir ki, yaxın aylarda ölkədə parlament və bələdiyyə seçkiləri keçirildikdən sonra 5 il ölkədə heç bir seçki olmayacaq və nəticədə hökumətin iqtisadi-maliyyə, vergi və digər sahələrdə qiymət artımlarına getməsi üçün rahat şərait yaranacaq.

Faktyoxla Lab. N.Cəfərlinin 5 bənd üzrə qruplaşdırdığı iddialarının nə dərəcədə əsaslı olub-olmamasına aydınlıq gətirməyə çalışıb.

Birinci iddia: “2025-in sonu, ya da 2026-nın əvvəlinə manat ucuzlaşacaq, ən yaxşı halda 10 %, ən pis ssenaridə 25% devalvasiya olacaq”..

Devalvasiyanı, yəni ölkənin milli valyutasının dönərli xarici valyutalar (dollar və avro) qarşısında məzənnəsinin aşağı düşməsini və ya ucuzlaşmasını bir neçə fundamental iqtisadi faktorlar müəyyən edir. Həmin əsas faktorlardan birincisi milli valyutanın dayanıqlılığında başlıca rol oynayan cari əməliyyatlar və tədiyyə balansıdır.
Azərbaycanın tədiyyə balansının vəziyyəti həm yerli, həm də beynəlxalq maliyyə qurumları tərəfindən qənətbəxş qiymətləndirilir. Statistik məlumatlara görə, 2024-cü ilin yanvar-may aylarında ölkəmizin xarici ticarәt dövriyyәsinin həcmi 18,4 milyard dollar təşkil edib. Əmtəə dövriyyəsinin 11,3 milyard dolları ixrac, 7,3 milyard dolları idxaldır. Xarici ticarәt saldosu 3,8 milyard dollara bərabərdir. Yəni, ölkəmizə daxil olan xarici valyutanın həcmi çıxan valyutanın həcmindən təxminən 4 milyard dollar çoxdur. Bu fakt ölkəmizdə böyuk həcmdə dollar ehtiyatının olmasının göstəricisidir. (istinad)
Azərbaycanın cari əməliyyatlar  balansının vəziyyəti də qənaətbəxşdir. 2023-cü ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 9-10 milyard ABŞ dolları təşkil edib. 2024-2025-ci illərdə isə tədiyyə balansının cari hesabının orta illik profisitinin 7,5 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Bu amil də xarici valyutanın və Azərbaycanın suveren yığımların dayanıqlılığı üçün mühüm əhəmiyyət kəsb edir. (istinad)
İkinci mühüm faktor
dollar likvidliyi, əhalinin və biznesin dollara olan tələbatının ödənilməsinin vəziyyətidir. Ölkəmizin valyuta hərraclarında dollara olan tələbini Dövlət Neft Fondu (DNF) və Mərkəzi Bank təmin edir. İlk növbədə, Neft Fondu hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına dollar çıxarır və dollar resursları Fondun gəlirləri hesabına təmin olunur. Fond 2024-cü ilin 5 ayı ərzində “Azəri-Çıraq-Günəşli”(AÇG) yatağından 2,6 milyard dollar, “Şahdəniz” yatağından 250 milyon dollar, kondensatın satışından isə 60 milyon dollardan çox gəlir əldə edib. Yəni, təkcə neft-qaz satışı üzrə gəlirləri 3 milyard dollara yaxın olub. istinad
DNF-nin neft və qaz satışından başqa bonuslar, tranzit gəlirləri, beynəlxalq maliyyə bazarlarında yerləşdirilən istiqraz, səhm, əmlak, qızıl və digər qiymətli kağızların idarə olunmasından da qazandığı gəlirləri də nəzərə alsaq, Fondun bu dövrdə gəlirləri 5 milyard dollardan çox olub. Təkcə, birinci rübdə DNF-nin aktivlərinin idarə olunmasından əldə etdiyi gəlirlər 1.8 milyard manatı və ya 1,1 milyard dolları ötüb. istinad

