“Abzas Media”nın direktoru (nədənsə onu jurnalist kimi təqdim edirlər) Ülvi Həsənli dostlarına və onu dəstəkləyənlərə müraciət ünvanlayıb. Müraciətdə onları dəstəkləyən şəxslərə təşəkkür edilir, “izolyasiyada” olduqları deyilir və hökumətin onlara nisbətən hərbi əsirlərə daha yaxşı münasibət göstərdiyi bildirilir.
Faktyoxla Lab. müraciətdə diqqət çəkən bir sıra məqamlara aydınlıq gətirib.
Müraciətinə “əziz dostlar və gözəl insanlar” başlayan Ü.Həsənli dərhal "dostlar və gözəl insanlar"ın kimliyinə aydınlıq gətirib. Bəlli olur ki, bunlar jurnalistlər, hüquq müdafiəçiləri, fəallar, funksionerlər, yerli/xarici nümayəndələr və (guya-red.) sıravi insanlardır. Sosial mediadakı trolları çıxmaq şərtilə “sıravi insanlardan” kimlərinsə “Ü.Həsənli və Co.”-nu dəstəklədiklərinə rast gəlinməyib. Əks halda real situasiyada (məsələn, məhkəmə iclasları zamanı) biz, bu "sıravi vətəndaşları" görərdik. Məhkəmə zalı qarşısında olanlar isə yalnız yaxın ətraflarında olan 6-7 nəfərdir.
Funksionerlərə gəldikdə, yəqin ki, müstəqil jurnalist kimi təqdim olunan Ü.Həsənli müxalifəti nəzərdə tutur.
“Xarici nümayəndələr” dedikdə isə, ona uzun illərdir himayədarlıq edən anti-Azərbaycan qüvvələrdən söhbət gedir. Nəyə görə anti-Azərbaycan?!
Ona dəstək verən fərd və təşkilatların dəstək tvitlərinə baxdıqda hər şey bəlli olur.
Diqqət edək:
Azərbaycana qarşı davamlı qərəzli mövqe göstərən “Sərhədsiz Reportyorlar” (proqram rəhbəri erməni Marine Madatyandır),
“Forbidden Stories” və rəhbəri Laurent Richard,
10 əməkdaşından 4-ü erməni olan JAMnews,
Soros Fondunun maliyyəsi ilə fəaliyyət göstərən və 4 əməkdaşı erməni olan “OC Media”,
Anti-Azərbaycan şəbəkənin ən fəal üzvü, erməni maliyyəsi ilə çalışdığını gizlətməyən, hər hərəkətində bunu təsdiqləyən və dəfələrlə Ermənistanda səfərdə olan Rasmus Kanbək
HRW-nin Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri, erməni əsilli Georgi Qoqia,
erməni analitik Robert Ananyan,
Türkiyədə olan solçu erməni, kürd separatçıları ilə sıx əməkdaşlıq edən “Socialist Middle East”,
erməni maliyyəsi ilə Azərbaycana qarşı hədyanlar yağdıran, tivtlərini belə ermənilər hazırlayan söyüş blogeri Manaf Cəlilzadə,
ermənilərin "Agos" qəzetinin əməkdaşı Arzu Qeybullanın Ülvi Həsənliyə verdiyi informativ dəstəyin şahidi olmuşuq.
Adlarını qeyd etidyimiz və edə bilmədiklərimiz şəxslər, qüvvələr 30 ildən çox müddətdə bir dəfə də olsun Ermənistan tərəfindən hüquqları pozulmuş sıravi azərbaycanlılarla bağlı obyektiv fikir səsləndirməyib, onların hüquqlarının bərpası üçün iş görməyiblər. Niyəsi hər kəsə məlumdur.
