Son günlər sosial mediada Laçınla bağlı müxtəlif narahatedici məlumatlar yayılır. Bəzi sosial media istifadəçiləri Laçında qəbirstanlıqların dağıdıldığını və üzərindən yol çəkildiyini, bəziləri yeni tikilən evlərin təmirsiz, nizamsız, hətta köhnə qonşuların həyətlərini zəbt edilməklə salındığını, bir videoda isə işçilərə xarab ətdən yemək hazırlanması haqda iddialar səslənir.
Qeyd etməliyik ki, bütün bu video materiallar müxalif yönlü səhifələr tərəfindən daha çox paylaşılır.
Faktyoxla Lab. Laçında görülən işlərlə bağlı son günlərdə səslənən iddiaları araşdırıb.
Əvvəlcə, Laçında qəbirstanlığın üzərindən yol salınması haqda iddiaya aydınlıq gətirək. Bu iddianı əslən Laçının Mişni kəndindən olan, özünü tarixçi-alim kimi təqdim edən Arif Gülşadoğlu “Kanal13” kanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, tanıdığı insanlardan bəziləri Laçın işğaldan azd ediləndən sonra gedib atalarının məzarını ziyarət ediblər. Lakin bir müddətdən sonra dədə-babalarının məzarını tapmayıblar. “Qəbirstanlığın düz mərkəzindən avtomobil yolu çəkilir. Ya nasiqlikdir, ya da xüsusi məqsədlə edilmiş bir addımdır ki, insanlar bezsin, Laçını tərk etsinlər”.
Eyni fikri Fransada yaşayan Fikrət Hüseynlinin idarə etdiyi TimeTV internet kanalı da səsləndirib.
“Time TV bildirir ki, bu dəfə rayondakı qəbirstanlığın ortasından yol çəkilib, məzarlıq ikiyə bölünüb. Proses zamanı yolun altında qəbirlərin qaldığı, onların köçürülməsinə təşəbbüs belə göstərilmədiyi qeyd olunur”
Bizim şərh:
Birincisi, Fransada yaşayan Fikrət Hüseynlini anlamaq olar, məqsədi bəllidir. Lakin özünü laçınlı kimi təqdim edən Arif Gürşadoğlunun belə iddia irəli sürməsi anlaşılan deyil. Çünki bu fikir erməni təbliğat maşını, sosial və ənənəvi mediası üçün əvəzsiz materialdır. Belə çıxır ki, bu şəxs sübut etməyə çalışır ki, ermənilər işğal dövründə azərbaycanlı qəbirlərini qoruyub, toxunulmaz saxlayıb, Azərbaycan Laçını işğaldan azad edəndən sonra azərbaycanlıların qəbirlərini abadlıq, yenidənqurma adı altında dağıdıblar. Düşmənə bundan artıq nə cür xaincəsinə xidmət etmək olar?
İkincisi, Arif Gürşadoğlu və ondan müsahibə götürən Rüfət Muradlıya məşhur fotoqraf Reza Deqatinin 2022-ci ildə hazırladığı video-reportajı xatırlatmaq istərdik. 3 sentyabr 2022-ci ildə İnstagramda yerləşdirilən bu video-müraciətdə fotojurnalist Laçın şəhirindəki qəbirstanlıqda ermənilərin azərbaycanlıların qəbirlərini təhqir etməsi, qəbirlərin qazılıb, meyitlərin qızıl dişlərinin çıxarılması, sonradan isə yandırılması faktı haqqında danışıb.
Onlarla, yüzlərlə sosial media istifadəçiləri həmin videonu təkrar paylaşıb, Azərbaycan Dövlət Televiziyası isə məhz Reza Degatinin çəkdiyi video əsasında süjet hazırlayıb.
Beləliklə, bu iddia saxtadır, düşmən təbliğatının irəli sürdüyü tezislər əsasında səsləndirilib.
İkinci iddia, Laçına köçmüş sakinlərin şəraitsizlikləri, biznes qura bilməmələri, bahalıq olması və ev əşyalarının sakinlərin əlindən alınması haqdadır. Əslən laçınlı olduğu deyilən bir xanımın paylaşdığı video-müraciəti yenə də müxalifətə yaxın səhifələr böyük səs-küylə yayıb, özlərinə lazım olan formada təqdim ediblər.
“Azadlıq qəzeti”nin facebook səhifəsinin “Laçında tikilən evlər zay çıxdı” başlığı ilə yayıdğı videonun şərh bölümündə onlarla izləyicinin problemin mahiyyətini çatdırmaqdan çox özünü reklam edən bu xanımın diksiyasına daha çox irad tutmaqlarını (“ç” səsini çox və əksər sözləri doğru tələffüz etməməsi-red.) bir kənara qoyub, dediklərinin böyük əksriyyətinin saxta və qurama olduğunu, hətta yalan danışdığına görə tənbeh etdiklərini qeyd etməliyik.
