Adı dünya üzrə ən qəddar terrorçular siyahısına salınmış Monte Melkonyanın qardaşı, ABŞ-də yaşayan yazıçı Markar Melkonyan 7 ilə “Qardaşımın yolu” (My Brother's Road) kitabını yazıb. Kitabın ilk çapı 2005-ci, təkrar çapı isə 2007-ci ildə baş tutub. Fransız, rus, erməni dillərinə tərcümə olunan kitabı Ermənistanda qəbul etmirlər. Kitab çıxandan sonra Ermənistanda və erməni diasporunda bu kitabın terrorçunun qardaşı tərəfindən yazılmasını təkzib edir, hətta onu Azərbaycan təbliğatının məhsulu kimi də qələmə verirlər.
Buna səbəb isə Markar Melkonyanın qardaşını “təmizə çıxarmaq” məqsədi ilə digər erməni quldur və canilərinin dəhşətli cinayətlərinin üstünü açmasıdır. Misal üçün, Xocalı qətliamında iştirak etmiş terrorçu qruplaşma “Arabo”-nun komandiri Manvel Yeqizaryan Markar Melkonyanın belə kitab yazmağından çox hiddətləndiyini bildirib, onun bir erməni kimi belə məlumatları qələmə almamalı olduğunu deyib (mənbə)
Son günlərdə isə bir çox mənbələrdə ingilis dilində yazılmış “Qardaşımın yolu” kitabının erməni dilinə tərcüməsində (erməni dilində "Avo: Monte Melkonyanın həyatı və ölümü") ciddi təhriflərə yol verildiyini, bir çox faktların dəyişdirildiyini, bəzi hissələrin isə ümumiyyətlə çıxarıldığı haqda məlumatlar yayılıb.
Faktyoxla Lab.-ın erməni redaksiyası bu faktı araşdırıb.
Markar Melkonyanın terrorçu qardaşı haqda yazdığı avtobioqrafik kitab ilk dəfə 27 fevral 2005-ci ildə Londonda “Hayaşen” mərkəzində təqdim olunub. Elə təqdimat günü “Nor Sarauntun səsi” qəzeti müəllifdən kitabla bağlı müsahibə alıb. Müsahibədə Markar Melkonyan qardaşının həyatı, kitabın yazılması ideyası, hazırlanmasına sərf edilən vaxt barədə məlumat verib və kitabda qeyd olunan bir çox fraqmentlərə aydınlıq gətirib.
O, bildirib ki, kitabın yazılması üçün 7 il 3 ay vaxt sərf edib, bu müddətdə Monte Melkonyanın Qarabağda qanlı savaşlarda olduğu bütün bölgələrə baş çəkib, onun silahdaşları ilə ətraflı söhbət edib. Onun sözlərinə görə, kitabın yazılmasında ona terrorçunun yoldaşı Seta Melkonyan kömək edib ki, bu qadın Monte ilə hər zaman bir yerdə olub və iti yaddaşı bir çox faktları xatırlamaqda, hadisələri təsdiqləməkdə və ya inkar etməkdə əvəzsiz rol oynayıb.
Bu məqamları həm də ona görə qeyd edirik ki, girişdə erməni mediası və sosial media nüfuz liderlərinin kitabın dəyişdirildiyi və hətta Azərbaycanın diktəsi ilə yazılması haqda iddialarının əsassız və uydurma olduğunu bir daha göstərək.
Kitab, qeyd olunduğu kimi fransız, rus və erməni dillərinə tərcümə olunub.
Kitabın fransız dili versiyasının yayıldığı bu səhifədən material bizə bəlli olmayan səbəblərdən silinib.
İngilis dilində olan versiya isə bu resursdan silinib.
İndi isə gələk erməni versiyasında dəyişiklik edilmiş məqamlara. Beləliklə, əlimizdə kitabın 2 dildə (ingilis dilində və erməni dilində) elektron versiyası var. Gətirdiyimiz faktlarla bağlı müqayisələri bu resurslardan araşdırmaq olar.