Beləlilklə, yanvar ayında cəmi aktivləri 56 milyard dollara bərabər olan Fondun akitvlər portfeli 3 ay ərzində 1,3 milyard dollardan çox artaraq 57,4 milyard dollara yaxınlaşıb. istinad
2024-cü ilin yanvar-may aylarında Mərkəzi Bank tərəfindən keçirilən 37 valyuta hərracında isə dollara olan tələb 2 milyard 968 milyon olub ki, bu tələbatı ödəməyə Fondun gəlirləri artıqlaması ilə bəs edir. istinad
Göründüyü kimi DNF-nin təkcə neft və qaz satışından əldə etdiyi valyuta gəlirləri hərraclardakı tələbi tam təmin etməyə qadirdir. Fondun aylıq gəlirləri 900 milyon dollar, transfertləri (bazarda dollar satışı) isə aylıq 600 milyon dollardan da azdır. Bu isə Neft Fondunun ölkədəki valyuta tələbatını artıqlaması ilə ödədiyini təsdiqləyir.
Ümumiyyətlə, əgər ölkədə dollara olan əlavə tələbat yaranırsa, Mərkəzi Bank öz ehtiyatlarının bir hissəsini dollar satışına yönəldir. DNF-nin valyuta satışları kifayət etdiyindən, Mərkəzi Bankın öz valyuta rezervlərindən istifadə etməsinə ehtiyac qalmır. Bunun nəticəsidir ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2024-cü ilin 5 ayı ərzində 0,9 faiz, son bir ildə isə 27,7 faiz artaraq 11,7 milyard ABŞ dollarını ötüb. istinad
Beləliklə, Azərbaycanda dollar artıqlığı və profisiti manatın dayanıqlılığını tam təmin edir və hansısa təzyiq və məzənnə təhdidlərini tamamilə neytrallaşdırır.
Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın birlikdə dollar ehtiyatları 69,7 milyard dollar olmaqla Azərbaycanın böyük strateji rezervlərə malik olmasını təsdiqləyir. Bu ehtiyatlar isə manat üçün güclü və möhkəm təhlükəsizlik yastığı rolunu oynayır.

 

Həmçinin, ölkəmizdə bankların dollar resurslarının həcmi xeyli artıb və cəmi bank sektorunda milyard dollardan çox ehtiyat bazası vardır. 2024-cü il aprelin 1-nə olan dövr ərzində Azərbaycanın bank sektorunun aktivləri 48 milyard 909 milyon manat təşkil edib ki, bu da 29 milyard dollara yaxın resurs deməkdir. mənbə
Manatın məzənnəsinə təsir edən amillər sırasında neftin satış qiymətinin təsiri də əsaslı rol oynayır. Hazırda dünya birjalarında “Brent” və “WTI” markalı xam neftin 1 barelinin qiyməti 84-88 dollar arasındadır, neftin satış qiyməti 40 dollardan aşağı enəcəyi təqdirdə manata təzyiq yükü yarana bilər.
Dünya enerji ekspertlərinin fikrincə, 2024-cü ildə “Brent” markalı neftin qiyməti orta hesabla 80-85 dollar/barel olacaq. Bu da optimist ssenaridir.
Manatın 2024-cü və qarşıdakı illərdə məzənnəsi ilə bağlı beynəlxalq maliyyə institutlarının, reytinq agentliklərinin proqnozları da olduqca ümidvericidir. Belə ki, tədqiqat mərkəələrinin orta qiymət ssenarisi 80-90 dollar civarında proqnozlaşdırır. mənbə
Ona görə də hazırki optimist ssenari manatın məzənnəsinin dayanıqlılığı üçün güclü əsaslar yaradır.
Beynəlxalq maliyyə institutlarının rəy və hesabatlarında da Azərbaycan manatının real effektiv məzənnəsi və sabitliyi ilə bağlı proqnozlar yer alıb.

 
“Fitch Ratings” beynəlxalq reytinq təşkilatının açıqladığı proqnoz-hesabatda Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondlara malik olduğu bildirilir. Təşkilatın yaxın 3 illik proqnozuna əsasən manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq. istinad
“Fitch Group”a məxsus “Fitch Solutions” institutu da 2027-ci ilə qədər manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırır. Proqnoza görə 2033-cü ilə qədər ABŞ dollarının manata nisbətdə məzənnəsi 1,80 səviyyəsində qalacaq. mənbə


“Standard & Poor’s” (S&P Global Ratings) reytinq təşkilatı da bir müddət əvvəl Azərbaycan manatının ABŞ dollarına nisbətən  məzənnəsinin 1,7 manat olacağı barədə proqnoz verib. Belə ki, manatın məzənnəsini dəstəkləyən əsas indikator olan tədiyyə balansı və cari əməliyyatlar hesabının 2028-ci ilə qədər profisitli həddə qorunacağı bildirilir

“ING Group” institutu və Asiya İnkişaf Bankının analitikləri də 2026-cı ilə qədər milli valyutanın dollara nisbətinin sabit olacağını proqnozlaşdırıb.