Sonradan araşdırma nəticəsində video müraciəti Sumqayıtda yaşayan, “SabiParfum” şirkətin sahibi Səbinə Məmmədova olduğunu öyrədiyimiz bu xanım məsuliyyətsizcəsinə evlərin təmirində yol verilmiş xətalardan, (divar qopub insanın üzərinə gəlir, pol-parket (döşəmə demək istəyib-red.) qalxır, qapı-pəncərələr düz-əməlli bağlanmır) sakinlərin qaçqınçılıqdan əvvəlki həyatyanı sahələrinin qısaldılaraq kimlərəsə verilməsindən danışır. S.Məmmədovanın toxunduğu digər məsələ evlərin tam əşya ilə verilməsinin yalan olduğunu çatdırmasıdır. Məsələ bundadır ki, bu xanım tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş evdə digər mebellərin olmamasını böyük problemə çevirir. Hər birimizin evində kiçik texniki problem yarananda çalışırıq ki, onu həll edək, aradan qaldıraq. Kimsə evindəki su kranının xarab olmasına görə, icra hakimiyyətini, bələdiyyəni günahkar çıxarmır, onlardan nəsə ummur. 30 illik işğaldan azad olunmuş torpaqlarımızı dövlətimiz öz gücü hesabına qurur, dirçəldir. O torpaqları bizə Ali Baş Komandanın əmri ilə Ordumuz canı, qanı bahasına qaytarıb, dövlətimiz orada öz vətəndaşları üçün yurd-yuva salır. Laçına və digər yerlərə qayıdan vətəndaşlarımız öz torpaqlarına, öz evlərinə qayıtmaq sevincini yaşadığı bir zamanda, bu prosesdə olmayan şəxslər quruculuqda, yaratmaqda dövlətə dəstək olmaq əvəzinə dövləti, hakimiyyəti tənqid edirlər. Xankəndi, Xocalı kimi torpaqlarımızda bayrağımızın dalğalandığı bir vaxtda Azərbaycanı istəməyən xarici və daxili düşmənlərin əlinə və dilinə yeni arqument vermək doğrudan da təəccüblü və məyusedicidir.
Bu videonu yayan Səbinə Məmmədovanın facebook hesabına ötəri nəzər yetirdikdə az qala hər sözdə buraxdığı orfoqrafik, üslub və qramatik səhvlər bir yana, yazdığı statuslarda oxucularını təhqir etdiyinin, izləyicilərini və digər peşə sahiblərini necə aşağıladığının şahidi olduq.
Ola bilsin ki, S. Məmmədova sosial şəbəkələrdə izləyicilərin təriflərinə çox aludə olub, auditoriya effektinə məruz qalıb deyə belə məsuliyyətsiz, heç bir fakta söykənməyən və dövlətin apardığı məqsədyönlü məskunlaşma, evlərindən didərgin düşmüş söydaşlarımızın “Böyük Qayıdış”ının təşkilinə “tənqid xatirinə tənqid” prinsipi ilə yanaşıb. İstənilən halda bu cür ərkəsöyünlük qəbuledilməz, belə məsuliyyətsiz yanaşma yolverilməzdir.
Üçüncü iddia, son günlərdə Laçının Zabux kəndində hər ev üçün 187 min 482 manat xərclənməsi haqda fikirlərin səslənməsi haqdadır ki, Rüfət Manaflı son verilişində bu məsələyə toxundu. Həmsöhbəti tarixçi alim də məsuliyyətsizcəsinə deyilənləri təsdiq edib, korrupsiya-talan taftalogiyasını səsləndirdi.
Əslində, bu mövzu əvvəl müxalifətin əsas qarayaxma ideoloqları Qənimət Zahid və Tofiq Yaqublu tərəfindən dövriyyəyə buraxılıb. Bir dəfə bu mövzuya toxunmuşuq və bir daha izah edirik:
Zabux kəndinin yenidən qurulmasına sərf edilən 41,8 milyon manat təkcə ev tikintisi ilə yekunlaşmır. Məlumat üçün bildirək ki, xərc smetasına 20-dən çox iş və xidmətləri əhatə edən digər layihələr daxildir. Yol tikinti işləri, energetika obyektləri, təhsil, səhiyyə, idman meydançaları, ən əsası yaşayış evləri tikilir, qaz xətti çəkilir, iş yerləri yaradılır, yeni kənd təsərrüfatı sahələri salınır. Yəni, bütün bu tikili və qurğular, avadanlıq və kommunikasiya təminatları 223 evin inşası üçün nəzərdə tutulmuş 41,3 milyon manat dəyərində ümumi xərc portfelinin tərkibində yer alır. Ona görə də, 41,3 milyon manat təkcə bu evlərin dəyərini deyil, ümumi xərc smetasını əks etdirir. Yəni, bir evin tikintisinə 187,4 min manat vəsait xərclənmir, həmin vəsait ərazidə həyata keçirilən bütün işlərin ümümi yekun məbləğidir.