İkincisi, Ü.Həsənli həbsdə tam izolyasiyada olduğunu, yəni heç bir məlumata girişi olmadığını, kənardan informasiya almadığını qeyd edir. Burada təzadlı olan həm ona güclü dəstəyin olduğunu deməsi, həm də izolyasiyadan danışmasıdır. Bu, özü özünü təkzibdir. Əgər izolyasiya varsa, bu müraciət necə çatdırılıb? Hətta bu müraciətin bütün müxalifətçilər tərəfindən sosial mediada dayanmadan yayılması da (bizim də bu haqda yazmağımız daxil) onun informasiya blokadasında olmadığına dəlalət edir.
Həbsdən bu günə kimi mediada bu mövzuda yayılan məlumatları incələdikdə fərqli mənzərə ilə rastlaşırıq.
23 noyabr 2023. Vəkil Elçin Sadıqov bu gün (23 noyabr 2023-red.) həmçinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Sevinc Vaqifqızı ilə görüşüb.
07.12.2023. “Abzas Media"nın rəhbəri vəkili ilə görüşüb”
11 dekabr 2023. “Abzas Media”nın direktoru Ülvi Həsənli bacısı ilə görüşüb.
28 dekabr 2023. Vəkil Zibeydə Sadıqova "Amerikanın Səsi"nə bildirib ki, Ülvi Həsənli ilə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilsə də, telefon danışığına qadağa qoyulub.
Bundan başqa “Abzas Media” saytında dərc olunan bu məqalədə Həsənlinin baş verənləri anlatdığı audio yazının stenoqramı var. Ü.Həsənli həbs günü haqda danışır. Yəni səs yazının yayılması kommunikasiyanın olmasının bir göstəricisidir. “İzolyasiyadayıq” demək, faktı söyləmək deyil. Göründüyü kimi, Ü.Həsənli faktları saxtalaşdırır, manipulyasiya ilə məşğuldur.
Maraqlıdır ki, Ülvi Həsənli kimi vəkili də az müddətdə bir neçə dəfə özü-özünü təkzib edir.
Fakt: “Amerikanın səsi” radisounun yaydığı xəbərdə qeyd olunur ki, dekabrın 7-də hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş "Abzas Media"nın direktoru Ülvi Həsənli vəkili Zibeydə Sadıqova ilə görüşüb.
Vəkil "Amerikanın Səsi"nə açıqlamasında bildirib ki, sağlamlığında problem olmasa da, bəzi məhdudiyyətlərə məruz qalır: "Ona göndərilən kitablar çatdırılmır. Ailəsi ilə telefon danışıqlarına qadağa qoyulsa da, bu vəziyyətdə vəkil istisnadır. Lakin buna baxmayaraq, vəkilinə zəng etməsinə icazə verilmir. Bir neçə dəfə xahiş etsə də, yerinə yetirilməyib. Səhhəti ilə bağlı bəzi problemlər var. Həll olunması üçün müraciət edib. Lakin həll edilməyib. Bununla bağlı mən də rəsmi müraciət edəcəm"
Əlavə şərhə ehtiyac yoxdur.
Nəhayət, Həsənlinin Qərbin və ermənilərin dili ilə danışdığının növbəti nümunəsi– onun Azərbaycana və vətəndaşlarımıza qarşı terror və müxtəlif ağır cinayətlər törətmiş erməniləri cinayətkar yox, “hərbi əsir” adlandırması bir çox mətləblərə aydınlıq gətirir. Əslində burada təəccüblü heç nə yoxdur. Adi məişət problemi səbəbindən baş vermiş hadisəyə “Xocalıdan betər oldu” deyən kəslər azərbaycanlılara qarşı terror törətmiş, yüz minlərlə soydaşını məcburi köçkün və qaçqın vəziyyətinə salmış, məscidləri, tarixi abidələri məhv etmiş, yerin altını və üstünü talan etmiş bir qrup cinayətkar dəstəyə “hərbi əsir” deməsini adi qarşılamaq lazımdır. Elə Əli Kərimli də eyni düşüncədədir.