Araşdırma nəticəsində dəqiqləşdirdik ki, erməni dilində dərc olunan nüsxədə ən çox dəyişiklik 15-ci fəsildə, yəni “İntizamla bağlı problemlər” (və ya "İntizam Problemləri") bölümündə edilib. Öncədən bildirək ki, ingilis dilində olan ifadələrə toxunulmayıb, orijinalda yazıldığı kimi təqdim edilir:
Fakt 1.
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
Fevralın ortalarında Monte və onun vətənpərvərlərdən ibarət dəstəsi bu dəfə yaxınlıqdakı Xocalı şəhərinə planlaşdırılan hücum üçün daha çox kəşfiyyat məlumatı toplamaq məqsədi ilə Stepanakertin şimalında və rayon mərkəzi Martunidən kifayət qədər məsafədə yerləşən Mehdişen kəndində düşərgə salmışdılar. 6000 nəfər əhalisi olan Xocalı Dağlıq Qarabağın qalası Şuşadan sonra azərbaycanlıların yaşadığı ikinci ən böyük şəhər idi. Xocalıdakı azərbaycanlılar Dağlıq Qarabağın yeganə hava zolağına nəzarət edirdilər və onların döyüşçüləri bölgədən keçən iki əsas yolu kəsirdilər: biri şərqə, digəri isə şimala. Bununla belə, Xocalıda silahlıların mövcudluğu əsasən müdafiə xarakteri daşıyırdı. Təxminən 40 "omon"çudan, əlavə də 60 və 200 nəfərdən ibarət özünümüdafiə dəstələrindən ki, bunların da əksəriyyəti təcrübəsiz çağırışçılardan ibarət idi |
Bu hissə çıxarılıb: Bununla belə, Xocalıda silahlıların mövcudluğu əsasən müdafiə xarakteri daşıyırdı. Təxminən 40 "omon"çudan, əlavə də 60 və 200 nəfərdən ibarət özünümüdafiə dəstələrindən ki, bunların da əksəriyyəti təcrübəsiz çağırışçılardan ibarət idi. |
Fakt 2.
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
Fevralın 16-da Montenin hücum əməliyyatı Stepanakertdəki rəislərindən təcili çağırış aldığı üçün dayandırıldı. O, durbinini qoyub Stepanakertdəki "Azadlıq döyüşçüləri" bulvarında yerləşən köhnə dəmiryol stansiyasında yerləşən Silahlı Qüvvələrin qərargahına tərəf qaçdı. Dağlıq Qarabağın eynəkli prezidenti, pəltək Artur Mkrtçyan izah edirdi ki, “Arabo” və “Aramo” dəstələri öz təşəbbüsləri ilə və icazəsiz Qaradağlı kəndinə hücum ediblər, kəndin azərbaycanlı müdafiəçiləri hücumu dəf ediblər. Atışma zamanı hücum edənlərdən biri öldürülüb. Mkrtçyan Montenin Qaradağlı ilə bağlı kəşfiyyat məlumatlarına malik olduğunu bilirdi və ondan xain bölmələr tərəfindən pozulan əməliyyatı başa çatdırmağı xahiş etdi. |
Ermənicə tərcümədə “Mkrtçyan Montenin Qaradağlı ilə bağlı kəşfiyyat məlumatlarına malik olduğunu bilirdi və ondan xain bölmələr tərəfindən pozulan əməliyyatı başa çatdırmağı xahiş etdi” cümləsində “xain bölmələr” (renegats) sözü “üsyankar” kimi yazılıb. |
Fakt 3.
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
Montenin rəsmi olaraq komandanlıq etdiyi ilk döyüş olan Qaradağlı uğrunda döyüşün uğurlu keçdiyi görünürdü. Ancaq tezliklə hər şey dəyişdi. “Arabo” və “Aramo” silahlıları aralarında qadınların da olduğu 38 əsiri itələyib kəndin kənarındakı xəndəyə salıblar. Əsirlərdən biri sarğılı əlində gizlətdiyi qumbaranı çıxarıb "vətənpərvərlər dəstəsindən" olan mühafizəçisi Levonun ayağının altına atıb. Partlayış nəticəsində onun ayağının bir hissəsi qopub |
“Arabo” və “Aramo” silahlıları aralarında qadınların da olduğu 38 əsiri itələyib kəndin kənarındakı xəndəyə salıblar" cümləsindəki “qadınların da olduğu” ifadəsi çıxarılıb |
Fakt 4.
