Bir neçə gündür ki, müxtəlif media orqanlarında, o cümlədən sosial mediada “Sədərək” gömrük postunda türkiyəli “TIR” sürücülərinin narazılığını əks etdirən kadrlar yayımlanmaqdadır. Həmin materiallarda sürücülər gömrük-keçid məntəqəsində süründürməçiliklə üzləşdiklərini, günlərlə sərhədi keçə bilmədiklərini, 100-150 avro rüşvət verən sürücülərin sıra və vaxt gözləmədən dərhal gömrüyü keçdiyini iddia edirlər. Sürücülər bildirib ki, Türkiyəyə qayıtmaq istəyərkən, heç bir səbəb olmadan, onları gömrüyün qarşısında günlərlə gözləməyə məcbur edirlər. 

Məsələyə Dövlət Gömrük Komitəsi (DGK) rəsmi olaraq mövqeyini bildirib. Komitənin yaydığı məlumatda deyilir ki, Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır. Gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb isə Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır. Sayın artmasına isə həm də qarşı tərəfin, yəni Türkiyənin gömrük-buraxılış qabiliyyəti təsir edir. Bütün bunlara rəğmən, postdan gün ərzində 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir.

 

Faktyoxla Lab. məsələyə gömrük-sərhəd buraxılışları və tranzit yük daşımaları ilə bağlı beynəlxalq konvensiya və qaydalar, həmin konvensiyalara qoşulmuş Azərbaycanda sərhədkeçmə prosedurlarının vəziyyəti, digər hüquqi-iqtisadi məsələlərə nəzər salaraq reallığı təqdim etməyə çalışıb.

Bütün dünya ölkələrində tətbiq olunan gömrük-tranzit qaydalarına əsasən, yük maşınlarının gömrük postuna daxil olarkən və çıxarkən yoxlanması mütləqdir. Bu proses gömrük yoxlanışı və nəzarəti adlanır. Beynəlxalq sistemdə qəbul edilmiş ümumi gömrük prinsiplərinə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsi, GATT-ın VII maddəsinin tətbiq edilməsinə dair Razılaşma və onun əlavələrinə əsasən, yük maşınlarının dövlət sərhədində yerləşən gömrük postunda yoxlanması hüquqi öhdəlikdir və bu zaman müəyyən edilmiş tariflər ödənilməlidir. (mənbə)


Azərbaycan həmin beynəlxalq sistemi əldə rəhbər tutaraq öz ərazisinə daxil olan yük maşınlarının, o cümlədən “TIR”ların yüklərini rəsmiləşdirmək üçün gömrük nəzarətini həyata keçirir. Həmin yük və malların rəsmiləşdirilməsi isə öz əksini tərtib olunan “Gömrük bəyannaməsi”ndə tapır. Bütün dünya ölkələrində olduğu kimi Azərbaycan neçə ildir ki, “Gömrük bəyannaməsi”nin elektron qaydada tərtibinə keçib, həmin bəyannaməni malları malı idxal və ya ixrac edən sahibkar tərtib edir və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, müəyyən edilmiş rüsumları ödəyir. (Mənbə)

Gömrük postuna daxil olan yük maşınının sürücüsü isə bu prosesdə ümumiyyətlə iştirak etmir və onun hansısa rüsum ödəməsi qeyri-mümkündür
. Sürücü bu prosesdə yalnız logistika-daşınma funksiyasını yerinə yetirdiyindən onun gömrük ərazisinə daxil olan malın mənşəyi, gömrük rəsmiləşdirilməsi və s. proseslərə heç bir aidiyyatı yoxdur. Ona görə də, sürücülərdən hansısa gömrük pulu və ya rüşvət tələb edilməsi kimi iddialar absurd ittihamdır. mənbə

Sürücülərin burada yalnız bir öhdəliyi var, onlar idarə etdiyi yük maşınlarının sərhəd-gömrük qapısına daxil olub çıxmasına görə, yol vergisi və dövlət rüsumunu ödəməlidirlər. Bu vergi və rüsumların ödənilməsinin hüquqi əsası isə bütün dünyada qəbul olunmuş standartlara əsaslanır, yəni, beynəlxalq yük daşımaları həyata keçirən nəqliyyat vasitələri üçün müəyyən edilmiş tariflərdir.

Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma sahəsində ümumdünya standartları kimi qəbul olunan

Gömrük Əməkdaşlıq Şurasnın konvensiyaları,

Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyası,

Malların Daşınması Üzrə Beynəlxalq Müqavilə (CMR),

Dövlətlərarası Yük Daşınması Müqaviləsi (BYDM),

Gömrük- Ticarət terminlərinin təfsiri üzrə Beynəlxalq Qaydalar (İNKOTERMS)

və digər hüquqi sənədlərdən irəli gələn normativlərə əsasən, hər bir ölkənin milli gömrük qanunvericliyi üzrə daşınmaların vergi və rüsumları tətbiq olunur. (Mənbə)

Azərbaycanda beynəlxalq yük daşımaları həyata keçirən nəqliyyat vasitələrinin və daşıyıcıların fəaliyyəti Vergi Məcəlləsinin 210-cu və  211-ci maddələri ilə tənzimlənir. Həmin maddələrə əsasən Azərbaycan ərazisinə daxil olan və tərk edən xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 221.1-ci maddəsinə (“Yol vergisinin dərəcələri”) əsasən, verginin məbləği avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, qət edilən məsafədən və digər hallardan asılı olaraq dəyişir. istinad


Ölkə ərazisində 1 gün qaldıqda 4 oxa qədər olan yük maşınları  20 dollar, 4 ox və çox olanda 30 dollar, 2 həftəyədək qaldıqda 4 oxa qədər olan avtomobillər 40, 4 ox və çox olduqda 80 dollar ödəyir. 4 oxa qədər yük maşınları 1 aya qədər qaldıqda 140 dollar, 4 oxdan yuxarı olanlar isə 280 dollar vergi ödəyir. Müddət  3 aya qədər olduqda oxların sayına görə, anaoloji olaraq 400 və 800 dollar, 1 ilə qədər olduqda isə 1400 -2800 dollar təşkil edir. 1 ildən yuxarı qalan yük maşınları üzrə bu dərəcə 1400 dollar + hər gün üçün 15 dollar və 2800 dollar + hər gün üçün 30 dollar hesablanır. istinad


Bundan başqa, “Dövlət rüsumu haqqında” Qanunun 24-cü maddəsinə əsasən, (“Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri”) Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu tutulur. Belə ki, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat dövlət rüsumu müəyyənləşib.


“TIR” sürücülərinin yaxşı nümunə kimi çəkdikləri Gürcüstanda yük daşınmalarının tarifləri isə Azərbaycandan heç də ucuz deyil. 2022-ci ilin iyun ayından qüvvəyə minmiş yeni vergi dərəcələrinə əsasən, Gürcüstanda tranzit yük maşınları üçün yol vergisi artırılaraq 200 laridən 350 lariyə (130 dollar) çatdırılıb. Bu, Azərbaycanın gömrük ərazisində 2 həftəlik park edən 4 oxlu yük maşınlarına tətbiq edilən vergidən (80 dollar) az qala 2 dəfə çoxdur. istinad