UNEC-in “Bloomberg” Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozuna əsasən, manatın məzənnəsinə təhdid edəcək ciddi faktorlar yoxdur. 

Azərbaycan hökumətinin konservativ proqnozlar ssenarisi də milli valyutanın mübadilə məzənnəsinin hazırki sabitliyinin qorunub saxlanacağından xəbər verir. “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024- 2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində müəyyən edilib. (2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi. Səh 17)
Beləliklə, bütün ssenarilər onu göstərir ki, manatın məzənnəsinə təsir edə biləcək daxili və xarici amil yoxdur.  Azərbaycan manatının məzənnəsi möhkəm və sabitdir, devalvasiya üçün heç bir fundamental əsaslar yoxdur.

İkinci iddia: “Yaxın 2 ildə kommunal və nəqliyyat sahəsində bahalaşma, qiymət artımı olacaq”.
Kommunal xidmətlərin və nəqliyyat tariflərinin artımını Tarif Şurası müəyyən edir və bu qurum hansısa xidmət sektorunda tariflərin artımına dair qərarı seçki və ya qeyri-seçki kampaniyası dövrünə görə deyil, həmin sektordakı maliyyə vəziyyətinə uyğun olaraq verir. Konkret olaraq, kommunal xidmət və nəqliyyat tariflərinə gəlincə, həmin sahələrdə gəlirlərin xərcləri ödəmədiyi bəllidir, ancaq dövlət hər il bu sahələrə büdcədən dotasiyalar ayırmaqla qiymət artımının qarşısını alır. Məsələn, 2024-cü ilin dövlət büdcəsindən ictimai nəqliyyat sahəsinə 55 milyon manat, “Bakı Metropoliteni”nə  50 milyon manat, “Azəristiliktəchizat” ASC-yə 46,5 milyon manat, kommunal təsərrüfatı sahəsinə 35 milyon manat subsidiya ayrılıb. Həmin dotasiyaların ayrılmasında da əsas məqsəd kommunal xidmətlərin və nəqliyyat tariflərinin təmin edilə bilməyən xərclərinin dövlət tərəfindən ödənilməsi və qiymət artımlarının qarşısının alınmasından ibarətdir. mənbə
Bu subsidiyalaşma mexanizmi hər il büdcə siyasətində yer alır və dövlət kommunal xidmət və nəqliyyat sektorunun artan xərclərini kompensasiya edir. Bu baxımdan seçki ilindən sonrakı dövrdə qiymət artımları barədə iddialar da məntiqsiz və qeyri-ciddi hesab oluna bilər.