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
Dünən ölən yoldaşlarının intiqamını hərisliklə almaq istəyən "Aramo" və "Arabo" əsgərləri istisnasız olaraq əsirlərə atəş açmağa və onları bıçaqla məhv etməyə başladılar. Əştərəkdən "vətənpərvərlər dəstəsi"ndən olan beş oğlanından biri - "Çapıq Edo” bir neçə yaralı əsgərin üzərinə benzin tökdü və kibritlə onlara od vurdu. Monte xəndəyə çatanda orada yalnız bir qalaq kül qalığı vardı. Monte əsirlərə zərər verilməməsi barədə ciddi əmr verdi. Boynundakı damarlar kəndir kimi qabarmışdı, səsi qışqırmaqdan xırıldayırdı, amma “Arabo"nun qara çalmalı komandiri heç vecinə də almadı, zəhlətökən milçək kimi Montedən üz döndərib, qənimətin yüklənməsinə davam etdi |
İlk cümlə “Vətənpərvərlər dəstəsindən olan döyüşçülər əsirlərə atəş açmağa və onları bıçaqla məhv etməyə başladılar” sayaq dəyişdirilib. “Əştərəkdən "vətənpərvərlər dəstəsi"ndən olan beş oğlanından biri - "Çapıq Edo” bir neçə yaralı əsgərin üzərinə benzin tökdü və kibritlə onlara od vurdu. Monte xəndəyə çatanda orada yalnız bir qalaq kül qalığı var idi” cümləsi isə tam çıxarılıb. Digər cümlədə isə “amma qara çalmalı “Arabo"nun kapitanı heç vecinə də almadı, zəhlətökən milçək kimi Montedən üz döndərib, qənimətin yüklənməsinə davam etdi” hissəsi çıxarılıb. Əvəzində ermənicə tərcümədə fikir “amma artıq gec idi” cümləsi ilə bitir. Məqsəd “Arabo” dəstəsinin lideri Manvel Yeqizaryana bəraət qazandırmaqdır. |
Fakt 5.
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
"Arabo" və "Aramo" dəstələri həmin gün ələ keçirdikləri bütün silahlarla - 78 tüfəng və min patronla yola düşdülər, həmçinin kənd anbarını qarət edib, satmaq üçün tonlarla buğda kisələrini apardılar. Talandan sonra kəndi yandırdılar. İki gün ərzində Qaradağlı və onun ətrafında ümumi olaraq 53 azərbaycanlı, erməni tərəfdən isə 3 nəfər öldürüldü ki, onlardan da biri Xaqortidən olan təsadüfi güllə ilə vurulmuş 60 yaşlı kənd sakini idi. |
2-ci və 3-cü cümlələr tam çıxarılıb: Talandan sonra kəndi yandırdılar. İki gün ərzində Qaradağlı və onun ətrafında ümumi olaraq 53 azərbaycanlı, erməni tərəfdən isə 3 nəfər öldürüldü ki, onlardan da biri Xaqortidən olan təsadüfi güllə ilə vurulmuş 60 yaşlı kənd sakini idi. |
Fakt 6.
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
İndi onların həmkəndliləri əsir düşmüş dörd azərbaycanlını “matax” – qan qurbanı üçün onlara təhvil verməyi xahiş etdilər. Axı yazılmışdı: gözə göz, dişə diş. Monte hirslə baxdı və onlar əliboş getdilər. Qaradağlıda əllidən çox azərbaycanlı əsir öldürülmüşdü. Amma bu, Dağlıq Qarabağ əhalisi arasında Montenin nüfuzuna xələl gətirən qətliam deyildi. Əksinə, qisas dağların dərinliklərinə qədər uzandı və hər iki tərəfdən ən uca səslər qan üçün qan tələb edirdi. Çox güman ki, Qaradağlı qətliamının onun əmrinə zidd olaraq baş verməsi faktı Montenin reputasiyasına zərər vurmuşdu. Kürəyindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılan "Keçəl Sergey”i ən az narahat edən azərbaycanlı qurbanlar idi. Onu qəzəbləndirən Montenin “Arabo”, Manvelin "vətənpərvərlər dəstəsi" tərəfindən ələ keçirilmiş sursatdan bir pay oğurlamasına mane olması idi. |
Bu abzas tam çıxarılıb: Qaradağlıda əllidən çox azərbaycanlı əsir öldürülmüşdü. Amma bu, Dağlıq Qarabağ əhalisi arasında Montenin nüfuzuna xələl gətirən qətliam deyildi. Əksinə, qisas dağların dərinliklərinə qədər uzandı və hər iki tərəfdən ən uca səslər qan üçün qan tələb edirdi. 3-cü abzasda olan “Onu qəzəbləndirən Montenin “Arabo”, Manvelin "vətənpərvərlər dəstəsi" tərəfindən ələ keçirilmiş sursatdan bir pay oğurlamasına mane olması idi" cümləsində “Manvel” sözü çıxarılıb. Söhbət “Arabo”nun komandiri, qatil Manvel Yeqizaryandan gedir. |
Fakt 7.