“TIR” sürücülərinin “24 saatdan artıq gözlədikləri hər günə görə, 50 dollar parklanma rüsumu ödəyirik” iddiasına gəlincə, Azərbaycanda parklanma rüsumu adlı ödəniş yoxdur. Yuxarıda xatırlatdığımız yol vergisinin dərəcələri var və yük maşınları 24 saatdan artıq qaldığı müddətdə 40 manat (4 oxa qədər olanlar), 4 ox və çox olduqda isə 80 dollar ödəyir. Həmin ödənişlər isə nağd yolla deyil, gömrük terminalları və digər elektron ödəmə alətləri ilə aparılır. Əgər belə bir ödəniş qəbzi, yaxud qanunla müəyyən edilmiş rüsumlardan və vergidən başqa ödənişi əks etdirən xərc sənədi varsa, bu kağızlar həmin sürücülərin özündə olmalıdır və onlar onu müvafiq qurumlara təqdim edə bilərlər. Belə bir fakt varsa, daşıyıcı şirkətlərin nümayəndələrinin hüquqlarını qoruyan Türkiyə Beynəlxalq Nəqliyyat Assosiasiyası İdarə Heyətinin sədri Alper Özəl Azərbaycanı ittiham etmək yerinə, hüquqi müstəvidə addımlar ata bilər, qanunsuz ödəmə hesab etdiyi sənədləri gömrük orqanlarına, yaxud Azərbaycanın müvafiq dövlət qurumlarına təqdim edə bilər. Ən azından ortada fakt-sənəd olduğu halda onu sosial mediada, müxtəlif elektron media vasitələrində dərc etdirə bilər. Ona görə də, hansısa sənəd, qəbz olmadan səslənən fikirlərin həqiqliliyi şübhə doğurur.

İndi isə Azərbaycan gömrüyündə yük maşınının 72 saata, Gürcüstan gömrüyündə 5 dəqiqəyə keçməsi ilə bağlı sürücülərin iddiasının hansı dərəcədə ədalətli olub-olmamasına diqqət edək. Dövlət Gömrük Komitəsinin məlumatından da göründüyü kimi “Sədərək” keçid qapısından gündəlik 480 “TIR” keçir. Bu, 24 saat növbəsiz işləyən postdan hər saatda 20 maşının keşməsi deməkdir. Bir maşının keçidi orta hesabla 3 dəqiqə vaxt aparır. Ona görə də 72 saat gömrükkeçmə proseduru da əsaslı deyil. Əgər hansısa sürücü gömrük postunda daxil olmadan parklanma ərazisində gözlədiyi müddəti sərhədkeçmə vaxtı kimi hesablayırsa, bu, doğru yanaşma deyil.

Bu kollajda Avropanın bəzi ölkələrində gömrük postunda yaranan növbələrlə bağlı mediada dərc olunan xəbər başlıqlarını vermişik

Gömrük qapısından uzaqda maşınların sıxlığı ilə bağlı növbələrin yaranması isə bütün dünya ölkələrində qeydə alınan hallardan biridir. Türkiyəli sürücülərin sürətli, maneəsiz və şəffaf keçid məntəqəsi kimi təqdim etdikləri Gürcüstanın gömrük-buraxılış postları isə sıxılıq və növbələrə görə Azərbaycandan xeyli ağır rejimdə işləyir. Türkiyənin həmin “TIR” sürücülərinin özləri illərdir ki, Gürcüstanın gömrük postlarından şikayət edirlər.
Türkiyə-Gürcüstan sərhədində 3 beynəlxalq keçid məntəqəsi fəaliyyət göstərir, Batumi bölgəsindəki Sarp (Sarpi), Ərzurum -Valais bölgəsindəki (Samtsxe-Cavaxeti rayonu) Posof və Aktaş gömrük postlarıdır. mənbə

Beynəlxalq daşınmalar üçün onlardan ən rentabelli və intensiv olanı Sarp keçididir. Bu məntəqə gün ərzində 100-dən artıq yük maşını qəbul edir və həmin avtomobillər Gürcüstana keçdikdən sonra Qazaxdakı Qırmızı körpü keçid məntəsindən Azərbaycana daxil olur. Həmin gömrük-nəzarət postunun buraxılışlarında uzun fasilələrin olması beynlxalq yük daşınmalarının ümumi ahəngdarlığını azaltdığından dəfələrlə narazılıq ifadə olunub. “TIR” sürücüləri Gürcüstanın gömrük orqanları tərəfindən Sarp keçid qapısında gözlədildiklərini, onlara qarşı ayrı-seçkilik edildiyini və gürcü nömrə nişanlı yük maşınlarının daha tez keçidinə imkan yaradıldığını bildirərək əlavə vaxt və pul itkilərindən şikayətləniblər.
Yüzlərlə yük maşınını günlərlə növbəyə düzülməsi səbəbindən “TIR”ların yaratdığı tıxacğın uzunluğu 12-20 kilometri ötüb. 
İstanbuldan Azərbaycana yük daşıyan “TIR” sürücüləri deyirlər ki, Bakıya çatmaq üçün 2 günlük yolu 10 günə gedib çatırlar. Belə ki, 4 gün Türkiyənin öz gömrüyündə, 4 günü Gürcüstanın gömrüyündə vaxt itirilər. Daha çox sıxıntını Gürcüstan gömrüyü yaradır.