Üçüncü iddia: “Cərimələrdə, vergi və icbari ödənişlərdə artım olacaq – məsələn, icbari tibbi sığorta haqları artırılacaq”.
Azərbaycanda yürüdülən vergi siyasətinin başlıca məqsədi optimallaşdırma, yəni biznes sektorlarına müxtəlif güzəşt və azadolmalar tətbiq etməklə vergi yükünün aşağı salınmasından ibarətdir və son illərdə bu istiqamətdə nəticə əsaslı mühüm dəyişikliklər baş verib. istinad
Məhz bu islahatların nəticəsidir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr sırasında vergi yükünün dərəcəsinə görə ən yaxşı ölkələr qrupuna daxil olub.
“Doing Business 2019” hesabatında ölkəmiz “Vergilərin ödənişi” (Paying taxes) indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib.
Son illərdə Vergi Məcəlləsinə 100-dən artıq əlavə və dəyişikliklər edilib ki, kənd təsərrüfatı sektoru, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib, heyvan və quş ətinin satışı sahəsində ƏDV güzəştlər tətbiq edilib, digər yeyinti mallarına tətbiq olunan vergi güzəştləri davam etdirilməkdədir. Tibb, bir sıra sosial-ictimai sahələrdə xidmətlər ƏDV-dən, əhalinin bank əmanətləri üzrə faiz gəlirlərinə tam şəkildə vergilərdən azad olunub. Sahibkarlıq fəaliyyəti sahəsində 10-dan artıq vergi güzəşti mövcuddur və növbəti illərdə digər vergi güzəştlərinin tətbiqi gözlənilir.
Vergi yükünün optimallaşdırılması xətti növbəti illərdə də əsas prioritet olacaq və siyasət vergiləri artırmağa yox, azaltmağa istiqamətlənib. mənbə
İcbari ödənişlərə gəlincə, icbari tibbi sığorta sosial fəlsəfəsinə görə vergi növüdür və vətəndaşların maaşından hesablanan aylıq 2 faizlik sığorta haqqı, digər vergi növləri kimi, məsələn əməkhaqqından tutulan 14 faizlik gəlir vergisi, Sosial  Müdafiə Fonduna hesablanan 3 faiz vergi, yaxud Həmkarlar İttifaqına ödənilən 1 faizlik dərəcə kimi sabit vergidir, yəni dərəcəsi heç vaxt dəyişməyən sosial xarakterli məcburi ödəniş növüdür.
İcbari sığorta haqları 2 yığım sütununa söykənir. 1. Vətəndaşların və işəgötürənlərin (biznes və təsərrüfat subyektləri) aylıq sığorta haqqı. 2. Dövlətin büdcə dotasiyaları və ya ayırmaları. (“Tibbi sığorta haqqında” Qanun. Maddə 15. “İcbari tibbi sığortanın əsas prinsipləri”.)
İcbari Sığorta yığımlarının, yəni Tibbi Sığorta Fondunun büdcəsinin hər il artması isə sığorta haqqının yüksəldilməsi hesabına deyil,  yeni əmək müqavilələri və iş yerlərinin rəsmiləşdirilməsi, rəsmi məşğulluğun təmin edilməsi sayəsində yeni ödəyicilərin yaranması hesabına baş verir. Hər il təxminən 40 min yeni əmək müqaviləsi qeydə alınır ki, bu da avtomatik olaraq əlavə sığorta yığımına səbəb olur və nəticədə sığorta ödənişi bazası da böyüyür.
Bütün bunlara baxmayaraq, icbari sığorta sistemində tələb olunan əlavə maliyyə vəsaitlərini yenə də dövlət üzərinə götürərək subsidiyalaşdırır. Məsələn, İcbari Tibbi Sığorta Fondunun 2024-cü il üzrə büdcəsi 2,8 milyard manat məbləğində təsdiq edilib ki, onun təxminən 1,2 milyard manatı əhali və biznesdən tutulan sığorta haqları, qalan əsas hissəsi birbaşa dövlətin ayırmalarıdır.
Göründüyü kimi icbari sığortada əlavə xərclər yarandıqda onu dövlət qarşılayır və bu baxımdan icbari tibbi sığorta haqlarının artırılmasından qətiyyən söhbət gedə bilməz.

Dördüncü iddia: “Ölkə ciddi borclanma yoluna keçəcək, yaxın illərdə 8-10 mlrd. dollara yaxın əlavə borc-kreditlər götürüləcək ki, bu da vətəndaşa büdcədən ayrılan vəsaitin azalmasına, həmin vəsaitin borcların qaytarılmasına yönəlməsinə səbəb olacaq”.
Azərbaycanın xarici dövlət borcunun məbləği 2024-cü il yanvarın 1-ə olan dövrə əsasən, 10,9 milyard manat və ya 6,5 milyard dollar təşkil edib. Bu, ÜDM-in 9,8-10 faizi deməkdir. istinad
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nə əsasən, ortamüddətli dövrdə xarici borcun həddinin 10 faizdə saxlanılması və ya 10 milyard dolları üstələməməsi əsas hədəf kimi müəyyən edilib. Xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində olması, növbəti illərdə də bu dəhlizin saxlanması nəzərdə tutulub.
Bu o deməkdir ki, yaxın illərdə Azərbaycanın xarici borclanması illik 500-600 milyon dollardan çox olmayacaq və ümumilikdə xarici borc dəhlizi sabit (10-11 faiz) saxlanılacaq. Bu isə N.Cəfərlinin yaxın illərdə hökumətin 8-10 mlrd. dollara yaxın əlavə borclanmaya gedəcəyi barədə fikirlərinin əsassız olmasına dəlalət edir.