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
Monte başa düşürdü ki, nə vaxtsa Martunidə hakimiyyət əldə edə bilsə, bunu Stepanakertin fərmanına uyğun olaraq deyil, döyüş meydanında qazanmaqla nail alacaq. O, fevralın 22-də Vesala (Veysəlli-red.) strateji yüksəkliklərinə (Azərbaycan mövqelərinə) uğurlu ildırımsürətli hücumu həyata keçirdi. Lakin Vesaladakı qələbədən cəmi bir neçə gün sonra o, Qaradağlıdakından da daha qanlı nəticə ilə qarşılaşdı. |
Sonuncu cümlə- “Lakin Vesaladakı qələbədən cəmi bir neçə gün sonra o, Qaradağlıdakından da daha qanlı nəticə ilə qarşılaşdı" cümləsi tam çıxarılıb. |
Fakt 8
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
Fevralın 26-da o, Xocalının kənarındakı dağın ətəyində, üç həftə əvvəl ilk kəşfiyyat əməliyyatını keçirdiyi yerdə dayanıb qurumuş otların və qarın üzərindəki qan zolaqlarına baxırdı. Burada baş verən döyüşdən xəbər tutub Xocalıya çatan kimi, bəlkə də, gəlişinə bir neçə saat qalmış burada baş vermiş qırğının şəklini hissə-hissə bir yerə “yığmağa” başladı. Gecə saat 11 radələrində təxminən 2000 erməni döyüşçüsü keçənilki sıx kolların arasından keçməklə üç tərəfdən Xocalıya yaxınlaşaraq sakinləri sərbəst saxladıqları dəhlizdən şərqə doğru qovmağa başladılar. Fevralın 26-da səhərə yaxın qaçqınlar Dağlıq Qarabağın şərq zirvəsinə çatdılar və 6 mil aralıda yerləşən Azərbaycanın Ağdamında kömək axtarmaq üçün yamacdan enməyə başladılar. Orada, təpələrin arasında və görünən təhlükəsizlik hüdudlarında Dağlıq Qarabağın əsgərləri onları yaxaladılar. Qaçqın Raisa Aslanova "Human Rights Watch" müstəntiqlərinə deyib: “Onlar sadəcə güllələyirdilər, güllələyirdilər, güllələyirdilər". Daha sonra “Arabo” silahlıları bıçaqlarını qınından çıxararaq, qarşılarına çıxan hər kəsə bıçaq zərbələri vurmağa başladılar. İndi quru kolların arasında az müddət öncə başlamış və hələ meyitlərin qoxusunu tam aparmağa vaxt tapmamış külək əsirdi. Monte Martuniyə cəmi 22 gün əvvəl gəlmişdi, lakin o, artıq əsirlərin və silahsız mülkilərin qanı ilə suvarılan iki qətl yamacında gəzmişdi. Yetkin kişilərə gəlincə, hər iki tərəf nadir hallarda yaraqlılarla mülki şəxslər arasında fərq qoyurdu. Halbuki, Xocalıya qədər erməni yaraqlıları qadın və uşaqlara aman verir, ya onları azad edir, ya da girov götürərək hərbi əsirlərlə dəyişirdilər. Bu baxımdan onlar düşmənlərindən üstün idilər, lakin Xocalı onlara fərqi kəskin şəkildə azaltmaq imkanı verdi. Monte qadınların və qızların kukla kimi səpələnmiş meyitlərinin olduğu ölü meşənin içi ilə addımlayırdı. "Heç bir intizam yoxdur" - deyə dodaqaltı deyinirdi. O, bu tarixin əhəmiyyətini bilirdi: Sumqayıt şəhərində ermənilərə qarşı qırğınların dördüncü ildönümü idi. Xocalı strateji məqsəd olmaqla yanaşı, həm də qisas aktı idi. |