Bu haqda ətraflı məlumat almaq istəyənlər bu linkdəki araşdırmanı oxuya bilərlər
Zabuxda tikinti ilə bağlı korrupsiya ittihamları: kənddə inşa edilən bir ev üçün 187 min 482 manat xərclənib
Nəhayət, sonuncu iddia, aşpazın keyfiyyətsiz ətdən fəhlələrə yemək hazırlamayacağını bildirdiyi video haqdadır.
Saxta videolarla orijinal videonu fərqləndirməyin bir neçə yolu var. Adətən orijinal videolarda çəkildiyi məkan, həmin məkanda lentə alınmanı təsdiq edən bir neçə detal, problemi qabardan şəxsin kimliyi, müraciətin və ya video görüntünün lentə alınmasının səbəbləri açıq-aydın bəlli edilir. Bizə təqdim olunan bu videonun harada və nə zaman çəkildiyini təsdiqləyən heç bir fraqment görmürük. Yalnız bir nəfər bir qulpu əyilmiş tasda (böyük qab)
selofana bükülmüş, bəzi hissələri qaralmış əti nümayiş etdirərək bundan fəhlələr üçün yemək hazırlamayacağını bildirir. Çəkiliş aparılan yerin Səngəçal, Xudat, Moqadişo ya Burkino-Faso deyil, məhz Laçın olduğunu yalnız videoda səsi gələn kişinin şərhindən bilirik. Videoda diqqətimizi çəkən digər məqam isə səsi gələn və belə yararsız ətdən fəhlələr üçün təam hazırlamayacağını iddia edən şəxsin ətə əlcəksiz toxunmasıdır ki, bu halın özü gigiyena qaydalarına tam ziddir.
Videoda çəkə bildiyimiz ani fraqmentlərə əsasən həmin məkanda adi sanitariya qaydalarına riayyət edilmədiyini də söyləyə bilərik. Belə şəraitdə nəinki yemək bişirmək, heç qalmaq da doğru deyil.
Bu video da müxaliffikirli şəxslərin səhifələrində paylaşılır və nədənsə burada da hakimiyyət günahlandırılır.
Nəticə:
- Keçmiş məcburi köçkünlərin tez bir zamanda Laçına qayıtması üçün dövlət tərəfindən aparılan məqsədyönlü və genişmiqyaslı işlərin gözdən salınması kampaniyasının məhz Xankəndində keçiriləcək "Zəfər Paradı" öncəsi dövriyyəyə buraxılması təsadüfi deyil, məkrli planın tərkib hissəsidir.
-Laçında qəbirstanlıqların dağıdılıb üzərindən yol çəkilməsi ilə bağlı səslənən iddia tam əsassız və saxtadır. Tanınmış fotoqraf Reza Deqati Laçın şəhəri təhvil veriləndən az sonra Laçın şəhər aşağı qəbirstanlığında etdiyi çəkilişlərdə buranın ermənilər tərəfindən dağıdılıması haqda faktlar təqdim edib.
-Laçında evlərin təmirsiz və əşyasız olması haqda iddialar qərəzli və əsassızdır. Qeyd edilən iddialarla bağlı fakt yoxdur.
- Laçının Zabux kəndində hər ev üçün 187 min 482 manat xərclənməsi haqda məlumatlar müxalifət nümayəndələri tərəfindən ortaya atılmış növbəti spekulyasiya mövzusudur. Zabuxda xərclənən vəsait tək evlərin tikintisinə sərf olunmayıb. Yol tikinti işləri, energetika obyektləri, təhsil, səhiyyə, idman meydançaları, qaz xəttinin çəkilişi, kənd təsərrüfatı sahələrinin salınması və iş yerlərinin açılması üçün əlavə infrastrukturların yaradılmasına xərclənib.
- Fəhlələrə istifadəyə yararsız ətdən yemək hazırlanması faktını əks etdirən video da əsaslı deyil. Adi sanitariya qaydalarına riayyət edilməyən qapalı məkanda çəkilən həmin videonun gözdənsalma məqsədilə çəkildiyi ehtimal edilir.
- Davamlı olaraq adı “Bakı Abadlıq” şirkətinin adının hallanması bu işdə maraqlı qrupların mövcudluğunu deməyə əsas verir. Xatırladaq ki, son günlər sosial mediada bir qrup tərəfindən ittiham olunan “Bakı Abadlıq” şirkəti Laçında aparılan quruculuq və yenidənqurma işlərinin baş podratçısıdır və bu şirkət, Balaxanı, Bibiheybət və Ramana qəsəbələrinin müasir üslubdə dizayn olunması və abadlaşıdırılması ilə yadda qalıb.