 
Bir neçə aydan bir təkrar olunan bu gecikmələr və süni gözlətmələr Türkiyənin Nəqliyyat daşımaları şirkətlərinin narazılığına səbəb olduğundan müvafiq qurumlara tədbir görülməsi üçün müraciət ediblər. Onlar sürücülərin vaxtaşırı olaraq hər keçid rejimi dövründə ən azı 5 gün gözlədildiyini, Gürcüstan gömrüyünün onları böyük itkilərlə üzləşməsinə qarşı heç bir addım atmadığını bildiriblər.

Hətta Ümumdünya Avtomobil Nəqliyyatı Təşkilatının (İRU) baş katibi Umberto de Pretto bir neçə ay əvvəl Gürcüstan-Türkiyə sərhədindəki “Sarp” keçid qapısına gələrək nəqliyyat daşınmalarının hərəkətinin ləngidilməsindən narahatlığını ifadə edib, gömrük postunda sadələşdirilmiş rejimin yaradılmasının vacibliyinə toxunub.
Həmin gömrük postunda vəziyyətin düzəlmədiyini və daşınmalarda davamlı gecikmələrin yaranmasını nəzərə alan Türkiyənin Ticarət Nazirliyi sentyabrın sonlarında nəqliyyat şirkətlərinə istiqaməti “Sarp” keçid məntəqəsindən “Aktaş” keçidinə yönəltməyi tövsiyə edib.
Gürcüstanın Türkiyə ilə yanaşı, digər ölkələrlə də gömrük-keçid məntəqələrində günlərlə ağır yüklənmələr baş verir. Rusiya-Gürcüstan sərhədində (Dariali-Lars) növbələrin uzunluğunun hətta 100 km-i ötdüyü günlər olur ki, sürücülərin gözləmə müddəti 3-4 həftəni keçir.
Göründüyü kimi sürücülərin Türkiyədən gələn “TIR”ların Gürcüstanla sərhəddən daha asan və qısa zamanda keçməsi, Azərbaycanla müqayisədə həmin ölkənin gömrük məntəqlərində hərəkətin intensivliyinin və vaxt intervallarının qat-qat yaxşı olması barədə fikirləri əsassızdır.

 
Bundan başqa, Türkiyəli yük maşını sürücüləri “Dozvola sertifikatı” (ölkələr arasında illik və dövri əsasda yük və quru nəqliyyat vasitələrinin keçidi üçün verilən keçid sənədləri) səbəbindən Gürcüstan, Qırğızıstan, Tacikistan və Rusiyada da çətinliklərlə üzləşdiklərini bildiriblər. Gömrük müşaviri Tarkan Yılmaz bildirir ki, problemin yaranmasında “Dozvola sənəd”i daha çox rol oynayır. 

 

Nəticə:

- Bu hüquqi presedent onu ehtiva edir ki, sərhədkeçmədə meydana çıxan bəzi hüquqi-texniki anlaşılmazlıqların yaranmasında Türkiyənin bir çox nəqliyyat şirkətlərinin özləri günahkardır.
- “Sədərək” gömrük postunda yaranan sıxlıq digər ölkələrin, o cümlədən türkiyəli “TIR” sürücülərinin Gürcüstanın gömrük qapısında üzləşdikləri sıxlıqdan qat-qat aşağıdır.
- Sürücülərin 100-150 dollar pul verərək gömrük postunu növbəsiz və dərhal keçməsi, yaxud parklanmaya görə 50 dollar ödəmələri barədə iddialarını əsaslandıran fakt, hüquqi sənəd və yaxud yazılı kağız, qaimə olmadığından bu ittihamlar əsassızdır.