1-ci cümlədən sonrakı hissə axıradək çıxarılıb: ...Burada baş verən döyüşdən xəbər tutub Xocalıya çatan kimi, bəlkə də, gəlişinə bir neçə saat qalmış burada baş vermiş qırğının şəklini hissə-hissə bir yerə “yığmağa” başladı. Gecə saat 11 radələrində təxminən 2000 erməni döyüşçüsü keçənilki sıx kolların arasından keçməklə üç tərəfdən Xocalıya yaxınlaşaraq sakinləri sərbəst saxladıqları dəhlizdən şərqə doğru qovmağa başladılar. Fevralın 26-da səhərə yaxın qaçqınlar Dağlıq Qarabağın şərq zirvəsinə çatdılar və 6 mil aralıda yerləşən Azərbaycanın Ağdamında kömək axtarmaq üçün yamacdan enməyə başladılar. Monte qadınların və qızların kukla kimi səpələnmiş meyitlərinin olduğu ölü meşənin içi ilə addımlayırdı. "Heç bir intizam yoxdur" - deyə dodaqaltı deyinirdi. O, bu tarixin əhəmiyyətini bilirdi: Sumqayıt şəhərində ermənilərə qarşı qırğınların dördüncü ildönümü idi. Xocalı strateji məqsəd olmaqla yanaşı, həm də qisas aktı idi. |
Fakt 9
İngilis dilində olan kitabda | Erməni dilinə tərcümə edilmiş kitabda |
Dağlıq Qarabağda payın nə qədər yüksək olduğunu aydın şəkildə anlayan Monte bütün “siyasi realistlərin” arxasınca “məqsəd vasitələrə haqq qazandırır” mövqeyini tutdu: bəli, “Arabo” və “Aramo” qaniçəndirlər, lakin eyni zamanda cəsur döyüşçülərə ehtiyacın çox olduğu bir vaxtda onlar çox vacib və əhəmiyyətli döyüşçülərdir. Lakin döyüşçülərin, hətta Azərbaycan tərəfinin saxladığı erməni girovlar üçün belə Xocalıdan sonra yenə də qisas almaqdan əl çəkmək istəməmələri Monteni şoka salırdı. Sonunda, Monte Stepanakertdəki rəislərini "Arabo" və "Aramo" dəstələrini Martunidən çıxarmağa inandıracaqdı. Lakin o, bu qəddar birləşmələri dağıtmağa və ya yenidən qan tökməyə başlamazdan əvvəl onları Qarabağdan tamamilə çıxara bilmədi |
Bu hissə tamam çıxarılıb: Lakin döyüşçülərin hətta Azərbaycan tərəfinin saxladığı erməni girovlar üçün belə Xocalıdan sonra yenə də qisas almaqdan əl çəkmək istəməmələri Monteni şoka salırdı. Sonunda, Monte Stepanakertdəki rəislərini "Arabo" və "Aramo" dəstələrini Martunidən çıxarmağa inandıracaqdı. Lakin o, bu qəddar birləşmələri dağıtmağa və ya yenidən qan tökməyə başlamazdan əvvəl onları Qarabağdan tamamilə çıxara bilmədi. |
Göründüyü kimi, Markar Melkonyanın “Qardaşımın yolu” (My Brother's Road) kitabının erməni dilinə tərcümə olunmuş variantı tamamilə təhrif olunub və erməni naşirlər onlara sərf etməyən, Xocalı və Qaradağlı soyqırımlarını törədən soydaşlarının cinayətlərinin üstünün açılmasına, daha doğrusu erməni oxucularının həqiqəti öyrənmələrini istəməyiblər.