Beşinci iddia: “Manatın devalvasiyası, kommunal xidmətlərin, vergi-ödənişlərin artması nəticəsində 2026-27-ci illərdə ölkədə daha güclü inflyasiya dalğası yaranacaq”.
Yuxarıda vurğuladığımız kimi manatın devalvasiyası, vergi və digər ödənişlərin artımı gözlənilmədiyindən yeni inflyasiya dalğasının baş verməsi üçün iqtisadi-sosial əsaslar da yoxdur. Daxili bazar, idxal, tədiyyə balansı amilləri ilə bağlı müsbət gözləntilər fonunda inflyasiyanın sabitliyi də möhkəmlənmiş olur.
Konkret olaraq beynəlxalq maliyyə qurumlarının Azərbaycanda 2024-2027-ci illərə dair inflyasiya proqnozlarına nəzər salmaqla bir daha əsil real mənzərəni izləyək.
İlk növbədə 2024-cü ilin yanvar-may aylarında ölkəmizdə inflyasiya ssenarisinə baxaq. Qeyd edək ki, bu dövrdə qiymət indeksi cəmi 0,6 faiz təşkil edib və aşağı meyillənmə qeydə alınıb.
Hətta gözləntilər daha yaxşı olduğundan Mərkəzi Bank inflyasiya proqnozunu daha da azaldıb. istinad
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ortamüddətli dövr üzrə inflyasiya proqnozları da əlverişli mühitdən xəbər verir. Ssenariyə əsasən, 2024-cü  ildə 5,3 faiz, 2025- ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz gözlənilir.

Beynəlxalq maliyyə institutlarının Azərbaycanda yaxın və ortamüddətli dövr üzrə inflyasiya proqnozları da qənaətbəxş və ümidvericidir.

Beynlxalq Valyuta Fondu, “Standart and Poors”, “Moods”, Dünya Bankı, “Fitch Raytings”, Asiya İnkişaf Bankı və digər mötəbər qurumların proqnozlarında yaxın 3 ildə orta illik inflyasiyanın 4-5 faiz dəhlizində olacağı öz əksini tapıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5% təşkil edəcək. mənbə
BVF-nin digər tərəfdaş institutlarla birgə orta baxış proqnozlarına görə isə Azərbaycanda 2025-ci ildə müşayiət olunacaq sabit qiymət indeksi 2026-2029-cu illərdə daha əlverişli olacaq, 4% intervalında inflyasiya qeydə alınacaq. istinad

Dünya Bankının proqnozlarına görə, ölkəmizdə inflyasiya 2024-cü ildə 2,2 faiz, 2025-ci və 2026-cı illərdə 2,3 faiz təşkil edəcək. mənbə
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq. istinad

Asiya İnkişaf Bankının (AİB) proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 5.5%, 2025-ci ildə isə 6.5% proqnozlaşdırılır. istinad
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, 2024-cü ildə və növbəti ildə Azərbaycanda orta illik inflyasiya proqnozu 3,5%, növbəti ildə 4,2 % diapozonunda olacaq.
mənbə mənbə
Niderlandın "ING Group"
u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 3,1 %, 2025-ci ildə 3,8 % olacağını proqnozlaşdırır. mənbə

“Fitch Rayting” təşkilatı da ölkəmizlə bağlı yuxarıdakı beynəlxalq iqtisadi institutların oxşar proqnozlarına uyğun inflyasiya gözləntilərini açıqlayıb. mənbə

Azərbaycan hökumətinin inflyasiya ilə bağlı proqnozları da sadaladığımız beynəlxalq təşkilatların gözləntiləri ilə təxmini olaraq üst-üstə düşür. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ortamüddətli dövrə dair baza-ssenaridə orta illik inflyasiya göstəricisi 2024-cü  ildə 5,3 faiz, 2025- ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz  səviyyəsində proqnozlaşdırılır

Beləliklə, dünyanın ən mötəbər iqtisadi institutlarının rəy və hesabatları, proqnoz gözləntilərinin yekdil məzmunu onu əsaslandırır ki, qarşıdakı 3-4 il ərzində Azərbaycanda orta illik inflyasiya birrəqəmli həddə, 4-5 faiz intervalında qalacaq. Sabit inflyasiya isə o deməkdir ki, 2025-ci və ya sonrakı ildə ölkəmizdə heç bir kommunal xidmətlərin, nəqliyyat tariflərinin, vergi və rüsumların, icbari sığorta haqlarının qiymətləri artmayacaq.

 

Yekun olaraq:

Natiq Cəfərlinin 5 bənd üzrə qruplaşdırdığı proqnozlar

- şəxsi təxəyyülə söykənir;

- iddia olunan fikirlərin heç biri elmi-iqtisadi dəlilə və arqumentə, ekonometrik təhlilə əsaslanmır;

- reallıdan uzaq, əsassız fərziyyələrdən ibarətdir.